525.Az

Azərbaycan dilinə ehtiram nümunəsi


 

Azərbaycan dilinə ehtiram nümunəsi<b style="color:red"></b>

Tanınmış dilçi alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilovun "Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz" adlı yeni kitabı "Bakı Çap Evi" nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Vilayət Əliyevdir.

Kitabda Azərbaycan Respublikasının dövlət dilinin Konstitusiyada rəsmiləşdirilməsi üçün ziyalılar tərəfindən irəli sürülən alternativ variantlar (Azərbaycan türkcəsi, Azəri türkcəsi, Azərbaycan türk dili s.) təhlil olunur. Bu məsələ müzakirə obyekti kimi fikir mövqeləri üzə çıxarır. 1995-ci ildə Dövlət dilinin adı ilə bağlı müzakirədə fikir söyləyən hər bir kəsin mövqeyinə Ulu Öndər Heydər Əliyev tərəfindən diqqətlə yanaşıldığı tədqiqat zamanı diqqətdən qaçırılmır. Belə ki, müəllifin Heydər Əliyevin dilimizlə bağlı görüşlərini, fikirlərini əks etdirən "Heydər Əliyev Azərbaycan dili", "Heydər Əliyevin taleyüklü məsələlərin həllində rolu", "Heydər Əliyev Azərbaycan dilinin nəzəri məsələləri" s. məqalələri kitabda yer alıb.

Kitabda Dövlət dilinin adı ilə bağlı müzakirədə tarixi keçmişimizə, tarixi milli dəyərlərimizə xüsusi önəm verilir. Mənbələrə, faktlara, reallıqlara istinad edərək dövlət dilinin adı ilə bağlı fikir yürüdən ziyalılarımızın mövqeyi aydın məntiqlə şərh olunur. Eyni zamanda burada ziyalıların dilimizin adı ilə bağlı yeni konstitusiya layihəsinin müzakirəsindəki çıxışları da verilir.

Professor Buludxan Xəlilovun "Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz" kitabından dilçilər, ədəbiyyatşünaslar, tarixçilər siyasətçilər faydalana bilərlər.

Qeyd edək ki, Buludxan Xəlilov 90- illərdən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə, publisistik esselərlə çıxış edir. O,  "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktorudur,  Ədəbi dilin tədqiqinə dair çoxlu sayda kitabın - monoqrafiyaların, dərsliklərin, dərs vəsaitinin 300-dən çox elmi, elmi - publisistik məqalənin müəllifidir. Onun daha öncələr çap olunmuş "Dil-söz çələngi", "224 qədim türk sözü", "Azərbaycan dili antalogiyası", "Dil, Ədəbiyyat, Mədəniyyət" s. kitabları dilin təbliği, gənclərin maariflənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Nəzrin

 





14.01.2014    çap et  çap et