525.Az

Müəllimlərin işə qəbulunda yeni qaydalar - Təhsil


 

Müəllimlərin işə qəbulunda yeni qaydalar - <b style="color:red">Təhsil </b>

2009-2010-cu tədris ilindən Bakı şəhərinin, 2010-2011-ci dərs ilindən isə ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir.

Ölkənin təhsil sistemində davamlı surətdə həyata keçirilən müəllimlərin işə qəbulu imtahanları səriştəli, hazırlıqlı, yüksək motivasiyalı təhsilverənlərin ümumtəhsil müəssisələrinə gəlməsinə imkan verib. Bu proses son illərin ən mühüm keyfiyyət göstəriciləri ilə müşayiət olunmaqdadır. Müəllimlərin işə qəbulu prosesinin şəffaflığı, əlçatanlığı və nəticələri təhsil sistemində müsbət inkişaf dinamikasının güclənməsi, rəqabətli təhsil mühitinin formalaşması, müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə müvafiq qaydalara uyğun olaraq dörd mərhələdə - elektron ərizə qəbulu, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə yolu ilə aparılır.

Elektron ərizələrin qəbulundan sonra göstəricilərin qiymətləndirilməsi, daha sonra test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə həyata keçirilir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 20 təlim strategiyaları və metodikaya aid sual təqdim edilir. Bu mərhələdə keçid balını toplayan namizədlər 8 vakant yer seçir. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.

Statistikaya əsasən, 2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyir ki, demək olar ki, hər il müəllimlərin işə qəbulu qaydalarında xeyli yeniliklər tətbiq edilir. Yeniliklərin edilməsində əsas məqsəd isə imtahan suallarını təkmilləşdirmək və mövcud test bankını daha da zənginləşdirməkdir: "Bu ildən etibarən isə qaydalarıda bir sıra mühüm dəyişikliklər edilib. İlk böyük dəyişiklik müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbulu müsabiqəsinin məhz test imtahanı mərhələsini əhatə edib. Məlum olduğu kimi, bugünədək müsabiqənin test imtahanı mərhələsində namizədlərə ixtisasdan 40,  kurikulum və məntiqdən ümumilikdə 20 sual olmaqla cəmi 60 sual təqdim olunurdu. Edilən dəyişikliklərə əsasən, verilən suallardan məntiqə aid olanlar çıxarılıb. Bununla da imtahan zamanı namizədlərə yalnız ixtisas, təlim strategiyaları və metodika ilə bağlı ümumilikdə 60 test tapşırığı təqdim ediləcək".

Test imtahanı mərhələsində aparılan daha bir dəyişiklik əlilliyi olan şəxslərin müsabiqədə iştirakının təşkilini təkmilləşdirmək məqsədi güdür. Belə ki, I dərəcə gözdən əlilliyi olan namizədlərə builki imtahanlarda fərdi nəzarətçi təyin edilib və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılıb. Eşqi Bağırov xüsusi qeyd edib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq.

E.Bağırov bu dəyişikliyi müəllimlərin sertifikasiyası ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması onların bilik və bacarığını, peşə yararlılığını ölçən qiymətləndirmə mexanizmidir: "Bu prosesdə müəllimlərə məntiqə aid sualların verilməsi nəzərdə tutulmur. Müsabiqə proqramında əsasən onların ixtisasına və peşəsinə uyğun suallar olur. Qeyd edim ki, "Təhsil haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsində ilk dəfə işə qəbul olunanlar işə başladığı ilk beş il ərzində serifikatlaşdırmadan keçməyəcəklər. Yəni müəllimlərin işə qəbulu imtahanlarından keçənlər bu mərhələdən də keçmiş sayılırlar".

Digər dəyişiklikdən də söz açan E.Bağırov vurğulayıb ki, bugünədək keçirilən test imtahanının nəticəsi 2 il qüvvədə qalırdı. Dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu müsabiqəsinin ötənilki test mərhələsinin nəticələri ilin sonuna qədər qüvvədə olacaq.  Edilən digər dəyişikliyə əsasən, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra boş qalan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə  təklif olunacaq: "Qeyd edim ki, növbəti müsabiqənin daha yüksək səviyyədə həyata keçirilməsi üçün müəyyən dəyişikliklər tətbiq edilə bilər".

O, əlavə edib ki, əvvəlki illərdə namizədlər imtahan bitdikdə yalnız ümumi nəticəni, yəni neçə bal topladığını, hər bölmə üzrə topladığı balların sayını öyrənə bilirdi. Ancaq hansı suala səhv cavab verdiyini, səhv cavablandırdığını görə bilmirdi. Namizəd hansı sualda səhv etdiyini bilmək istəyirdi. Ona görə də əlavə apellyasiya mərhələsinə müraciət etməyə məcbur olurdu: "Builki dəyişikliyə əsasən, imtahan bitdikdən sonra hər bir namizədə imtahan zalını tərk etməzdən əvvəl 10 dəqiqə vaxt verilir. Namizədin imtahan verdiyi kompüterdə səhv cavablandırdığı suallar onların özlərinə təqdim edilir. Bu da Təhsil Nazirliyi tərəfindən edilən ən vacib dəyişikliklərdən biridir ki, namizədlər səhv cavablandırdıqları suallarla da tanış ola bilsinlər".

E.Bağırovun dediyinə görə, bundan başqa, vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcəklər. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şərait yaratmaqdır: "Təcrübə göstərir ki, elektron vakansiya seçimi mərhələsində namizədlər boş yerlərə yiyələnir, müsahibədə iştirak edir və uğurla keçirlər. Yalnız qəbul olunduqları məktəblərdə işə başlamaq məqamı çatanda fikirlərindən geri dönürlər. Bu da tədris prosesinə çox ciddi ziyan vurur, proses pozulur, ümumtəhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatının ödənilməsində çətinlik yaradır. Qeyd olunanları nəzərə alaraq belə bir dəyişikliyə qərar verilib. Bu dəyişikliyin namizədlərin vakant yerləri seçməzdən öncə həmin yerlər, onların yerləşdiyi ərazi ilə tanış olmalarına, daha düşünülmüş qərarlar vermələrinə səbəb olacağı qənaətindəyik".



E.Bağırov bildirib ki, əvvəlki illərdən fərqli olaraq builki test imtahanlarının təşkili ilə bağlı müəyyən fərqlər var. Bu da mövcud olan indiki şəraitlə bağlıdır, kütləvi sayda insanların eyni əraziyə cəmləşdirilməməsi, eyni zamanda giriş-çıxış məhdudiyyətləri və s. nəzərdə tutulub. Əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, cari ildə test imtahanları müvafiq, namizədlərin yaşadığı əraziyə uyğun olaraq 17 bölgədə təşkil edilən 32 mərkəzdə keçirilir.

Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada, şəffaf şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illər  sözügedən müsabiqədə iştirak edən namizədlərin, əsasən də gənclərin sayında artım müşahidə olunur.

Famil Ağayev bir neçə dəfə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib. 2014-cü ildə 35 maksimum baldan 32 bal, 2018-ci ildə 60 baldan 49 bal  toplayıb. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanında 59 bal toplayaraq ölkə birincisi olub. Hazırda 261 nömrəli məktəb-liseydə riyaziyyat müəllimidir: "Məncə, müəllim olmaq təkcə, hansısa məktəbdə dərs demək deyil. Şagirdləri övladın kimi sevmək, onlara qayğı ilə yanaşmaq və hətta lazım gələndə psixoloji dəstək də vermək lazımdır. Mən də bu yolda əlimdən gələni etməyə çalışıram"

Xəyalə Hüseynli ibtidai sinif müəllimidir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ən uğurlularından - 2018-ci ilin respublika birincisidir. Öz üzərində yorulmadan işləməyinin nəticəsidir ki, müəllimlik peşəsində ən təcrübəli müəllimlərlə rəqabət apara bilər. Azərbaycan Dövlət Pedaqoji Universitetini 2012-2016-cı illərdə "İbtidai sinif müəllimliyi" ixtisası üzrə bakalavriat, 2016-2018-ci illərdə magistratura səviyyəsində başa vuraraq müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb və test imtahanında 59 bal toplayaraq ölkə birincisi olub. Hazırda 20 nömrəli məktəb-liseyin müəllimidir.

X.Hüseynli müsabiqədəki uğurunda magistratura təhsilinin rolunu xüsusi qeyd edir. Ancaq uğurunu daha çox müəllimlərin işə qəbulu müsabiqəsinin şəffaf şəraiti və obyektiv qiymətləndirməsi ilə izah edir: "Magistratura təhsili alaraq ixtisasım üzrə biliyimi dərinləşdirdim. Bu təhsilin müəllimlərin işə qəbulu müsabiqəsində qazandığım uğurda böyük payı olduğunu düşünürəm. Ancaq uğurumun əsas səbəbini müəllimlərin işə qəbulu müsabiqəsinin şəffaf və ədalətli seçim şərtləri ilə əlaqələndirirəm. İnsanın bilik və bacarığı ilə uğur qazana biləcəyindən əminliyi onu öz üzərində daha çox işləməyə həvəsləndirir".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və  peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir. Müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin,  ilk növbədə, həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması, müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişikliklərin əsas tərkib hissəsidir.

O vurğulayıb ki, son illərdə istər müəllimlərin işə qəbulu, istərsə də direktorların işə qəbulundakı şəffaflıq nəticəsində ötən illərlə müqayisədə müəllim və direktor işləmək arzusunda olanların sayında üç dəfə artım müşahidə edilir: "Bu vəzifədə işləmək üçün sənəd verənlərin sayında kəskin artım bunu göstərir. Orta məktəblərə maraq təkcə ali təhsillilər arasında artmayıb. Eyni zamanda, abituriyentlər də bu sistemdə şəffaflığı görüb gələcək uğurlu karyeralarını burda görürlər".

Müəllimlərin işə qəbulu müsabiqəsi zamanı ildən-ilə daha yüksək bal toplayan müəllimlərin işə qəbul edildiyini bildirən ekspert deyib ki, bu da savadlı kadrların orta məktəb sisteminə daxil olması deməkdir: "Yekunda bu da öz növbəsində təhsilin keyfiyyətinin artmasına ciddi şəkildə müsbət təsir göstərir".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





18.08.2020    çap et  çap et