525.Az

"Cəsarətimiz təqaüdə çıxsaydı..." - Fikrət Qocadan iki şeir


 

"Cəsarətimiz təqaüdə çıxsaydı..." - <b style="color:red">Fikrət Qocadan iki şeir </b>

Risk

Əlimdə lüğət,
Dilimi çevirirəm
O yan-bu yana.
Risk - bu, bir sözdü, -
İki başlı,
Bir üzlü, iki tirə,
Dilimizdə yoxdu;
Varsa, hanı?
Yox, var buna bənzər, -
Deyirlər bəzən
Ya apara,
Ya da gətirə.
Görünür ki, bunu da deyib,
İlk dəfə
Əlləri əsə-əsə kəşf eləyib,
Qumarbazın biri.
Yoxsa belə deməzlər axı.
Görünür ki, riski müsəlmana
Elə qumardan ötrü
verib Allahı.
Risk, o hər nədirsə
Biz hələ onu eyləməmişik.
Biz hələ zamanı əyləməmişik.
Tutmamışıq sorğu-suala:
Hara gedirsən, bala?
Hara sürüyürsən ipləyib başımı.
Dəqiqələrin ağacdələn kimi didir,
Ömrümü, yaşımı.
Bəlkə boynu kəndirsiz olmaq olar
Bəlkə yana burulmaq olar.
Sözün ucundan tutub
Getdim ucuzluğuna,
O riskdi - nədi,
Qayıdaq ona.
Hələ bilməyəndə ki,
Atamız-anamız kim olacaq
Risk eləyib doğulduq...
Ancaq
Sonra halı olduq
Atamız, anamız kimdir
deyirlər.
Ayaqqabını ayağa geyirlər,
Qan da qırmızıdı,
Qan içən də var.
Amma ayrı şeydi çaxır...
Və ilaxır, və ilaxır...
Dövr risk axtarır ki,
Alıb qələminə tarix edə.
Bəzən adi bir riskdən doğulur
Yeni bir ölkə də, onun tarixi də.
Biz boyda xalqın yolunu kəsib
Araz kimi balaca bir çay,
Ay dədə vay...
Dözürük çox şükür deyə-deyə.
Sən Arazın soyuq suyunda
Qaynar riskə bax,
Od övladındakı soyuq mütiliyə...
Düşünürəm...
Heç soyuq da deyil
Elə öz fikirlərimdən üşənirəm.

Cəsarət

Hələ heç olmamış 15 yaşı
İnqilab uğrunda qaçaqlara qarşı
vuruşmuşdu.
Neçə dəfə
Ölüm düşərgələrinə düşdü, qaçdı.
Neçə dəfə Cəsarəti
öz başına oyun açdı.
Düşmən adıyla
düşmən kimi düşmənlərə qatıldı.
Nə bir dəfə əqidəsini satdı,
nə də satıldı.
İndi balaca bir idarədə
Doğma elində işləyir.
Bir ağıldan balaca,
qarından yekə
müdirin yanında işləyir.
Neçə illərdi dodağını gəmirir,
dilini dişləyir.
Dünən Cəsarəti
partizan kimi
ürəyinin dərinliyindən qalxdı,
Kürsüdə şimşək kimi çaxdı.
Özündən çıxdı,
müdiri yıxdı,
sürüdü iclas boyu belədən-belə.
Müdirin gözləri
Ona zillənmiş soyuq, boz
İki güllə.
Bu gün Cəsarəti
təqaüdə çıxarmaq istəyir müdir
hörmətlə, üzünə gülə-gülə.
Dayanın!!!
Saxlayın sakit iclasları yarıda.
Sakit toyları,
rəsmi yasları da - saxlayın.
Toyda oynayın,
Yasda ağlayın.
Cəsarətsiz iclasları
açılmamışdan bağlayın.
Cəsarət təqaüdə çıxmaz,
sən onu öz övladının gözlərində görəcəksən.
Yuxularına girəcək,
qarşısında diz çöküb hönkürəcəksən.
Cəsarəti öldürə bilmərik sən, mən.
Cəsarətimiz təqaüdə çıxsaydı
Əhalimiz xalq olmazdı,
Torpağımız - Vətən.

 





25.08.2020    çap et  çap et