"İndi çox məsuliyyətli bir andır! Dünyanı cənginə almış pandemiya ilə ölkəmizdə mübarizənin düzgün aparılması öz bəhrəsini verməkdədir. Hazırda normal həyata qayıtmaq üzrə ilk addımlar atılır. Amma bu addımların davamlı olması üçün hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, ayıq-sayıqlığı əldən verməməlidir. Bizi insanlarla daim ünsiyyətdə olub, maarifçi söhbətlər aparmağa da məhz bu sövq edir", - deyə Şəmkirin mərkəzi küçələridən birində demək olar ki, onlara rast gələn hər bir adama maska, əlcək, maarifləndirici vəsait paylayan, hətta kiçik "tibbi tövsiyələr" verən onlarla fəal gənclərdən biri olan Gülnaz adlı tələbə qız bu sözləri söyləyərək, özünün və dostlarının vətəndaşlıq mövqeyini nümayiş etdirdi.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində Şəmkirin gənc oğlan və qızları da öz təqdirəlayiq fəaliyyətlərini davam etdirirlər.
Aksiya çərçivəsində gənclər əhalinin sıx yaşadığı ərazilərdə sakinlər arasında məlumatlandırıcı işlər aparır, onlara zəruri qoruyucu vastələr və bukletlər paylayır, həmçinin, istirahət guşələrində, nəqliyyat vasitələrində, digər ictimai yerlərdə məsafə saxlamaq ilə bağlı işarələr qoyurlar. Vətəndaşlar da gənclərin bu fəal mövqeyinin gərəkliliyini anladıqlarını bildirdilər.
"Doğrudan da, gərək hamımız öz yaxınlarımıza, dost-tanışlarımıza epidemiyanın bu səngimə fürsətini qaçırmamağın vacib olduğunu dönə-dönə başa salaq. Bu gənclər də, düşünürəm ki, çox faydalı bir işlə məşğul olurlar", - deyə Şəmkir sakin, 45 yaşlı mühəndis Fazil Nəbiyev bildirir.
Gənc könülllər həmçinin, karantin qaydalarına əsaslı riayət olunan məkanların girişlərinə "Nümunəvi obyekt", ictimai və nəqliyyat vasitələrinə "Seyrək əyləşin, sağlam olun!", "Məsafə saxla!", "Bir-Birimizi qoruyaq!" ifadələri yazılmış diqqət cəlb edən stikerlər yapışdırırlar.
Zakir Muradov
Şəmkir