525.Az

Yazıçı və müharibə - Sahilədən yeni yazı


 

Yazıçı və müharibə - <b style="color:red">Sahilədən yeni yazı</b>

2019-cu ilin 31 dekabr günü,  gecə saat 12. Bahalı fişənglər atıldı. Səsləri gur gələnlərdən. Hamı şampan dolu piyaləni qaldırdı. Sevinməyə, arzu tutmağa macal tapmamış yan otaqda yatan on aylıq oğlumun qışqırığı eşidildi. Fişəng səsinə ayılıb, qorxudan gözləri bərələ qalmışdı. Hərə bir pəncərəni örtməyə cumdu, mən də otağın qapısını bağlayıb,  körpəni sakitləşdirməyə çalışdım. Və qəfil ağlıma gələn şeydən sarsıldım.

Daha doğrusu, əvvəllər kitablarda, filmlərdə gördüyüm, oxuduğum şeyi yaşamağa başladım. Sanki bomba atılmışdı, müharibənin ortasında idim. Oğlumun təlaşı kəsilsin deyə, çarəsizcəsinə atəşfəşanlığın bitməsini gözləyirdim. Məhz onda körpələri bomba səsinə oyanan ölkələrin insanlarını iliyimə qədər anladım. Bir də onu anladım ki, yaşamadığın şeyləri yazmaq, anlatmaq, dərk etmək faydasızdır. Onda insanlar sənə inanmaz.

"Hər şey yaxşı olacaq deyirlər. Hər şey yaxşı olmur. Müharibələrin başladığı və bitmədiyi dünyada hər şey yaxşı ola bilməz".

Mən tarix fakültəsini bitirmişəm. Elə ilk kursdan doğru yerdə olmadığımı anlayırdım. Tarix suallarıma cavab vermirdi. Tarixə inanmırdım. Rəqəmlər, hadisələr tələsə-tələsə, bir-birini itələyə-itələyə əvəzlənirdi. Şahlar, vəzirlər, prezidentlər, baş nazirlər gəlib-gedirdi. Tarixdə müharibələrin qurbanları ətdən, sümükdən deyildi, onlar rəqəmlər, işarələr formasında idilər. Ədəbiyyat isə yüzminlərin içindən bir adamı, bir ailəni, bir kəndi, bir ölkəni seçib göstərirdi. Mən yazıçılığı seçdim. Dünyaya insanlar, daha çox görünməyən insanların hadisələri vasitəsilə baxmaq istədim. Çünki insan əzabının görünmədiyi, göstərilmədiyi "Tarix" vasitəsilə dünyanın müharibəsiz, ölümsüz yerə çevriləcəyinə olan ümidimi itirdim. Prezidentlərin, siyasi hakimlərin sülh gətirəcəyinə inanmadım. Əvəzində, fərdlərə, xalqlara üz tutdum.

"Hər kəs mütləq hüquqla öz həyatının sahibidir; müharibə xoşbəxtliklə bağlı vədlərlə dolu olan insan həyatlarını məhv edir" (c).

"Müasir dövrdə pasifistin əsas vəzifəsi müharibənin səsləndirdiyi şüarlardan uzaqlaşa bilmək, özünəməxsus fakt və ideyalarla həqiqətə yaxınlaşmaqdır" (c).

Həqiqət isə sülhdür. Həqiqət müharibə ola bilməz. Biz həqiqətin xeyirdə olduğuna və şərin əks qütbündə dayandığına əminik. Müharibə şərin qalib gəldiyi məkandır...

Sülhlə bağlı xeyli elmi-bədii ədəbiyyat oxumuşam. Onlardan birini xatırlamaq istədim.

Eynşteyn fizik olmaqla yanaşı, həm də bəşəri sualları ictimai müzakirəyə çıxarırdı. Onun Taqorla, Cənubi Afrika köklü azyaşlı qızla dialoqları məşhurdur. Onun Freydə ünvanladığı məktublar da dünyanı anlamağa çalışanlar üçün maraqlı mənbədir.

Eynşteyn Freydə ünvanladığı şiddət, sülh və insan təbiəti haqqında açıq məktubda təxminən belə deyirdi:

QEYD: Bu yazışmalar ancaq 1933-də - həm Eynşteyni, həm də Freydi sürgünə yollayan Hitlerin iqtidara keçməsindən sonra - "Why war?" (Niyə müharibə?) başlığı altında məhdud sayda nazik bir kitabça halında nəşr edildi. İngiliscə tərcüməsi isə cəmi 2.000 nüsxə ilə çap olunmuşdu, əksəriyyəti də müharibə zamanı yoxa çıxmışdı. Lakin yazışmalar Bertrand Rassellin ön sözü ilə yayımlanan "Eynşteyn - sülh haqqında" (Einstein on Peace) kitabının 1960-cı il nəşri ilə bu günümüzə gəlib çata bildi.

"Düşüncənizə hakim olan həqiqəti tapmaq ehtirasına heyranam. İnsan təbiətində zorakılıq və dağıdıcı instinktlərin sevgi və dünyəvi həzlərlə qol-boyun olub birgə addımladığını şübhəyə gəlməz bir aydınlıqla ifadə edirsiniz. Eyni zamanda, insanı daxili və ya xarici müharibələrdən xilas etmək uğrunda sədaqətlə çalışırsınız. İsa peyğəmbərdən tutmuş Höteyə, Kanta qədər öz ölkələrinin və dövrlərinin hüdudlarından kənarda da əxlaqi və mənəvi liderlər kimi tanınanlar bunun gerçəkləşəcəyinə ümid ediblər. İnsanların əməllərinə təsir etmək istəkləri uğurla nəticələnməsə də, onların bəşəriyyətin ideya liderlərlərinə çevrilməkləri xeyirin qələbəsi deyilmi? Əminəm ki, hətta xeyir naminə çalışan kiçik qrupların liderləri də eyni idealları bölüşürlər. Lakin təəssüf ki, onlar siyasi hadisələrin gedişatına az təsir edə bilirlər. Xalqların taleyi üçün ən vacib qərarlar xirtdəyə qədər məsuliyyətsiz siyasi idarəçilər tərəfindən verilir. Siyasi liderlər və ya hökumətlər iqtidarlarını ya güc tətbiq etməklərinə, ya da kütlədən yararlanaraq vəzifəyə seçilməklərinə borcludurlar. Onları xalqın üstün intellektual və mənəvi nümayəndələri kimi təqdim etmək olmaz. İntellektual elita isə tarixin gedişatına birbaşa təsir etmir. Halbuki yeganə yol əməlləri ilə etimad qazanmış mütərəqqi intellektual qüvvələrin şəbəkəsini yaratmaqdır".

İndi məni də düşündürən ən böyük sual budur; bəşəriyyəti müharibə məngənəsindən xilas etmək üçün yol varmı? Bunu kim, kimlər edə bilər?

Tarixin gedişatı, müasir elmin inkişafı nəticəsində həyat və ölümün dəyəri ilə bağlı suallar ortaya çıxdı. Müharibələrin bircə faydası oldu; insanlar savaşın iyrənc üzünü gördülər və elmlə silahlanan adamlar xoşbəxt dünya üçün məhz sülhün zəruri olduğunu anladılar. Nə vaxtsa başlayan savaş bitmir, illərlə, əsrlərlə davam edir. Fiziki yaralar sağalsa da, mənəvi, ruhi zədələr adamdan adama, nəsildən nəsilə miras kimi ötürülür. Və gələcəyin sağlam olması mümkünsüzə çevrilir. Mən müharibəyə iki şeyə görə qarşıyam.

1. Onu başladanlara və davam etdirənlərə güvənmirəm.

2. Hansısa müharibənin konkret zaman çərçivəsində başlayıb, bitdiyinə inanmıram.

Müharibəyə getmək, vuruşmaq seçim ola bilməz. Savaş hər doğulan körpə ilə bərabər böyüyən məcburiyyətə çevrilməməlidir. Tarixən savaş texnikası dəyişsə də, mahiyyət olduğu kimi qalır. Savaş savaşdır, zorakılıqdır, qandır, dəhşətdir. Sivil inkişafın gəlib çatdığı məqam bizə aid olduğunu düşündüyümüz şeyi güc tətbiq etmədən, zəka ilə, sözlə ala bilməkdir.

Mənim ömrümə yazılan tək müharibənin Birinci Qarabağ müharibəsi olmasını istəyirəm. İkincisi olmasın. Bu müharibədə haqlı, işğala məruz qalan tərəf Azərbaycandır. Amma mən İkinci Qarabağ müharibəsinin başlaması ilə münaqişənin sonlanacağını düşünmürəm. Kaş, belə olaydı. Amma olmayacaq. Çünki əsrlərlə közərən münaqişə ocaqları zaman-zaman alovlanıb, on minlərlə insan taleyini yarıda qoyub, milyonlarla insanı evindən, uşaqlığından, gələcəyindən qoparıb, bütöv bir xalqı yarımcan edib. O ocağın bir də alovlanmaması üçün ağılla, sədaqətlə, fədakarlıqla, dürüstlüklə çalışmaq lazımdır. Sözlə, danışıqla, güclü Azərbaycanla qalib gəlmək mümkünsüz deyil. Mən buna inanıram. Buna çalışıram. Çünki mən yazıçıyam. Yazıçı müharibəni sevə bilməz. Çünki yazıçının işi insan duyğularını və yaşantılarını göstərə bilməkdir. Müharibə isə insanın ən çox əzab çəkdiyi, humanizmin və sevincin, ümidin baltalandığı meydandır. Müharibə körpələrin bomba partlayışına oyandığı, atəş səsləri ilə yuxuya getməyə çalışdığı dünyadır. Belə dünyanı kim sevə bilər ki? Yazıçı isə heç sevə bilməz...

 





26.08.2020    çap et  çap et