525.Az

Öz işinin ağası olmaq - Gənc fermerlə müsahibə


 

AQŞİN NEMƏTOV: "MƏN ÖZ QAZANCIMI BU SAHƏDƏ TAPMIŞAM VƏ BU İŞİ GÖRMƏK ÜÇÜN KİMSƏ MƏNƏ GÖSTƏRİŞ VERMİR"

Öz işinin ağası olmaq - <b style="color:red">Gənc fermerlə müsahibə </b>

Çalışırıq ki, hər həftə sizin görüşünüzə yeni bir zəhmət adamı, halal əməyi ilə kənd təsərrüfatını şəxsi qazanc, biznes mənbəyinə çevirən bir vətəndaşla gələk. Rubrikamızın əsas məqsədi də kənd təsərrüfatına marağı artırmaq, dövlətimizin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və önəmə dəstək olmaqdır.

Əgər biz təbii sərvətlərlə dolu torpaqlarımızı əkib-becərsək, gənc nəsildə kənd təsərrüfatı sahəsinə marağı artıra bilsək, bununla ölkəmizin də maddi ehtiyatlarına qatqı vermiş olarıq.

Bu sahədə əmək qoyan təsərrüfatçılarımızdan biri də Tərtər rayonunda əkinçilik və maldarlıqla məşğul olan Aqşin Nemətovdur.

Rubrikamızın budəfəki qonağı olan Aqşin Nemətov təsərrüfat biznesini öz zəhməti və alın təri ilə qurub yaradan insanlardandır. 

"Hərbi xidmətdən gələndən təsərrüfatla məşğulam" 

- Aqşin bəy, əvvəlcə bir qədər özünüz haqda məlumat verin.

- Mənim 27 yaşım var, Tərtər rayonunun İsmayılbəyli kəndində dünyaya gəlmişəm.

- Neçə vaxtdır, kənd təsərrüfatı ilə məşğul olursuz?

- 2013-cü ildə hərbi xidməti başa vurub qayıtdım. Elə o vaxtdan da təsərrüfatla məşğul olmağa başladım. Bu illər ərzində təsərrüfatımda taxıl, arpa, yonca, pambıq, qarğıdalı kimi bitkilər yetişdirmişəm.

- Nə qədər torpağınız var?

- Hazırda beş hektar ərazidə əkin edirəm. Amma düşəndə, icarəyə də götürürəm.  

"Mənə hər işi təsərrüfat özü öyrədir"

- İşiniz yalnız əkinçilikdir? Başqa işlərlə də məşğul olursuz yoxsa?

- Mən əsasən, maldarlıqla məşğul oluram. Əkinçilikdəki fəaliyyətim də elə heyvanların yemlə təmin olunmasını qarşılamaq üçündür.

- Bu il nə əkib-becərdiniz?

- Bu il iki hektar yonca, bir hektar arpa əkmişdim. Arpanı biçdikdən sonra onun yerinə ikinci əkin kimi qarğıdalı əkdim. Bundan başqa, bir hektar taxıl, bir hektar da mal-qara üçün otlaq sahəsi ayırmışam. İndi ora payız əkinində bir hektar taxıl, bir hektar da yonca əkəcəyəm.

"Pambıq əkmək daha çox zəhmət tələb edir" 

- Maşallah, bərəkətli olsun. Bu qədər bölüb-bölüşdürüb hər birinə ayrılıqda nəzarət etmək çətin olmur ki?

- Xeyr, əksinə, hər bitkidən əkəndə daha maraqlı olur. Əslində, nə qədər çətin olsa da, bu işlər mənimçün asan gəlir. Onu deyim ki, mənə hər işi təsərrüfat özü öyrədir.

- Hansı bitkilər daha çox zəhmət, qayğı tələb edir? Tərtərin torpağına, hava şəraitinə daha çox hansı bitkilər uyğundur?

- Tərtərin torpağı da, təbii şəraiti də bütün bu saydığım bitkilərin hamısı üçün əlverişlidir. Çətinlik baxımından bir dənə pambığı misal çəkə bilərəm. Çünki pambıq əkmək daha çox zəhmət tələb edir. Geridə qalanı isə hamısını texnika həll edir. İş yükünün azlığı baxımından ən yaxşısı yonca, taxıl və arpadır.

"Düzdür, dövlət dəstəyi var, amma..." 

- Bildiyim qədəriylə dövlət dəstəyi daha çox pambıqçılıqda var. Digər bitkilərin əkinində isə əziyyət daha çox elə sahibkarın üstünə düşür. Bu işdə dövlət dəstəyi nə dərəcədə köməyinizə çatır? Hansı dəstək proqramlarından yararlana bilirsiniz?

- Açıq danışaq, düzdür, dövlət dəstəyi var, amma sonda dövlət tərəfindən bu işə çəkilən xərci geri ödəməli olursan. Bu da mənə sərf eləmir. Dərman məsələsində də eynən bu cürdür. Buna görə də mənə hər şeyi öz şəxsi pulumla alıb etmək sərfəlidir.

- Yonca və digər bitkilər üçün torpağın nəmliyi kifayət edirmi? Ümumiyyətlə, digər müsahiblərimin təsərrüfatda əsas problem kimi göstərdiyi ən böyük məsələ su problemidir. Bu istiqamətdə dövlət də əlindən gələni etməyə çalışır ki,  kənd təsərrüfatı və sahibkar ziyan çəkməsin. Sizdə necədir, əkinçilikdə və maldarlıqda su problemi ilə qarşılaşırsınız?

- Bəli, bizim sahələrdə də su problemi yaşanır. Demək olar ki, ən böyük problemlər elə suvarma prosesində yaşanır. Amma çətinlik olsa da, bir şəkildə yenə suvarıram. Məsələ belədir ki, bir hektar üçün yonca bir dəfə suvarılanda 100-150 bağ verdiyi halda, iki dəfə suvarılanda 200-250 bağ verir. Bu baxımdan, suyun çatışmazlığı məhsuldarlığa həqiqətən təsir edir.  

"Bir dənə də artezian qazılsa, işim nisbətən rahat olar"

- Bəs, sizin əkin sahələrinizə yaxın yerlərdə artezian quyuları yoxdur? Belə çıxır ki, siz həm də suvarmaya əlavə xərc qoyursuz?

- Əlbəttə, var. Amma azdır, kifayət etmir. Buna görə də suvarmada çətinlik çəkirəm. Bəli, məcburən əlavə xərc gedir su üçün. Bir dənə də artezian qazılsa, işim nisbətən rahat olar.

- Təsərrüfatda heyvandarlığa daha çox yer verdiyinizi dediniz. Bir az da bu sahədəki işinizdən danışın. İribuynuzlu heyvanlar saxlayırsız, ya qoyunçuluqla məşğul olursuz?

- Əsas iribuynuzlu heyvanlar, inək saxlayıram. Belə deyim, həm ətlik heyvan saxlayıram, həm də südlük.

"Heyvandarlıqla məşğul olmaq daha sərfəlidir"

- Təsərrüfatın iki sahəsiylə də məşğul olursuz. Yəqin hər birinin ayrı əziyyəti və o zəhmətin də qarşılığı olur. Müqayisə etsək, hansı daha sərfəli sahə hesab olunur - taxılçılıq, yoxsa heyvandarlıq?

- Mən deyərdim ki, heyvandarlıqla məşğul olmaq daha sərfəlidir mənimçün. Ümumiyyətlə, mal təsərrüfatı gəlirli sahədir. Buna görə də mən özüm heyvandarlığa daha çox üstünlük verirəm. Dediyim kimi, təsərrüfatda əkib-becərdiyim bitkilərin hamısı da heyvanlar üçündür. Bunlardan ən çox yonca və arpa heyvanın yemində istifadə olunur.

"Təkcə təsərrüfatla məşğul olmaq dolanışıq üçün bəs eləmir" 

- Təkcə təsərrüfatla məşğul olmaq dolanışıq, normal yaşayış üçün bəs edirmi? Yoxsa əlavə qazanc üçün başqa işlər də görmək lazım gəlir?

- Əlbəttə, təkcə təsərrüfatla məşğul olmaq dolanışıq üçün bəs eləmir. Başqa işlə də məşğul oluram. Mənim texnikam da var. Təsərrüfat işlərini həll edib qaydasına qoyandan sonra texnikamla gedib müxtəlif işlər də görürəm - ot biçini, daşınma işləri. Buna görə də gələcəkdə yavaş-yavaş texnikamın sayını da artırmaq fikrim var.

- Əlinizdə olan təsərrüfatı necə artırmağı fikirləşirsiz? Daha çox hansı istiqamətdə təsərrüfatı genişləndirmək maddi baxımdan sərf edir: təsərrüfat texnikası, heyvandarlıq, yoxsa taxılçılıq?

- Müəyyən zamandan sonra yavaş-yavaş hər birini böyütməyi düşünürəm. Amma dediyim kimi, heyvandarlıq mənim üçün birinci təsərrüfat sahəsi olaraq qalır.

"Kənd təsərrüfatı ilə məşğul olduğum üçün peşman deyiləm"

- Müsahibələrimin hər birindən soruşuram: təsərrüfatla məşğul olan insan üçün bu iş məcburiyyətidir, yoxsa bu sahəyə həqiqətən həvəs, istək var? Siz özünüzə maraqlı olduğu üçün heyvandarlıq və əkinçiliklə məşğul olmağa başladınız, yoxsa rayonlarda işsizlik və sair kimi problemlər olduğundan kənd təsərrüfatı ilə məşğul olmağı seçmisiniz? Yəni sizdə bu sahəyə xüsusi bir maraq varmı?

- Belə deyim, ən əsas məsələ budur ki, bu, mənim öz işimdir, şəxsi biznesimdir. Mən öz qazancımı bu sahədə tapmışam və bu işi görmək üçün kimsə mənə göstəriş vermir. Mənim üçün əsas olan budur ki, kimsə mənə demir ki, dur gəl işlə. Özüm nə vaxt istəsəm, işimə gedirəm. Yəni sərbəstlik, heç kimdən asılı olmamaq mənim üçün birinci şərtdir. Bu baxımdan hə, kənd təsərrüfatı mənim öz seçimim olub. Digər tərəfdən, əlbəttə, təsərrüfatla məşğul olmağıma işsizlik problemi də təsir göstərib. Amma kənd təsərrüfatı ilə məşğul olduğum üçün peşman deyiləm. Bu sahəyə məndə həm maraq, həm də həvəs var.

Natəvan ABDULLA

 





26.08.2020    çap et  çap et