525.Az

Van Qoqun avtoportreti - "Bir rəsmin dedikləri"


 

Van Qoqun avtoportreti - <b style="color:red">"Bir rəsmin dedikləri"  </b>

Rubrikamızın budəfəki qonağı rəssam Teymur Daimidir. Teymur Daimi ilə Van Qoqun avtoportreti haqqında danışmışıq. 

- Bu portretin yaranması haqqında müxtəlif fikirlər var. Sizcə, söylənilən fikirlər həqiqəti nə dərəcədə əks etdirir?

- Bu əsərlə bağlı ən çox səslənən iki fərziyyə var. Birincisi, Van Qoqun öz qulağını sevdiyi qadın üçün kəsməsidir. Sözün açığı, mən buna inanmıram. İkinci fərziyyə həqiqətə daha yaxındır. Deyilənə görə, Van Qoq yaxın dostu Pol Qogenlə kəskin mübahisə edir. Və bu mübahisədən sonra qulağını kəsir.

- Mübahisənin səbəbləri barədə məlumat varmı?

- Hə. Pol Qogen Fransanın tanınmış rəssamlarındandır. O dövrdə Van Qoq Pol Qogenlə birgə bir rəssamlıq mərkəzi yaratmaq istəyir. Elə bir mərkəz ki, burada rəssamlar azad şəkildə yaradıcılıqla məşğul ola bilsinlər. Bu, Van Qoqun arzusu idi. Qogen bu ittifaqdan çıxmaq istədiyini deyəndə o, çox əsəbləşir. Aralarında böyük mübahisə olur. Ümumiyyətlə, Van Qoqla yola getmək çətin məsələ idi. Qogen qeydlərində yazır ki, Van Qoq çox işıqlı, çox yaxşı adamdır, ancaq onunla yola getmək mümkün deyil. Onun keçirdiyi ruhi sarsıntılar münasibətlərə təsirsiz ötüşmürdu.

- Portretə baxanda onun üzündəki cizgilərdə bu sarsıntıların izini görə bilirik. Hətta rəssamın özünü olduğundan daha qoca təsvir etməsi də təsadüfi deyil.

- Ümumiyyətlə, Van Qoq kimi dahilər bizim görmədiyimiz şeyləri görüb, hiss edə biliblər. Onun çox çətin həyatı olub. Bu çətinliklər həm zahiri görkəmində, həm da daxili dünyasında öz əksini tapıb. Ona görə də onun yaşından xeyli böyük görünməsi bizi təəccübləndirməməlidir.

- Van Qoqun əslində, qulağını kəsmədiyini deyənlər də var. Onlar bunu belə əsaslandırır ki, qulağını kəsmiş olsa, ağrısına dözə bilməzdi. Bu barədə nə deyə bilərsiniz?

- Axı, şahidlər var. Avtoportretdən savayı, biz onunla eyni dövrdə yaşamış şəxslərin qeydlərində buna rast gəlirik. O ki qaldı ağrı məsələsinə, düzdür, qulağı kəsmək çox ağrılı olar. Ancaq insanlar var, əlini, ayağını kəsir, amma bu ağrıya dözürlər.

- İnsanların çoxu rəsmlərdə xoşbəxt, səliqə-səhmanlı qalmaq istəyirlər. Rəssamlar isə özlərini çox vaxt fərqli şəkildə təsvir edirlər. Niyə?

- Çünki onlar fərqli olanı axtarırlar, bu fərqi tapanda isə ondan qaçmırlar. Siz istər klassik, istərsə də çağdaş rəssamların avtoportretlərini baxdıqda belə qəribə halları çox görə bilərsiniz. Eləsi var özünü lüt çəkir, eləsi var əllərini, ayaqlarını kəsir. Onlar bunu təsadüfən etmirlər. Eyni qayda ilə ağrı və əzabların təsvirindən də qaçmırlar. Çünki səmimidirlər. Rəssam ilk növbədə səmimi olmalıdır. Normalda insan ağrılarından qaçır sanki. Fikir verin, insanlar adi şəkil çəkdirəndə gülümsəyirlər? Axı, niyə? Bu, şablondur və səmimi deyil. Mən şəkillərdə ciddi durmağı sevirəm. Çünki belə mənə daha rahatdır. Özünü çəkən rəssam da özünü hər halı ilə təsvir edə bilir. Van Qoq bu rəsmi çəkərkən bəlkə də, özü üçün çəkib. Heç düşünməyib ki, kimsə baxar. Məsələn, yazıçılar gündəliklər yazırlar. Çoxu bunu özü üçün edir. Daxili tələbatın təsiri ilə. Daha sonra onlar ya əsərə çevrilir, ya da heç üzə çıxmır. Van Qoq qulağını kəsdikdən sonra bintlə sarıyır və güzgüdə özünə baxır. Gördüyü adamı təsvir etmək istəyir və edir.

- Əsərdəki rənglər barədə nə deyə bilərik?

- Van Qoq yaradıcılığında rənglər həm də simvolikadir. Bu əsərin koloriti, rəng seçimi də fərqlidir. İlk baxışdan parlaq rənglər görürük. Əslində isə əsərdə bədbinlik var. Baxmayaraq ki, parlaq rənglərdən istifadə olunub. Rənglər sanki qışqırır. Burada kəskinlik var. Rənglərin nisbəti açıq və kobuddur.

- Bu rəsm bizə nə deyir?

- Bu, bir qədər mübahisəli sualdır. Çünki bir rəsmdə rəssamın nə demək istəməsi ilə nəticədə nə dediyi fərqli ola bilir. Bəzən tamaşaçı heç rəssamın demədiyini də düşünə bilir. Ona görə də rəsm haqqında konkret bunu deyir, bu mesajı verir demək olmur. Mesaj iki cürdür. Bir əsl mesaj, bir də tamaşaçının anladığı. İncəsənətin mütləq həqiqəti yoxdur. Tutaq ki, riyaziyyatda ikini ikiyə vuranda dörd edir. Bu, artıq konkretdir. İncəsənətdə isə həmişə sirli olan bir alt qat var. Bu sirri anlamaq asan deyil. Əgər belə olmasa, incəsənət öz mahiyyətini itirərdi. Rəssamın nə demək istədiyini konkret şəkildə ifadə etmək mümkün deyil. Əgər o konkretlik olsa, bir rəsmə bir dəfə baxmaq kifayət edərdi ki, sən o rəsmi başa düşəsən. Ancaq elə rəsmlər var ki, sən ona dəfələrlə baxıb rəssamın nə dediyini anlamağa çalışırsan. Sənətin özəlliyi də bundadır. O ki qaldı bu rəsmin nə dediyinə, məncə, Van Qoq burada bir şey deyir: Bu, mənəm...

Aytac SAHƏD

 





26.08.2020    çap et  çap et