525.Az

Ağalar Bayramov səsinin sehri və yanğısı


 

Ağalar Bayramov səsinin sehri və yanğısı <b style="color:red"></b>

Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur: "Gözəl aydın danışanlar sehr kimi əsrarəngizdir". Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. mən bilərəkdən onun adının önündə titullarını yazmadım. Çünki onu hamı sadəcə Ağalar Bayramov kimi tanıyıb sevib - titulsuz-filansız. O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq olmur: "O yerdə ki, sadəlik, yaxşılıq həqiqət yoxdur, orda böyüklük yoxdur".

Mən Ağalar müəllimi əvvəlcə səsiylə tanımışam. Səsinin sehrinə, ovsununa düşən yüz minlərin, milyonların biri mənəm. O səsi dinləyəndə adamın dünyanın dərdi-səriylə baş-başa qaldığı anlar da olur, sevincdən aşıb-daşan, cavanlıq eşqiylə çağladığı vaxtlar da. 

Mən onun səsini sadəcə eşitmirəm, həm o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın məcburi köçkünlərin ah-naləsini çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs. 

Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm ona görə verib ki, bizə qələbə sevincini çatdırsın. onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var - Qələbənin rəngi... Qələbənin dadı... O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti nəsib olar Ağalar müəllimə... İnşallah, o gün uzaqda deyil.

Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri çox olub, dərdlə baş-başa qaldığı anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər onu sındırmayıb. Dostoyevski bu kəlamları sanki onun üçün deyib: "Böyük dərrakə böyük qəlb sahibi olanlar əzab iztirab çəkməyə borcludurlar".

60 yaş ömrün həm bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə hesabat vermək zamanıdır. Bu yubiley isə Ağalar müəllimin təkcə özünə yox, həm Vətənə, millətə hesabat məqamıdır. Şükürlər olsun ki, bu hesabatda üzqarası olacaq, dilgödəkliyi gətirəcək səhifələr yoxdur. Şərəfli hesabat məqamın mübarək olsun, qardaş!

60 il Ağalar Bayramovun fiziki ömrünün, cismani varlığının zaman ölçüsüdür. Onun sənətinin, ecazkar  səsinin yaşı isə çox-çox qədimlərdən başlayır. hərdən mənə elə gəlir ki, o elə 30-40 il bundan əvvəl 60 yaşındaydı - müdrikliyi əzəmətiylə, səsindəki şirinlik ağayanalıqla, dərdi dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin dilində danışdırmasıyla, öyüd-nəsihətləriylə.  Bu gün isə o mənim üçün həm 30 yaşındakı gəncdir - şuxluğu, gənclik təravəti enerjisi, qurub-yaratmaq həvəsiylə.

Sənətkar ömrünə ölməzlik möhürünü çoxdan vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı Tanrının qismətinə yazdığı ömür payını ağrı-acısız yaşamasını arzu edirəm.

Bu günlər onu təbrik edənlər saysız-hesabsızdır. Mən öz təbrikimi sosial şəbəkələrin birində ona ünvanlanmış təbriklərdən bir cümlə ilə bitirmək istəyirəm: "Ağa, bu qədər yanırsan, görəsən biz  sənə yana biləcəyikmi?"

Musa Nəbioğlu

Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru

 





14.01.2014    çap et  çap et