525.Az

Virtual dövlət: Xəyal kimi reallıq


 

Virtual dövlət: <b style="color:red">Xəyal kimi reallıq</b>

Üç il öncə “Telegram” və “Vkontakte” sosial şəbəkələrinin yaradıcısı Pavel Durov “Apple” və "Google"a müraciət edərək onları özlərinin dövlətlərini yaratmağa çağırmışdı. Oxşar çağırış bir müddət sonra Feysbuka da ünvanlandı.
 
Rusiyanın Şukerberqi (Mark Elliot Zukerberq nəzərdə tutulur) adlandırılan Pavel Durov hesab edir ki, “Apple”, “Google” və Feysbuk heç bir dövlətdən asılı olmamaq üçün özlərinin dövlətlərini qurmalıdırlar. Durova görə, əks halda bu korporasiyaların təsisçilərinin missiyasına müdaxilə etməyə çalışan hökumətlər hər zaman olacaq.

Pavel Durov Rusiyanın ən böyük sosial şəbəkəsi olan “Vkontakte”dəki payını məhz Federal Təhlükəsizlik Xidmətinin (FTX) təzyiqlərindən sonra satmağa məcbur qalmışdı. 2013-cü ilin dekabrında FTX ondan Ukraynadakı Avromaydan hərəkatını təşkil edən “Vkontakte”dakı qrupun məlumatlarını istədi. Bu məlumatları xüsusi xidmət orqanına verməkdən imtina edən P.Durov 2014-cü ildə FTX-nin növbəti təzyiqi ilə üzləşdi. Bu dəfə FTX ondan Aleksey Navalnın “Vkontakte”dakı antikorrupsiya qrupunu bağlamağı tələb edirdi. Artıq FTX-nin təzyiqlərinin qarşısı alınmaz olduğunu görən P.Durov “Vkontakte”dakı payını satmaq məcburiyyətində qaldı.

“Telegram”ın da “Vkontakte”nin taleyini yaşamaması üçün Pavel Durov 2014-cü ildə Rusiyanı tərk etdi və bir daha geri qayıtmaq niyyətində deyil. Müşahidəçilər isə Vladimir Putin hakimiyyətdən getdikdən sonra P.Durovun Rusiyaya qayıdacağını düşünürlər. Yeri gəlmişkən, onu qeyd edək ki, “Telegram” rusdilli coğrafiyada ən populyar sosial şəbəkə hesab olunur. Belarusda Prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları əsasən “Telegram” kanallar üzərindən həyata keçirilir.

Pavel Durovun “Apple”, “Google” və Feysbuku özlərinin dövlətlərini yaratmaq çağırışı, heç şübhəsiz, bu yolla ilk nümunələrin yaranmasına nail olmaq, sonra isə onun özünün də bu nümunədən istifadə etmək cəhdi kimi də qiymətləndirilə bilər. Hazırda “Telegram”ın abunəçilərinin sayı Rusiyanın əhalisinin sayından təxminən üç dəfə çoxdur. Yəni bir gün P.Durov “Telegram”ı virtual dövlətə çevirsə, onun "vətəndaş"larının yerləşdiyi coğrafiya bir neçə ölkəni əhatə edəcək. Yeri gəlmişkən, qeyd edək ki, “Telegram” İranda da çox populyardır və 40 milyon iranlı bu sosial şəbəkədən istifadə edir.

Zaman-zaman dünyada sosial şəbəkələrin statusu artır və mövqeyi güclənir. Bu mənada Pavel Durovun “Apple”, “Google” və Feysbuka özlərinin dövlətlərini yaratmaqla bağlı tövsiyəsinin bir gün reallaşacağını istisna etmək olmaz. Vətəndaşları (abunəçiləri) və ərazisi (virtual platforma) olan bir təsisat özünün kriptovalyutasını da dövriyəyə buraxdıqdan sonra onun virtual dövlətə çevrilməsinin bünövrəsi qoyulacaq.

Pavel Durov özü də “Telegram”ın kriptovalyutasının olmasına çox iddialı idi. Son üç ildə demək olar ki, “Telegram”ın proqramçı mühəndislərinin qarşısında duran əsas vəzifə kriptovalyutanın və onun dövriyyəyə buraxılacağı platformanın hazırlanması idi. Hətta 2018-ci ilin sonunda Pavel Durovun bu məqsədlə 1.7 milyard dollar sərmayə cəlb etdiyi də məlum idi.

Bu ilin əvvələrində məlum oldu ki, “Telegram” “Gram” kriptovalyutası və onun dövriyyəyə buraxılacağı TON (Telegram Open Network) platformasını istifadəyə verilməyə tam hazırdır. Ancaq ABŞ ədliyyəsi Pavel Durova kriptovalyuta röyasını reallaşdırmağa imkan vermədi. Məhkəmə Qiymətli kağızlar və birjalar komissiyasının tələbi ilə “Gram”ın dövriyəyə buraxılmaısna qadağa qoydu.

Ancaq TON platformasının yaradıcıları onu işə sala bildilər və Free TON-u istifadəyə verdilər. Rəsmi sənədlərə görə, P.Durovun TON platformasına heç bir aidiyyatı yoxdur. Bununla belə, mütəxəssislər “Telegram”ın dəstəyi olmadan TON-un uğur gətirəcəyinə şübhə edirlər. Bu platformanın zəngin "bank"a çevrilməsi “Telegram”ın istifadəçilərinin bu platformada fəal əməliyyat aparmalarını təmin etmədən mümkün olmayacaq. Free TON-un üzvü olmaq üçün isə "Mərkəzsizləşdirmə haqqında" bəyannaməni imzalamaq lazımdır. Hələlik dövriyyəyə 5 milyard TON Crystal buraxılıb. Onun 85 faizi tərəfdaşlara, 10 faizi yaradıcılara, 5 faizi isə "təsdiqləyicilər" adlanan şəxslərə verilib. Təsdiqləyicələr Free TON üzərindən həyata keçirilən əməliyyatlarının təsdiqlənməsinə cavabdeh olacaqlar.

İqtisadiyyatın zaman keçdikcə daha çox rəqəmsallaşması virtual dövlətin yaranmasını qaçılmaz edəcək. Bu nə zaman baş verəcək? Bunun dəqiq zamanını göstərmək mümkün deyil. Amma prosesin məhz həmin istiqamətə, virtual dövlətin yaranmasına doğru gediyi göz öünündədir.

Nə qədər qəribə görünsə də, bəşəriyyətin başı üzərini kabus kimi almış koronavirus pandemiyası bu prosesi sürətləndirib. İndi “Apple”, “Google”, Feysbuk və “Amazon” kimi nəhəng şirkətlərin hüquqşünasları artıq kompaniyanın əməkdaşlardan rəsmi iş yerlərinə gəlmələrini tələb etmirlər. Hətta yeni əmək müqavilələrindən bununla bağlı maddənin çıxarıldığı haqqında məlumatlar da var. Bu isə o deməkdir ki, “Apple”, “Amazon”, “Google” və Feysbuk kimi nəhəng şirkətlərin əməkdaşları evlərini tərk etmədən işləyə bilərlər. "Evdən işlə" formullu əmək fəaliyyəti yüksək gəlirli iş yerinə malik insanların dünyanın istənilən ölkəsində yaşamasına imkan verir. Doğrudur, şirkətlərin hüquqşünasları əməkdaşlarından qapalı və internet azadlığı olmayan ölkələrdə yaşamasına qadağa qoyublar. Yüksək gəlirli olan azad insanların da həmin qapalı ölkələrdə yaşaması mümkün görünmür. Əksinə, bu təbəqəyə daxil olan insanlar heç bir dövlət qarşısında öhdəliyə malik olmaq istəmir və əsasən, vətəndaşı olmadığı bir ölkədə turist kimi yaşamağa üstünlük verirlər. Bu, bəzi hallarda onlara yüksək vergidən yayınmağa da imkan yaradır. Son zamanlar bu təbəqəyə aid insanların arasında vətəndaşlıqdan imtina etmə halları da artıb. Bu insanlar gələcəkdə virtual dövlətin üzvləri ola bilərlər. Çox yaxın illərdə şəxsin hüquqi statusunu müəyyən edən sənədlərin rəqəmsallaşacağını da nəzərə alanda, hansısa dövlətin pasportlarına da ehtiyac qalmayacaq.

Bu gün Skandinaviya ölkələrindəki dövlət-cəmiyyət münasibətləri, dövlət və cəmiyyət həyatının əksər sahələrinin rəqəmsallaşması virtual dövlət üçün ilk model ola bilər. Hətta keçmiş sovet respublikalarından biri olan Estoniyanın özü də virtual dövlət üçün model ola bilər. Estoniyada dövlət və cəmiyyət həyatının rəqəmsallaşması o həddə çatıb ki, kəbin mərasimi istisna olmaqla, bütün fəaliyyətlər internet üzərindən onlayn şəkildə həyata keçirilir. Bu isə heç şübhəsiz, son deyil, yalnız başlanğıcdır. Skandiyava ölkələrinin və Estoniyanın nümunəsi digər ölkələrə də təsir edir. Xüsusilə də dövlət və cəmiyyət həyatının daha çox rəqəmsallaşması insanların rifah səviyyəsinin daha da yüksəldilməsinə təsir göstərir.

Kommunizmin qələbə çalması ilə dövlətin yox olacağı haqqında utopik ideyalar reallaşmasa da, texnologiyanın inkişafı bu ideyanı yenidən dirildir. Bu gün artıq bir çox ölkələrdə dövlətin cəmiyyətdəki rolu o qədər aşağı düşüb ki, klassik dövlətlərdən əsər-əlamət qalmayıb. Doğrudur, bu, anarxistlərin arzu etdiyi kimi dövlətsiz cəmiyyətlər olmayacaq. Virtual dövlətin öz qayda-qanunları mövcud olacaq. Əks halda, virtual da olsa, bu, dövlət ola bilməz. Dövlət ilk öncə müəyyən qayda və qanunların mövcud olması deməkdir. Bu mənada, virtual dövlətlərində də özlərinin müəyyən qayda-qanunları olacaq.

 





26.08.2020    çap et  çap et