525.Az

Son igidin nağılı.... (Orxan Fikrətoğlunun hekayəsi)


 

Son igidin nağılı.... <b style="color:red">(Orxan Fikrətoğlunun hekayəsi)</b>

Deyir insanın öldükdən sonra da, dırnağı uzanırmış. Necə ki, ağacın meyvəsi üstündə budağı qırılır ha... Sonra həmin kəsilmiş budağın üstündəki meyvə qalıb qalıb, sulanır, şirinləşir ha.. bax insanın öləndən sonra uzanan dırnağı da beləymiş, son qalığı, şirnisi,canından süzülən suyuymuş.Özü-özünə uzanan dırnaq qəfil hiss edəndə ki, hissəsi olduğu bədənin ruhu daha yoxdur, dayanır. Axı dırnaq candan deyil, ruhdan qidalanır. Ölümü anlamaq üçün dırnağa zaman lazım olur. Dırnağın özü belə yaşadığı bədənin tamam ölməsini, o dəqiqə anlamır, zaman keçəndən sonra başa düşür... İndi mən necə sənin birdən- birə olmamağına inanım? Səndə məndən idin axı...

Olmasan da, məndən nağıl istəyirsən? Sənə bir gerçək danışacamSən onda da yox idin. Mən o, son İgidin doğulduğunu öz gözlərimlə görmüşdüm.

İgid doğulana qədər buraların insanları biri- birilərinə sual verməzdilər. Öl deyilənə ölürdü, qal deyilənə qalırdı. İgidə, igidliyə ehtiyac yox idi. Adamlar at kimiydi. Yeyirdilər, yatırdılar, hər il kişnəyə- kişnəyə artırdılar. Bu yandan Əsəd kişinin qara arvadı qəfil vurub bu igidi doğdu. İgid Məsih kimi tarixə düşməsə , başqa tür yadda qaldı. O doğulandan bizə oxşamadı. Əli, ayağı, içi, fikri necəsə bizdən böyük çıxdı. İgidlik onun üzündə gülüş kimiydi. O igidlik eləmirdi. İgidlik onun özüydü. İgid işləmədi, yemədi, atasına anasına bağlanmadı, başını aşağı salıb, gününü yeyən, adi adamların yanında, yad bir nəsnə kimi illərlə var oldu. Hamı,onun igid olduğunu bilirdi. Onun haçansa bir igidlik edib, dünyanı dəyişəcəyini görürdü. Amma İgid, igid olmaqdan ötrü igidlik göstərə bilmirdi. Buna görə qanı qaraydı. İgid doğulan birinin, igidlik etməməsi özü üçün çox ağır idi, elə bizim üçün . İgid dünyaya baxıb məəttəl qalırdı. Gün kimi hər axşam batıb, hər səhər işə çıxan insanların igidlik etmədən yaşamaları ona qəribə görünürdü. O içini yeyən gücünü, bilmirdi neynəsin? İllər beləcə igidin yanından qorxa-qorxa keçib gedirdi. İgid illərə, illər igidə əl eləyirdi. İgidi bura göndərənin məqsədi vardı.Yoxsa illərə qoşulub getmək igid üçün çətin idi ki?

Bir gün igid darıxıb dağa qalxdı. Nağıl dili,yazı yazanın da üzünü ağardır. Bu dil yüyrək olmasaydı, mən , igidin beş il sərasər heç cür o dağın başındakı halını yaza bilməzdim. Sən darıxardın, elə özüm . İgid beş il beləcə üç cümləyə sığan bir səbrlə bir sal daş üstə oturdu. elə bir məqam gəldi ki, ya gərək o, peyğəmbər olaydı, ya da gərək bu dağdan özünü aşağı atıb öldürəydi ki, canı qurtarsın. Çünki İgid dərk edirdi ki, bu var olmada, özgədir. Baş verənlərin üzü, adı, bir görünən tutacağı da yoxdur ki, tutub onları güclə dəyişmək olsun. Bütün bu baş verənlər elə bil igidin yaşamadığı bir başqa vaxt kəsiyində baş verirdi. igid bu vaxta, məntiqə əxlaqa yaxın olsa da, elə bil başqa bir vaxtda, baş verən işlərin, baş vermə vaxtının lap yanında olan özgə bir zamanda yaşayırdı. o, bu olanları dəyişmək istəsə bacarmırdı. Bilirdi ki, insanlar örnək istəyir. Düşüncəni dəyişən bir misal görmək istəyir. İgidliyin olduğunu, igidliyin necə olmasını yaşamaq istəyir. İgid bunu anlasa da, bu başı aşağı insanların içində onu da anlayırdı ki, igidlik rəqibsiz ola bilməz. bu gün onun igidliyini döyüşdə sübut etməsi üçün bir tutarlı rəqibi yoxdur. İnsanlar igidə dost idilər, rəqib. İnsanlar elə beləydi... Yeyirdilər, yatırdılar... heç düşünmürdülər...

Amma sən nağılı, ələlxüsus da nağılçını da elə belə bilmə. İgidi bir yerə göndərən onun rəqibini gec tez meydana çıxarmalıdır ki, insanlar ən çox da özü darıxmasın. İgid bir səhər gördü ki göydən yerə mavi işıq içində bir boz qurd düşür. Qurd yerə enən kimi adam balası kimi danışmağa başladı. Təkcərhərfini düzgün tələffüz eləmirdi.

Mən o qurdam. Sən məni öldürüb igidliyi bir toxum kimi dünyaya səpə bilərdin. Amma gecikmisən... Təəssüf ki, məni bir dəfə öldürüblər. Sənin dilində danışan peyğəmbər daha heç vaxt yerə göndərilməyəcək. Sizə bir dəfə məni göndərmişdilər. Mənanı anlamadan tutub məni yediniz. Gör indi qurd olmayan peyğəmbərlərin başına oyun açarsız. Hələ mən qurdam sizinlə bacarmadım. Sənin igid olmaqdan ötrü bir əlacın qalıb. Kürreyi ərzdə, iri nəhrin içində bircə dənə diri əjdaha qalıb. Ondan iri, güclü mənfi olan nəsə bu dünyada daha yoxdur. Ölüm onun yanında mələkdir. Sən ancaq onu öldürməklə dünyada igidlik dəbini sala bilərsən.

 İgidin sevincdən qırışığı açılsa da qurddan:

Onu niyə öldürüm... O mənə neynəyib ki? – soruşdu.

Qurd:

O sənə heç eləməyibdediSənin nağılın budur. O son əjdahanın da sənin kimi əslində, böyük mətləblərə heç bir dəxli yoxdur. Siz mənanın açılması üçün rəmzlərsiniz. Dünyada igidlik dövrü başlanacaq. Sən bu dövrü dəb salmaq üçün seçilmisən. Əjdaha səni döyüşdə öldürsə belə, yenə igidlik bir toxum kimi dünyaya səpiləcək. Sən örnəksən, misalsan. Sən döngəsən. Səndən adamlar dərs almalıdır. Sən ilk cəhdsən.

İgid qurdu son cümləsində qoyub nəhrə doğru qaçdı. Nəhrin suyu donmuşdu. İgid illərdir içində nəhrin suyu kimi donmuş gücünü səsinə çevirib nəriltiylə əjdahanı səslədi. İgidin səsindən su şüşə kimi sındı. Şüşə süyun sınıqları altından ölçüsü, çəkisi bəlli olmayan çox iri bir nəsə igidin gözü qarşısında göyə yüksəlməyə başladı. Bu  dikələn nəsə beləcə altı ay dikəldi.Yeddinci ayın tamamında igidə o dikələnin sözü çatdı..

Nənəm Sarı əjdaha, öləndə mənə demişdi ki, səni bir igid öldürməyə gələcək. O, sənin qismətin, yazındır, ondan qorxma. Birdən o igid sən olarsan ha.

İgid əjdahanın onu tanıdığına bərk sevindi.

Düz deyirsən, mən sənin yazınamdedi.

Əjdaha igidin səsini yuxarıdan istəsə eşidə bilmədi. Bir az aşağı əyildi ki, heç olmasa onun dediyini kəsdirə. Bu əyilmənin havasından tufan qopdu. Nəhrdən əsən külək, igidin əlindəki qılıncı çevirib öz qarnına soxdu. Bu da sənə igidin nağılı...

Amma tələsmə... Mən bu nağıl dili ilə sənə onu demək istəmirəm ki... Biz devirə bilmədiyimiz qorxularımızın yanında çox kiçiyik. Mən onu da demirəm ki, iri əjdahanı göylər deyil biz özümüz öz qorxularımızla şişirdib yaratmışıq. Mən onu deyirəm ki, nağıl burda bitmir. Bu nağılın tamam başqa çox qəribə bir sonluğu var.

Öz qılıncından yaralanmış igid gözlərini açanda gördü ki, əjdahanın iri dəmir çarpayısında uzanıb. Əjdahanın özü otaqdadır, qırmızı hamam xalatında oturub, güzgülənir. Mizin üstündə iki şüşə albalı şirəsi var. Uzaqdan da həzin musiqi səsi eşidilir. Əjdaha igidin özünə gəldiyini görüb gülümsündü. Onun sarı, iri dişləri leş qoxuyurdu. İgid, taqətsiz olsa da, yazısını unutmamışdı.

Məni öldürsən uduzmamışam. Səninlə savaşım baş tutmasa da, bu gündən insanlar igidliyimi öyəcək. Səninlə üz-üzə gəlməyim dünyanın havasını dəyişdi. İndi məna da dəyişəcək. Daha insanlar igid kimi yaşayacaq. Qorxu yenildi. Sənin nağılın da burda bitdi. Daha mənim nağılımın zamanıdır.

İgidin bu qəribə sözlərini əjdaha əvvəlcə anlamadı. O dünyaya necə göründüyünü bilmirdi.İgidə rəqib kimi deyil, onun üçün çox xırda olsa da bir erkək kimi baxırdı. Bilirdi ki, qarşısındakı adam son igiddir. O da son əjdahadır. Ondan hələ ki qorxmayan ilk canlı olan bu igidi əjdaha ilk baxışdan sevmişdi . İgid isə əjdahanın yekə içindən xəbərsiz danışmağındaydı..

Səni öldürsəydim , ölüm məni haçansa öldürəcəkdi. Qanımı axıtmısansa, işini tamamla. Ölsəm daha rahat öləcəm. Mən igidəm. Məğlub yaşaya bimərəm.

Əjdahanın gözləri yaşardı. Düşündü ki,.. Axı insanlar necə belə bəsit fikirlərini ali ədalət sayır. Bunun üçün hətta vuruşub, asanca ölürlər . Axı hamının, ən kiçik cücünün belə öz yazısı, öz ədaləti ola bilər . Amma bu ədalətlərin heç biri hamının ədaləti deyil. Görəsən igid bu kiçik gücü ilə hansı igidlikdən danışır ? İnsanlar bir küləkdən zəif olduqları halda nəyə görə qalib kimi yaşamaq istəyirlər ? Bu onlara verir ?

Əjdaha ayağa qalxıb güzgünün önünə keçdi. Mülayim baxışları ilə igidi süzüb dedi:

Yeddi min ildir ki tənhayam. Hamı məndən qorxduğu üçün qorxu içindəyəm. Danışmağa belə bir kimsəm yox idi. Sənə kim deyib ki məni öldürməlisən ?.Bəlkə mən səni sevirəm ? olsun ki iriyəm , Əjdahayam. Mənim ana olmaq haqqım var... Son Yeddi min ildə məni axtarıb tapan ilk canlısan.. De görüm istəyirsən? Amma aydın danış...

Zəhmli əjdahanın səsi igidə çox incə gəldi. Əjdahanın hərəkətlərində bir naz vardı. İgidə bu təzad qəribə görünürdü. Dünyanın ən iri gücü belə incə ola bilməzdi. İgid əjdahadan....

Sən erkəksən? – soruşdu.

Əjdahanın gözlərinin içi güldü.

Danışığından heç anlamaq olmurdediMən erkək deyiləm, dişiyəm. Özü yeddi min ildir heç kimi öldürməmişəm. Öldürmək fikrim olmayıb. Mən səndən ancaq uşaq istəyirəm. İgidlikdir, qorxaqlıqdır, insafdır-zaddır o sizin nağıllardlr .O yalanlar mənlik deyil. Mən nəslimin artmasını təmin etməliyəm... Gəl belə eləyək... Sən məni istəsən sevə bilməzsən... bu aydındır... Amma istəməsən belə mənə uşaq verə bilərsən... Sən mən deyəni elə, mən sən deyəni... Sevdamız baş tutsa mən səni öldürməyib yenə suyun dibinə gedəcəm... sən get dünyaya igidəm deyə öz nağılını söylə... deyirsən? Razısan?

İgid:

Mən səni öldürə bilərəm, axıqışqırdı...

Sonra bir müddət keçdi.

İgid:

Mən səni öldürə bilərdimdedi.

Bir az da vaxt keçdi...

igid... Yox, bunun heç bir mənası yox imişpıçıldadı.....

Ondan sonra oldusa əjdaha igidi sağ- salamat yenə dünyaya qaytardı.

Özü söz verdiyi kimi nəhrin dibinə köçdü.

İllər sonra İgidin igidliyindən, əjdahanı necə öldürdüyündən cild-cild dastanlar yazıldı. Əjdaha ilə igidin o son görüşündən sonra insanlar tamam başqa cür yaşamağa başladı. Hərə igidi özünə uyğun düşündü. Özünə oxşatdı. Onun əjdaha ilə savaşını hərə bir cür yozub, nağıl etdi. Olanlarla, olmayanlar biri- birinə qarışdı. Nağıl ilə gerçəklik bağrı badaş oldu. Hamının ruhunu dəyişən bir igidlik nağılı əmələ gəldi. Bu nağılın əslini sənə mən danışdım. Nağılını isə insanlar özlərinə uyğun uydurdular. O görüşdən sonra, igidin igidliyi yeni əxlaqa, insanların xilası üçün savaşa qalxıb, qorxunc əjdahanı bir qılıncla yenməsi isə insan gücü rəmzinə çevrildi.

Eyni zamanda nəhrin dərinliklərində sakit dinc sular içində savaşsız- filansız  törəyib, artan minlərlə böyük kiçik əjdahalar da, indiyəcən onların babaları olmuş bir dinc igiddən sevgi dolu əfsanələr danışırlar... Onların nağılları sənə deyim ki, sizin nağıllardan daha şirin sevgilidir ha...

Görürsənmi? Sən deyirsən mənə nağıl danış... Biz nağıl danışa bilmirik ki... Biz nağıl danışmaq üçün çox hirsliyik... Əsas məsələ nağılları danışmaq deyil. Onları yozmaqdır . İki müxtəlif əxlaqın, düşüncənin təmasından doğan həyatı gördünmü? Gördünmü güc necə sevgiyə, yalan necə gerçəyə çevrilir? Budur bizm nağılımız, mənim balam... İndi nəyin nağıl, nəyin doğru olduğunu sən necə ayırd edəcəksən? Sən əjdaha balasısan axı, özü buralarda yoxsan... Mən səni necə adam içinə çıxarım?..

 





13.01.2014    çap et  çap et