525.Az

"Daha çox milli vətənpərvərlik ruhlu əsərlərə üstünlük veririk" - Reportaj


 

"Daha çox milli vətənpərvərlik ruhlu əsərlərə üstünlük veririk" - <b style="color:red">Reportaj</b>

Yevlax şəhəri həmişə Azərbaycanın mədəni həyatında mühüm rol oynayan bölgə kimi bu gün də zəngin mədəni irsə malikdir.
 
Burada fəaliyyət göstərən iki xalq teatrının uğurlu işlərini hələ Bakıdaykən görmüş, işıqlandırmışdıq. Yevlaxa səfərimiz zamanı Şəhər Mədəniyyət Mərkəzinin də qapısını döydük, həm mərkəz, həm də teatrlarla maraqlandıq. Ziyarətimiz maraqlı zamana təsadüf etdi. Belə ki, mərkəzin filialı olan şəhər Yaradıcılıq evində yeni ədəbi kompozisiyanın məşq prosesi gedirdi. Gördük ki, karantin qaydalarına, sosial məsafə şərtlərinə ciddi əməl edən kollektiv öz yaradıcılıq işlərindən də qalmır. Hazırlanan yeni kompozisiyanın mövzusu ana və vətən idi. Məşqdən sonra Mərkəzin direktoru, Fəxri mədəniyyət işçisi, Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev və Yaradıcılıq evinin direktoru, Əməkdar Mədəniyyət işçisi Zöhrə Adıgözəlova ilə həmsöhbət olduq.

Eldəniz Mustafayev söhbətinə qurumu tanıtmaqla başladı: "Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax Şəhər Mədəniyyət Mərkəzi və Mərkəzin filialı olan Yevlax Şəhər Yaradıcılıq evi özündə iki xalq teatrını birləşdirir: Bəşir Səfəroğlu adına Xalq Teatrı və Uşaq Kukla Xalq Teatrı. Teatrımız 1966-cı ildən dərnək kimi fəaliyyət göstərib, 1976-cı ildən xalq teatrı statusu alıb. Sonradan Kukla teatrımız yarandı ki, 2000-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ona da xalq teatrı statusu verildi. Bu illər ərzində teatrımızda 300-dən çox dünya və milli klassik, bədii əsərlər oynanılıb, fəaliyyətimiz heç də dövlət teatrlarından geri qalmayıb. Hər iki xalq teatrımız ölkədə ən yüksək səhnələrdə öz sözünü deyib, uğurlu çıxışlar edib. Əsasən də Bəşir Səfəroğlu adına Xalq teatrı. İştirak etdiyimiz bütün festival, müsabiqələrdən fəxri fərman, diplom və medallarla qayıtmışıq.

2009-cu ildə martın 2-3-də möhtərəm cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Yevlaxda oldu və bir neçə binanın açılışını etdilər. O cümlədən, bizim Mədəniyyət Mərkəzinin, bu Yaradıcılıq Evinin binalarını. Bu bina Yevlaxda "Teatrın binası" kimi tanınır.

Hazırda ən böyük istəyimiz Kukla Xalq teatrına "Dövlət" statusunun verilməsidir. Çünki bu bina Kukla Teatrına ən yüksək şəkildə xidmət etmək üçün əlverişlidir. Tamaşaçı zalımız geniş, səhnəmiz müxtəlif dekorlar üçün çox yararlıdır".



E.Mustafayevin sözlərinə görə, mərkəzdə vokal instrumental ansambllarından ("Kür" və "Amin"), meyxana, muğam və ədəbi birliklərə qədər özfəaliyyət kollektivləri də fəaliyyət göstərirlər: "Hər zaman dövlətimizdən diqqət və qayğı görmüşük. Bərdə Regional Mədəniyyət İdarəsi yaradılandan sonra Mərkəzimizə diqqət bir az da artırıldı. İdarənin rəisi cənab İlyas Hacıyevin qayğısı nəticəsində şəraitimiz daha da yaxşılaşdırılır, ehtiyaclarımız qarşılanır. Bu da bizim daha yaxşı işləməyimizə səbəb olur. Altı əməkdaşımız dövlət başçımızın sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülüb. Dövlət tərəfindən gördüyümüz bu etimad bizə stimul verir ki, daha yüksək şəkildə mədəniyyətimizə xidmət edək.

Mədəniyyət işçisinin vəzifəsi təkcə hansısa tədbirin sonunda şeir demək, səhnəcik göstərmək deyil. O, həm də cəmiyyətdə, sözün yaxşı mənasında, dövlətin dövlətçiliyin carçısı olmalı, harda olmağından asılı olmayaraq, maarifsiz təbəqəni bilgiləndirməlidir. Mədəniyyət ən kəskin silah növüdür.



Əhalinin teatrımıza marağı çox böyükdür. Hətta biz zaman-zaman eşidirik ki, dövlət teatrları belə bəzən tamaşaçı qıtlığı yaşayırlar. Bizim elə bir problemimiz yoxdur. Xüsusən, balaca tamaşaçılarımızın Kukla Teatrına marağı böyükdür. Öhdəliyimiz ildə bir tamaşa olsa da, ən az iki tamaşa təhvil veririk. Ondan başqa, hər yeni il ərəfəsində "Qış nağılı" tamaşalarımız olur. Məktəblilər tamaşalarımıza çox böyük həvəs gostərirlər. Müəllimlər də hər zaman razı qalırlar ki, bizim dərslərdə tədris edə bilmədiyimizi siz maarifçi tamaşalarınızla uşaqlara təbliğ edir, öyrədirsiniz. Hətta bizə məktəblərdən, bağçalardan zəng edirlər ki, uşaqlar yeni tamaşalar istəyirlər, təşkil edin, gələk. Böyüklər üçün olan teatrımıza da ziyalılarımızın marağı çoxdur. Tez-tez özləri soruşurlar ki, yeni tamaşa varmı, nə zaman olacaq və sair".

Yevlax Xalq teatrları hər zaman vətənpərvərlik ruhlu layihələrilə də seçilib. Onların hazırladıqları kompozisiyalar, səhnəciklər, tədbir-tamaşalar daim gənc nəslin vətənpərvəlik ruhda böyüməsinə, milli-mənlik şüurunun inkişafına xidmət edib. Bir mədəniyyət işçisi kimi onlar vətənimizin keşiyində duran əsgər, zabitlərimizi də unutmurlar: "Yevlaxda 4 hərbi hissə fəaliyyət göstərir. Tez-tez hərbi şəhərciklərdə əsgərlər, zabitlər üçün tamaşalar verir, mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirik. Ağcabədi, Yevlax ərazisində yerləşən Sərhəd Qoşunlarının bağçalarında hərbçilərimizin uşaqlarına nağıl tamaşalar göstəririk. Hərbi komissarlıqla birgə yeni əsgərlərimizin yolasalma mərasimlərini keçiririk. Tədbirlərimizdə hərbçilərimiz də yaxından iştirak edirlər. Allah nəsib eləsin ki, birlikdə qələbə günümüzü qeyd edək, qələbə ruhlu tədbirlər hazırlayaq".





Z.Adıgözəlova teatrların repertuarından söz açdı: "Respublikadakı digər Kukla Teatrlarıyla da əməkdaşlıq edirik. Bizə əsas dəstəyi və köməyi Qax Dövlət Kukla Teatrı və paytaxtda fəaliyyət göstərən "Körpəm" Eksperimental Uşaq Teatrı, Bakı Uşaq və Gənclər Teatrı, onların yaradıcısı və direktoru, Əməkdar artist İntiqam Soltan göstərir. Kukla Teatrı və Yeni İl şənlikləri üçün Arzu Soltanın əsərlərindən istifadə edirik. Qax Dövlət Kukla Teatrının rəssamı və rəhbərliyi bizə çox böyük dəstək verirlər. Hər birinə minnətdarıq.

Repertuarımızda "Güllü Güloğlan", "Cırtdan", "Dəcəl keçi", "Çıraq nənənin nağılı", "Tülkünün uçuşu" və başqa əsərləri qoymuşuq. Əsasən, Azərbaycan və digər xalq nağıllarına müraciət edirik.

Böyüklər üçün teatrımızda isə bəzən əsər qıtlığı yaşayırıq. İstərdik ki, yeni, müasir həyatla uzlaşan əsərlər olsun. Həm xarici, həm də yerli yazarların əsərlərinə müraciət edirik. Keçən il Lev Qraçın "Cırtqoz", Pərvinin "Qadınlar" əsərlərini oynadıq. Bu il isə Georgi Xaxayevin "Mənim qaynanam" və Məhərrəm Əlizadənin birpərdəli komediyalarına müraciət eləmişik".



Yevlax Xalq Teatrlarının müraciət etdiyi əsas mövzulardan birincisi vətənpərvərlikdir. Onlar balaca tamaşaçılarının, gənclərin milli duyğularda inkişafına mühüm diqqət ayırır, fəaliyyətlərini bu yöndə qurmağa çalışırlar: "Bir tez-tez hərbi vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda kompozisiyalar hazırlayır, video-çarxlar çəkirik. Bu mövzular bizim daim diqqət mərkəzimizdədir. Çalışırıq ki, gənclərimizin milli vətənpərvərlik ruhunda yetişməsi üçün əlimizdən gələni əsirgəməyək. Tamaşa seçimlərimizdə də buna xüsusi diqqət göstəririk. Xüsusən, Kukla Tetarımızın tamaşalarında uşaqlarımıza milli mənlik şüurunun aşılanması, əxlaqi dəyərlərin öyrədilməsi yönündə əsərlər təqdim edirik.

Şəhər sakinlərimizin, xüsusən gənclərin mədəniyyətimizin inkişafında birbaşa xidmətləri olan incəsənət xadimləri, ədəbiyyat adamlarını tanımaları üçün tez-tez canlı görüşlər təşkil edir, xatirə gecələri, yaradıcılıq günləri keçirir, ölkəmizin tarixindəki əlamətdar günlərin hər birini diqqətdə saxlayır, yüksək şəkildə qeyd edirik. İllərdir bu ənənəmiz davam etməkdədir".



Öyrəndik ki, Yevlax teatrının vətənpərvəlik ruhlu işləri heç də səbəbsiz deyilmiş. Bu teatr təkcə əsərləriylə deyil, həm də öz canı-qanıyla vətənə xidmət edib. Belə ki, Yevlax Xalq Teatrı həm də Qarabağ döyüşlərində şəhid verən teatrdır:

"Truppamızda həvəskarlarımız da var, İncəsənət Universitetini, kolleci bitirən aktyor, rejissorlarımız da.

Teatrımızın iki şəhid aktyoru var: Mahmud Hüseynov və Yaşar Quliyev. M.Hüseynov İncəsənət Universitetini bitirib təyinatla gəlmişdi. Burda fəaliyyət göstərən aktrisamızla ailə qurmuşdu. İki övladı, nəvələri var. O, 1992-ci, Yaşar isə 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə şəhid oldular. Biz bu gün də onlarla fəxr edir, xatirələrini əbədi yaşatmağa çalışırıq.



Teatrımızın tərkibində uşaqlar üçün "Səda" dram dərnəyi, "Pöhrə" uşaq ansamblı var ki, orda aktyorlar yetişdiririk. Valideynlərin də, uşaqların da maraqları böyükdür. O dərnəklərdən məzun olanlardan İncəsənət Universitetinə, Humanitar Kollecə qəbul olanları, oxuyub, yenidən qayıdanları da olur, sahəsini dəyişənləri də. Bəzən valideynlər uşaqları davam etməyə qoymurlar. Onların istəyilə uşaq tamam başqa sahəyə yönəlir".

Z.Adıgözəlova karantin dövrü və yeni mövsümə planlarından da danışdı: "Pandemiyada fəaliyyətimizi onlayn davam etdirdik, balacalara virusdan qorunmağın yollarını öyrədən kiçik səhnəciklər hazırladıq, eyvan konsertləri keçirdik. Eyni zamanda, aztəminatlı ailələr, tənha analar, məcburi köçkün, şəhid ailələrini pandemiya dövründə heç unutmadıq, dəstək olmağa, bacardıqca kömək etməyə çalışdıq.

Yeni mövsümdə Kukla Teatrı Osman Ümmanın "Qoğal" tamaşasını, böyüklər üçün teatr isə G.Xoxayevin və M.Əlizadənin əsərlərini hazırlayır. İnşallah pandemiya bitərsə, tamaşaçılarımızı yeni premyeralarımıza dəvət edəcəyik".

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





26.08.2020    çap et  çap et