525.Az

Azərbaycanda ilk Heydər Əliyev Mərkəzi - Şahanə Müşfiqin reportajı


 

Azərbaycanda ilk Heydər Əliyev Mərkəzi - <b style="color:red">Şahanə Müşfiqin reportajı </b>

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik bütün dövrlərdə hər bir şəhər və rayona, kəndlərimizə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqətin ünvanlarından biri də Yevlax rayonudur. Ulu öndər respublikaya rəhbərliyi dövründə beş dəfə (1973, 1977, 1979, 1981, 1998) Yevlaxda səfərdə olub. O, səfərlərinin birində demişdi: "Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm".

Bu gün Yevlax şəhərinə səfər edən hər bir şəxs Heydər Əliyevin o dövrdə dediyi bu istəyin zamanla ən yüksək şəkildə həyata keçdiyinin şahidi ola bilər. Yevlax şəhərinin Ulu öndərlə bağlı bu xatirələri və daha artığı hazırda şəhərin ən gözəl yerində yerləşən, ikimərtəbəli gözəl bir binaya sahib Heydər Əliyev Mərkəzində qorunur. 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzi Azərbaycanda yaradılmış ilk Heydər Əliyev Mərkəzidir. Gənclərin sağlam, milli-mənlik şüuruna sadiq, vətənə və ölkəyə yararlı vətəndaş kimi yetişdirilməsində Mərkəzin rolu böyükdür. Yevlax şəhərinə ezamiyyətimiz Mərkəz işçilərinin məzuniyyət zamanına düşsə də, mərkəzin direktoru Aygün Qasımova bizim görüşmək təklifimizi çox xoş qarşıladı, Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlığımız üçün şərait yaratdı. Direktorla söhbətimizə Mərkəzin tarixindən başladıq:

"Yevlax Heydər Əliyev Mərkəzinin tikintisinə 2004-cü ildə başlanılıb, 2005-ci ilin fevralın 1-də muzeyin açılışı olub. O zaman Heydər Əliyev muzeyi adlanırdı. 2007-ci ilin oktyabrın 23-də isə Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olub. 2020-ci ilin fevralında mərkəzin yaranmasının 15 illiyini qeyd elədik. Hazırda əsas fondda 500-ə, köməkçi fondda 200-ə yaxın eksponat qorunub-saxlanır. Biz mütəmadi olaraq məktəblərlə işləyirik. Şəhərdəki 10 məktəb, eləcə də kəndlərdəki məktəblər mütəmadi şəkildə bura gəlirlər. Belə ki, ilin əvvəlində biz onlarla müqavilə bağlayırıq ki, il ərzində onlar şagirdləri hissə-hissə buraya gətirirlər. Ən çox tarix dərslərini keçmək üçün qonağımız olurlar. Hər bir mövzuda məktəblər bizə müraciət edə bilirlər. Ondan əlavə, özümüz də hər həftə bir məktəbdə, bağçalarda olur, orada mühazirələr deyirik. Sentyabrın 15-i ilk dərs günlərini uşaqlarla birgə keçiririk. Dövlətimiz tərəfindən qeyd olunan bütün günlərdə məktəblərdə olur, həmin günlərin önəmi ilə bağlı şagirdlərlə söhbətlər edirik. İnandırım sizi ki, çox gözəl dərslərimiz keçir. Onların o qədər maraqlı, məzmunlu sualları ilə qarşılaşırıq ki, maraqları bizə də xoş gəlir. Adətən, bir dərs bəs etmədiyindən, iki dərsimizi diskussiya şəklində keçirik. Bu, məktəblilərin bir azərbaycanlı kimi böyüyərək, kimliyimizi, soy kökümüzü, Ulu öndərin kimliyini, Azərbaycan tarixindəki rolunu öyrənmələri baxımından böyük önəm kəsb edir.

Bağçaların böyük qruplarındakı uşaqlarla görüşüb, onlara bu dahi şəxsiyyəti tanıtmaq istəyirik. Amma sevindirici haldır ki, görürük, uşaqlar ta o yaşdan hər şeyin fərqindədirlər, tanıyır və sevirlər".

Direktor qeyd elədi ki, mərkəzin işi bununla kifayətlənmir, o, həm də gənclərin inkişafı baxımından fərqli kurslarla onlara xidmət göstərir: "Bizdə karantinə qədər dil kursları da fəaliyyət göstərirdi. Gənclər burda müxtəlif dilləri öyrənə bilirdilər. Fikirləşirik ki, karantindən sonra bu kurslar yenidən davam edəcək.

Bizim 45 nəfərlik konfrans zalımız var. Digər mərkəzlərə nisbətən sahəsi kiçikdir. Çünki ilk tikilən mərkəzdir. Orda xüsusi günlərdə qonaqlarımız üçün həmin günün önəminə aid videolar, kinolar, sənədli filmlər nümayiş etdiririk. Bizim demək olar ki, hər bir sahəyə aid xüsusi materiallarımız, bu cür videolarımız var.

Mədəniyyət idarələri, muzeylər, kitabxanalarla da sıx əməkdaşlıq əlaqələrimiz var. Yevlax şəhərinin yerli mətbuat orqanı "Kür" qəzetində bu işlərimiz haqqında, ya da mənim, ayrı-ayrı əməkdaşlarımızın  məqalələri çap olunur. Qəzetin baş redaktoru Əminə Yusifqızı bu işdə bizə hər zaman dəstəkdir. Şəhərdə keçirilən bütün tədbirlərdə iştirak etməyə çalışırıq. İcra Hakimiyyəti ilə əlaqələrimiz çox sıxdır. Hər zaman onların tədbirlərində edə biləcəyimiz yardımımız varsa, əsirgəmirik.

Silahlı Qüvvələr Günündə hərbçilərimiz buraya gəlirlər. Şəhərə gələn bütün nazirlər Yevlax şəhər İcra Hakimiyyəti vasitəsiylə qonağımız olurlar. Vətəndaşlarımıza da şərait yaradılır ki, burada nazirlə görüşə bilsinlər, qayğılarını rahat şəkildə onlara çatdırsınlar. 

Pandemiya dövründə də işlərimiz davam edir. İmkanımız daxilində az təminatlı ailələrə, xəstələrə, tək yaşayan insanlara maddi, mənəvi dəstək olmağa, yardım etməyə çalışırıq. Məktəblilərimiz bu işdə bizə çox kömək olurlar, könüllü şəkildə, həvəslə bizə qoşulurlar. Ümid edirik ki, pandemiya tez zamanda ölkəmizin, dünyamızın üzərindən çəkilib gedəcək, biz də əvvəlki həyatımıza geri dönəcəyik.

Mərkəzimiz Tovuz hadisələrində də dövlətimizin, xalqımızın yanında olmağa çalışdı. Video-çarxlarla əsgərlərimizə dəstəyimizi göstərdik. Mən ehtiyatda olan hərbi-tibb bacısıyam. Bu hadisələr zamanı könüllü şəkildə səfərbərliyə yazıldım. Böyük ümidlə gözləyirəm ki, torpaqlarımız mənfur düşmənlərimizin tapdağından azad ediləcək. Bu işdə bir qadın, tibb bacısı olaraq edə biləcəyim nəsə varsa, hər zaman etməyə hazıram. Təki qadınlara ehtiyac olmasın. Çünki başda Ali Baş Komandanımız olmaqla bizim çox güclü ordumuz var. Biz dövlət başçımıza da, ordumuza da güvənirik".

Aygün xanım Heydər Əliyevin Yevlaxa olan diqqətindən və bununla bağlı ictimaiyyətin maarifləndirilməsi ilə bağlı da danışdı: "Ulu öndər hakimiyyətdə olduğu illərdə beş dəfə Yevlaxda səfərdə olub. Hər dəfə də rayon zəhmətkeşləri ilə, ziyalıları, əməkçiləri ilə görüşüb. Onun əsas görüşdüyü insanlar arasında Xaldan Kənd Orta Məktəbinin direktoru Zahid Şöyübov, Sosialist Əməyi qəhrəmanı Şamama Əliyeva, Əməkdar müəllim Qiyas müəllim də vardı. O zaman MDB ölkələri arasında Xaldan Məktəbi adla söylənərdi. İlk dəfə respublikada şagirdlərin qulaqcıqla işləməsi 1981-ci ildə məhz Xaldan Məktəbində tətbiq olunub və sınaq dərsinə də Heydər Əliyevin özü girib. Bu, ingilis dili dərsi olub. Mən özüm də tələbə vaxtı Heydər Əliyevi yaxından görmək şansı qazanmışam. Onda heç vaxt düşünməzdim ki, zaman gələr, Heydər Əliyev Mərkəzi yaranar və mən onda heyranlıqla baxdığım dahi şəxsiyyətin adını daşıyan mərkəzə rəhbərlik edərəm. Heydər Əliyevin fəaliyyəti elədir ki, 1-5 günə anladılıb bitirilməz. Biz hər zaman, mütəmadi şəkildə onun müxtəlif sahələrdəki rollarıyla bağlı maarifləndirmə işləri aparırıq.

Tez-tez mərkəzin fəaliyyətilə bağlı sakinlərimiz arasında sorğular keçiririk. Görək onlar mərkəzə gəlirlərmi, burda onları nə qane edir, nə etmir, hansı təklifləri ola bilər və sair. Ondan başqa, bizim rəy dəftərimiz də var ki, gələn bütün qonaqlardan xahiş edirik, öz təəssüratlarını bizimlə o dəftərdə bölüşsünlər. Çünki bizim fəaliyyət növümüz mədəni xidmətdir. Bu mədəni xidməti də biz elə təşkil etməliyik ki, insanlarımız bizdən razı qalsınlar.

Başqa idarələr də Ulu öndərlə bağlı nələrsə hazırlamaq istəyəndə ilk növbədə bizə müraciət edirlər, bəzən materiallarımızdan da istifadə edir, bizi də dəvət edirlər.

Mənim Ulu öndər Heydər Əliyevin fəaliyyətində ən çox diqqətimi çəkən məqam Sovet dövlətinin tərkibindəykən həm Azərbaycan, həm də digər MDB ölkələri üçün etdikləridir. Bununla bağlı uzun müddətdir araşdırma aparıram və "Ulu öndər Sövet dövlətinin zirvəsində" adlı məqalə yazmağı düşünürəm.

Bizim bu mərkəzdə "Ulu öndər və Yevlax" adlı xüsusi guşəmiz var. Orada həmin beş səfərlə bağlı materiallar, şəkillər sərgilənir. O, dəfələrlə Yevlaxda qaçqın şəhərciyində, məcburi köçkünlərin toyunda iştirak edib. Biz onunla görüşlərin canlı şahidləriylə danışır, xatirələrini dinləyir, mərkəzimiz üçün eksponat olacaq nəsə əldə etməyə çalışırıq.

Yevlax Heydər Əliyevin dediyi kimi, daha da gözəlləşdi, müasirləşdi, abad şəhərlər sırasına qoşuldu.

Əgər karantin qaydaları yumşalarsa, fikrimiz var ki, Şamama Əliyevanın oğlu ilə görüşək. Çünki Şamama xanım bu yaxınlarda rəhmətə getdi. Oğlu bizimlə görüşüb, Şamama xanımın arxivindəki maraqlı şəkilləri, materiallarla bizi tanış edəcək.

Gələcək planımızda müstəqilliklə bağlı material hazırlamaq fikrimiz var. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanıb. Biz Heydər Əliyevin bununla bağlı baxışlarını araşdırmaq, şərh etmək fikrindəyik".

Aygün xanım digər Heydər Əliyev mərkəzləriylə də sıx əməkdaşlıq əlaqələri saxladığını dedi: "Bildiyiniz kimi, 2017-ci ildən etibarən mədəniyyət şöbələri regionlaşıb, Regional İdarələr yaradılıb. Bizim də baş idarəmiz Bərdə Regional İdarəsidir. Hazırda onun tərkibində dörd Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Bizim aramızda daimi əlaqə var. İclaslarda, tədbirlərdə, konfranslarda görüşür, fikir mübadilələri aparır, əməkdaşlıqlarımızı davam etdiririk. Bundan əlavə, respublikadakı bütün Heydər Əliyev Mərkəzlərinin direktorları, əməkdaşları daim bir-biriylə əlaqəli işləyir. Bakıda isə bizim görüşəcək yerimiz paytaxtdakı Heydər Əlliyev Mərkəzidir. Hələlik karantin rejiminə görə onlayn video zənglərlə əlaqə yaradırıq".

Yerlərimizdə tariximizi bu cür qoruyan, təbliğ edən insanların, qurumların varlığı təqdirəlayiq hadisədir. Söhbətimizdən sonra mərkəzi gəzdik. İki mərtəbəli binanın ikinci mərtəbəsi eksponatlara, sərgiyə ayrılmışdı. Digər Heydər Əliyev Mərkəzlərindən sahəsinə görə fərqlənirdi. İlk yaradılan mərkəz olduğundan, nisbətən balaca olsa da, burada Azərbaycan dövlətçiliyində mühüm rol oynamış şəxsiyyətin irsi böyük sevgiylə qorunur. Eyni zamanda, mərkəzin bir küncündə əl işləri də gördük. Şəhər sakinlərinin, şagirdlərin əl işlərindən, rəsmlərindən ibarət bu sərgidə Azərbaycanın tarixi abidələrinin, dahi şəxsiyyətlərinin rəsmləri, heykəlləri, maketləri nümayiş olunur. Təəssüf ki, yer darısqal olduğundan həmin sərgidəki nümunələri yerləşdirəcək və rahat təqdim edəcək otaq yox idi. Bütün bunlarla yanaşı, Yevlax ictimaiyyətinin dövlətinə, tarixinə, Ulu öndərinə sevgisi və hörməti hər kəsə nümunədir. 

 





22.08.2020    çap et  çap et