525.Az

"Torpaqda işləməyi uşaq vaxtlarımdan sevirəm" - Müşfiq Quluzadə ilə müsahibə


 

PAMBIQÇI-AQRONOM MÜŞFİQ QULUZADƏ: "TORPAQDA ÇALIŞMAĞA MARAĞIN YOXDURSA, BU, SƏNƏ ƏN ƏZİYYƏTLİ BİR İŞ KİMİ GÖRÜNƏCƏK"

"Torpaqda işləməyi uşaq vaxtlarımdan sevirəm" - <b style="color:red">Müşfiq Quluzadə ilə müsahibə </b>

Son illərdə ölkəmizdə pambıqçılığa dövlət nəzarətinin gücləndirilməsi ilə sovetlər dövründə Azərbaycanın kənd təsərrüfatının əsas istiqamətlərindən birini təşkil edən bu sahənin yenidən dirçəlməsi prosesinə start verildi.

Rubrikamızın budəfəki qonağı da elə gənc yaşlarından pambıqçılıqla məşğul olan Müşfiq Quluzadədir.

Tərtər rayonunun Kövdadıq kəndində yaşayan və burada pambıqçılıq təsərrüfatı quran, ixtisasca pambıqçılıq üzrə aqronom olan 1994-cü il təvəllüdlü Müşfiq Quluzadə yaşının az olmasına baxmayaraq, öz işini bilən adamdır. 

***

- Yaşıd olduğumuz üçün sizə elə "Müşfiq" deyə müraciət edəcəyəm.

- Buyurun, necə məsləhətdir.

- Bildiyim qədəriylə pambıqçılıqla məşğul olursan.

- Bəli, mənim öz torpağım var. Artıq üç ildir doğulub boya-başa çatdığım Kövdadıq kəndində pambıqçılıqla məşğul oluram.

- Deyəsən, ali təhsilin də var. İxtisasın nədir?

- Hə, alı təhsilliyəm, Azərbaycan Dövlət Aqrar Universitetini bitirmişəm. İxtisasca pambıqçılıq üzər aqronomam.

- Müşfiq, həqiqətən afərin sənə, bu yaşda öz təsərrüfatın, öz əkin sahən var. Və gördüyün işdən məmnun halda bunu əminliklə təqdim edə bilirsən. Necə oldu kənddə təsərrüfatla məşğul olmağa qərar verdin?

- Torpağı da, torpaqda işləməyi də lap uşaq vaxtlarımdan sevirəm. Ona görə ağlıma heç başqa işlə məşğul olmaq da gəlməyib. Aqronom olmaq istədim, oldum. Elə universitetdə oxuya-oxuya da başladım pambıqçılığa. Universiteti bitirdikdən sonra Tərtər rayon Pambıq zavodunda, "MKT İK" MMC-də işləməyə başladım. Artıq dördüncü ildir, burda işləyirəm. İşimdən zövq alıram.

- Demək təhsil aldığın vaxtlardan başlamısan bu işə? Dərslərlə bu işi paralel aparmaq çətin olmurdu bəs?

- Yox, çətin deyildi, əksinə, mənə xoş idi ki, gedib başqasının yanında işləmirəm, öz işimin sahibiyəm. Bu fikir məni dərslərimə də motivasiya edirdi. Düzdür, hər işin çətinlikləri var, amma bu mənə xoş idi. Universitet də rayonumuza yaxın olduğu üçün hər həftə özüm gəlib tarlaya göz gəzdirirdim, nəzarət edirdim.

- İmtahanlar ərəfəsində kimdənsə kömək ala bilirdin? Valideynlərin dəstək olurdu?

- Valideynlərim həmişə dəstək olublar mənə. Amma bu işdə qətiyyən ehtiyacım olmayıb ki, mən universitetdə olanda kimsə tarlaya nəzarət eləsin, ya kömək etsin. Amma ümumən, mən bu işin təhsilini almış olsam da, biz bu işi fermerlərlə birgə görürük. Sağ olsunlar, mənə çox köməkləri dəyir.

- Bax, həm aqronom, həm də işin içində bişən biri kimi sən artıq torpaqdan da, bitkidən də, məhsuldan da anlayırsan. Amma kəndlərdə təbii ki, hər kəs aqronom deyil, torpağı olan əkib becərir. Səninlə onlar arasında bir fərq varmı? Sən bu işin elmi tərəflərini də bilirsən, dərman, yaxud suvarmada, yığımda başqa kəndlilərdən fərqli bir üsul tətbiq eləyirsənmi?

- Əlbəttə, bu sahədə oxumaq, öyrənmək, yəni ixtisasca aqronom  olmağımın  mənə çox köməyi dəyib. Oxuduqlarını praktikada tətbiq edirsən, beləcə, hər şey çox sadə başa düşülür və yadda qalır. Nəsə bir işlə məşğul olanda onu ürəklə edirsən, çünki bu işin elmi tərəfini də bilirsən. Amma burda əsas praktikadır. Son üç ildir ki, öz torpağımı mən özüm müstəqil olaraq becərirəm. Bu vaxta qədər həmişə özüm həm işləmişəm, həm də valideynimə yardım eləmişəm. Beləcə, oxumaqla yanaşı, praktika da qazanmışam. Sizə deyim ki, mənim köməyimə ən çox gələn elə praktika olub. Bu gün müstəqil şəkildə pambıqçılıqla məşğul oluramsa, bunu əsas biliyimə yox, praktikama güvənərək edirəm. Digərləri ilə aramda fərq deyəndə, yox, deməzdim elə böyük fərq var. Yoxdur. Elə universitet vaxtından belədir, hamı necə əkib-becərirsə, mən də elə edirəm.

- Müşfiq, düzdür, insandan pulu, maaşı soruşulmaz, amma indi, müsahibə verirsən, məhz gənc biri olaraq bu yaşda bu işdən nə qədər qazandığın yəqin yaşıdların üçün də maraqlı olar. Bayaqdan neçə dəfə də soruşmuşam ki, bu iş səni maddi baxımdan qane edirmi, sualı eşitməzlikdən gəlirsən.

- (Gülür) Yox, qətiyyən problem deyil. Qoy deyim də, deməli, hazırda 10.7 hektar torpaq əkirəm. Gəlirim çox yaxşıdır, məni də qane edir, dolanışıq üçün də normaldır. Amma gələcəkdə bu işi daha da böyütmək istəyirəm. Yavaş-yavaş onun üçün çalışıram. Dedim axı, həm də Pambıq zavodunda işləyirəm. Yəni halımdan razıyam.

- Bu sahəyə dövlət dəstəyi varmı? Əlinizdən tuturlar, yoxsa yükün hamısı əkinçinin öz boynundadır?

- Yükün böyüyü həmişə əməkçinin öz boynundadır. Amma həqiqətən dövlət tərəfindən pambığa ayrılan subsidiya səni heç olmasa toxum, dərman xərcindən müəyyən qədər azad edir. Bu baxımdan, deyə bilərəm ki, dövlət dəstəyi əlimizdən tutur.

- Bildiyim qədəriylə pambıqçılıq dənli bitkilərdən fərqlənir, burda suvarma da, yığım da tamam başqa cür olur. Bir az bu haqda məlumat verəsən bəlkə?

- Hə, pambıqçılıq elədir ki, sən ildə iki dəfə, hətta iki dəfədən də çox məhsul götürə bilirsən. Məhsul həm əllə, həm də kombaynla yığılır. O baxır pambığın yetişməsinə. Yaxşı məhsul olanda bir neçə dəfə yığım olur. Bu da əlbəttə, suvarma ilə, düzgün qulluqla, həm də hava şəraitilə bağlı bir şeydir. Ümumiyyətlə isə, əlbəttə, hər bitkinin öz xarakteristikası var. Əvvəlcədən bilməlisən ki, sən nə əkmisən, nə yetişdirirsən, əkdiyin torpaqlar bu bitki üçün uyğundurmu, şərait münbitdirmi? Bunları hesablamasan, hər nə əksən də, məhsul əldə etmək çətin məsələdir.

- Bu işin, yəni pambığın becərilmə prosesinin hansı mərhələsini daha çox sevirsən?

- Hər bir mərhələnin öz iş strukturu, öz gözəlliyi var. Mən pambığın səpinindən yığımına qədər bütün mərhələlərinə nəzarət edirəm, müşahidə edirəm, buna görə heç fikirləşməmişəm ki, hansı proses daha zövqlüdür -  məhsulu yığmaq, yoxsa satmaq? Bu işin bütün mərhələləri bütövlükdə mənə zövq verir.

- Gələcək illərdə daha çox məhsul yetişdirəcəyini deyirsən. Təkcə pambıq yetişdirməyi düşünürsən, yoxsa buğda, arpa, yonca və sair də əkmək fikrin var?

- Mənim ixtisasım pambıq aqronomudur. Pambıq yetişdirirəm, qazancım da yaxşıdır. Ona görə heç başqa bitkilərə maraq göstərmirəm. Gördüyümü, bildiyimi yetişdirirəm, yaxşı da məhsul alıram. Gələcəkdə əkin sahəsini böyütsəm də, yenə pambıq əkib daha çox məhsul əldə etməyi düşünürəm.

- Bu gün təsərrüfatçıların ən çox dilə gətirdiyi problem su məsələsidir. Ölkəmizdə bir çox rayonlarda olan su probleminin Prezidentin şəxsən diqqətində olduğunu da bilirik. Sizin bölgədə də bu problem yaşanırmı?

- Bəli, su problemi bizdə də olur. Amma biz daha çox subartezian quyuları olan sahələrdə məhsul əkirik ki, sahəni vaxtlı-vaxtında suvara bilək. Belə olanda torpaqdan lap yaxşı məhsul götürmək olur.

- Bəs, zərərvericilərlə necə mübarizə aparırsız? Məhsulun zay olma qorxusu çox olurmu?

- Bizdə ən çox sovka, tripis, menene olur. Buna görə çox diqqətli olmalısan. Vaxtlı-vaxtında onu qarşısını almadınsa, məhsulu zay edir. Ona görə hava sərinləyən kimi pambığı dərmanlama işlərini aparırıq, zərərvericiləri məhv edirik.

- Müşfiq, mən son vaxtlar kənd təsərrüfatı ilə məşğul olan gənc kadrlardan tez-tez müsahibələr alıram. Bu işdə əsas məqsədimiz torpağa yadlaşan gəncləri maarifləndirməkdir, onları torpağa, təsərrüfata yaxınlaşdırmaqdır. Sən isə deyirsən ki, bu işə maraq səndə uşaq vaxtından var. Universitet vaxtında da torpaqdan, əkinçilikdən uzaq düşməmisən. İndi də deyirsən ki, heç nə çətin gəlmir bu işdə sənə. İnsanın heç olmasa, bir yerdə tənbəlliyi tutar, deyər filan iş bir az çətin gəlir. Səndə bu torpaq sevgisi hardandır?

- Vallah, heç özüm də bilmirəm səbəbini. Mənə görə, torpaq bizim ən dəyərli sərvətimizdir. İnanın ki, heç bir çətinlik yoxdur. Mən uşaq vaxtlarımdan bu işlə məşğul olurdum, bu işin içində böyümüşəm. Ona görə də mənə hər şey normal, rahat gəlir. Qətiyən sıxıntı, çətinlik çəkmirəm.

- Oxumuş adamsan, sənin kimi onlarla gəncimiz var, kənddə böyüyür, amma kənddən də, torpaqdan da qaçır. Baxmayaraq ki, bir çoxlarının da pay torpağı var və o torpaqları yaşlı valideynləri əkib-becərirlər. O gənclərin çoxusu elə sənin yaşıdlarındır. Səncə, ilin-günün bu vaxtında onların etdikləri doğrudur, yoxsa məntiqsizlik?

- Bilirsiniz necədir? Məncə, hamı torpağı, əkinçiliyi sevmək məcburiyyətində deyil. Məncə, kim harda, necə xoşbəxtdir, onu da etməlidir. Əgər sizə gündə səkkiz-on saat hansısa bir qurumda işləmək rahatdırsa və torpaqla məşğul olmaq çətin gəlirsə, torpaq payınız var deyə onu əkib-becərmək məcburiyyətində deyilsiniz. Torpaqda çalışmaq belədir, sevirsənsə məşğul olursan, yox, əgər bu sahəyə marağın yoxdursa, ürəyincə deyilsə, bu sənə ən əziyyətli bir iş kimi görünəcək. Ona görə də, məncə, hər kəs bacardığı və bəyəndiyi işlə məşğul olmalıdır.

Natəvan ABDULLA

 





19.08.2020    çap et  çap et