525.Az

"Müxalifətin öz problemlərini çözmələri üçün küçə və meydanlara ehtiyac yoxdur"


 

MAİS SƏFƏRLİ: "PARTİYALAR İSTƏNİLƏN VAXT HAKİMİYYƏTLƏ ƏLAQƏ YARADIB, SÖZÜNÜ DEYƏ BİLİR"

"Müxalifətin öz problemlərini çözmələri üçün küçə və meydanlara ehtiyac yoxdur"<b style="color:red"></b>

Siyasi dialoq

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Yurddaş Partiyasının sədri Mais Səfərlidir.  

- Mais bəy, bir müddətdir ki, Azərbaycanda iqtidarla müxalifət arasında dialoq başlayıb. Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqunun əhəmiyyəti nədədir?

- Cəmiyyətin inkişaf prosesində, dövlətin həyatında ləngimələr, durğunluqlar yarananda, bunlar sistemin daxilində müəyyən neqativlərə yol açır, mənfi meyllərə, geriləmələrə səbəb olur. Azərbaycan demokratik, hüquqi dövlətdir. Demokratiya dinamik bir prosesdir və zamanın ruhuna uyğun olaraq həmişə inkişaf etməlidir. 2016-cı il referendumundan və 2018-ci il növbədənkənar Prezident sçkilərindən sonra Azərbaycan Prezidenti ölkədə genişmiqyaslı islahatlara start verdi. Bu gün dövlət həyatının demək olar ki, bütün sahələrində böyük miqyaslı dəyişikliklər aparılır. Bunlar hamısı bizim gözümüzün qarşısında baş verən proseslərdir. Siyasi sferadakı keyfiyyət dəyişiklikləri də çox vacib əhəmiyyət daşıyır. Çünki siyasi sfera da dövlət həyatının, xüsusilə də demokratik hüquqi dövlətin ən mühüm sahələrindən biridir və burda da mütləq müəyyən dəyişikliklər, yeniliklər həyata keçirilməlidir. Bu işin aparılması üçün Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin sağlamlaşdırılması istiqamətində müəyyən işlər görülür və bu işlərin daha intensiv aparılması üçün Prezident Administrasiyasında həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni bir şöbə - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Şöbənin müdiri Ədalət Vəliyev ölkədə tanınan və hörmətlə qarşılanan ziyalıdır. Onun partiya sədrləri ilə keçirdiyi görüşlər demək olar ki, müntəzəm xarakter daşıyır. Prosesi istər cəmiyyət, istərsə də siyasi spektrin bütün  tərəfləri çox müsbət qarşılayır. Yurddaş Partiyası da bu prosesə çox müsbət yanaşır və onun fəal iştirakçılarındandır. Düşünürük ki, Azərbaycanda yeni siyasi konfiqurasiyanın yaranmasında, siyasi həyatın müasirləşməsində, Azərbaycanın demokratik, hüquqi  inkişafında məhz bu dialoqun, belə siyasi təmasların çox böyük əhəmiyyəti var.

- Dialoq başlayandan sonrakı prosesləri qiymətləndirsək, sizcə, aparılan müzakirələri qaneedici saymaq olarmı?

- Hesab edirik ki, bu, Azərbaycan xalqının maraqlarına xidmət edən kifayət qədər ciddi bir prosesdir. Bizi bu müzakirələrdə daha çox qane edən budur ki, hakimiyyət tərəfindən heç nə diktə olunmur. Hakimiyyət  siyasi baxışlarından, siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaları dialoqa dəvət edib və kiçik istisnalarla, demək olar ki, siyasi həyatın iştirakçılarının hamısı bu prosesə qatılıb. Yəni burda siyasi baxışlar nəzərə alınmır. Hər kəs öz baxışlarında, fikirlərində sərbəstdir. Hər kəs istədiyi fikirləri müzakirəyə gətirmək və asanlıqla öz mövqeyini müdafiə etmək imkanlarına malikdir. Əvvəllər olduğu kimi hansısa bir basqı, ştamplar yoxdur. Yurddaş Partiyasını xüsusilə qane edən məhz bu məsələlərdir. Təbii ki, hər bir müzakirə ondan ötrüdür ki, insanlar anlaşsın, ümumi məxrəcə  gələ bilsinlər. Azərbaycanın qarşısında çoxsaylı problemlər dayanıb, o cümlədən, siyasi sahədə də çoxlu problemlər yığılıb qalıb. Onların həlli üçün təbii ki, belə müzakirələrin çox böyük əhəmiyyəti var. Bu baxımdan biz həmin müzakirələri qənaətbəxş hesab edirik.

- Yurddaş Partiyası dialoq çərçivəsində hansı məsələlərə diqqət çəkir  və nə kimi təkliflər irəli  sürülüb?

- Biz dialoq çərçivəsində çox məsələlərə diqqət çəkirik. Əlbəttə, ilk növbədə ölkəmizdə baş verən hadisələri, dünyada cərəyan edən prosesləri və onların ölkəmizə nə kimi təsiri ola biləcəyini müzakirə edirik. Təbii ki, biz müəyyən təkliflərlə də çıxış etmişik. Həmin təkliflərin spektri çox genişdir. Onlardan bir neçəsini diqqətə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bu gün ölkədə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Qanunçuluğun möhkəmləndirilməsi ilə əlaqədar çox ciddi işlər görülür. Bu, Prezidentin fəaliyyətində davamlı xarakter alan bir işdir. Artıq korrupsiya ilə mübarizənin çox ciddi nəticələrini  də cəmiyyət görür və bu mübarizəni dəstəkləyir. Biz belə hesab edirik ki, bu gün ölkədə bu proseslərin daha da gücləndirilməsi, daha da intensiv aparılması, cəmiyyətin bütün siyasi spektri tərəfindən birmənalı şəkildə dəstəklənməsi üçün cəmiyyətin siyasi elementlərini, ictimai təşkilatları da buna cəlb etmək lazımdır. O baxımdan hesab edirik ki, Korrupsiya ilə mübarizə üzrə Dövlət komissiyasının işinin yeniləşməsinə ehtiyac var. Orda siyasi partiyaların nümayəndələrinin, ictimai sektorun, vətəndaş cəmiyyətinin iştirakı vacibdir. Sadə vətəndaşların nümayəndələrini də ora daxil etmək ümumi işin xeyrinədir. Belə bir təklif vermişik. Digər tərəfdən, bildiyiniz kimi, ortaq mövqelər olan məsələlər var. Məsələn, Qarabağ problemi. Bu məsələdə hamımız eyni mövqedən çıxış edirik. Belə bir platformada dövlətlə siyasi partiyaların birləşməsi çox vacibdir. 12 iyul hadisələri Azərbaycandakı siyasi kəsimin  də Ali Baş Komandanın, dövlətimizin yanında olduğunu göstərdi. Bizim partiya da bununla bağlı ilk bəyanat verən partiyalardan biri oldu. Biz dövlətimizi, Ali Baş Komandanı dəstəklədik. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların əksəriyyəti ümumi bəyanatla çıxış etdi. Belə bir həmrəyliyin, birliyin ümummilli məsələlərimizin həllində çox böyük rolu var. Odur ki, biz təklif etmişik ki, Prezidentin yanında müxtəlif baxışlı siyasi partiyaların Məşvərət Məclisi olmalıdır. Yəni dövlətin qarşısında yarana biləcək problemləri dərhal müzakirə edib, dövlətimizə dəstək olmaq üçün birləşə biləcəyimiz bir platformadan söhbət gedir. Bu baxımdan bizim təklifimiz yerinə düşür. Siyasi partiyalara yaradılacaq şərait, göstəriləcək dəstəklə də bağlı öz təkliflərimizi vermişik. Hesab edirik ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi günün aktual problemlərindən olmalıdır. Partiyaların qərargah problemləri də dövlət tərəfindən həll edilməlidir. Bunlarla bağlı təkliflər irəli sürmüşük.

- Bəzi partiya sədrləri artıq dialoqun ilkin nəticələrinin olduğunu deyirlər. Siz necə düşünürsünüz?

- Müzakirələrin nəticələri əlbəttə ki, göz önündədir. Bu gün siyasi spektrdə baş verən hadisələri, cəmiyyətin ümidlə yanaşdığı proseslərin olduğunu görmək mümkündür. İlkin nəticənin özü elə bu partiyaların hakimiyyətlə istədiyi vaxt əlaqə yaratması, sözünü deyə bilməsidir. Bu, ən böyük nailiyyətdir. Əvvəllər dövlətlə cəmiyyətin ümumi maraqları ilə bağlı elə məsələlər olurdu ki, heç kimə əl çatmırdı. Amma indi istənilən vaxt istənilən sözümüzü Ədalət Vəliyevlə bölüşə bilərik, ona çatdıra bilərik. Hesab edirəm ki, indiki mərhələ üçün bu, çox böyük bir uğurdur və cəmiyyət də bunu qiymətləndirir. Digər tərəfdən, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxalifət partiyaları Milli Məclisin rəhbərliyi, komitələrinin rəhbərliyi səviyyələrində təmsil olunurlar. Məgər bunun özü azdır? Bu o deməkdir ki, artıq bu gün müxalifətin problemlərini çözmək üçün küçə və meydanlara ehtiyac yoxdur. Bunu masa arxasında, parlament çərçivəsində həll etmək olar. Bunu da böyük bir nəticə kimi, qimətləndirməyi vacib hesab edirəm. Digər bir nəticə bildiyiniz kimi uzun illər idi ki, Azərbaycanda yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, siyasi arenaya yeni təşkilatların daxil olması məsələsində sanki bir maneələr var idi. Bu gün bunlar hamısı ortadan qaldırılıb, artıq yeni siyasi təşkilatlar qeydiyyatdan keçib. Siyasi meydana yeni qüvvələr daxil olub. Bunların hamısını müsbət nəticələr kimi dəyərləndirirəm.

- Hakimiyyət tərəfinin qaldırılan məsələlərə yanaşması necədir?

- Yurddaş Partiyasının qaldırdığı elə bir məsələ olmayıb ki, iqtidar nümayəndələri ona diqqətsiz yanaşsınlar, yaxud sərt qarşılasınlar. Qətiyyən belə olmayıb. Hər bir məsələyə olduqca ədəb-ərkanla, normal yanaşma, qayğı  göz qarşısındadır. Bunun özü də bir nəticədir. Bu müzakirələri apararkən nəyi hiss edirsən - sanki bərabər hüquqlu tərəflər var ortada. Hakimiyyət özünün digər partiyalardan üstün olduğunu qətiyyən bildirmir, hansısa şərtlər qoymur. Belə şəraitdə müzakirələrin aparılması olduqca düzgündür, partiyalar tərəfindən çox xoş qarşılanır.

- Mais bəy,  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinın müdiri Ədalət Vəliyev partiya sədrləri ilə ayrıca görüşlər keçirir. Ümumi bir görüşün keçirilməsi gözlənilir?

- Güman edirəm ki, ümumi görüşün keçirilməsi də mümkün olacaq. Buna da zərurət var. Amma bildiyiniz kimi, pandemiyanın diktə etdiyi şərtlərlə yaşayrıq. Belə şəraitdə görüşlərin keçirilməsi - özü də bu, kütləviliyi ilə seçilən görüş ola bilər, hələ mümkün deyil. 60-a yaxın siyasi təşkilat var. Onların nümayəndələrini bir yerə yığmaq özü kütləvi tədbir hesab edilir. Yaxud videokonfrans şəklində görüş keçirməkdən danışsaq, elə partiyalar var ki, bəlkə onların texniki imkanları yoxdur. Bütün bunlar nəzərə alınarsa, mənə elə gəlir ki, yaxın gələcəkdə ümumi bir görüşün keçirilməsinə də ehtiyac duyulur və keçiriləcəkdir. Bu barədə də söhbətlərimiz olub, hakimiyyətin özündən gələn bir təklifdir ki, belə görüşlərin keçirilməsi doğru ola bilər. Düşünürəm ki, epidemioloji vəziyyət imkan verərsə, belə görüşün keçirilməsi zəruri və əhəmiyyətli olacaqdır.

- Dialoqda iştirakdan imtina edən müxalifət partiyaları var. Həmin iki partiyanın bu mövqeyi prosesə hər hansı təsir göstərirmi?

 -Bəli, bayaq bəzi istisnaları qeyd etdim, AXCP və Müsavatdan savayı, bütün partiyalar hakimiyyətlə dialoqa qatılıblar. Bütün bu proses cəmiyyətdə müsbət qarşılanır. Ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyada iki partiyanın yer almaması başadüşülən deyil və cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Bildiyimə görə, həmin partiyaların sıravi üzvləri arasında iqtidarla münasibətləri normallaşdırmaq istəyən çox sayda insanlar var. Bu gün özünü təcrid etmək, proseslərə belə yanaşmaq ilk növbədə həmin partiyaların özünə mənfi təsir edir. Bu təcrid nəticəsində həmin partiyalarda müəyyən geriləmələr, zəifləmələr var, onların rayon strukturları dağılmaq üzrədir. Bütün müxalifət düşərgəsində olan partiyalar, o cümlədən, radikal mövqedə olanlar da Prezidentin yeni siyasi kursunu, genişmiqyaslı islahatlar, korrupsiyaya, rüşvətə qarşı mübarizəni dəstəkləməlidir. Bu gün dəyişən, yeniləşən, daha da demokratikləşən qanunlara hörmət edilən bir ölkədə müxalifət öz siyasi arzularını, proqramlarını həyata keçirmək imkanı qazanır. Bundan yaxşı nə ola bilər? Hesab edirəm ki, yəqin o partiyalarda müzakirələr aparılarsa, üzvlərinin əksəriyyətin fikri üstün götürülərsə, onlar da bu prosesə qatılarlar. Bundan ilk növbədə onların özü qazanar və ölkədə siyasi həmrəyliyin yaranması baxımından da, bu, əhəmiyyətli ola bilər.

PƏRVANƏ

 





26.08.2020    çap et  çap et