525.Az

Xudafərin


 

Xudafərin<b style="color:red"></b>

23 avqust Cəbrayıl rayonunun işğal günüdür 

Qolubağlı keçdim Xudafərindən,
Üzüm gülməz, heç açılmaz, ah, mənim!

Aşıq Qurbani

Xudafərin körpüsünün 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olundugu deyilir. Körpüdə Azərbaycan memarlıq məktəbinin bir çox xüsusiyyətlərini görmək olar. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarətdir, XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə15-ci ildə (639) Məhəmməd peyğəmbərin arxadaşı Bəkr ibn Abdullah tikdirib. Bəkr ibn Abdullah əski körpünü yenidən qurduğu kimi, onun ucaldığı körpü də sonralar dəfələrlə bərpa və təmir olunub. İndiki onbeşaşırımlı körpü XII əsrin abidəsi sayılır. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxındır, eni 4, 5, çay səviyyəsindən ən böyük hündürlüyü 12, ən iri tağ aşırımı 8, 7, ən kiçik tağ aşırımı isə 5,8 metrdir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir.  Onbeşaşırımlı körpüdən 750 metr qərbdə olan onbiraşırımlı körpü başdan-başa daşdan tikilib və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib.

Alimlər bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi qənaətindədirlər. Onun uzunluğu 130 metrə yaxın, eni 6, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Körpünün üç orta tağı salamat qalıb. Deyilənə görə, sahil tağları XX yüzilin 30-cu illərində Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılıb.

Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən onbiraşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də tapılıb. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı, Xudafərin körpüləri güclü bədii ifadəliliyə də malikdir.

İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha mərhəba" mənalarını verir. Bu körpü əsrlər boyu Azərbaycanın ən ağrılı anlarının şahidi olub. Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının və bizim də şahidi olduğumuz Cəbrayılın işğalının...

 





22.08.2020    çap et  çap et