525.Az

Sevginin ədəbiyyatda yeri - Yusif Yusifzadədən yeni esse


 

Sevginin ədəbiyyatda yeri - <b style="color:red">Yusif Yusifzadədən yeni esse </b>

Görəsən, elə bir şair, yazıçı varmı ki, yaradıcılığa sevgi şeirlərilə başlamasın? Çətin tapılar. Əksər qələm adamlarının ilk cızma-qaraları sevgi notları üzərinə olur. Amma illər keçdikcə, necə deyərlər, qələm itilənib incəldikcə, sevgi bir motiv kimi sıradan çıxır, "bağışla sevgilim, vətənimin mənə ehtiyacı var"a qədər enib bəsitləşir. Uzaqbaşı, gözəl bir xanım qiyafəsində əsərdə göz oxşayır, bir anlıq fikri yayındırır, nəhayət, unudulur. Əslində, sevgi duyğularının yaşadığımız dövrlə də səsləşir.

İnsanların texniki elmləri humanitar elmlərin yanında yemləyib div boyda etdikləri bu minillikdə, fizikanın metafizikanı, astronomiyanın astrologiyanı, kimyanın əlkimyanı kölgədə qoyduğu zəmanədə, sevgi də ikincilərin sırasında olduğu üçün, labüd sona məhkumdur (enerji özü ədəbiyyatı bu sondan qorusun).

Ədəbiyyat evdir. Çoxotaqlı, dəbdəbəli həyət evidir. Bu evin otaqlarının müxtəlif adları, müxtəlif sehirləri var. Mən o otaqlardan yalnız birinin adını və sehrini  bilirəm. Bu otaq evin ayaqaltısıdır. Bilmirsiz ora haradır? İcazə verin təsvir edim. Ədəbiyyat adlı çoxotaqlı bu evdə ilk gördüyüm, ayaqlarımın ilk dəydiyi yer oradır. Adətən, qaranlıq olan bu iki metrin üç metrə nisbətindəkı dəhliz başlanğıcına yaxınlığındakı hamam-tualetin açıq qapısından daim sabun və xlor qoxusu sirayət edir. Burda soyuq havalarda bir-birinin belində gedən avtobus sərnişinlərini xatırladan üst-üstə asılmış rəngarəng paltarlar və yaz günü məscid qapısında çıxarılan dabanı əzik cürbəcür ayaqqabılar kimi yarı yolda qoyulan ev çəkələkləri var. O yer evə daxil olan hər kəsin hökmən keçməli olduğu körpü də sayılar. Ədəbiyyatın ayaqaltısı olan bu otağın adı sevgidir. Onun sehri adamı elə ovsunlayır ki, ordan keçmək yox, elə yerində saymaq istəyirsən, eyni yerdə qalırsan və solundakı cürbəcür ayaqqabıları, asılqandakı rəngarəng paltarları geyinib özünü dəyişmiş, az qala, inkişaf etmiş sayırsan. O biri otaqlara addımlamağa cürət etdikdə isə ayaqqabılar, paltarlar, burnunu yandıran xlor qoxusu - hamısını unudursan və bir də geriyə baxmırsan; artıq, əminsən ki, orda maraqlı təəccüblü heç bir şey yoxdur.

Məhşur italyan yazıçısı Umerto Eko deyir: "İki cür şair var - yaxşı və pis. Yaxşı şairlər 18 yaşına kimi yazdığı şeirləri sonradan yandırır, pis şairlər isə yazmağa davam edir". Eko ilk cızma-qaralarının məhvini nadan oğuldan imtina kimi vacıb sayır. Bu cəsarətli, uzaqgörən addımı ata bilənlər evin digər otaqlarında daha sərrast gəzir, ata bilməyənlər isə əl havasına ayaqaltında dövrə vurur.

İmtinaya gətirən müdriklik və imtinanın yaratdığı özünükəşfin dünya və yerli yazarlarımızıın yaradıcılığındakı harmoniyası ortaya ciddi müəllif imici çıxarır. Yerli yazarlardan nümunə gətirmək lazımdısa,  mən şair, esseist Qismət Rüstəmovu rahatlıqla qeyd edərdim. Eşitmişdim ki, Qismət Rüstəmov ilk çap etdiyi şeirlər kitabının bütün nüsxələrini alıb və gizlədib. Yutubun diblərindəki axtarışlarda şairin bu mövzudakı məlum video-müsahibəsini tapdım və əmin oldum ki, bütün miflərin həqiqət payı olduğu kimi, bu da real bir "urban legend"dir.  Mən onun ilkcızma-qaralarını oxumasam da, indiki inkişafı, gəldiyi nöqtə göz qabağındadır. Şairin adi Feysbuk statusu da, ciddi mətndir. İndi isə yenə mövzumuza qayıdaq.

Ədəbiyyatda sevginin mahiyyəti var və sevgi inadkar, mühafizəkar ata kimi onu qarabaqara izləyir, "yolundan sapma, pis uşaqlara oynama" deyib də xəbərdarlıq edir. Bəzən isə ondakı yenilikləri görüb qulağına pıçıldayır: "ay məndən olub mənə oxşamayan".

Ədəbiyyat sevgidən doğulur. Bütün yazarların, şairlərin qəlbinin hücrəsində yəqin ki, üç bəndlik saf sevgi şeiri yatır, hər şairin içində xəzəlin torpağı örtdüyü sərçələrlə dolu payız mənzərəsinin üz qabığı olduğu şeirlər kitabı həvəsi var.

Mən yaşadığım bu vaxta qədər yetərincə üç bəndlik sevgi şeirləri oxuyub köhnə kitab mağazalarında Novruz çərşənbələri üçün qalaqlanmış odunları xatırladan o kitablardan görmüşəm. Demək istəyirəm ki, nə o sevgi şeirləri yadımda qalıb, nə də o kitabları alıb oxumuşam. O şeirləri yadda saxlayan və o kitablara pul verən çox az insan olduğuna da möhkəm inanıram. Ədəbiyyatın yuxarıda qeyd etdiyim metafizika, astrologiya, əlkimya sırasına enməsini istəmiriksə, içimizdəki üç bəndlik o şeiri dilə gətirməməli, payız mənzərəli üz qapığ olan o kitabları çap etməməliyik. Yoxsa, bu işi enerjinin ümidinə buraxmaq istəyirsiz?

 





18.08.2020    çap et  çap et