525.Az

"Ballıqaya soyqırımı"ndan 28 il ötür


 

GORANBOYUN BU YAYLAQ YERİNDƏKİ QƏTLİAM ERMƏNİ VƏHŞİLİYİNİN TİPİK NÜMUNƏSİDİR

"Ballıqaya soyqırımı"ndan 28 il ötür<b style="color:red"></b>

Nankor ermənilərin öz xroniki xəstəliklərinə sadiq qalaraq,  20-ci əsrin sonlarında Ana Vətənimizin torpaqlarına iddiası ilə bir daha başladıqları terror və işğal siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib.

Ermənilərin xalqımıza qarşı apardıqları planlaşdırılmış soyqırım strategiyası nümunələrindən biri də 1992-ci ilin avqustunda Goranboyun Ballıqaya kəndi ərazisində dinc sakinlərə qarşı törətdikləri, 24 nəfərin öldürülməsi, 5 nəfərin yaralanması ilə nəticələnən "Ballıqaya qətliamı"dır. Həmin qanlı hadisənin ildönümü ilə bağlı Ballıqaya kəndindən reportaj hazırlamağı özümüzə borc bildik.

Goranboy rayonunun dağlar qoynunda yerləşən, Yuxarı Ağcakənd inzibati ərazisinə daxil olan səfalı Ballıqaya hazırda cəmi 14 ailənin yaşadığı kiçik bir  kənddir. Amma bu kiçik məkan nankor ermənilərin xalqımıza qarşı törətdikləri davamlı qətliamların böyük ağrısını öz sinəsində hiss edən yurd yerlərimizdəndir. 1992-ci il avqustun 28-də  erməni silahlı quldurlarının bu kəndin ərazisinə, daha doğrusu, onun meşəli dağ yamacı döşündə yerləşən, elə kəndə də öz adını vermiş Ballı qayasına gecə basqını nəticəsində burada qanlı faciə yaşanıb. Laçın rayonundakı yurd-yuvalarını tərk etmiş və bu yerlərdə məskunlaşmış məcburi köçkün ailələrinin üzvlərindən, dinc soydaşımızdan  7  nəfəri qadın, 6 nəfəri uşaq olmaqla, 24 nəfər qətlə yetirilib, 5 nəfər isə ağır yaralanıb, 3 körpə tam yetim qalıb.

Budur şəhid edilən soydaşlarımızın adları - Abdullayev Abdulla Bədəl oğlu, Abdullayev Fərman Abdulla oğlu, Abdullayeva Səadət Abdulla qızı, Alməmmədova Kəmalə Şəmil qızı, Alməmmədova Minarə Əbülqasım qızı, Alməmmədova Zeynəb Şəmil qızı, Hümbətov Bəxtiyar Vəzir oğlu, Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar Vəzir qızı, Hümbətova Hürzaman Qara qızı, Mehdiyev Fikrət Hümbət oğlu, Mehdiyev Hümbət Əbülqasım oğlu, Mehdiyev Mehdi Hümbət oğlu, Mehdiyev Rəhbər Məhəmməd oğlu, Mehdiyeva Ayna Hümbət qızı, Mehdiyeva Bəyim Aydın qızı, Mehdiyeva Gülayə Əli qızı, Məhərrəmova Qənirə İbrahimxəlil qızı, Kəlbalıyeva Nübar Muradxan qızı, Mehdiyeva Suraya Məhəmməd qızı, Vəliyeva Zeynəb Hüseyn qızı.

Taleyin hökmünə bax ki, əvvəlcə bir müddət Aran iqlimli ərazidə məskunlaşan bu ailələr, bir qədər sonra təsərrüfat, xüsusən də heyvandarlıq ilə məşğul olmaq üçün əlverişli yer kimi,  məhz buraları, Ballıqaya ərazisinin Gülüstan meşəsi yaxınlığını seçib, orada alaçıqlar quraraq, gündəlik güzaran sürməyə başlayıblar.  Bu yerlər həm də laçınlıları, doğma yurda dönmək arzusunun bir gün gerçəkləşəcəyi ümidi  və elə ora yaxınlığı səbəbindən özünə çəkibmiş.

Amma dinc insanlara qəfil və xain basqınlara adət etmiş azğın ermənilər bu dəfə də fürsət taparaq, bu yurdda pənah tapmış laçınlıları öz alaçıqlarında qanına qəltan etdilər, həmçinin, onların  ocaqlarına özlərilə birlikdə od vurdular.

Ballıqaya  kəndində yaşayan sakinlər, bu faciənin tarixçəsindən xəbərdardırlar. Amma onlar həm də "Ballıqaya qətliamı", "Laçınlı qırğını" kimi tanınan bu qanlı hadisənin daha tez-tez yada salınmasının gərəkli olduğunu da söyləyirlər.

"Mən də çoxları kimi, həmin hadisə haqda ata-babalarımdan eşitmişəm. Yaşayış yerimizdən bir az uzaqda olsa da, kənddən baxanda o yamac, o qaya görünür. Bir azərbaycanlı gənc kimi düşünürəm ki, digər faciələrimiz kimi, "Ballıqaya qətliamı"nı da xüsusən yetişməkdə olan nəslin diqqətinə daha tez-tez çatdırmaq lazımdır. Bu, silahsız insanlara sırf qətl məqsədi ilə həyata keçirilən qəfil, amansız hücum nümunəsidir. Mən digər yerlərdə bir çox adamdan bu haqda soruşanda, görürəm ki, çoxları xəbərsizdir", - deyə kəndin gənc sakini Şənlik Hacıyev fikirlərini bölüşür.

Həqiqətən də, erməni quldurları kənddən bir qədər aralı qurulmuş alaçıqların burada heyvandarlıq ilə məşğul olmaq istəyən dinc köçəri-maldarların yaylağı kimi salındığını bilə-bilə, köməksiz  insanları öldürüb-yandırmaqla insanlıqdan kənar xislətlərini bir daha nümayiş etdiriblər.

Bu hadisənin mahiyyətinə buralarda, lap Goranboy və   Samuxdan tutmuş Tovuzadək çox adamın tanıdığı, həmin ərazilərdə uzun müddətdir ki, köçəri maldarlıqla məşğul olan, öz işinin həm çobanı, həm sahibkarı olan 62 yaşlı Süleyman Nuruzadə  də öz aydınlaşdırıcı fikirlərini əlavə edir:

"Elat, köçəri maldarlığı ilə məşğul olan adamlar və onların ailə üzvləri öz adət etdikləri yaşayış tərzləri üzrə burda alaçıqlar quranda bu cür vəhşiliklə üzləşəcəklərini ağıllarına gətirməyiblər. Şərəfsiz erməni quldurları isə silahlı olanlarla deyil, çox vaxt elə silahsız, dinc əhali ilə "vuruşmağı" öz düşüncələrində daim qəhrəmanlıq sayıblar. Qoca-cavan, arvad-uşaq demədən burada qətl edilənlərin faciəsi "Laçınlı qırğını" kimi də tanınır".

Sözügedən faciənin baş verdiyi vaxt bu ərazilərdə könüllülər batalyonlarının tərkibində vuruşmuş 65 yaşlı Muxtar Nağıyev də erməni hücumunun qəfil və gözlənilməyən bir səmtdən baş verdiyini qeyd edir. "Bizim döyüş dəstələrimiz ayrı-ayrı mövqelərdə idi. Mən də bu qanlı hadisəni başqa bir mövqedə olarkən eşitdim. Bu, ermənilərin möhkəm silahlanmış təxribat dəstəsinin işi olub. Amma bu dəfə də onlar silahsız, dinc çoban və onların ailələrini hədəfə alıblar. Həqiqətən də ermənilərin vuruş yox, terror "təcrübələri" böyükdür", - deyə keçmiş döyüşçü bildirir.

Qeyd edək ki, soyqırım qurbanlarından ən kiçiyi 6 aylıq körpəydi, ən yaşlısının isə 93 yaşı var idi. Şəhid olanlar onların qohumlarının məskunlaşdığı  Bərdə və Ağdam rayonunun ərazisində dəfn olundular.

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Hərbi Prokurorluğunda və onun  Memorial Soyqırım Muzeyində saxlanılır.

Zakir MURADOV
Goranboy

 





25.08.2020    çap et  çap et