525.Az

COVİD-19-un toy yasağı - Aytac Aslann yazısı


 

COVİD-19-un toy yasağı - <b style="color:red">Aytac Aslann yazısı </b>

Pandemiya dövründə baş verən pessimist, bədbin hadisələr bəs deyilmiş kimi, təəssüf ki, hər gün boşanmalarla bağlı da mütəmadi xəbərlər eşidirik.
 
Bu yaxınlarda "ASAN xidmət"də könüllü çalışan rəfiqəmlə söhbət edənə qədər mən də hər kəs kimi karantin rejimində boşanmaların daha çox olduğunu düşünürdüm. Rəfiqəmdən çalışdığı yarı iş günündə hər gün 60 nəfərə yaxın cütlüyün nikah bağladığını eşitdim. Nə yalan deyim, dünənəcən özünü göstərmək, qonşudan dala qalmamaq prinsipi ilə  israfçı toylara üstünlük verən insanlarımızın qəfildən belə sadə üsulla nikah bağlamaları məni xeyli təəccübləndirdi. Bunun fərqinə varan rəfiqəm tez də əlavə etdi ki, nikah bağlayanların çoxusu deyir ki, onsuz da karantin bitən kimi toy edəcəyik. Hətta rəsmi nikah bağlanmasına baxmayaraq, hər kəsə nümayiş etdirəcəkləri toy mərasimləri təxirə düşdüyündən ayrı evlərdə yaşayan cütlüklər də var imiş. Maraqlıdır, görəsən, bizdə insanlar üçün "evlənmək" sözünün əsl anlamı nədir: ailə qurmaq, yoxsa təmtaraq, başqalarının yanında özünü göstərmək?

Azərbaycanda insanların rəsmi nikahı yox, toyu əsas saymaları heç də təsadüfi deyil. Nikahın toydan neçə ay sonra bağlanması və ya nikah bağlansa da, cütlüyün ailə kimi yaşaması üçün mütləq toy mərasimləri keçirmələri bizdə təbii hal alıb. Az qala inanasan ki, bizdə əsl niyyət bir-birini sevib ailə quran iki insanın xoş gününə şahidlik etmək yox, daha çox taxılan qızılların, verilən cehizlərin, açılan süfrələrin gələn qonaqlara rəsm sərgisi kimi nümayiş etdirilməsi yanğısıdır. Vay o gündən ki, sərgiyə gələn dəvətlilər nədənsə narazı qala, onda ev yiyəsi ömürlük xəcalətdən necə çıxacağını düşünərək qıvrılar. El arasında "gözəllik qurban tələb edir" deyə bir söz var. Mən bu deyimi Azərbaycan toylarına çox gözəl yaraşdırıram. İnsanların gözündən pərdə asmaq üçün saxta gözəllik yaratmaq - 3-4 saat neçə kiloluq gəlinliyi, qızılı zər-ziba içində özünlə sürümək, başına ağırlıq edən saç düzümünə dözmək, soyuqdan donsa, istidən ürəyi partlasa belə, fotoqrafa süni gülüşlərlə dolu xoşbəxtlik pozları vermək həqiqətən də qurban tələb edir.

COVİD-19 gəlişi ilə çox bədbəxtliyə yol açsa da, heç olmasa bir məsələdə səliqə-sahman yaratdı. O da israfçılığın qarşısının alınmasıdır. Əminəm ki, toylara qoyulan qadağa nəticəsində israfçılıq əhəmiyyətli dərəcədə azalıb. Hamımız bilirik, bizim toylarının ən böyük problemlərindən biri süfrənin zəngin olması, stolun üstünün lazımlı-lazımsız, cürbəcür yeməklərlə doldurulmasıdır. Bunun səbəbi qətiyyən əliaçıqlıq-filan deyil. Məqsəd kiminsə dilinə düşməyin, "filankəsin qızının, oğlunun toyundan ac qayıtdıq" dedi-qodusunun qarşısının alınmasıdır. O qədər yeməyin israf olunması isə heç kimi narahat etmir. Təki masanın üzərində barmaq qoymağa yer olmasın.

Bu yaxınlarda toylarla bağlı gənc yazıçı Elxan Qaraqanın (Zeynallı) bir fikrini oxudum: "Mənə bir qadınla kişinin münasibət qurmağında 300-400 nəfərin oynamağı çox gülünc gəlir. Məsələn, hansısa bir oğlanla dost olanda demirəm ki, ana, ata, gedək şadlıq evinə mən filankəslə dost oldum, camaatı çağırın. Qadın-kişi münasibəti də dost olmaq kimi bir şeydir. Mən inanmıram ki, hansısa bir qadınla ailə həyatı quranda belə toy edim. Mənim toyumda xalamın baldızı qızının nəvəsinin xalası qızı oynamasa belə, biz xoşbəxt olacağıq". Doğrudan da, iki bir-birini sevən gənc üçün onların ən xoşbəxt günündə ən yaxınlarından başqa kiminsə iştirak etməsinin nə önəmi var? Elxan Qaraqanın da dediyi kimi, toyunda 300-400 nəfərin doyunca yemək yeyib, oynamağının bəylə gəlinin xoşbəxtliyinə heç bir aidiyyatı yoxdur. Onlar üçün 20 nəfər ən yaxınları olsa, bəsdir. Amma nə danışırsınız, bəs, borcları kim ödəcəyəcək? Bəyin, ya da gəlinin valideynləri nə vaxtsa məhəllədəki satıcının baldızının toyuna gedib 100 manat pul salıbsa, mütləq şəkildə bəylə gəlinin adını belə bilmədiyi o insan toyda şəxsən iştirak etməli və 20 il əvvəlki 100 manatı geri qaytarmalıdır. Bax elə təkcə buna görə karantin rejimində bütün bunlardan keçib, yalnız xoşbəxtliyini düşünərək pafossuz rəsmi nikah bağlayan şəxsləri təbrik etmək lazımdır. Kim bilir, bəlkə Azərbaycan toylarına sadəliyin gəlişi də burdan başlayacaq...

 





18.08.2020    çap et  çap et