525.Az

"Yeni dərs ilində fərqli tələblər qaçılmazdır" - Psixoloq Sevinc Osmanova ilə müsahibə


 

"Yeni dərs ilində fərqli tələblər qaçılmazdır" - <b style="color:red">Psixoloq Sevinc Osmanova ilə müsahibə</b>

Koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən təhsilin bütün sferaları üzrə dərslər onlayn keçirildi. Birdən-birə virtual tədrisə keçid çətinliklər yaratsa da, müəyyən vərdişlər qazanıldı, məsafədən təhsil təcrübəsinə yiyələnildi.

Təhsil qanunvericiliyində 2009-cu ildə nəzərdə tutulan distant təhsilin zəruriliyi bir daha özünü göstərdi. 

Vəziyyətdən çıxış Dövlət Proqramının icrasına yeni baxış və münasibətlərlə yadda qaldı. Yeni dərs ili ərəfəsində tədrisin təşkili və iş rejminin tənzimlənməsi işi Nazirlər Kabineti yanında Operativ Qərargahın Təhsil Nazirliyi ilə razılaşdırılmış tövsiyə və məsləhətləri daha məqsədəuyğun olacaq.

Bəs, pandemiya dövründə təhsil müəssisələrində tibbi-psixoloji maarifləndirmə işi necə qurulmalıdır? Bu suala cavab tapmaq üçün psixoloq Sevinc Osmanova ilə söhbətləşdik.

- Pandemiya insanlarda hansı mənfi emosiyaları yaradıb?

- Bu gün bir çox psixi problemlərin yaranmasının əsas səbəblərindən biri zamanın düzgün idarə edilməməsidir. Bu, stress faktorunun, aqressiyanın və başqa bir çox problemlərin yaranmasına rəvac verir. Zamandan düzgün və faydalı istifadə edə bilmək, insanın uğur və özgüvəninin açarıdır. Buna mane olan ən böyük amillərdən biri günümüzdə "zaman oğruları"nın həddindən çox olmasıdır. Sıralaya biləcəyim bir sıra faktorlarla yanaşı, internet şəbəkələrindən gərəksiz istifadə birincilik təşkil edir. Bundan sağlamlığımızı qorumaq üçün "onlayn" həyata yönəlmək məcburiyyətində qalmağımız, müasir inkişafla yanaşı, eyni zamanda, bizə zərərli vərdişlər də aşıladı.

- Yeddi ay ənənəvi tədrisdən ayrıldıqdan sonra - yeni dərs ilində müəllim, şagird-tələbə heyətinin təlim-tərbiyə prosesinə uyğunlaşa biləcəyinə fikriniz necədir? Bizi qarşıda hansı vəzifələr gözləyir?

- Qismən də olsa məhdud iş rejimi, virtual münasibətlər, distant təhsil bir sıra narahatlıqlar yaratsa da, bütün yeniliklərə adaptasiya olmağımız müəyyən zaman alacaq. Psixologiya insanı öyrənən bir elm olduğuna görə, insan üzərində hansısa bir psixi prosesin uğurla nəticələnməsi üçün mütləq və mütləq zaman faktorunu nəzərə almaq vacibdir.

- Düz buyurursunuz! Nə etməliyik?

- Müəllim, şagird-tələbə heyətinin yenidən ənənəvi təlim-tərbiyə prosesinə uyğunlaşa bilmələri üçün tədris öncəsi müəyyən tarixlər adaptasiya günləri kimi qeyd olunmalıdır. Tələbə və şagirdlər oxuduqları məktəblərin praktik-psixoloqlarının, yaxud dəvət olunmuş xüsusi psixoloqların söhbətlərini dinləməli, pandemiya dövründə ünsiyyət, birgə fəaliyyət barədə həkim məsləhətlərindən, təcrübəli pedaqoqların tövsiyələrindən faydalanmalıdırlar. Kitabxanada olmaq, lazım olan dərslikləri əvvəlcədən götürmək, tədris müəssisəsi və müəllimlərlə yenidən tanışlıq həm öyrədən, həm də öyrənən üçün ən yaxşı uyğunlaşma ola bilər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, yəqin ki, 2020-2021-ci tədris ilində fərqli tələblər, spesfik xüsusiyyətlər qaçılmaz olacaq.

- Tədris öncəsi öyrədən və öyrənənlərin, eləcə də valideynlərin tibbi-psixoloji maariflənməsində nələrə üstünlük verilməlidir?

- Pandemiya dövründə tibbi-psixoloji maariflənmə olduqca vacibdir. Həkimlərimizin gördüyü işləri, fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Onların tövsiyə və məsləhətləri ilə müşahidə olunan bütün narahatlıqlarda, xüsusilə qızdırma, öskürək və təngnəfəslik zamanı həkimə müraciət etmək mütləqdir. Eyni zamanda, həkimlərimiz koronavirus sindromunun müəyyən edilməsi və ona qarşı mübarizə istiqamətində uğurlu işlər görürlər. Bunlar öz yerində, mən məsələnin psixoloji tərəfinə toxunmaq istərdim. Bu mövzu ilə bağlı Albert Banduranın məşhur "sosial öyrənmə" nəzəriyyəsinə diqqəti çəkib öyrədən və valideynlərin öyrənənlərə ictimai həyatın hər sahəsində nümunə olduqlarını nəzərdən qaçırmamaları gərəkliyini qeyd etmək lazımdır. Psixi sağlamlığın və psixi təhlükəsizliyin cəmiyyətin inkişafında böyük rol oynadığına dair hər hansısa bir oxuma, dinləmə və ya izləmə bu sahədə maariflənmənin keyfiyyətini artırır.

- Pandemiya insanlar arasında da yeni münasibət formaları yaratdı, xüsusi qaydalar tətbiq olundu. Tədris başlayarkən koronavirusa yoluxma ehtimallarına görə bu qaydalara necə əməl olunmalıdır?

- Bəşəriyyət üçün potensial təhlükə olan pandemiya bütün dünyanı lərzəyə gətirdi. Qorunmaq üçün insanlar arasında yeni münasibət formaları zərurətdən yarandı. Məsafə saxlamaq, insanların sıx olduğu yerlərdə olmamaq, birgə fəaliyyətdə maska taxmaq, əlcək və spirtdən istifadə etmək və s. Yeni dərs ilində bu qaydalar bir daha gözlənilməli və müvafiq münasibət formalarına riayət olunmalıdır. Yarana biləcək bütün ehtimallarla bağlı ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış Operativ Qərargahın tövsiyələri təhlükədən qorunmağa ən etibarlı zəmanətdir.

- Təhsil idarəçilərinə, məktəb psixoloqlarına, müəllim, şagird-tələbə kollektivlərinə və valideynlərə başqa nə demək istərdiniz?

- Günümüzün gəncliyini idarə etmək başqa dövrlərdən fərqli olaraq indi daha çətindir. İlk öncə təhsil idarəçilərinə bütün yeniliklərə, dəyişimlərə və müasir standartlara uyğun işləməyi arzulayıram. Məktəb psixoloqları vəzifə funksiyaları çərçivəsində daha effektli çalışmalıdırlar. Onların peşəkar müşahidə və tövsiyələri hər bir işdə uğura yardımçı olmalıdır. Yeni dərs ilində müəllim, şagird-tələbə kollektivlərinə və valideynlərə müvafiq tələblərə riayət etməklə normal təhsil həyatı arzulayıram!

Səxavət TAĞLAR
Əməkdar müəllim

 





25.08.2020    çap et  çap et