525.Az

Belarus necə ölkədir? - Sosial şəbəkədə yazılanlar


 

Belarus necə ölkədir? - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Mədəniyyət sahəsində mövcud problemlər 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öz Feysbuk hesabında Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Anar Kərimovla görüşündə mədəniyyət sahəsində olan problemlərin müzakirəsi və həyata keçirilən islahatlar haqqında fikirlərini paylaşıb.

 "Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşdüm və geniş müzakirələrimiz oldu. Mədəniyyət sahəsində öz həllini gözləyən bir sıra vacib problemlər, Mədəniyyət komitəsinin iş planında və müzakirəsində olan bir sıra vacib qanun layihələri, bölgələrimizdəki bir sıra tarixi-mədəni abidələrimiz, kino və teatr sahəsindəki vəziyyət, sənət adamlarının müəllif hüquqları ilə bağlı ortaya çıxan problemlər və bir çox məsələlər ətrafında çox geniş, faydalı müzakirələr oldu. Eyni zamanda, millət vəkili seçildiyim Tovuz rayonunda bir neçə ay əvvəl tikilərək istifadəyə verilmiş Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, Dövlət Rəmzləri muzeylərinin hələ də elektrik enerjisi ilə təmin olunmaması, problemin nazirliklə bu məsələyə cavabdeh qurumlar arasında ciddi müzakirə edilməsi və həllini tapmasının vacibliyini, həmin muzeylərdə kadr çatışmazlığı problemlərini Anar müəllimin diqqətinə çatdıraraq qısa zamanda bu məsələlərə diqqət göstərməsini xahiş etdim. Hörmətli Anar müəllimə çox təşəkkür edirəm ki, istər mədəniyyət sahəsi ilə bağlı, istərsə də Tovuzla bağlı qaldırdığım məsələləri diqqətlə dinlədi və ciddi addımlar atılacağını bildirdi. Mədəniyyətimizin qorunması, onun inkişafı dövlətimizin, cənab Prezidentimizin siyasətində, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətində ən vacib məsələlərdən biridir. İnanırıq ki, Mədəniyyət Nazirliyində başlayan islahatlar sürətlə davam edəcək, bu sahədə həllini gözləyən problemlərin həlli istiqamətində önəmli işlər görüləcək və bu sahənin inkişafında, mədəniyyətimizin dünyada təbliğinin genişləndirilməsində daha böyük uğurlara nail olunacaq. Anar müəllimi Mədəniyyət nazirinin birinci müavini təyin olunması münasibətilə təbrik etdim, ona uğurlar dilədim və Milli Məclisin Mədəniyyət komitəsi olaraq mədəniyyət sahəsinin inkişafı ilə bağlı bütün məsələlərdə hər zaman dəstək olacağımızı bildirdim". 

Bəxtiyar Vahabzadənin 95 yaşı tamam oldu 

Millət vəkili, akademik Rafael Hüseynov öz sosial şəbəkə hesabında Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edərək, onunla olan xatirələrini yada salıb.

"Bu gün - 2020-ci il avqustun 16-da böyük şairimiz Bəxtiyar Vahabzadənin 95 yaşı tamam olur.

Daha bir yuvarlaq ildönümü onsuz gəlir.

Bu gün onu bütün Azərbaycan boyu oxuyan, sevən, əziz tutan insanların sayı bəlkə dünənkindən, öz sağlığında olduğundakından da çoxdur.

Bu təmənnasız sayğı və sevgidən üstün bir bəxtiyarlıq varmı?!

Bəxtiyar Vahabzadə mənimçün yalnız dilimizin şirinliyi və dərinliyini hər misrasına hopmuş qüdrətli şair deyil.

O, həm də mənimçün ilk gəncliyimdən başlayan təmaslarımızın uzun illərini doldurmuş saysız munis xatirələr deməkdir.

Hələ çox gənc idik. 17-18 yaşımız vardı. Bəxtiyar müəllim az sonra kitaba çevriləcək şeirlərinin əlyazmalarını verirdi oğluyla mənə, deyirdi sayın nə qədər misra var.

Sanki dünən olub.

Amma nə qədər illər axıb keçib, gedən illər özü ilə nə qədər doğmalarımızı aparıb!.." 

Ermənilərin törətdiyi beynəlxalq cinayət 

Millət vəkili Erkin Qədirli öz Feysbuk hesabında ermənilərin öz vətəndaşlarını işğal olunmuş torpaqlarımıza köçürməsi məsələsinə toxunub.

"Ermənistanın ölkəmizin ərazisinə (işğal olunmuş torpaqlara) öz vətəndaşlarını, eləcə də başqa ölkələrdən gələn (gətirilən) erməniləri köçürməsi beynəlxalq hüququn sıradan pozuntusu deyil. Bu, beynəlxalq cinayətdir. Bu cinayətin təsbiti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Nizamnaməsində verilib (maddə 8, hissə 2, bənd (b), alt-bənd (vii)). BCM üzvü olsaydıq, özümüz ittihamçıdan araşdırmanın başlamasını xahiş edə bilərdik. BCM üzvü olmadığımızdan bunu edə bilmərik. Amma BMT-nin Təhlükəsizlik Şurası qarşısında bu məsələni qaldıra bilərik. Təhlükəsizlik Şurası dünyanın istənilən ölkəsində vəziyyəti BCM-yə göndərə bilər (araşdırmaq üçün). Belə halda, ərazisində beynəlxalq cinayətin törədildiyi güman olunan dövlətin BCM-də üzv olmasına gərək qalmır. Ölkəmizin rəhbərliyi bu fürsəti sınamalıdır, məncə. Üstəlik, orada ölkəmizin yararına başqa imkanlar da açıla bilər". 

Narkomaniyanın qurbanına çevrilən gənclər 

Baku.ws saytının baş redaktoru Azad Əliyev öz sosial şəbəkə hesabında paylaşım edərək gənclərin narkomaniyanın qurbanlarına çevrilməsini probleminə toxunub və bunu ölkənin bir nömrəli problemi kimi qiymətləndirib.

"Bu ölkənin bir nömrəli problemi bilirsiniz nədir? Cavan-cavan uşaqlar narkomaniyanın qurbanıdırlar. Kley iyləyən kim, iynə vuran kim. Blokumuzun ətrafında gül kimi uşaqlar qar-qar qaynaşırlar. Oyaq olanda gül parçalarıdır hamısı. Elə ki hallandılar, üzlərini görmə. İnsanın ürəyi ağrıyır. Niyə belə olmalı idi? Bu uşaqları qoruya bilərdik axı. Kim ki əlində səlahiyyət var, amma bu bəla ilə mübarizə aparmırsa, öz oturduğu ağaca balta çalır. Bir gün o səlahiyyətli adamların öz övladları ilə birgə bu ağac hamımızın başına aşacaq. Ağac aşanda isə sənin, mənim övladımdır deyə ayırmayacaq. Nə qədər gec deyil, ayılın!" 

Donald Tramp "TikTok"a qarşı 

Feysbuk istifadəçisi Gülsəl Səfərova öz paylaşımında Donald Trampın "TikTok" tətbiqinin ABŞ-ın milli təhlükəsizliyinə təhdid törətdiyini əsas gətirərək "TikTok"un bu ölkədə fəaliyyətinə son verməsi ilə bağlı qərarına toxunub.

"Donald Tramp "TikTok" tətbiqinin sahibi, Çin texnoloji şirkəti olan "ByteDance"in ABŞ-dakı aktivlərini 90 gün ərzində satması üçün fərman imzalayıb. Tramp istəyir ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silsin və Xarici İnvestisiya Komitəsinə məlumat versin. Çünki Trampa görə, bu şirkət ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir. Maraqlıdır ki, Çin şirkətinin rəhbəri Yiming Zhangın "TikTok" tipli və ondan da maraqlı 7 məhsulu var. "Helo" adlanan digər məhsulu Hindistan üçün yaradılmış sosial şəbəkə platformasıdır. Hindistan hökuməti bu sosial şəbəkənin maraqlarına zidd olduğu üçün iyun ayında ölkəsində girişinə məhdudiyyət tətbiq edib. İndi isə Tramp "TikTok"u bağlamaq fikrinə düşüb. Təbii ki, burada iqtisadi-siyasi əlaqə var. "ByteDance" şirkətinin 140 milyard dollar gəliri var. Heç kiçik məbləğ deyil. Ümumiyyətlə, Çin keyfiyyətli düşünmənin nəticəsi sayılan ixtiraların sayına və gəlir dinamikasına görə ABŞ-ı keçəcəyi ehtimalı böyükdür. Bu ölkələr arasında açıq şəkildə elmi-texnoloji müharibə gedir". 

Belarus necə ölkədir? 

Sosioloq Elçin Bayramlı öz sosial şəbəkə hesabında Belarusun əldə etdiyi nailiyyətləri sadalayaraq ölkənin bir çox keyfiyyətləri haqqında paylaşım edib. 

"BELARUS

- İşsizliyin olmadığı, hər kəsin normal maaşlı işi olan ölkə;

- Demək olar ki, hamının evi olduğu ölkə;

- İntiharların dünya üzrə ən az olduğu ölkələrdən biri;

- Pulsuz və yüksək səviyyədə səhiyyənin olduğu ölkə;

- Pulsuz və yüksək səviyyədə orta və ali təhsilin olduğu ölkə;

- Bütün uşaqların baxçalarda pulsuz təlim-tərbiyə aldığı ölkə;

- Rüşvətin demək olar ki olmadığı ölkə;

- Güclü sənayeyə və texnologiyaya malik ölkə (Təyyarədən, qatardan, maşından tutmuş əksər cihaz və aparatların istehsalı);

- Keyfiyyətli dərman sənayesinə və tibbi avadanlıq istehsalına malik ölkə;

- Şəhər və kəndləri tamamilə təmiz və abad, yolları şüşə kimi bir ölkə;

- Gözəl təbiəti olan, meşəliklər içində yerləşmiş bir ölkə;

- İnsanları sağlam, təhsilli, sadə, mehriban olan ölkə;

- Dünyada ən təbii və ən keyfiyyətli ərzaq istehsal edən ölkə;

- Ərzaq və gündəlik tələbat malları və zəruri xidmətlər üzrə Avropada qiymətlərin ən ucuz olduğu ölkə;

- İnkişaf etmiş aqrar təsərrüfat-bütün işlərin mexanizmlərlə görüldüyü ölkə;

- Dünyada yaşayış üçün ən təhlükəsiz ölkələrdən biri (terror və kriminal hadisələrin minimum səviyyəsi);

- Sosial problemlərin olmadığı, bütün əlillərin, qocaların, xəstələrin normal sosial təminat aldığı ölkə;

- Bir çox iri müəssisələrdə və təsərrüfatlarda işçilərə pulsuz ev verilən ölkə;

- Xəstəliklərin ən az səviyyədə olduğu ölkələrdən biri;

- Kəndlərində belə mədəniyyət evləri, klublar, xalq teatrları, kitabxana və kinoteatrların fəaliyyət göstərdiyi ölkə;

- Doğulan uşağa 5 min dollar birdəfəlik, 200 dollar civarında aylıq müavinət verən ölkə;

- Qanunların və insan hüquqlarının şah olduğu, vətəndaş şikayətlərinin dərhal həll olunduğu ölkə;

- Məmurların zəngin həyat tərzi yaşaya bilmədiyi ölkə;

- Bizdə 15-20 min manat civarında satılan avtomobilləri 2-3 min manata almağın mümkün olduğu ölkə;

- Təbəqələr arasında uçurumun olmadığı ölkə;

- Karantin elan etmədiyi halda, koronsavirus pandemiyasından ən az itki ilə çıxmağı bacaran ölkə;

- İşçi hüquqlarının yüksək səviyyədə qorunduğu ölkə;

- Kommunal xidmətlərin və nəqliyyatda gediş qiymətlərinin ən ucuz olduğu ölkələrdən biri;

- Dünyada ən çox kitab, qəzet oxuyan ölkələrdən biri;

- Çox sayda pulsuz attraksion və əyləncə parklarının olduğu ölkə;

- Müharibədən tam dağılmış halda çıxmasına baxmayaraq, hazırda dünyanın ən nümunəvi və abad ölkələrindən birinə çevrilmiş dövlət

- İttifaqdan çıxdıqdan sonra heç nəyi dağıtmayan, əksinə inkişaf etdirən yeganə ölkə;

- Nəhayət məhz bu nailiyyətləri əldə etdiyinə görə qlobal mafiya tərəfindən dağıdılmasına cəhdlər edilən, lakin xalqla hökumətin birliyi sayəsində planların baş tutmadığı ölkə".

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin 15 yaşı tamam olur

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli öz Feysbuk hesabında rəhbəri olduğu şəbəkənin 15 illiyi münasibəti ilə paylaşım edib.

 "Bu gün bizim 15 yaşımız tamam oldu.

Bu illəri bizlə addımlayan oxucular, kitabsevərlər, komandamızın - ailəmizin üzvləri, hamımızı təbrik edirəm!

"Əli və Nino" Müasir Azərbaycanın bir hissəsidir. O gücləndikcə, biz də böyüyürük. Bizim böyüklüyümüz - oxucuların, kitabsevərlərin sayıdır.

Bizim qapımız kitab kimi bütün oxucuların üzünə açıqdır. Sizə xidmət üçün daha mükəmməl "Əli və Nino" uğrunda dayanmadan çalışırıq.

Bəs sizin üçün "Əli və Nino" nədir və həyatınızda hansı rol oynayır?"

Şəhərimizin təmizlik problemi

Hüquqşünas Günel Səfərova öz Feysbuk hesabında məişət tullantılarının doğru atılmaması ilə bağlı iradını bildirib.

"Axır ki, arzuladığım yağış yağdı. Bizim məişət tullantılarının doğru atılması ilə bağlı problemimiz var və üstəlik, şəhərimiz təmizlənmir, yuyulmur. Hər yay əksər məhəllələrdə asfaltın üstündəki qarpızın şirəsindən giriləsi deyil. Kaş bu yağış çirkli xislətləri də yuya bilərdi..."

 





18.08.2020    çap et  çap et