525.Az

Zəngimi gözlə (Əli İldırımoğlunun hekayəsi)


 

Zəngimi gözlə <b style="color:red">(Əli İldırımoğlunun hekayəsi)</b>

 

 

Əli İLDIRIMOĞLU

 

 

Axır vaxtlar Ağamuradın işi elə bil tilsimə düşmüşdü. Balaca bir vəzifə tapıb, uşaqlarına çörək pulu qazanmaq üçün açmadığı qapı, yazmadığı yer qalmamışdı. Kim idi onun ağzına qurut verən? İşsizliyin ki, üzü qara olsun! Xeyli vaxtdır, əli gətirmirdi. Kişi xəcalətindən arvad-uşağın da üzünə dik baxa bilmirdi. Odur ki, sübh tezdən evdən baş alıb gedir, səhərdən axşamacan orda-burda veyllənir, günün qulağı batanda yorğun-arğın geri dönürdü. Elə ki, dost-tanışların biri ilə rastlaşdı, qırsaqqız olub yapışırdı yaxasından. Sinəsini boşaltmamış əl çəkmirdi. Yana-yana deyirdi ki, bu zəmanədə ki babat vəzifən olmadı, yıxıl öl! Yoxsa kimdir səni saya salan? Allahın o quruca salamını da vermirlər. Vaxt-bivaxt cingildəyib baş-qulağımızı dəng eləyən tısbağa fasonlu, yastıyapalaq telefon da elə bil adamdan üz döndərir. Gündə bir-iki dəfə ya cingildəyə, ya cingildəməyə...

 

Qabaqlar Ağamuradın qaraltısını görəndə: – Papulya gəldi, – deyib hay-harayla atalarının qabağına yüyürən doğma balaları da getdikcə ondan soyuyurdular.

 

Ağamurad toy məclislərində ya bir qonaqlıqda qədəh qaldıranda arada zarafata salıb:

 

Allah-taala adamın ömründən kəsib vəzifəsinə calasın, – deyirdi. –İçək vəzifənin sağlığına!

 

Bu sözə bəziləri pıqqıldayıb gülürdü. məclisdəkilər bir-birinin qulağına əyilib xısın-xısın deyirdilər ki, axır vaxtlar Ağamuradın başı xarab olub, lap uşaq sözü danışır.

 

Ağamuradın evdə eyni açılmırdı. Məlul-müşkül bir küncə çəkilib, papirosuna dəm verib, otaqları tüstü-dumana bürüyürdü. Həyat yoldaşı Hüsniyyə xanım ərinin bu xasiyyətinin üstündə hərdən onu məzəmmət eləyirdi:

 

A kişi, qaşqabağını az tök, dünyanın bac-xəracını səndən almırlar ha! Təki ölüm-itim olmasın! Vəzifədir, verərlər ta yaxşı, verməzlər, belə canın sağ olsun! Allah uşaqları saxlasın! Yəni vəzifəsi olmayanlar acından ölür?! Özünə fikir ver! De! Gül!

 

Bu sözləri elə bil daşa deyirdin. Əzizi ölübmüş kimi, Ağamuradın qırışığı heç açılmırdı.

 

     

 

lll

 

    

 

Ondan çıxmayan ! Gündüzlər hələm-hələm ev-eşiyə yovuşmayan Ağamurad cümə günü, günorta çağı həyət darvazasını şəstlə açıb şən əhval-ruhiyyə ilə içəri daxil oldu. Hüsniyyə ona baxıbgörəsən gün hardan doğub? Kişinin elə bil çiçəyi çırtlayıbtəəccüblə öz-özünə düşündü.

 

Ağamurad şad xəbər gətiribmiş kimi Hüsniyyənin qolundan yapışıb özü ilə birlikdə orta otağa keçdi. Köhnə stulların birini ayağının altına qoyub, dizləri əsə-əsə yuxarı qalxdı. Divardan asılmış vinetkanı ehtiyatla aşağı endirdi. Ağamurad cib dəsmalını çıxarıb, neçə il bundan qabaq divardan asılıb, unudulmuş saralıb-solmuş vinetkanın tozunu dönə-dönə sildikdən sonra şəhadət barmağını axır cərgədəki şəklin üstünə qoyaraq:

 

Bunu tanıyırsan?! – deyə vəcdlə Hüsniyyədən soruşdu.

 

Hüsniyyə:

 

Yox, tanımıram, – deyib dodağını büzdü. ətrafına sürmə çəkilmiş oynaq gözlərini qıyıb həmin şəklin altında yazılmış sözləri hecalamağa başladı:

 

Ta-hir-za-. T... P...

 

Ağamurad həyat yoldaşının dodağında pıçıltı ilə deyilən T-ı, P-ını aydınlaşdıraraq:

 

Tahirzadə Tacəddin Paşa oğludu, – dedi. – Beş il bir skamyada oturmuşuq. Əlimizə bir qismət çörək düşəndə, yarısını Tacəddin yeyib, yarısını mən.

 

Hüsniyyə tərəddüdlə çiynini çəkib :

 

Noolsun?.. Birdən-birə o hardan yadına düşdü? – Çaş halda soruşdu.

 

Ağamurad fəxrlə:

 

Bu gün Tacəddini rayonumuza katib qoydular. Özü birinci katib. Bundan artıq olsun ki?.. Onu mənim Allahım hərləyib-fırlayıb bura gətirib. İndi başa düşdün? – deyib sevincindən Hüsniyyənin o üzündən, bu üzündən öpdü. Sonra özünü yığışdırıb təmkinli görkəm aldı vinetkaya diqqətlə nəzər salaraq: – Ey fani dünya! – dedi. – Yatsam, yuxuma girməzdi ki, Tacəddin bizim rayona başçı gələr. Sən bir çərxi-fələyin işinə bax ee!! Mən institutu fərqlənmə diplomu ilə qurtardım, o isə sürünə-sürünə... pul gücünə, telefon zəngləri hesabına güc-bəla ilə üç alırdı...

 

Hüsniyyə yanıqlı ah çəkdi:

 

Yaxşı ya pis oxumağınan deyil ha, adamın gərək bəxti gətirə...

 

Ağamurad:

 

İnstitutu birtəhər qurtarmasına baxmayaraq, çox diribaş adamdır. Onda bir dil var ki, gəl görəsən, ilanı yuvasından çıxardar. Dəyirmanın boğazından ölü sal, diri çıxar. Elə ona halaldır.

 

Hüsniyyə həyat yoldaşını danladı:

 

Bax, elə səni geri salan o dilindir! Dinc qoya bilmirsən. Nəyinə lazımdır o institutda necə oxuyub, xasiyyətin sahibidir. İstəməyənlərin biri aparıb qoyar ovcuna. Neçə aydır bekar-behdin idarələrlə evin arasında yol ölçürsən. Allah üzümüzə baxıb, tələbə yoldaşın gəlib olub rayonumuzun böyüyü. Hər şeyin təzəsi, dostun köhnəsi. Necə olsa, tələbəçilikdəki haqq-salamı unutmaz. Saa dolanışıqlı bir vəzifə...

 

Ağamurad həyat yoldaşının iradı qarşısında özünü sındırmasa da, bir balaca qızardı zarafata salaraq:

 

Sən boş-boş danışmadedi. – danışdığımı özüm yaxşı bilirəm! Onnan mənim aramdan su da keçmirdi. Sabah yanına gedərəm, onda bilərsən.

 

Hüsniyyə xanım ona etiraz etdi:

 

Hələ tezdir, qoy kişi yerini isitsin, sonra. Sabah getsən, üzünə vurmasa da, ürəyində deyər ki, məscid tikilməmiş kor əsasını dayadı.

 

...Aradan iki gün keçdi. Üçüncü gün Ağamurad qıs-qıvraq geyinib vaxtının başlanmasına bir neçə dəqiqə qalmış kəsdirdi Tahirzadənin kabinetinin qapısını. Tahirzadə səhər-səhər gözləmə otağından keçib, kabinetə daxil olmaq istəyəndə gözü Ağamurada sataşdı. Ağamurad ayağa qalxanda onların baxışları rastlaşdı. Hər ikisinin qəlbində köhnə xatirələr baş qaldırdı. Qucaqlaşıb öpüşdülər. Tahirzadə bir addım geri çəkilib onu başdan-ayağa süzərək, ərklə həm vəzifəsinə xas olan əda ilə:

 

Yaxşı, burda niyə oturmusan, keç içəri!

 

Hər ikisi kabinetə daxil oldu. Tahirzadə arxadakı istirahət otağında papağını çıxardıb, gur saçlarına daraq çəkə-çəkə kabinetinə keçib stolunda əyləşdi :

 

Ay Ağamurad, Ağamurad! – dedi. – Gör biz haçandan görüşmürük e? İllər necə tez gəlib keçir?! Saç-saqqalı da yaman ağartmısan?! Yəqin külfət basıb?! İşin-gücün necədir?!

 

Ağamurad qımışıb əllərini dizlərinin arasında ovuşdura-ovuşdura:

 

Sağ olmuş, işim var, ki sən görən gücüm. – İncikli cavab verdi.

 

Bu sözdür? Bəs bir yerdə işləmirsən?

 

Ağamurad əvvəlcə tutuldu, sonra qəddini düzəldib udquna-udquna:

 

İşləməyə qoyurlar ki?! Neçə ildir rayon kənd təsərrüfatı idarəsində baş zootexnik işləyirdim. Çıxardıb atıblar bayıra, yarım ildən çoxdur ki, bekaram. Kimə ağız açıram...

 

Tahirzadə hökmran, həm mərhəm görkəm alaraq:

 

Qələt eləyib çıxardıblar! İndi biz qaytararıq yerinə, – deyib əl atdı telefona. Sonra fikirləşdisə: – Yaxşı, Ağamurad, gəl belə danışaq. Mən bu işdə təzəyəm, vəziyyətlə tanış deyiləm. Sizə bir həftə möhlət verirəm. Evdə yaxşı-yaxşı fikirləş. Arvad-uşaqla da ağıllı-başlı məsləhətləş. Sonra gələrsən yanıma. Barmağını hansı vəzifənin üstünə qoysan... – O, qaşlarının birini yuxarı dartaraq:

 

De görüm, rayon sovetinin deputatısan?-soruşdu.

 

Xeyr, deputat deyiləm. – Ağamurad cavab verdi. Tahirzadə təəssüflə başını bulayıb öz-özünə vaysındı:

 

Ay dadi-bidad, necə girəvəsiydi! – dedi. – Əgər deputat olsaydın, çalmışdın. İspolkom sədrinin dalından dəymək istəyirəm, səni elə günü sabahdan onun yerində oturdardım.

 

lll

 

Ağamurad tələbəlik dostunun kabinetini tərk edəndə kefi doxsan doqquza qalxmışdı. Bayaq könülsüz-könülsüz qalxdığı daş pilləkənləri, indi qoşa-qoşa addımlayırdı. O, evə çatanda, Hüsniyyə xanım həyəcanla soruşdu:

 

De görüm oldu?! Səni necə qarşıladı?!

 

Belə ürəyin istəyən kimi! – Ağamurad vəcdlə cavab verdiheç ondan gözləməzdim. Mənə bir üz göstərdi ki, gəl görəsən, xəcalətimdən bilmədim eləyim? Çox istiqanlı adamdır! Halal olsun! Tələbəçilikdə azca həlləm-qəlləmliyi var idi, amma indi yumşalıb, elə bil həmin Tacəddin deyil. Özünü elə səmimi, ağıllı-kamallı aparır ki, adam məəttəl qalır. Bax, əsl rayon başçısı belə olar! Mən deyərdim ki, ona bu vəzifə azdır. Kişinin oğlu o qədər yetkinləşib ki, respublikanı da versən, aparar. Kəsdiyimiz çörək ona halal olsun. Prosto Tacəddinə vuruldum.

 

Hüsniyyə xanım xeyli şad oldu. üzünü göyə tutaraq:

 

Şükür tanrının dərgahınadedi əlavə etdi: – Gördün, Ağamurad, maa inanmırdın! Neçə dəfə dedim ki, a kişi, səbrin olsun, əlini o göydəkinin ətəyindən üzmə. Mıxı mismar eləyən var. Su gəldiyi arxdan bir gələr. Amma sən o qədər dar hövsələsən ki, fikrindən büzüşüb acı almaya dönmüşdün. Bizim yediyimizi-içdiyimizi zəhrimara döndərmişdin. İndi gördün ki?!

 

Axşam əl-ayaq yığışandan sonra ər-arvad üzbəüz əyləşib məsləhət-məşvərətə başladılar. Götür-qoy elədilər ki, hansı vəzifənin üstündə dayansınlar. Ağamurad birdən əlini əlinə vuraraq:

 

Arvad, – dedi, – günü sabahdan, ispolkomun yerində oturmuşdum, bircə tük yazdı. Yəqin qismət deyilmiş! Deputat olmamağım işləri korladı.

 

Qismətdən artıq yemək olmaz, – deyə Hüsniyyə dilləndi əlavə etdi: – Amma o ispolkomluq baş tutsaydı, olardı, hər addımı puldur. qədər satışa maşın gəlir, torpaq sahəsi verilir, ev paylanır, kiçik müəssisələr, kooperativlər yaranır... qazanc yeri birdir, ikidir, hansını deyim? Saymaqla qurtaran deyil. Hamısının xeyrini-bərəkətini ispolkom görür..

 

Ağamurad:

 

Ondan keçib, arvad, Allah balasını saxlamış mənə bir həftə möhlət verib. Gəl sənli, mənli fikirləşək görək, hansı vəzifəni götürüm?!

 

Hüsniyyə dodağını əyib hikkəylə:

 

Yönlü ixtisas da qazanmamısan ki, onun müqabilində yağlı bir vəzifə alasan, – həyat yoldaşına tənə vurdu: – Odeyy, bank müdiri, yüz min manat pul buraxanda, on mini özünündür. Qırmızı papaqların, tərəzi dalında duranların dirəyi qızıldandır. Sən ha gözlə ki, hansı kolxozdasa beş qoyun öləndə aktı yazıb qəpik-quruş qazanacaqsan. Sağ olmuş, dünyanın gözünü töküb özünə peşə tapmısan! – zootexnik!

 

Hüsniyyə lağ-loğazla manikürlü barmaqlarını havada yellədi.

 

Onların bir il bundan qabaq əsgərliyini qurtarıb, rabitə idarəsində poçtalyon işləyən böyük oğlu Bəhruz kənardan valideynlərinin söhbətinə müdaxilə etdi:

 

İxtisas, bilik, bacarıq əsas deyil, guya ki, bura Amerikadır, Avropadır?! Birini vəzifəyə qoyanda yüz dəfə ələkdən-xəlbirdən keçirib, yeddi arxa dönənini yoxlayırlar. Bizdə kimdir elə şeylərə əhəmiyyət verən?! O vaxt məni vayenkomata çağıranda yoldaşlarımızın birini neqodnı çıxarıb geri qaytardılar ki, “debildir, onu əsgərliyə aparmaq olmaz. İndi odey, böyük bir rayonun başçısıdır. Deməyim odur ki, yuxarıda oturanlardan asılıdır. olsun ki, papam zootexnikdir, o Tahirzadənin könlü olsa, dibdəkilərlə danışıb papamı lap prokuror, məhkəmə qoydura bilər. Hamısı öz əlindədir!

 

Ağamurad gördü ki, hərənin ağzından bir avaz gəlir, əsəbiləşib baxışlarına sərt ifadə verdi. Hüsniyyə ilə Bəhruz onun qırımını görüb susdular. Ağamurad yaranmış sükutu pozaraq:

 

Özlüyümdə çox ölçüb-biçmişəm. Başqa sahəyə getsəm, düz çıxmaz, söz-söhbət yaranar. Belə qərara gəlmişəm ki, daş düşdüyü yerdə ağır olar, elə qayıdım köhnə yerimə.

 

Yenə zootexnik?! – Hüsniyyə tapança kimi açıldı.

 

Bəhruz da qurcalanıb mızıldandı...

 

Ağamurad:

 

Yoox, canım! – dedi. – Həmin idarəyə rəis! Heç isbalkomdan balaca vəzifə deyil. Orda işləyəndə görmüşəm , səhərdən axşamacan ştamp-peçatlarından pul yağır. Bütün kolxoz-sovxozlar da ki, əlində.

 

Hüsniyyə ilə Bəhruzun iddiaları böyük olsa da, çarəsizlikdən rəislik məsələsinə etiraz etmədilər. Bununla da fikirlər eyniləşdi, mübahisə kəsildi.

 

    

 

lll

 

Ağamurad bir-iki gündən sonra toya hazırlaşırmış kimi dəlləkxanada saçlarını qaydaya salıb, hamamlanıb, geyinib-keçinib, boynunda da ağlı-yaşıllı qalstuk Tahirzadənin dediyi vaxt, qapıçıdan icazə almamış varid oldu onun kabinetinə. Tahirzadə gözünün quyruğu ilə ona laqeyd nəzər saldı, lakin bir söz demədi, qarşısında əyləşmiş üç nəfər kənar şəxslə söhbətini davam etdirdi. Onlar danışıb qurtarandan sonra Tahirzadə üzünü bayaqdan kabinetin ortasında quruyub qalan köhnə dostuna tutaraq:

 

, səni eşidirəm, Ağamurad. Deyəsən sözlü adama oxşayırsan, buyur, – dedi.

 

Ağamurad:

 

Tacəddin o danışdığımız məsələdən ötrü...

 

Tacəddin yox, Yoldaş Tahirzadə! Tacəddin Paşayeviç! – Küll-ixtiyar sahibi olan yeni rayon başçısı onun sözünü ağzında yarımçıq qoydu: – Tələbəçilikdəki kimi köntöy xasiyyətindən hələ əl çəkməmisən, bədbəxt oğlu! Bu yaşa çatmısan, adicə müraciət qaydasını da bilmirsən?!

 

Əyləşənlərin istehzalı baxışları Ağamurada tərəf yönəldi. Bəziləri dişlərini ağardıb hırıldadı. Köhnə dostunun onun üzünə qırmızıca dediyi bu söz, Ağamurada güllədən betər təsir elədi. Rinqdə nokauta düşmüş boksçu kimi Ağamuradın gözlərinə qaranlıq çökdü. Bütün kabinet, divardakı şəkillər başına hərləndi. İndi Ağamuradın qarşısında vaxtilə nərd atdığı, çilingağac, dirə­döymə oynadığı canbirqəlb tələbəlik dostu yox, sanki özgə planetdən peyda olmuş hökmran baxışları ilə onu təqib edən yad, əlçatmaz məxluq dayanmışdı.

 

Tahirzadə süni təbəssümü ilə, onun qəlbinə vurduğu dil yarasına yumşaq məlhəm qoyurmuş kimi:

 

Ağamurad, sizin vəziyyətinizi başa düşürəm, – dedi. – Keçən dəfəki söhbətimizdə demisən, hamısı yadımdadır.-qarşısında əyləşənləri işarə edərək- indi nazirlikdən yoldaşlar gəlib, başım onlara qarışıqdır. Üç-dörd gündən sonra gələrsən, məsələnizi həll edərik.

 

Ağamurad dal-dalı geri çəkilib, kabinetdən birtəhər çıxdı. Onun gözləri hələ tor görürdü. Özünü evə çatdırıb papirosu papirosa caladı. Lakin bu gün Tahirzadə ilə olan söhbətini heç kəsə açıb ağartmadı. Hüsniyyə xanıma da izah etdi ki, dünən çiməndə özümü soyuğa vermişəm, başım bərk ağrıyır. Tahirzadəni gördüm. Sağ olsun, məni pis qarşılamadı. Ancaq işi çox olduğu üçün ətraflı danışa bilmədik. Əsas söhbətimiz sonraya qaldı.

 

Üç gündən sonra Ağamurad həmişəki kimi yenə əynini-başını sahmana salıb Tahirzadənin qəbuluna getdi. Fikirli-fikirli pilləkənlərlə yuxarı qalxanda, birdən Tahirzadə ilə qarşılaşdı. Tahirzadə uçmağa hazırlaşan qartal balası kimi qoltuğunda qovluq, keyfi kök, damağı çağ aşağı enirdi. O, Ağamuradı görəndə ayaq saxladı:

 

Salam, Ağamurad! – dedi. – Yenə gəlmisən?! Tələsirsən e, yaman tələsirsən! Gəlsən , gəlməsən , sənin barəndə fikirləşirəm. Bir aman ver, görüm sənə münasib tapıram. İndi kəndə gedirəm, sabah da Bakıya yola düşməliyəm.  Qayıdanda görüşərik, əlaqə saxla. Di xudahafiz... Uşaqlara da məndən salam söylə.

 

Tahirzadə binanın qarşısında onu gözləyən qaraVolqaya əyləşib, Ağamuradın nisgilli, nigaran baxışlarının  müşayiəti ilə gözdən itdi. Tahirzadənin – “Sənin barəndə fikirləşirəm. Uşaqlara məndən salam de!” – kəlmələri Ağamuradın qəlbində neçə gündən bəri zəifləməkdə olan ümid işığını bir qədər şölələndirdi. Bu axırıncı görüşdən sonra onun rəngi durulmuşdu. Əhval-ruhiyyəsi yaxşılaşmışdı. Darvazadan içəri girəndə Hüsniyyə səbirsizliklə soruşdu:

 

oldu, düzəldi?

 

Tələsik işi vardı, harasa gedirdi. – Ağamurad cavab verdi. – Ancaq dedi ki, yadımdasan. Danışığından belə başa düşdüm ki, mənə yaxşı axtarır. Sizə salam göndərdi:

 

Allah onun balasını saxlasın! Heylə deyibsə, böyük şeydir! – Hüsniyyə xeyli şad oldu: –Rayonda bir kişi varsa, o da Tahirzadədir! Əlinin üstündə əl yoxdur ha! Dediyi qanundur! Yəqin sənə layiq olan vəzifə axtarır. Bəlkə elə o ispolkomun yerinə qoymaq istəyir. Ona görə işi bir az ləngidir.

 

Mən elə başa düşürəm, – Ağamurad həyat yoldaşının dediyini təsdiq etdi.

 

    

 

lll

 

 

Gecə yarı Hüsniyyənin qulağına kal boğuq səs gəldi:

 

Vicdansız! Vicdansız! Ərizəni yaz! Ərizəni yaz, get! İşləyə bilmirsən! Rədd ol burdan!

 

Hüsniyyə ərini dümsüklədi:

 

Ağamurad, Ağamurad!

 

Ağamurad:

 

Həh! Həh! – deyib qan-tərə batmış halda yuxudan ayıldı, çarpayısında dikəldi gözlərini ovuşdura-ovuşdura:

 

Sən bir işə bax ey! – dedi. – Əla yuxu görürdüm. Gördüm ki, ispolkom sədriyəm, müavinimin ərizəsini alıb işdən qovuram.

 

Axmaq yuxudur! – Hüsniyyə dilləndi.

 

Niyə?

 

İspolkom sədri olmaq-olmamaqdırHüsniyyə onun yuxusunu yozub, özü dilxor oldu.

 

 

lll

 

    

 

Ağamurad evdə oturub günlərini sayırdı. İki həftədən sonra yenə Tahirzadənin yanına getdi. Ancaq bu dəfə şəstlə qapını açıb içəri girmədi. Başqaları kimi gözləmə otağının bir küncündə məlul-müşkül boynunu büküb sakitcə oturdu. Katibə içəri bir stəkan çay apardı qayıdanda Ağamurada belə bir cavab gətirdi:

 

Tacəddin Paşayeviç deyir ki, onu tanıyıram. Gözləsin, özüm çağıraram.

 

Katibəni saya salmadan Tahirzadənin kabinetinə icazəsiz-filansız girib-çıxan meyvə-tərəvəz, pambıq, tütün qəbulçuları, ticarət adamları biri-birini əvəz edirdi, Ağamuradın başı hərdən sinəsinə enib-qalxırdı. Ötən gecə yaxşı yatmadığından hərdən mürgülüyürdü.

 

Günorta fasiləsi çatanda Tahirzadə kabinetindən çıxıb, əlindəki açarla kabineti bağlaya-bağlaya:

 

Ağamurad! Sağ olmuş, sən elə vaxt gəlirsən ki, baş qaşımağa macal tapmıramdedi soruşdu:

 

Həftənin neçənci günüdür?

 

İkinci günü.

 

Tahirzadə:

 

Gəl belə danışaq, – dedi. – Bazar günü düz səhər saat onda səni gözləyirəm. Onda gəlib-gedən az olur. Bu məsələni biryolluq həll eliyək, qurtarıb getsin. Etirazın yoxdur ki?!

 

Ağamurad boynunu çiyninə tərəf əyərək:

 

Siz məsləhət görəndən sonra...

 

Onlar vədələşdikləri vaxt görüşdülər. Tahirzadə rəsmi qaydada:

 

Bilirsən var, Ağamuraddedi. – Düzdür, haçansa tələbə yoldaşı olmuşuq, sizə böyük hörmətim var. Ancaq bunların idarə işlərinə dəxli olmamalıdır. Bu rayon dedi-qodusu çox olan yerdir. Yəqin ki, sizin bura tez-tez gəlib-getdiyinizi başqa cür başa düşənlər var. Özümüzü dilə-dişə salmamaq üçün gəl belə edək. Sizi bir daha bu aralarda görməyim.

 

Tahirzadə tələm-tələsik soruşdu:

 

Evdə telefonun var?!

 

Bəli, var.

 

Nömrəsi neçədir?

 

– 5-38-41.

 

Tahirzadə tələm-tələsik cibindən əl boyda kağız çıxarıb həmin telefonun nömrəsini, Ağamuradın adını familiyasını qeyd edib, qabağından da iki sual işarəsi qoydu. Sonra ikrahla üzünü Ağamurada tutaraq:

 

Bir buralara üzükmə,-dedi,-lazım olanda özüm zəng vurub çağıraram.

 

Ağamurad dillənmədi. Matdım-matdım köhnə dostunun üzünə baxdı. Tahirzadə onun əlini sıxaraq:

 

Get işində ol, – dedi. – Ürəyinə başqa şey gəlməsin. Zəngimi mütləq gözlə. İki yaxşı vəzifə olsa, biri sənindir...

 

Ağamurad bir aydan artıq olardı ki, küçəyə-bayıra çıxmırdı. Telefonun yanını kəsdirmişdi. Həyətə enəndə, dükan-bazara gedəndə ya hamamlananda mütləq onu bir adam əvəz etməli idi.

 

 

lll

 

 

İstilər başlananda qonum-qonşu qapını bağlayıb sərinləmək üçün köçlü-külfətli dağa-bağa çəkildi. Ağamuradın arvad-uşağı isə yayın cırhacırında yanıb qovrulsa da, telefon zənginin dərdindən bir yana tərpənə bilmirdi. Onlar bürkülü yay axşamlarının birində, dəhlizdəki televizorun qabağında əyləşib boyun-boğazlarını sancan ağcaqanadları ora-bura qova-qova konsertə baxırdılar. Musiqi proqramı başa çatandan sonra diktor qız xoş təbəssümlə belə bir məlumat verdi:

 

Tahirzadə Tacəddin Paşa oğlu başqa işə keçməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir...

 

 





13.01.2014    çap et  çap et