525.Az

Xuraman Hüseynzadənin şeirləri


 

Xuraman Hüseynzadənin <b style="color:red">şeirləri</b>

Rabiyə

Sudanın əl içi boyda qəsəbəsində
doğulmusan Rabiyə
dərdin dünya boyda...
yaşın 14 olar bəlkə
hər gecə yuxuna
çörək, süd, yumurta girir
bir isti çörəyin qoxusu...
hər gecə yatağa ac girən birisi
başqa görə bilər yuxusunda
qara gözlərindən süzülən yaşlarla
üzünün kiri getmir
min-min dərdin var Rabiyə
qoşulub sel olan göz yaşlarına
minindən biri getmir.
atan acından öldü
anan dərddən havalandı
qardaşını istəyir deyə güllələdilər
eviniz yandı
sən sağ qaldın dünyanın üzünə
tüpürməkçün...
qonşumuz Xeyransadan
soruşdum səni
həmən qızı görsən tanıyarsanmı-dedim
nişanələrini saydım
əlləri, dizləri yaralı
səsi qəhərə məğlub
dodaqlarına gülüşü
yasaqlamış dərd-qəm...
Mən o şəhərə getmirəm-dedi-
Dubaya gedirəm.

Təzad

xoşbəxtliklə bədbəxtliyin
görüşüb qovuşduğu
yer idi
Mehmangilin
küçə qapısının ağzı
anası Kifayət xala
əlləri qoynunda
arzularına dirsəklənib
daun sindromlu xəstə oğluna baxardı
taxta parçasından
düzəltdiyi avtomatla
qonşu uşaqlarını sıraya düzərdi
Mehman
taxta avtomatıyla güllələyərdi onları
ölərdi uşaqlar guya
yıxılardılar yerə
sevinərdi Mehman
elə sevinərdi ki
atılardı
düşərdi
oynayardı
anasının içində kədər dirilərdi
bu zaman...
cəmi beş addım o yanda dayanıb
oğlunun sevincinə baxıb-baxıb
ağlayardı
Kifayət xala...
xoşbəxtliklə bədbəxtliyin görüşüb
qovuşduğu
yer idi
Mehmangilin
küçə qapısının ağzı

05. 01. 14

sən, vətən...

sən keçirsən ağlımdan
vətən bu aralar...
qonşuda körpə ağlayır
dil qanır, ağız-
Allah bilir, dərdi var
iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
Allah səni xoşbəxt eləsin!”
bulvarda
bircə hava alanda
əlimin cibimə ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı hesablayıram
kredit borclarımızı 
ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən qaralır...
yolpulu qalxır deyirlər
birdilim çörək az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan yollar
yenə cibimizi sağır
yenə qanımızı içir
addımlarım
daş kimi düşür
asfaltın başına
evə dönürəm ağır-ağır
sən keçirsən ağlımdan
vətən... 

Hərdən xətrimə dəy... 

Əllərimi
sevirsən
incəliyi xoşuna gəlir
bu dəqiqə baxışların
oğrun-oğrun üstünü örtmür deyə
elə soyuqdur əllərim
bir bilsən...
gözlərimi sevirsən
isti sözlərinin içərisində
ürəyimi əridən
bir
ceyran gözlümdeməyindi
ceyranın gözlərindəki kədəri görməni
istərdim
kədərli olanda da bənzəyərmi
gözlərimə
saçıma
zakiranə
təriflər deyirsən
bəlkə qısaldam 
ahım yerdə qalsın qoy...
hərdən xətrimə dəy
küsməyi öyrənim
ara ver təriflərə
özümdən
bezməyi öyrənim
bunun yaşlaşmağı
qocalmağı var
təriflərin təsəlliyə dönməsin
sonra...

Qadınsızcasına

Bəzən belə olur
qapını çırpıb gedirsən
arxanca boylanan
ümidin gözlərinin kökü saralır
qayıdıb gəlmirsən
saçları tumara
qulağı xoş sözə həsrət qalan ümidin
adı
qadın olur
yalnız yataqda xatırlayırsan
o ümidi
ümidsizcəsinə
qadınsızcasına yəni...

Nankor

yağmadı
bitmədi
ayrıldıq...
sən
sevgisi dizinin üstdə olan
nankor birisi
mənsə sənin
tapdayıb əzdiyin çiçəklərdən
şirə çəkən
bal arısı...

Sahildə

gəl bir az da özümüz olaq
dənizə dərdimizi danışmayaq
məsələn
axmaq olmayaq bir günlük
qağayılara
çörək atmayaq
sol tərəfdəki dilənçi qıza bax
burnunu
koftasının qoluna silir
gözlərini sahilə...

Məni bağışla

bilirəm qorxursan
məni itirməkdən
əllərimi unutmaqdan
çörəyinə zəhər qatmaqdan
qorxursan
ayaq barmaqlarımın
ucunda
yerimişəm
qabarlı əllərinlə
ürəyinə doğru
əllərini incitdimsə
ağrıtdımsa
ürəyinə bağışla
günahlarımı
göz yaşınla yoğurduğun
çörəyinə bağışla...
indi qəzəbdən yumruğa dönən
əllərimin
bir zaman daraq olub
tellərini oxşamağı da vardı
unutma...

Təkliyin qonağı

qaçıb bu buz şəhərdən
atıb soyuq küçəni...
yazırsan yenə təklik
qonaq çağırıb səni

görən olmayıb yenə
hansı yolla getmisən
hansı ürəkdən keçib
hansı gözdən itmisən

orda yola verirsən
zamanıayı, ili
yenə tənha qalıb
gözlərinin sahili

yediyin öz içindi
içdiyin gözyaşın
yazırsan ki göyərir
öz içində baş daşın

bir də içki, siqaret
təkliyin süfrəsi bol...
təklik udacaq səni
deyəmmirəm: yaxşı yol!

oralar elə uzaq-
yazanda yaz bunu da
kaş nəvaxtsa təkliyin
özü səni unuda...

Qara kağız

yenə qapıda
bir üzündə işıqpulu yazılmış kağız
kasıblığa təslimiyyət bayrağı kimi yellənir...
o biri üzünə gözlərimi siləcəm
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
mən zəif deyiləm
qaranlıqdan yox
qaranlığı aydınlatmaq üçün
gələn kağızlardan qorxuram
qaranlıq rəngində
zülmət rəngində
ölən ümid rəngindəki kağızlardan...

Uşaqlar

uşaqlara baxıb
halını öyrənirik dünyanın
dünyanı uşaqlarla tanıdır bizə
böyüklər...
məsələn
bilirik ki bir tərəfdə səfalət var
acından arıqlayıb çöpə dönür
yara-xora içində
ishaldan can verir uşaqlar
digər tərəfdə
qətlə yetirilir
göyərib şişmiş üzlərində
xalqın azadlıq sevgisinin donu açılır
qanlarından inqilab qoxusu gəlir...
dünya yupyumrudu
top kimi
alma kimi
şar kimi
fırlanır
karusel kimi...
bizim balaca Tunar
qlobusla futbol
oynamaq istəmişdi bir dəfə...
 

 





13.01.2014    çap et  çap et