525.Az

Dilin var. Bəs, dilçəyin?.. - Esse


 

Dilin var. Bəs, dilçəyin?.. - <b style="color:red">Esse</b>

Dildən iti olmaq müsbət keyfiyyətdir. Söz güc çatmayan çox məsələləri həll edib. Çox vaxt vacib bir məsələnin ipi dildən pərgar adamın əlində olur. Atalar demiş, elə adam var, başını dili ilə saxlayır. Eləsi də var, elə dili ilə də başına oyun açır. Danışmaq gözəldir, amma yerində və vədəsində. Amma vay o gündən ki, dilin ola, dilçəyin olmaya.

El arasında belə adamların alnına "hör-hör hörüldəyən", "boş qazan kimi dandıldayan", "elə guruldamağı var, yağmağı yoxdur" kimi damğalar vururlar. Necə deyərlər, elin gözü tərəzidir.

"Dili də var, dilçəyi də". Dilçək - ağız boşluğunda, üst damağın arxasında konusşəkilli çıxıntıdır və səslərin yaranmasında bilavasitə iştirak edir. Əgər təkcə dilimiz olub, dilçəyimiz olmasaydı, danışa bilməzdik. Dilçəksiz dilin mahiyyəti yoxdur. Bu anlamda "Dili də var, dilçəyi də" deyimi məcazi mənada işlənsə də, öz həqiqi mənası ilə sıx bağlıdır və dediyinin arxasında dayanıb sözünə uyğun da əməli olan adamların haqqında deyilir. Elə insanlar var ki, dilsiz-ağızsız, sakit təbiətli olsalar da, bacarıqlıdılar. Zəkaları çox mükəmməl inkişaf edən belə insanlar daha çox sözdə yox, əməldə özlərini doğruldurlar.

Elə insanlar da var ki, nə dilçəkləri var, nə də dilləri. Təəssüf ki, aramızda bu tip insanlar çoxdur. Dili olub, dilçəyi olmayan insanların mövqeyi cəmiyyətdə həmişə tənqid hədəfinə tuş gəlib. Babalarımız əbəs yerə deməyiblər ki, boşboğaz adamdan qaç qutar. Belə insanların özləri daima kimlərisə tənqid ediblər. Adama deyərlər, axı, sən hansı daşı daş üstünə qoymusan? Di gəl, bu sualı versən, səni qıy-qışqırıqla borclu çıxara bilərlər. Adamı üzən də odur ki, insanlar bəzən belə dil pəhləvanlarının sözlərinə, pafoslarına inanırlar. Baxırsan, elə adamı tərif edirlər ki, o adamın hər sözü boğazdan yuxarıdır. Bütün işlərini də bir yerə yığsan, bir saman çöpünə dəyməz. Amma zaman hər şeyi yoluna qoyur. Tanrının ədalət tərəzisi çox alidir. Tarixə nəzər salanda görürük ki, xalqımız belə adamları öz ələyindən keçirib, bu gün də lənət oxuyur.

Bu gün sosial şəbəkə istifadəçilərinin əksəriyyəti ürək sözlərini, düşüncələrini öz dostları ilə paylaşırlar. Bu cəhətdən Feysbuk ən aktiv platformadır. Bəzən çox qəribə statuslarla qarşılaşıram. Bəzilərinin özündənrazı və yaxud kiminsə haqqında mənfi, bəzən də təhqir dolu fikirlərini oxuyuram. Sonradan həmin şəxs haqqında öz-özümə deyirəm ki, axı, bu yazı sənin boyuna biçilməyib. Bəzən də, özümü saxlaya bilməyib sərt reaksiya verirəm. Belə insanlar kənardan çox gülünc görünürlər. Sözün əsl mənasında onlar hərflərlə təkbətək qalanda özlərini daha güclü və qorxusuz hiss edirlər. Sanki onlara bir güc gəlir. Elə cəmiyyət də həmin adamlara yaxşı ad verib: Monitor şirləri. Haqqında yazdıqları adamlarla üz-üzə gələndə nitqləri quruyur. Ona görə də hamı öz potensialını, öz kimliyini nəzərə alıb danışmalıdır. İyul döyüşləri vaxtı, igid hərbçilərimiz ön cəbhədə vuruşan zaman bəzi vətənşüvənlər kompüterin siçanını və telefonları odlu silaha çevirmişdilər. Düzdür, biz həm də informasiya müharibəsindəyik, amma inanın, bəzi odlu-alovlu danışanların yanından bir güllə keçsə, başını öz komasından çıxarmaz. Gəl ki, pafosundan əl çəkmir. Axı, bilən bilir, sənin dilin var, amma dilçəyin yoxdur!...

Əməli sözünə, sözü əməlinə uyğun olan adamlar həmişə cəmiyyət tərəfindən müsbət qarşılanıb, onlara rəğbət bəslənilib. Belə insanlar, necə deyərlər, evə yox, elə gərək olublar. Öncə belə adamların özünə arxayın danışığı, hay-küyü bəzilərində qıcıq yarada bilir. Amma sonradan görəndə ki, əməli sözünü tamamlayır, bax ondan deyirlər: "Dili də var, dilçəyi də". Xalqımızın tarixində sözünün ağası olan belə insanlar çox olub. Amma maraqlısı odur ki, həm dili, həm də dilçəyi olan adamların ayağının altı həmişə qazılıb. Çünki yaxşıyla pisi tərəzinin gözündə müqayisə edəndə hər şey məlum olur, pisə pis, yaxşıya yaxşı deyilir. Bu da bəzilərinin mövqeyini silkələyir. Və buna görə də aqressiyaları zaman-zaman şiddətlənir. Sonra da gücü verirlər sosial şəbəkədə status yazmağa, qarayaxmalarla məşğul olmağa.

Həyatda vicdanlı, dürüst yaşamaq üçün sözünün ağası olmalısan. Hər kəs ağzından çıxan sözününü özüdür. Böyük Füzuli demiş:

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Əgər sözümüzün arxasında dayana biləcəyiksə, danışaq. Yox, sözümüzün icrası bizim qüvvəmizlə tərs mütənasibdirsə, onda nə özümüzü, nə də sözümüzü hörmətdən salaq.

 





26.08.2020    çap et  çap et