525.Az

"Sevinirik ki, belə vətənpərvər və çalışqan şagirdlərimiz var" - Müsahibə


 

ƏYALƏTDƏ FƏALİYYƏT GÖSTƏRƏN UŞAQ MUSİQİ MƏKTƏBİNDƏN MÜSAHİBƏ-REPORTAJ

"Sevinirik ki, belə vətənpərvər və çalışqan şagirdlərimiz var" - <b style="color:red">Müsahibə</b>

Pandemiya və karantin günləri ölkədə fəaliyyət göstərən əksər idarə və müəssisələri onlayn rejimdə işləmək məcburiyyətində qoydu.

Bununla belə, bu dövrdə bir çox müəssisələrin aktiv fəaliyyətinə şahid olduq. Onlardan biri də Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbidir. Bu musiqi məktəbi hər zaman hazırladığı videomateriallar, sosial çarxlarla aktiv fəaliyyət göstərir.

Kiçik kənd məktəbi olmasına baxmayaraq, bu videoların əsas mövzusu, adətən, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sayğı yönündə olur. Yevlax rayonuna ezamiyyətimiz zamanında yolumuzu həm də Xaldan uşaq musiqi məktəbindən saldıq, yay məzuniyyətində olan məktəbdən reportaj hazırladıq.

Biz məktəbə gedərkən ilk şahidi olduğumuz məktəbdəki təmir-abadlıq işləri oldu. Məzuniyyətdən istifadə edərək yeni tədris ilinə hazırlaşdıqlarını dedilər. Sonra isə məktəbin direktoru Rəfail Məmmədov, tədris hissə müdiri Elanə Nəcəfova, qabaqcıl müəllimləri Ülviyyə Kərimova və Minarə Yunusova ilə söhbət elədik. 

- Rəfail müəllim, gəlin söhbətimizə Xaldan uşaq musiqi məktəbi haqda məlumatla başlayaq.

Rəfail Məmmədov: Məktəb 1979-cu ildən fəaliyyət göstərir. Mən 2010-cu ildən buraya direktor təyin olunmuşam. Hazırda məktəbimizdə 230 şagird təhsil alır, fortepiano, xalq çalğı alətləri və nəzəri şöbələr fəaliyyət göstərir. Bu illər ərzində yetərincə nailiyyətlərimiz olub. Müxtəlif müsabiqələrdə iştirak etmişik, şagirdlərimiz arasında laureatlar da var. Rayon tədbirlərində hər zaman rəqs qruplarımız, xanəndələrimiz, musiqiçilərimizlə birgə aktiv iştirak edirik. Hər il məzunlarımızdan kifayət qədəri təhsilini musiqi kollecində, İncəsənət Universitetində davam etdirir. Bu da bir kənd məktəbi kimi bizim uğurlarımızdandır.



- Məktəbinizi mətbuatdan daha çox vətənpərvərlik yönümlü işlərinizlə tanıyırıq. Bir pedaqoq olaraq, gənclərin, şagirdlərinizin vətənpərvərlik duyğuları ilə bağlı təəssüratınız necədir?

Rəfail Məmmədov:  Onların bu yöndəki düşüncələri, bu mövzulara münasibəti bizi hardasa qane edir. Vətənini sevən bir nəsil yetişir. Amma biz yenə də bir təhsil və mədəniyyət ocağı olaraq, çalışırıq ki, onlara bu hissləri aşılayaq. Tez-tez onların iştirakı ilə özəl videoçarxlar hazırlayır, hərbi hissələrdə əsgərlərimiz üçün konsertlər veririk. Vətənpərvərlik musiqilərini öyrədirik, xalqımızın dahi şəxsiyyətlərini, xüsusən musiqimizdə iz qoymuş korifey sənətkarlarımızı onlara daha yaxından tanıtmaq məqsədilə layihələr keçiririk. Onların bu mövzuya maraqları, həvəsləri bizi sevindirir.

- Karantin rejimində necə fəaliyyət göstərirdiz?

- Hər kəs kimi biz də onlayn davam edirdik. Bütün fənləri bu cür keçirmək mümkün deyil, amma böyük əksəriyyətini, nəzəriyyələri onlayn tədris etdik. Kənd yeri olduğundan bəzən şagirdlərdə internet problem yaranır, amma mümkün qədər dərslərimizi axsatmamağa çalışdıq. Müəllimlərimizin əksəriyyəti də bu dərslərdə aktivdirlər.

- Elanə müəllim, karantin rejimində müxtəlif mövzulu videoçarxlar hazırlayırsınız. Bildiyimiz qədəriylə, bu işdə ən aktiv insanlardansınız. Təşəbbüs kimdən gəlir, adətən?

Elanə Nəcəfova:  Bu, ən başda rəhbərliyin təşəbbüsüdür. Rəhbərlik və müəllimlər həm də Mədəniyyət Nazirliyinin saytını izləyirik, ordan məsləhət bilinən mövzuyla bağlı da videolar hazırlayırıq. Bayram və matəm günlərində də birmənalı şəkildə lazımi işləri görürük. Bu işdə müəllimlərin əksəriyyəti iştirak edir. Ən başda Ülviyyə və Minarə müəllimlər. Ən yaxşı təşəbbüslər də onlardan gəlir, şagirdləri cəlb edirlər, fərqli, anlamlı videolar hazırlayırlar. Bu videolar sayəsində şagirdlərimizin aktyorluq qabiliyyətləri də üzə çıxıb.

Ülviyyə Kərimova:  Karantin rejimində şagirdlərimizin çox istedadları üzə çıxdı. Bu zamanda biz təkcə kompüter arxasından dərs keçmədik. Şagirdlərin aktyorluq, qiraət, rəqs qabiliyyətlərini də üzə çıxardıq. Bəli, məktəb vaxtı biz onlara vətənpərvərlik hisslərini aşılayırıq. Amma məncə, karantin zamanında biz onları kənarda yoxladıq ki, onlar nə dərəcədə bu mövzularda diqqətli və məsuliyyətlidirlər. Deyim ki, çox da razı qaldıq. Fikrimcə, cəmiyyətimizə belə gənclik lazımdır. Bəzi gənclər fikirləşirlər ki, yaxşı təhsil alıb, xaricə gedib işləmək, pul qazanmaq hər şeydir. Amma elə deyil, onda belə, vətəni düşünməli, onun üçün çalışmalısan. Vətən beşikdən başlayır. Bütün zamanlarda insanın vətəninə ehtiyacı olur. Çünki hər nə də olsan, səni qəbul edən yenə də vətəndir. Yad yerdə insan ömürlük qərib, tək və köməksizdir. Çox sevinirəm ki, bizim bunları anlayan şagirdlərimiz var. Onlar həqiqətən də özlərini doğrulda bildilər. Vətən sevgisi təkcə sözdə qalmamalı, əməldə də göstərilməlidir.

- Ülviyyə müəllim və Minarə müəllim, sualım hər ikinizədir. Bəzi videoçarxlarda istifadə olunan mahnıların söz və musiqisi sizə aid olur. Mahnı yazmaq ehtiyacı yoxluqdan qaynaqlanır?



Ülviyyə Kərimova:  Bəli, yoxluqdan irəli gəlir. Vətənpərvərlik elə bir mövzudur ki, hər zaman yazılmalı, yeni-yeni şeirlər, mahnılar olmalıdır. Təəssüf ki, bizdə bu yöndə qıtlıq var. Biz məktəb olaraq, ölkəmizdə baş verən hər bir önəmli prosesə reaksiyamızı göstərməyə çalışırıq. Sonuncu videoçarxı da Tovuz hadisələrinə həsr etmişdik. İstədik, o hadisələrdə şəhid olan oğullarımızın ruhuna sayğımızı, düşmənlə üz-üzə döyüşən əsgərlərə dəstəyimizi heç olmasa, bu yolla göstərək. Mənə elə gəlir ki, uğurlu da alındı. Biz musiqi məktəbi olaraq ciddi ədəbiyyat qıtlığı çəkirik. Şagirdə tədris eləməyə yararlı musiqilər azdır. Eyni mahnını da davamlı keçmək olmur.

Minarə Yunusova:  Bu, ondan irəli gəlmir ki, bizdə vətənpərvərlik mahnıları, uşaq nəğmələri azdır. Əksinə, məncə, həddindən artıq çoxdur. Sadəcə, bizdə ədəbiyyat o qədər də yoxdur. Biz regionda yaşadığımızdan bizə o qədər də çox ədəbiyyat gəlib çatmır. Həm də hərə öz vətəninə bildiyi, bacardığı kimi xidmət etməlidir. Bu da bizim ürəyimizdən gəlir ki, yazırıq. Məsələn, mən bir şeir yazıb Ülviyyə müəlliməyə göstərirəm. O, çox bəyənir və bir anda onun musiqisini tapır. Fikrimcə, uşaqlarımız nə qədər çox vətənpərvərlik mahnıları bilsələr, o qədər yaxşıdır. Özləri də çox sevərək oxuyurlar.

- Rəfail müəllim, sizcə, uşaqlarda milli-mənəvi dəyərlərə sayğı necə aşılanmalıdır? Bu işə hardan başlamaq lazımdır?

Rəfail Məmmədov:  Məncə, təbliğat ilk növbədə, ailədən, evdən başlamalıdır, ikinci isə məktəbdə, tədris müəssisələrində davam etdirilməli, formalaşdırılmalıdır. Bir insan bu duyğuları uşaqkən hiss etməlidir. Böyüdükcə, artıq gec olur, təbliğ eləmək olmur. Mətbuatın, televiziyaların da dəstəyi çox vacibdir. Çünki təbliğatın əsas hərəkətverici qüvvələrindən biri məhz televiziyalardır. Onlar da bu işdə maraqlı olmalıdır. Məsələn, sizin bir mətbuat nümayəndəsi kimi bizi xatırlamağınız, gördüyümüz işlər sayəsində bizi tapıb işıqlandırmağınız bizimçün böyük stimuldur.

- Bir valideyn kimi övladlarınıza milli mənlik şüurunu necə aşılayırsınız?

Elanə Nəcəfova:  Bəzi videolarımızda oğlum Mehdi artıq iştirak edir, vətənpərvərlik mahnılarını oxuyur. Evdə də mümkün qədər çalışıram ki, onlara musiqinin diliylə bu hissləri aşılayım. Onlara hər zaman deyirəm ki, sizin ananız musiqi müəllimidir. Əgər siz bayağı, lazımsız mahnılara qulaq assanız, yaxşı örnək olmayacaqsız. Biz bir nümunə olmalıyıq. Uşaqlarda milli mənlik şüuru o laylalardan, xalq mahnılarından formalaşmağa başlayır. Biz də uşaqlarla bu mahnıları dinləyir, əzbərləyir, oxuyuruq. Onlara millətimizə, ölkəmizə, dövlət rəmzlərinə sevgini aşılayıram. Onun dərs stolunun üstündə Azərbaycan bayrağı var.



Ülviyyə Kərimova:  Bizim evdə də bir uşaq böyüyür. Çalışıram onun zövqünə qarışmayım, amma bizim bu fəaliyyətimiz, görürəm ki, onun zövqünə də təsir edir. Biz videolar hazırladıqca eşitdiyi o mahnılarla maraqlanır, dinləyir, əzbərləyir. Demək ki, düşdüyün mühit çox önəmlidir və hər şeyin başında təbliğat dayanır. İstər evdə, istər məktəbdə, istərsə də hər yerdə düzgün təbliğat olmalıdır. 

Minarə Yunusova:  Bəli, vətənə məhəbbət ailədən gəlir. Mən övladlarıma vətəni, dövləti, onun bayrağını anladaraq, körpəlikdən bu mövzuda şeirlər əzbərlədərək böyütmüşəm. Məktəb də bunu formalaşdırır. Uşaq tək ailənin yox, həm də məktəbin güzgüsüdür. O, görsə ki, valideyni, müəllimi vətəni necə sevir, o da elə sevəcək.

- Minarə müəllim, siz uşaqlara xor dərsini tədris edirsiniz. Uğurlarınız da az deyil. Onlara öyrədəcəyiniz mahnıları necə seçirsiniz?

- Çalışıram onlara ən çox vətənpərvərlik haqqında mahnılar öyrədim. Təkcə vətən deyil, ölkəmizin şəhərləri, müxtəlif atributları, filmləri və sair mövzulu mahnılar da seçirik. Birdən təşkil edirəm ki, ancaq şəhərlərimizə aid mahnılar öyrənək. Məsələn, Sumqayıt haqqında mahnını öyrənəndə uşaqlar o qədər sevindilər ki, yəni Sumqayıt haqqında mahnı da var? Çox sevirlər bu cür mövzuları. Bizim vətənimizdə müharibə gedir. Ərazimizin bir hissəsi düşmən tapdağındadır. Ona görə də bu mövzulara çox yer verirəm ki, uşaqlar böyüdükcə bunu bilsinlər. Onlar bilsinlər ki, biz nəyi təbliğ edir, nəyi istəyirik.

- Bir mədəniyyət müəssisəsi kimi sizin hansı problemləriniz var?

Rəfail Məmmədov: Çətinliklər əvvəlki illərdə daha çox idi. Son illərdə Regional İdarələr yaranandan vəziyyət nisbətən yaxşıdır. Əsas çətinliyimizi valideynlərlə yaşayırıq. Çünki övladın həvəsi olsa belə, valideyn arxasında durmur, 3-4 dəfə göndərir, sonra məhlədə-bacada öz işlərinə cəlb edir, təhsil qalır yarımçıq.

Ülviyyə Kərimova: Məncə, bizim əsas çətinliyimiz mənəvi çətinliklərdir. Öz imkanlarımız daxilində çox işlər görməyə çalışırıq. Görürük də. Amma bəzən onun qiymətini yetərincə ala bilmirik. Əgər aidiyyatı qurumlar tərəfindən konsertlərdə, tədbirlərdə iştirak edən şagirdlərə daha çox qayğı, diqqət göstərilsə, valideyn də bilər ki, övladı bu işdə hansısa uğur qazandı, zəhmətinin bir dəyəri var. Bizim Ümummilli lider Heydər Əliyev kimi nümunəmiz var. O, hər konsert, tədbirlərdə uşaqlara diqqət göstərərdi. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da belə gözəl nümunədirlər. Amma təəssüf ki, yerlərdə bu iş zəifdir.

- Orta məktəblərlə əməkdaşlıqlarınız varmı?



Rəfail Məmmədov: Bəli, çox gözəl əməkdaşlığımız var. Biz şagirdlərimizdən ibarət gözəl bir ansambl hazırlamışdıq. O ansambl on məktəbdə yüksək səviyyədə konsertlər verdi. Çox böyük rezonansa səbəb olmuşdu həmin konsertlər və onun sayəsində 3-4 ildir ki, insanların məktəbimizə, musiqi təhsilinə marağı artıb və qəbulumuz da çoxalıb. Hətta gələn ilin qəbulu indidən gəlir, hazırlığa yazırıq onları. Adətən, Xaldan tam orta məktəbilə çox gözəl layihələrimiz, tədbirlərimiz olur.

Ülviyyə Kərimova:  Orta məktəbdə musiqi dərslərinin tədrisi də təəssüf doğurur. Ona çox da diqqət ayrılmır. Halbuki musiqi bizim irsimizdir, mənəviyyatımızdır. Vaxtilə əsgərləri döyüşə musiqi ilə səsləyirdilər. İndi isə musiqi fənni 2-3-cü dərəcəli hesab olunur.  

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





20.08.2020    çap et  çap et