525.Az

"Like" davası - Məhsəti Musadan yeni yazı


 

"Like" davası - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

İstər adi, gündəlik həyatımızda, istərsə də sosial şəbəkələrdə tez-tez müəyyən adamlardan şikayət eşidirik: Filankəsin adamı var, üzdədir, tanınır, bəhmənkəsin pulu var, məşhurdur, amma mənim nə pulum, nə adamım var, ona görə də kimsə varlığımı belə bilmir, istedadım batıb gedir.

Doğrudur, bu gün məşhurlaşmaq, fəxri ad almaq, geniş sərgilər təşkil etmək, yarışlarda qalib olmaq kimi məsələlərdə yuxarıda qeyd olunanların müəyyən rol oynadığı danılmazdır. Amma digər tərəfdən yanaşsaq, bir istedadsızın  "at oynatmağı" hansısa istedadın parlamasına mane ola bilməz. Lakin ortada bir sənət, yaradıcılıq nümunəsi yoxdursa, özünü təqdim edə bilməmisənsə, hay-küy salmaq da mənasızdır. Məsəldir, deyir, "qışqıranı pis eşidirlər". Sən varsansa, bunu  yüksək səslə söyləməyinə ehtiyac yoxdur, əmin ol ki, bir gün səni görəcəklər. Ya öz zəhmətin, öz gücün, öz yaradıcılığınla çıxacaqsan meydana, ya da mütləq səni dəyərləndirərək əlindən tutan, dəstək olan birinə rast gələcəksən, uğura gedən yolun bir az da asanlaşacaq. Yetər ki, onun-bunun yüksəlişini dərd edərək öz bacarıqlarının, öz istedadının üzərində işləməkdən vaz keçməyəsən. Ömrünü başqalarının həyatını  saf-çürük etməyə xərcləməyəsən. Özündən əminsənsə, təqdim et yazdığını, çəkdiyini, bəstələdiyini, ifalarını. Sosial şəbəkələrin bu baxımdan çox əlverişli olduğu danılmazdır. Yəni meydan sənindir. Yazılarını, şeirlərini çap etmirlər? Öz profilində paylaş. Efirə çıxmağa imkanın yoxdur? Videolar çək, canlı yayımlar et, səsinin sehri ilə sosial şəbəkələr vasitəsi ilə tanınmaq şansından yararlan. Gözəl əl işlərin, rəsm əsərlərin var? Virtual sərgilər hazırla. İzləyicini, dinləyicini, oxucunu inandır, özünü sevdir, alıcını tap. Necə deyiblər, "Halva-halva deməklə ağız şirin olmur". Sən dur ocağı qala, unu qovur, şirəni hazırla ki, o halvanın ətri yayılsın, insanları cəlb etsin, onların da ağzı şirin olsun, sənin də. Yəni  müəyyən səviyyəyə çatmaq üçün öncə özün cəhd etməlisən.

Ölümündən az əvvəl məşhur alman filosofu Şopenhauerin dostları ondan harada dəfn edilmək arzusunda olduğunu soruşduqda, o demişdi: "Mənim üçün fərqi yoxdur, onlar məni tapacaqlar!"  Bəli, əgər varsansa, səni tapacaqlar. Bunun üçün ölmək, ağlamaq, gileylənmək yox, öz üzərində daha inamla işləmək, səbr etmək, hədəfini düzgün seçmək lazımdır. Bil ki, bu gün olmasa da, sabah öz dəyərini alacaq, öz yerini tutacaqsan.

Amma deyim ki, sosial şəbəkədə də adətin üzrə şikayətlənsən, səbirsizlik və dözümsüzlük nümayiş etdirsən, paylaşımlarını "bəyən"məyənlərə qarşı aqressiv olub sənə borcu varmış kimi "like" tələb etsən, səni tərifləməyənləri dostluqdan çıxarmaqla hədələsən, çox gözləməli olacaqsan. Fransız yazıçısı Jül Renarın fikridir: "Yadda saxla: sən əsl uğuru istedadlı olduğunu sübut eləmək həvəsin öləndən sonra qazana bilərsən".

 





19.08.2020    çap et  çap et