525.Az

Stalin dəhşətə gəlir... - Müsəllim Həsənovun qeydləri


 

Stalin dəhşətə gəlir... - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525" 

***

Bakıda neft çıxarmaq istəyirsən? Dirək basdır...
 

Bilirdinizmi ki, 1872-ci ildə qəbul olunmuş qaydalara əsasən, Bakıda neftli torpaq sahəsi almaq istəyən şəxs həmin əraziyə dirək basdırmalı idi? 

1872-ci il fevralın 1-də Rusiya imperatoru "Neft mədənləri və fotogen istehsalından aksiz haqqında qaydalar"ı təsdiq edir.

Bu qanunla həm Rusiya təbəələri, həm də əcnəbilər azad dövlət torpaqlarında neft axtarmaq və çıxarmaq hüququ qazanırlar.

Qaydalarda hətta bu və ya digər torpaq sahəsini almaq istəyənlərin onu necə fərqləndirməsi də göstərilirdi.

Qaydaların 7-ci maddəsində deyilirdi: "Azad dövlət torpaqlarında neft axtarmaq və çıxarmaq məqsədilə torpaq almaq istəyən sənayeçi;

a) həmin yerə öz adının və familiyasının baş hərfləri yazılmış dirək basdırmağa; 

b) dirək basdırandan sonra yeddi gün ərzində torpağın məxsus olduğu yerli idarəyə ərizə ilə müraciət etməyə borcludur.

Ərizədə torpağın sahəsi, həmin yerin adı, basdırılan dirəkdən orada məlum və məşhur olan məntəqəyə qədər olan məsafə və seçilmiş yerin digər fərqləndirici cəhətləri də qeyd edilməli idi.

Qaydaların 8-ci maddəsində isə deyilirdi ki, sənayeçi tərəfindən basdırılan dirəyin ətrafındakı 80 sajenlik torpaq sahəsi tutulmuş sayılır və digər sənayeçilər bu əraziyə dirək basdıra bilməzlər. 

Nobellər Bakıda yardım edir... Öz adlarına layiq... 

Bilirdinizmi ki, Nobel qardaşları şirkəti Bakıda hətta kiməsə yardım göstərmək məsələsində də digər şirkətlərlə açıq rəqabət aparıb?

1906-cı ilin iyununda Balaxanıda ikisinifli rus-tatar məktəbinin açılması nəzərdə tutulur.

Məktəb binasını tikmək məqsədilə neft sənayeçilərinə də müraciət olunur, ianə toplamaq üçün.

Rotşildlərin firması bu işə 400 rubl yardım ayırır.

"Kaspi" şirkəti 500 rubl verir.

İanə üçün Nobellərin Bakıdakı nümayəndəliyinə də müraciət olunur. Şirkətin Bakı kontorunun müdiri A.Lessner Peterburqdakı İdarə Heyətinə bu müraciət barədə məlumat verir. Onu da bildirir ki, Rotşildin şirkəti bu tikintiyə 400 rubl yardım edib: "Mənim fikrimcə, bizim firmanın 1000 rubldan az ianə verməsi yaxşı olmazdı".

Yəni Rotşild 400 rubl veribsə, Nobellər 1000 rubl verməlidir...

Maraqlı yanaşmadır.

Necə deyərlər, hər kəs öz adına layiq... 

Ermənilərin Vorontsov-Daşkov sevgisi və biz...

Bilirdinizmi ki, 1905-ci ildə Qafqaz canişini vəzifəsinə təyin edilən Vorontsov-Daşkovu birinci ermənilər təbrik edib?

1905-ci ildə Qafqazda vəziyyət gərginləşir, böyük şəhərlərdə tətillər başlanır.

Fevralın 6-da Bakıdakı erməni kilsəsinin yanında Ağarza Babayev adlı Sabunçu sakini ermənilər tərəfindən qətlə yetirilir.

Bununla da tarixə erməni-müsəlman qırğını kimi düşən hadisələr başlayır.

Rusiya imperatorunun fərmanı ilə Bakıda və Bakı quberniyasında hərbi vəziyyət elan edilir...

İmperator ləğv edilmiş Qafqaz canişinliyi vəzifəsini yenidən bərpa edir. Daha sərt generallardan sayılan qraf İllarion Vorontsov-Daşkov fevralın 18-də Qafqaz canişini təyin olunur. 

Sizcə, Qafqaz xalqlarından bu təyinatı birinci alqışlayan kim olur?

Təbii ki, ermənilər.

Hələ bu xəbər Bakıya çatmamış bütün ermənilərin katalikosu Mkırtıç fevralın 19-da Peterburqa teleqram vuraraq Vorontsov-Daşkovu bu yüksək vəzifəyə təyin edilməsi münasibətilə təbrik edir. Hətta xatırladır ki, indi Peterburqda olan din xadimlərindən xahiş etmişəm ki, sizinlə görüşüb mənim şəxsi təbriklərimi çatdırsınlar.

Erməni katalikosunun nümayəndə heyəti Vorontsov-Daşkovla Peterburqda artıq martın 10-da görüşür...

Bakı şəhər Duması isə canişinə teleqram vurmaq barədə yalnız martın 15-də qərar qəbul edir...

Bakı şəhər başçısı İretskinin rəhbərlik etdiyi nümayəndə heyəti Peterburqda - yeni canişinlə görüşə bütün bunlardan sonra çatır...

Ermənilərin Qafqaz canişini ilə qızğın əlaqə qurduğu həmin günlərdə - martın 19-da Bakı matəm saxlayır. Dükan-bazar bağlanır...

Çünki Nəcəf şəhərinin baş müşteidi Ağayi Şeyx Həsən Mamağani 90 yaşında vəfat etmişdi. Və Bakı müsəlmanları bu bəd xəbərin təsiri altındaydı... 

Üzeyir bəy niyə ali təhsil ala bilməyib? 

Bilirdinizmi ki, dahi Üzeyir Hacıbəyov çox çalışsa da, ali təhsilini tamamlaya bilməyib? 

Üzeyir bəy Şuşada rus-tatar məktəbini, sonra isə Qori müəllimlər seminariyasını bitirir. Bundan sonra Bakıda müəllimlik edir.

1913-cü ildə Moskvada xüsusi musiqi kurslarında oxuyur, 1914-cü ildə Peterburq konservatoriyasına qəbul olunur. Lakin 6 ay sonra birinci dünya müharibəsi başlayır və o, təhsilini yarımçıq qoymalı olur.

20-ci illərin əvvəllərindən ali təhsil almaq üçün dəfələrlə hökumət nümayəndələrinə müraciət edir.

O, 1923-cü ilin iyununda qardaşı Ceyhun bəyə yazır: "...ali təhsil məsələmin həllini gözləyirəm".

Təxminən altı ay sonra yazdığı məktubda isə deyir ki, "...mənim diplom almaq məsələm get-gedə daha əhəmiyyət kəsb edir. Çox ümidvaram ki, bu sənə axırında ikmali-təhsilə gedəcəyəm".

Lakin Üzeyir bəy həmin ilin axırında "ikmali-təhsilə" - təhsilini tamamlamağa gedə bilmir.

Azərbaycan Dövlət Konservatoriyasına isə Moskva və Peterburqdan, Tiflis və Kiyevdən mütəxəssislər dəvət olunur.

Üzeyir bəy qardaşına növbəti məktubunda yenə də təhsil məsələsindən söhbət  açır: "... ali təhsilim olmamaq məsələm hər dəfə məni məyus edir və bəzən işlərimə də zərəri olur. Ona görə ali təhsilim üçün Almaniyaya göndərilməm məsələsini təkid edəcəyəm və ümidvaram ki, bu səfər müvəffəq olaram, çünki Maarif Komissarlığı dəxi bu fikrimə şərikdir".

Nəhayət, 1926-cı ilin martında Xalq Maarrif Komissarlığının kollegiyası Musiqi Texnikumunun müdiri Ü.Hacıbəyovun  nəzəri təhsilini tamamlamaq üçün iki illiyə xaricə göndərilməsi barədə qərar qəbul edir. Təhsil aldığı müddətdə Hacıbəyovun əmək haqqının saxlanılması nəzərdə tutulur.

Həmin ilin aprelində Üzeyir bəy sevincini qardaşı ilə bölüşməyə tələsir: "...Maarif Komissarlığı kollegiyası tərəfindən qərar çıxdı ki, mən ali təhsilimi bitirmək üçün iki il müddətinə komandirovka olmaq üzrə Almaniyaya gedim. Mənimlə bərabər üç nəfər doktur dəxi göndərilir. Kənari bir məmaniət olmasa, iyunun birində yola düşməliyik. Şübhəsizdir ki, mən təhsildən qayıdandan sonra Maarif Komissarlığı hökumət ali konservatoriyasının idarəsini mənə tapşıracaqdır.

... Maarif Komissarı yoldaş Mustafa Quliyev mənim işləməyimi çox təqdir edir, odur ki, ali təhsilimi bitirməyə cani-dildən razı olub, məni təbrik etdi".

Lakin təxminən bir ay sonra Komissarlıq Üzeyir bəyin təhsili ilə bağlı "qərarın bir illiyə təxirə salınması barədə" əmr verir.

Bu əmr onun direktor olduğu "Türk Musiqi Texnikumunda mümkün yenidənqurma ilə" əsaslandırılır.

Həmin yenidənqurma 1926-cı il avqustun 30-da baş tutur: musiqi texnikumu konservatoriya ilə birləşdirilir və Üzeyir bəy konservatoriyada prorektor vəzifəsinə təyin edilir.

Bundan sonra ona təhsilini Rusiyada davam etdirmək təklif olunur.

Üzeyir bəy qardaşına: "... Maarif Komissarı yoldaş Ruhulla və müavini yoldaş Cəlil böylə məsləhət gördülər ki, mən Leninqradda və ya Moskvada ikmali-təhsillə məşğul olum. Fəqət mən ali təhsilimi Almaniyada almaq fikrində olduğumu söylədim. Dedilər ki, onda bir qədər gözləmək lazım gələcəkdir. Mən dəxi hələ ki, səbr edib gözləyirəm".

1927-ci ildə müəllimlər arasında konservatoriya rəhbərliyindən narazılıq yaranır. Üzeyir bəyə rektor olmaq təklif edilir. Lakin o, bu təklifi qəbul etmir.

1927-ci ilin fevralında Üzeyir bəy qardaşına yazır: "...bu günlərdə bizim konservatoriyanın bütün professorları və bəzi müəllimləri rektordan inciklik göstərib mənə təklif etdilər ki, mən rektorluğu boynuma götürüm. Mən qətiyyən razı olmadım. Məsələ Maarif Komissarlığına çatdı və orda komissar yoldaşın hüzurunda iclas qurdular. Mən dedim ki, ali təhsilimi bitirməyincə rektor olmağa razı deyiləm. Komissar yoldaş dəxi əlavə etdi ki, hələ ki Üzeyir bəyə tələsmək lazım deyildir, hərçənd burası yəqindir ki, bir-iki ildən sonra Üzeyir bəy rektor olacaqdır. Bizim indiki rektorumuz "Aysberq" familiyada bir pionist professordur".

... Sonra dünya dəyişir və Üzeyir bəyin ali təhsil arzusu reallaşmır.

Amma bütün bunlar, xüsusi istedadla doğulan dahi bəstəkarın sonralar Konservatoriyanın rektoru, professor və nəhayət, yeni yaradılan Elmlər Akademiyasının həqiqi üzvü olmasına mane ola bilmir... 

Molotovu akademik seçirlər. Stalin dəhşətə gəlir... 

Bilirdinizmi ki, 1946-cı ildə V.Molotovun akademiyanın fəxri üzvü seçilməsinə görə İ.Stalin onu danlayıb?

1946-cı ilin dekabrında SSRİ Xarici İşlər naziri V.Molotov SSRİ Elmlər Akademiyasının fəxri üzvü seçilir. Həmin vaxt Nyu-Yorkda olan Molotov akademiyaya təşəkkür teleqramı göndərir.

Teleqram belə bir imza ilə bitirdi: "Sizin Molotov".

Həmin günlərdə Soçidə istirahətdə olan və bu xəbəri qəzetdən oxuyan İ.Stalin də Molotova teleqram vurur:

"Elmlər Akademiyasına fəxri üzv seçilməyin münasibətilə akademiyaya teleqram vurmağın məni dəhşətə gətirdi. Sən doğurdanmı fəxri üzv seçilməyindən bu qədər vəcdə gəlibsən? "Sizin Molotov" nə deməkdi? Ağlıma gətirməzdim ki, sən fəxri üzv seçilmək kimi ikinci dərəcəli işdən ötrü bu qədər mütəəssir olarsan. Mənə belə gəlir ki, sən yüksək səviyyəli dövlət xadimi kimi öz ləyaqətinin qayğısına qalmaq barədə daha çox düşünməli idin. Yəqin ki, bu teleqramdan narazı qalacaqsan, amma mən başqa cür hərəkət edə bilmərəm, sənə həqiqəti deməyə özümü borclu bilirəm. Özüm başa düşdüyüm həqiqəti".

Molotov elə həmin gün cavab teleqramı vurur: "Mənim Elmlər Akademiyasına cavabımla bağlı teleqramı aldım. Görürəm, ağılsızlıq eləmişəm. Seçilməyim əslində, məni mütəəssir etmir. Əgər bu seçilmə olmasaydı, özümü daha yaxşı hiss edərdim. Teleqrama görə sağ ol".

Bax, belə...

Zaman və insanlar...

P.S. Bu qeydlərin nə son vaxtların anti-akademik kampaniyasına, nə də XİN-də aparılan həbslərə aidiyyatı var...

 





22.08.2020    çap et  çap et