525.Az

"Bir səhər yeməyinin qiymətinə aldığım biletlə Avropaya uçmuşam" - Müsahibə


 

SƏYYAH BLOQER RƏNA KƏRİMOVA: "SƏYAHƏTƏ ÇIXMAQ ÜÇÜN ELƏ DƏ BÖYÜK PULA EHTİYAC YOXDUR"

"Bir səhər yeməyinin qiymətinə aldığım biletlə Avropaya uçmuşam" - <b style="color:red">Müsahibə  </b>

Sosial şəbəkələrdə parlayanlar

Yəqin çoxumuzun hansısa ölkələri və ya şəhərləri qarış-qarış gəzmək arzusu var. Fərqli mədəniyyətlər, adət-ənənələr, mətbəxlər, yeni məkanlar kəşf etmək və s.

Təəssüf ki, bir çox hallarda sosial durumumuz bu arzularımızın reallaşmasını əngəlləyir. Əslində, əlimizə düşən fürsətləri düzgün şəkildə dəyərləndirməyi bacarsaq, hər birimiz daha çox ölkə və şəhər gəzmiş olarıq.

Elə həmsöhbətimiz Rəna Kərimovanın məsləhətləri də dediklərimizi təsdiqləyir. Səyyah bloqer deyir ki, həyatımızı bahalı geyimlər və lüks yaşam tərzi ilə bəzəmək yerinə, gələcək üçün xoş xatirələrə investisiya qoymaq daha məqsədəuyğundur.

- Rəna xanım, səyahət etməyə və təəsüratlarınızı sosial mediada paylaşmağa nə vaxtdan başladınız?

- Uşaqlıqdan səyahət etməyə böyük həvəsim var idi. Amma bir gün çamadanımı götürüb təkbaşıma hansısa şəhərə yollana biləcəyimi ağlıma belə gətirmirdim. İlk səfərim işimlə bağlı olmuşdu. Çəkiliş üçün bir qrup jurnalistlə Türkiyənin Muğla, Marmaris, Fethiye və Bodrum  şəhərlərinə tətilə yollanmışdıq.  Həmişə səyahətlərdən yazmağa marağım olub. Cəmi 3-4 şəhərdə olduğum vaxtlarda belə, səyahətlə bağlı öz bloqumu yaratmağı düşünürdüm. Sonra fikirləşdim ki, həm bir neçə yazı ilə sözüm bitəcək, həm də gözümlə görmədən xarici saytlardan "copy+paste" etməyin əhəmiyyəti yoxdur. Hardasa ilyarım əvvəl İnstaqramda səhifə açmaqla sosial şəbəkələrdə paylaşımlara başladım.

- Sosial media bugünkü fəaliyyətinizdə hansı yerləri tutur?

- Beş-altı il öncə Batumiyə press-tura qatılmışdım. Acariya bölgəsinin gözəllikləri ilə bağlı çalışdığım jurnalda reportaj hazırlayacaqdım. Bunun üçün özüm barədə anketi dolduranda və bunu digər iştirakçıların anketləri ilə müqayisə edəndə utanmışdım. Bütün sosial şəbəkələrdə dost və izləyici sayım 100 nəfər civarında olardı. Bir jurnalistin sosial şəbəkədən bu dərəcədə məhdud şəkildə istifadə etməsinin nə qədər yanlış olduğunun fərqinə o zaman vardım. Elə bundan sonra sosial mediadan gələn bütün dostluq təkliflərini qəbul etməyə başladım.

Bu gün sosial şəbəkələr hər birimizin həyatında mühüm yer tutur. Operativ xəbər almaq və öz məlumatlarımızı insanlara çatdırmaq üçün bu platformalar çox əlverişlidir. Məsələn, hazırladığım reportaj yalnız saytda yayımlandıqda baxış sayı az olur, amma bunu sosial şəbəkələrdə paylaşanda arada kəskin fərq yaranır. Elə mən özüm də xəbərləri sosial şəbəkədə paylaşılan linklərdən keçid edərək oxumağı sevirəm.

- Sosial şəbəkələrdən gələn rəylərdən və bu platformanın imkanlarından nə dərəcədə razısınız?

- Sosial şəbəkələrin təqdim etdiyi imkanlardan razı olsam da, hərdən bu şəbəkələrin yaratdığı "ulduz"larla barışa bilmirəm. Bəzi sosial media fenomenləri həddindən artıq bayağı paylaşımlar edirlər. Baxırsan ki, 500-600 min, hətta 1 milyon izləyicisi var, amma paylaşımları yalnız söyüşdən, təhqirdən ibarətdir. Hərəkətlərindən, danışıqlarından isə görünür ki, səviyyələri çox aşağıdır. Belə fenomenlərin əsas kontingentinin yeniyetmələr olmasına da çox təəssüflənirəm. Amma çox savadlı, hər paylaşımlarını böyük zövqlə izlədiyim sosial media məşhurları da var. Xüsusən də səyahət bloqerlərini izləməkdən böyük zövq alıram. Hələ indiyədək səviyyəsiz paylaşımlar edən səyahət bloqeri görməmişəm.

İzləyicilərimin sayı kəmiyyət baxımından çox olmasa da, keyfiyyət baxımından məni qane edir. O qədər xoş sözlər və  təriflər yazırlar ki, bu sevginin, səmimiyyətin qarşısında duyğulanıram.

- Neçə müddətdir, səyahətlər etməyə başlamısınız?

- Dediyim kimi, ilk dəfə 2013-cü ildə Türkiyə səfirliyinin dəvəti ilə Bodruma getmişəm. Bu günə qədər 21 ölkədə, 60-dan çox şəhərdə olmuşam.

- Gəzdiyiniz ölkələr arasında sizi ən çox cəlb edəni hansıdır?

- Hələ "kaş ki gəlməzdim" dediyim heç bir ölkə olmayıb. Hətta müharibədən çıxmış, səfalət, çirkab içərisində olan Fələstinə belə,  yaxşı ki, getmişəm deyirəm. Yaşamaq üçün ən çox İspaniya və Avstriyanı rahat hesab edirəm. Şəhərləri bir-birindən gözəl, insanları kübar, havası isə möhtəşəmdir. Belçika, Hollandiya, İsveç, Norveç, Danimarka da yaşanılası və gəziləsi ölkələrdir. Amma mənim kimi soyuğa dözümü olmayan biri üçün bu ölkələrin havası çox sərtdir. Amsterdamda iyun ayında cins üst geyimi ilə donurdum. Oranın qışını təsəvvür belə etmirəm.

- Pandemiya dövründə xarici ölkələrə gediş-gəliş bağlandığından yəqin ki, günlərinizi evdə keçirirsiniz. Hansı işlərlə məşğul olursunuz?

- Artıq aylardır, evdə qalıram. Axırıncı dəfə fevral ayında İsveç və Norveçə getmişdim. Düzü, o ərəfədə biletim olsa da, gedib-getməməkdə tərəddüd edirdim. Nə yaxşı ki, havaların soyuq olmasına baxmayaraq, getdim. Kim bilərdi ki, aylarla nəinki ölkə xaricinə, hətta rayonlarımıza belə həsrət qalacağıq.

- Səyahətlər zamanı başınıza gələn ən maraqlı  hadisə nə olub?

- Bir dəfə 2-3 dəqiqə gecikmə ilə Amsterdamdan Parisə gedəcək olan avtobusa gecikmişdim. Bütün gecəni rəfiqəmlə avtovağzalda keçirmişdik. İyun ayı olmasına baxmayaraq, həyatım boyu o gecəki qədər üşüməmişdim. Vağzaldakı kafelər bağlı olduğundan oturmağa yer də yox idi. Cəmi bir stul tapmışdıq, kürək-kürəyə oturub həm isinməyə, həm də mürgüləməyə çalışırdıq. Üşüməmək üçün 5-6 koftanı üst-üstə geyinmişdim. Səhəri gün ikiqat pul verib Brüsselə, oradan da ikiqat pul verib Parisə bilet ala bilmişdik. Səyahətlərdə baş verən neqativ hadisələr zaman keçdikcə müsbət emosiyalara çevrilir.

- Səfərlərə çıxmaq üçün lazım olan maliyyəni haradan əldə edirsiniz?

- Bir dəfə Bakıdan Budapeştə 37 manata, Budapeştdən Stokholma 31 manata, Budapeştdən Bakıya 47 manata bilet almışdım. Az büdcəli, ekonom səyahətlərə üstünlük verirəm. Hətta yeni ili Polşada qarşılamaq üçün Kutaisidən Varşavaya cəmi 17 manata bilet almışdım. Bilet aldığım gün Bakıda restoranlardan birində səhər yeməyi yemişdim, o da 17 manat etmişdi. Təsəvvür edin, bir səhər yeməyinin qiymətinə Avropaya uçmaq mümkündür.

Tətil bölgələrində 5 ulduzlu oteldə bir həftə qalmaq əvəzinə, Avropada bir həftə səyahət etmək mümkündür. Səyahətə çıxmaq üçün elə də böyük pula ehtiyac yoxdur. Əgər səyahət etməyi arzu-istəyə çevirsək, buna maliyyə də ayıra bilərik.

Səyahətlərimin bir qismi işlə bağlı olub, bir qismini isə özüm təşkil etmişəm. İş səyahətlərim, press turlarda bahalı otellər, bahalı restoranlar olubsa, öz maliyyəmlə gedəndə hostellərdə də qalmışam, restoran əvəzinə marketdən alış-veriş edib sendviç hazırladığım da olub. Dönüb geriyə baxanda lüks səyahətdən daha çox az büdcə ilə etdiyim səfərlər daha yaddaqalan olub.

- Bu səyahətlər sizə təxmini nə qədərə başa gəlir?

- Təbii ki, bu qədər şəhərin hesablamasını aparmaq çox çətindir. Onlardan yalnız Mərakeş səyahətimin büdcəsini misal göstərə bilərəm. Bilet qiymətləri baha olduğu üçün çoxları Mərakeşə səfərin də baha olduğunu düşünürlər. Adətən turizm şirkətləri İstanbul transferli uçuşlar təqdim edirlər ki, yalnız gediş-dönüş təyyarə biletləri 1200-1400 manata başa gəlir. Mən isə Kutaisidən Avropaya, oradan Mərakeşə uçdum, bütün gediş-dönüş xərcləri 350-400 manat təşkil etdi. 10 günlük Mərakeş səyahətim hər şey daxil  (uçuşlar, ölkədaxili nəqliyyat, qidalanma, otellər, alış-veriş) 1200 manata başa gəlmişdi.

- Xarici dil bilgisinin olması bir səyahətçi üçün nə qədər vacibdir?

- Mənim yüksək səviyyədə xarici dil bilgim yoxdur. Hətta ilk dəfə İtaliyaya gedəndə ingilis dili bilgim ortadan da aşağı səviyyədə idi. Məhz dili yaxşı bilmədiyim üçün o zamanadək ancaq qonşu ölkələrə səyahətlə kifayətlənmişdim. İtaliya səfərim press-tur olduğuna görə çəkinmədən getmişdim. Yol yoldaşlarım arasında dili ən zəif bilənlərdən idim. Buna baxmayaraq, qabağa düşüb əl qol hərəkətləri ilə yol soruşaraq, demək olar ki, onlara bələdçilik edirdim. Dili bilmək önəmli olmasa da, getdiyin şəhəri öncədən yaxşı araşdırmaq, planlamaq çox vacibdir. Biletlər, gediləcək yerlər, dəqiqliyi ilə ünvanlar, bunların hamısı əlinin altında hazır olanda səyahət də çox rahat olur. Belə olanda vaxta da qənaət edə bilirsən. Daha hava limanında, görəsən, şəhərin mərkəsinə necə gedim deyə fikirləşmirsən.

- Səyahət etmək istəyən oxucularımıza nələri tövsiyə edərdiniz?

- Xarici dil bilmirəm və ya çoxlu pulum yoxdur deyib səyahət arzularını ertələməsinlər. Ən çətin olanı yola çıxmaqdır. Sabah dönüb geriyə baxdıqda nə brend geyimlər, nə Bakıda getdiyimiz bahalı restoranlar yadda qalacaq. Amma Sahara səhrasında çadırda gecələmək, dəvənin belində ucsuz-bucaqsız səhrada günəşin doğuşunu qarşılamaq bir ömür unudulmur. Səhifəmin adında da dediyim kimi, adama gəzmək qalır.

Günel ABBAS

 





19.08.2020    çap et  çap et