525.Az

İki məzar və tarixi “İstiqlal bağı”... - Reportaj


 

GƏNCƏÇAY SAHİLİNİN NEÇƏ ONİLLİKDİR Kİ, BƏRBAD HALDA OLAN BU MƏKANI ABAD OLACAQMI?

İki məzar və tarixi “İstiqlal bağı”... - <b style="color:red">Reportaj</b>

Bu yazıya tarixi bir ekskurs ilə başlamaq istərdik. Birinci Dünya müharibəsinin yekunları üzrə Parisdə uzun müddət davam edən Versal Sülh Konfransında böyük siyasi xadimimiz Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətimizin ölçüyəgəlməz fədakarlığı nəticəsində Müttəfiq Ölkələrin Ali Şurası tərəfindən 1920-ci il yanvarın 11-də, bolşevik istilasına necə deyərlər, yüz gün qalmış Azərbaycan Cümhuriyyətinin müstəqilliyi tanındı.

Bu xəbər teleqrafla Azərbaycana çatdırılan kimi, Bakıda və Gəncədə bayram coşqulu möhtəşəm yürüş və tədbirlər keçirildi. Cümhuriyyətin orqanı sayılan "Azərbaycan" qəzeti 22 yanvar tarixlı buraxılışındakı "Gəncədə istiqlal bayramı" adlı yazısının sonunda belə maraqlı bir məqam da var: "Bu şərəfli gün münasibətilə... Gəncə şəhər İdarəsi Birinci Aleksandr adına olan bağı İstiqlal Bağı adlandırmaga qərar verdi".

Bu mənbədə haqqında bəhs olunan bağ Gəncəçayın  sol sahili boyu uzanan, çay üzərindəki əsas körpü ilə uzunluğu boyu iki yerə bölünmüş yaşıllıq ərazisidir. Sovet dövründə Gəncəçayın sağ sahili də xeyli yaşıllaşdırılmış və hər iki sahili əhatə edən ərazi “Sahil bağı” adlandırılmışdı. Sağ sahildəki hissə bir neçə il əvvəl möhtəşəm rekonstruksiyalar ilə bulvar halına gətirilib, sol sahilin yaşıl ərazisi isə “Sahil bağı” adını özündə saxlayıb.

Hazırkı “Sahil bağı”nın bir hissəsi olan, Xalq artisti Məmməd Bürcəliyevin (1914-1994) adını daşıyan küçənin əhatələdiyi ərazi özünün acınacaqlı görkəmi ilə artıq demək olar ki, üçüncü  onillikdir, göz dağına çevrilib. Buralar istirahət guşəsindən çox, zibillik məkanını xatırladır. Burada tikinti tullantılarından tutmuş, xırda məişət tullantılarının böyük-boyük qalaqları insanın gözünə soxulur. Bəli, uzun illər ərzində abadlaşmayan əraziləri zibilliyə çevirmək bizdə elə bil, adətdir.

Bu bağın vaxtilə göylərə ucalaraq, sərinlik yaradan  ağacları susuzluqdan quruyub, yalnız dözümlü şam ağaclarının bir qismi salamat qalıb. Hələ ötən əsrin 80-ci illərində bura istirahət üçün qoyulan,  möhkəm ağacdan olan dekorativ skamyalar it-bata düşüb, əvəzində orda-burda, iki cüt, bir tək nazik taxtaları ilə nərdivana oxşayan seyrək oturacaqlar gözə dəyir.

Onu da deyək ki, Gəncədə bir sıra görkəmli şəxslərin məzarları insanların daha çox üz tutduqları yaşıllıq-istirahət ərazilərindədir. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov qədim Sərdar bağında, görkəmli bəstəkarımız Qəmbər Hüseynli hazırkı Filarmoniya parkında, milli şairimiz Məhəmməd Hadi indiki bulvar ərazisinə düşən məkanda uyuyurlar.

Bu baxımdan, sözügedən bağ da istisna olmayıb. Daha bir milli şairimizin - Abbas Səhhətin (1874-1918) qəbri buradadır. O, Gəncədə vəfat edərkən şəhərin "Səbzikar" qəbiristanlığında dəfn olunsa da, 1947-ci ildə məhz daha çox yada salınması məqsədilə onun nəşi bu bağa köçürülüb. Gəncədə şəhərin  bütün orta məktəblərində ədəbiyyat fənnindən  Abbas Səhhət mövzusunu keçərkən, müəllimlərin öz şagirdlərini tam sinif heyətilə buranı ziyarətə gətirməsi və üstündə şairin büstü olan bu məzar-abidə önündə  mütləq xatirə şəkli çəkdirmək adəti mövcud idi.

Bağdakı digər qəbir isə vaxtilə Gəncədə fəaliyyət göstərmiş,  İspaniyada respublika quruluşunun qələbəsi naminə vuruşmaq üçün hazırlanan hərbi pilotlar məktəbinin direktoru, polkovnik Leonid Vasilyeviç İvanovundur (1886-1950). Gəncədə uzun müddət yaşayıb, burada da vəfat edən bu zabitin istər İspaniya hadisələri (1936-1939) dövründə bu ölkə üçün təyyarəçilər, istər də ondan sonra, əsrin 50-ci illərinədək yerli aviasiya kadrları hazırlanmasında rolu olub.

Göründüyü kimi, bu tarixi “İstiqlal bağı” kifayət qədər əlamətdar hadisələri özündə birləşdirən maraqlı bir məkandır. Təbii ki, istər bu faktlar, istər də respublikamızın ikinci böyük şəhəri olan Gəncənin  abadlaşdırılması tərzi baxımından bu parkın haləti gözardına vurulası məsələ deyil.

Bağı düz xətt boyunca əhatə edən Məmməd Bürcəliyev küçəsi də öz görkəmi ilə heç də ürək açmır. Küçənin 85 illik ömrünün 65 ilini Azərbaycanın səhnə və kino həyatına həsr edən, 60 il Gəncə Teatrında çalışan, özünəməxsus ustalıqla yüzlərlə obraz yaradan xalq artistinin adını daşımasını burada cəmi bir yerdə divara vurulmuş, bozarmış  kiçicik lövhə bildirir. Şəhərin mərkəzi hissəsinə yaxın yerdə qərar tutduğuna baxmayaraq, küçə uzun müddətdir ki asfaltsızdır.

Amma insaf naminə onu qeyd edək ki, bağda olduğumuz zaman artıq kommunal qurumlara aid briqadaların ilkin miqyasda da olsa, abadlıq və təmizləmə işlərinə başladıqlarının şahidi olduq. Həmçinin, son vaxtlar insanların ölkə rəhbərinin yerlərdəki çatışmazlıqlar barədə vətəndaş mövqeyi nümayiş etdirilməsi yönündə fəallıqlarını artırmasının zəruriliyi haqda çağırışlarının da öz bəhrəsini verdiyini müşahidə edirik. Elə haqqında danışdığımız bağın taleyi ilə bağlı məsələ də bu impulsdan güc alıb. Bu haqda bizə Məmməd Burcəliyevin oğlu, son vaxtlar sosial şəbəkələrdə də fəallığı ilə seçilən teatrşünas-tənqidçi Anar Bürcəliyev məlumat verdi: "Mən iki görkəmli şəxsin məzarlarının yerləşdiyi bu bağın, eləcə də Məmməd Burcəliyev küçəsinin arzuolunmaz vəziyyətləri haqda sosial şəbəkələrdə şəkilli paylaşımlar etmişəm. Həmçinin, bu barədə bu günlərdə Gəncəmizin mədəni mühiti məsələlərinə dair  mülahizələrimi dinləmək üçün  məni qəbul edən hörmətli millət vəkilimiz, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevaya da bildirmişəm. Sağ olsunlar, həm Qənirə xanım, həm də şəhərimizin rəhbəri Niyazi Bayramov işə qarışandan sonra bu məsələ ilə bağlı dərhal təbdirlər görülməyə başlanılıb. Onlara gəncəlilər adından münnətdarlığımızı bildiririk. Həmçinin, görkəmli sənətkar, ən obrazlı səhnə və kino aktyorlarımızdan biri olan xalq artisti Məmməd Bürcəliyevin adını daşıyan,  elə vaxtilə çalışdığı Dram Teatrının qabağınca uzanan,  bu zonaya kommunikasiya xətləri çəkilərkən asfaltı sökülmüş və bərbad hala düşmüş küçənin də abadlaşdırılacağını söyləyirlər".

Hazırda  bağda müəyyən işlərin görülməsinə start verilib. Zibillər yığışdırılır, ot-ələf basmış qəbirlər və səkilər təmizlənir. Hətta kiçik texnikalar da işləyir. Amma ərazidəki qalaq-qalaq zibillərin daşıb, Gəncəçayın bu hissəyə düşən vadisini doldurduğunu da müşahidə etdik. Ümid edirik ki, başlanılan işlərə köklü münasibət göstəriləcək və tarixi “İstiqlal bağı” və onun ətrafı nəhayət, abad olacaq.

Zakir MURADOV
Gəncə

 





28.08.2020    çap et  çap et