525.Az

Sevgisizliyin yol açdığı bəlalar - Şahanə Müşfiqin yazısı


 

Sevgisizliyin yol açdığı bəlalar - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Son zamanlarda adam darıxmağa da, gileylənməyə də, nədənsə nigaran qalmağa da, kefsiz görünməyə də qorxur. O saat elə bilirlər sevgidir problem. Amma bilmirlər ki, sevgi heç zaman problem olmayıb. Sevgisizlikdir ən böyük sorun. Qarşı cinsləmi? Yox, əlbəttə! Dünyayla, insanlarla... Fikir vermisinizmi artıq kimsə, heç kimsə bir-birini sevmir?

Bir müddət öncə bir xəbər yayılmışdı: oğlan toyuna saatlar qalmış qaçan nişanlısının yerinə başqa birini tapıb evlənmişdi. Xəbər yazılar-yazılmaz sosial şəbəkələrə bir qıy düşdü ki, gəl görəsən. Həmin bəyi lağa qoyan kim, sevgisizlikdə, duyğusuzluqda günahlandıran kim, başqasının yerinə ərə verilən qıza acıyan kim. Bu reaksiyalara baxa-baxa düşündüm, o bəyi ələ salırıq ha, görəsən, bizim ondan nə fərqimiz var? Biz çoxmu yaxşıyıq, ya çoxmu ciddiyik? Kimik biz? Yanımızda ölən olsa, ona yardım etmək yerinə tezcə Feysbuka girib "biri burda ölür" yazıb yanına da "ağlayan smaylik" atacaq, əzizimizin başdaşına söykənib şəkil çəkdirəcək, "atam indicə öldü", ya da "öləsidir, can verir, çənəsini bağlayım gəlirəm" yazacaq, canlı yayımda intihar edəcək və o intihar edənə kömək etmək yerinə onu lağa qoyacaq, "etməsən kişi deyilsən" deyib qıylayacaq, təcavüz edilib sonra da öldürülən qız haqqında "yüz faiz normal qız deyilmiş, elə olmasa heç kim cürət etməzdi zorlamağa, inək göz eləməsə buğa cummaz" deyə biləcək qədər vecsiz, quru taxtadan, odundan fərqlənməyəcək qədər duyğusuz deyilikmi?!

Gülməyi yasaqlayan, gülənə əxlaqsız, dingiş kimi baxan cəmiyyətin fərdləriyik, əfəndilər! Siz də bir yerlərdən SOS siqnalını eşidirsinizmi, yoxsa təkcə mənəm havalı?!

Hardan qaynaqlanır, nə yedik, nə içdik ki, belə zombilərə, manqurtlara çevrildik?

Bəlkə hər şey elə ən başdan doğru deyilmiş? Məsələn, elə ailəmizdəki tərbiyədən? Yəni problemin qaynağı qadınlar ola bilərmi? Axı, tərbiyə birbaşa anayla əlaqəli durumdur...

Bunu mən demirəm, bunu filosoflar da təsdiqləyib ki, bu dünyada qadının da, elə kişinin də tək düşməni qadındır. Hər addımda bunu hiss eləmək, şahidi olmaq isə heç də xoş mənzərə deyil. Sosial şəbəkələr isə nənələrimizin sözü olmasın "lap ayıb açan yerdir". 

Feysbukda bir neçə qadın qrupuna üzvəm. Daha doğrusu, üzv edilmişəm. Əvvəl qızırqalansam da, indi elə bir şikayətim yoxdur. Hər halda aidiyyatım olmayan sahələrin qrupundansa, belə qruplar daha məqbuldur, əlbəttə. Ən azından sayələrində həmcinslərimi daha yaxından tanımaq şansım olur. Etiraf edim ki, tanıdıqca kişi doğulmadığım üçün gündə min dəfə Tanrıya şükür edirəm. Çünki mənim heç zaman arvadım olmayacaq! Belə deməkdə məqsədim özümdən olanları aşağılamaq deyil. Amma nə edim ki, onlar özləri özlərini aşağılamaqda qərarlı və həvəslidirlər. Qrupların əsas məqsədi qadınların hansısa problemləri ətrafında müzakirə aparmaq, onlara öz bilgiləri daxilində məsləhətlər verməkdir. Yəni mən belə bilirdim. Heyhat, deyilmiş! Bir-birini lağa qoyan, özünü yüksəldəcək deyə qarşısındakı hər kəsi ayağının altına alan, kişiylə gecə fəaliyyətlərindən, uşağının "Pampers" probleminə qədər hər şeyi müzakirəyə çıxaran, kişilərin ağlının ucundan belə keçməyəcək söyüşləri, təhqirləri "mədəniyyətli olun" məsləhətindan həmən sonra bir-birinə yağdıran, "qadın həmrəyliyi" ifadəsində üzünə baxılacaq yer qoymayan, 30-40 illik ömründə bircə kitab ağzı açmadan "oxumaqdan nə çıxar ki. Oxuyanları da görmüşük, mədəniyyət, savad insanın daxilindən gəlməlidir" deyən, təcavüzə uğramış qızla bağlı "sən bundan sonra kimə lazımsan, niyə özünü öldürmürsən?" zehniyyətli, türk seriallarındakı həyata özənib kişinin də yeyib-içdiyini burnundan tökən qadınlardan nə bol imişik, İlahi! 

Bu qadınlar sonra ərlərinin xəyanətindən gileylənir, onu atıb getməklərindən dərd yanırlar. Yox, mənim qarşı tərəfə haqq qazandırmaq fikrim yoxdur, sadəcə problem varsa, söymək, yamanlamaq, qarğış etmək yerinə oturub qaynağını düşünmək yaxşı olmazmı? - deyə sual edirəm. Ən maraqlısı bilirsinizmi nədir? Başqalarına ağıl dərsi keçən bu qadınların onları hər addım başı aldadan, xəyanət edən kişiyə hirslənməyə, haqqını tələb eləməyə cəsarəti belə yoxdur. Ona görə də bütün hirslərini yenə də öz həmcinslərindən çıxırlar. Qadın cinsindəki hər kəsə potensial ərini əlindən ala biləcək biri kimi baxır, kin qusurlar.               Halbuki zamanında ona sədaqət andını o qadınlar deyil, yanındakı əri içib. Amma onlar bütün qadınları "ərini yoldan çıxaran" gözündə görürlər. Çünki natamamdırlar, yarımçıqdırlar, sevgisizdirlər, gücsüzdürlər, başqalarını qoy kənara, özlərinin belə özlərinə hörmətləri yoxdur. Çünki dönüb kişidən haqqını tələb eləsə, özünü qapının ağzında tapmaq ehtimalından qorxur. Çünki bu qədər illər ərzində tək məqsədləri arvad olmaq olub, şəxsiyyət ola bilməyiblər.

Ən böyük bəla isə odur ki, bu qadınların evində uşaqlar böyüyür, bu cür analardan, nənələrdən tərbiyə alırlar. Hacı Zeynalabdin Tağıyev zamanında nahaqdan deməmişdi ki, "Bir kişi elm alarsa, o, ancaq təhsilli bir insan olar. Amma əgər bir qadın təhsil alıbsa, o, həm təhsilli qadın, həm də bilikli, savadlı bir anadır. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür".

Beş manatlıq nağıl kitabına ağız büzüb, üç aylıq körpə qızına indidən cehiz yığan qadınlardan nə çoxdur aramızda. Gözünü açandan ərə getmək sevdasıyla böyüyən, eqoist, tək dərdi ərini güdmək və özündən başqa bütün qadınları alçaltmaq olan, qızını da sabah kiməsə arvad olsun deyə böyüdən insandan o körpə nə tərbiyə alacaq?

Bu gün cəmiyyətə qadınları əzən kişiləri də dünən qadınlar dünyaya gətirib, onlar böyütməyiblərmi? Niyə kişilər qadınlara bu qədər düşməndirlər? Çünki zamanında anaları onları düşmən kimi böyüdüblər. Hansımız eşitməmişik qızlara qardaşları haqqında "o, kişidir, ona olar, sən səsini kəs, sən danışma, sən getmə, sən oxuma!" kimi əmrləri. Nə yazıq ki, məhz qadınlar qadınları kişilərə kölə, qul, nökər və ən nəhayətində qurban böyüdürlər. Onlar özləri budursa, böyütdükləri nə olacaq? Qorxunc sualdır!

Bəli, bu qədər böyük dəhşətlərin tək səbəbi sevgisizlikdir. Getdikcə təkcə ətrafımızda deyil, öz içimizdə də sevgi resursları böyük sürətlə tükənir. Sevgi tükəndikcə bir-birimizin qəniminə çevrilirik.

Çox gec olmadan başınızı qaldırın və göylərdən sevgi istəyin. Çalışaq, qəlbimizə sevgi toxumu düşsün, onu cücərtmək bizim boynumuza!

 





26.08.2020    çap et  çap et