525.Az

İnsan ömrünün nağılı - Zülfiyyə Mirzəyeva yazır


 

İnsan ömrünün nağılı - <b style="color:red">Zülfiyyə Mirzəyeva yazır </b>

Bütün nağıllar bənzər sözlərlə başlayıb, oxşar kəlmələrlə bitir: "Biri var idi, bir yox idi..." Doğrudan da, təbiətin qanunu əzəldən belədir. Biri var olanda, o biri olmur. Bəlkə də, buna görə insan ömrü nağıllarda gizlidir...

Nağıllarda adamların arzuları dərya, ümidləri sonsuz, sevincləri qısa, kədəri dağlar qədərdir. Dərə-təpə aşar, gah xoşbəxtlik, gah da dirilik suyu axtarışında olarlar. Hərdən gördükləri divlər onları yollarından döndərməyə çalışar, amma imdadlarına Xızır yetirər, qoruyar, qaranlıq dünyalarına aydınlıq gətirər. Hərdən də ümidləri dünyadan elə kəsilər ki, göz yaşları selə dönər, dərdləri dağlar kimi bellərinə yükləyib sonu müəmmalı uzun yola çıxarlar. Yolun bilinməz cığırında sehrli qüvvə onlara tərəf şəfalı əllərini uzadar və əyilib qulağına pıçıldayar: "Keçəcək, bütün bunlar bir gün keçəcək".

İnsan o zaman öz-özünə suallar verər: doğrudanmı keçir, arzuların puçluğu, qəlbin ağrısı, ümidlərin boşluğu bir gün doğrudanmı keçib gedə bilir? Amma uzun cavab yerinə onu dərin sükut qarşılayar. Halbuki cavabsız qaldığını zənn etdiyi suallar bir gün böyük həqiqət olub qabağına çıxacaq. Amma hələ özü bunu bilməz. Çünki nağılımızı yazan bizi bir az intizarda saxlayıb "onlar burda qalsın, sizə kimdən danışım kimdən" deyər, o biri səhifələrə keçid edər.

Nağılın davamını oxuduqca min bir duyğu bizə yoldaşlıq edər. Hərdən kədərin pərvazlanıb göyləri dağladığını, hərdən də gülüşün sükutu necə parçaladığını görərsən. Bəzən qəhrəmanımız min bir sarayın rəngini göy qurşağına döndərər, hərdən də bir qəsrin ala qarğaya yem olmasına şahid olar. Amma gözlər göyqurşağını deyil, ala qarğanı görüb onu itlərin ölümcül pəncələrinə atar. Bəzən də həmin itlər qədirbilməz gözlərdən insaflı olar, vaxtı ilə ona yem verən əlləri tanıyar, toxunmaz.

Beləcə, bir anda insan ömrü keçib gedər. Bəzən zülmətin içində aydınlığın gizləndiyini, bəzən də işığın divlərə aparan yol olduğunu bilmədən elə hey baş alıb gedər, sonda şirin alma tapacağı ümidi ilə irəliləyər.

Buna görə də ruhumuzu, itkin düşmüş uşaqlığımızı nağıllarda taparıq. "Daha nağıllara inanmıram" desək belə, qəlbimizin ən dərin qatında balaca uşaq bizi çağırar - hərdən bir yerdə oynamağa, hərdən də başını köksünə dayayıb rahatlıq tapmağa, ya da "bu da bir nağıl idi" - deyib başını sığallamağa.

 





25.08.2020    çap et  çap et