525.Az

Azərbaycanda Beynəlxalq Təhsil Forumu keçiriləcək


 

CƏFƏR MƏNSİMİ: “ƏSAS MƏQSƏD YENİ DÖVRÜN TƏHSİL TƏLƏBLƏRİNİ VƏ TƏHSİLDƏ KEYFİYYƏTİN YÜKSƏLDİLMƏSİ EHTİYACLARINI MÜZAKİRƏ ETMƏKDİR”

Azərbaycanda Beynəlxalq Təhsil Forumu keçiriləcək<b style="color:red"></b>

Sentyabrın 1-də Azərbaycanda “Təhsildə yeni çağırışlar” adlı Beynəlxalq Forum keçiriləcək. Forum internet platformaları üzərindən online formada baş tutacaq.

TAM Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) təşkilatçılığı və Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçiriləcək forumun əsas hədəfi yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsidir.

Təhsildə yeni çağırışlar

Forumun Təşkilat komitəsinin sədri, TAM Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) baş direktoru Cəfər Mənsimi deyir ki, COVID-19 pandemiyası nəticəsində 193 ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayanıb. Bir çox ölkələr kimi, Azərbaycan da məsafədən təhsilə keçməyə məcbur olub. Odur ki, mövcud vəziyyəti təhlil etməyə, təhsildəki yeni çağırışları müzakirə etməyə ehtiyac yaranıb: “Postpandemiya dövründə təhsildə keyfiyyəti artırmaq üçün nələr etməliyik? Təhsilin keyfiyyətli olması üçün hansı imkanlar var? Təhsilin məzmununda, təhsilverənlərin rolunda hansı dəyişikliklər yaranacaq? Təhsilverənlər hansı bacarıqlarını inkişaf etdirməlidir?

Forum zamanı çıxışlar və müzakirələr vasitəsilə bu kimi sualların cavablandırılması nəzərdə tutulur: “Forumun əsas məruzəçisi (keynote speaker) PİSA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Schleicherdir. Andreas Schleicherin TAM komandası olaraq təşkil etdiyimiz forumda ilk dəfə Azərbaycanlı auditoriyası qarşısında çıxış etməsi bizim məsuliyyətimizi daha da artırır. Bildiyiniz kimi, şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı - PİSA-nın nəticələri bütün dünyada ciddi müzakirə edilir. Ölkələr təhsilin keyfiyyətini bu proqram vasitəsi ilə ölçür. KİV bu nəticələri manşetlərə çıxarır, mütəxəssislər bu nəticələrə istinad edir”.

C.Mənsiminin sözlərinə görə, Forumda Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, "The Global Prize 2018" müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin (BELMAS - The British Educational Leadership, Management and Administration Society) rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF-n Azərbaycan nümayəndəliyinin Təhsil proqramlarının rəhbəri Leyla Həsənova, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin ikinci prezidenti və sabiq təhsil naziri Mehmet Ali Talat, Xalq yazıçısı Çingiz Abdullayev, Doğu Akdeniz Universitetinin doktorantı, beynəlxalq təlimçi Arzu Soltan və başqalaeı çıxış edəcəklər. Forumun moderatorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarpten olacaq: “Forumun informasiya dəstəkçisi Təhsil İdarəçiləri Assosiasiyası, Təhsil Forumu-2020, Təhsil dünyası Facebook qrupları, Çinar Yayımları Nəşriyyatı, Azərbaycan Gənc Müəlimlər Assosiasiyasıdır. TAM komandası pandemiya şəraitini nəzərə alaraq Beynəlxalq Forumda iştirakın ödənişsiz olmasına qərar verib. Forumda iştirak etmək istəyənlər “tammatrix” adlı facebook və instagram səhifəmizdən bizə yaza bilərlər. Qeydiyyat 30 avqusta kimi davam edəcək”.



TAM-ın təsis etdiyi jurnal

C.Mənsimi qeyd edib ki, Forum günü TAM-ın təsis etdiyi TAM adlı təhsil jurnalı təqdim ediləcək. Əsas məqsəd bütün öyrənmə proseslərinin maraqlı, yaradıcı, yeni tərəflərindən söz açıb onları təbliğ etmək, təhsil sahəsində hiss olunan boşluqları tamamlamaqdır: “Jurnalın baş redaktoru Doğu Akdeniz Universitetinin kommunikasiya və media çalışmaları fakültəsinin doktorantı, beynəlxalq təlimçi, jurnalist Arzu Soltandır. Jurnalın ilk buraxılışında yerli və xarici mütəxəssislərinin təhsillə bağlı müxtəlif yazıları, müsahibələri yer alacaq. Əsas mövzumuz və məqsədimiz öyrənmə prosesinə bütün tərəflərin kreativ yanaşmalarını əhatə etməkdir”.

“Özünü TAM-amla” şüarı ilə yola çıxan TAM

Baş direktoru olduğu TAM Teaching Advancement Matrix (Tədrisdə Ali Matriks) haqqında söz açan C.Mənsimi bildirib ki, sözügedən təşkilat 2020-ci ilin fevralında təsis olunub: “TAM Teaching Advancament Matrix-i 2020-ci ilin fevralında ixtisasca həkim olan Vüqar Rəsulov ilə birlikdə təsis etmişik. Kıbrıs Doğa Məktəblər Şəbəkəsinin Araşdırma və İnkişaf Mərkəzində məsul vəzifədə işləyərkən təhsildə ehtiyac hiss olunan məsələri daha dərindən görmək imkanı qazanmışdım. Məktəb illərindən müşahidə etdiyim və elə o illərdən müxtəlif qəzetlərdə çap olunan təhsillə bağlı məqalələrim, eləcə də təhsilin idarə olunması ixtisası üzrə təhsil alarkən fərqinə vardığım məsələlər iş mühitində özünü daha qabarıq göstərirdi. İş mühiti müəllimlərin özlərini və şagirdlərini daha dərindən kəşf etməsi, yaradıcı düşüncə və effektiv kommunikasiya bacarıqlarının inkişaf edirilməsi, həyata daha pozitiv gözlərlə baxması, müsbət vərdişlər formalaşdırması, özlərinə daha inamlı olması, müəllimlərin şagirdlərini daha uğurlu vətəndaş olmalarına köməklik etməsi, daha uzaqgörən olması üçün daha çox yol qətt etməyimizin vacibliyini təsdiqləyirdi. Əslində TAM ideyası Kıbrıs Doğa Məktəblər Şəbəkəsinə gəlmədən öncə mənimlə idi. Demək olar ki, o vaxtdan indiyə kimi hər gün TAM ideyası, fəlsəfəsi haqqında düşünürəm.

Məktəbdə oxuyarkən yaratdığım “Yeni İstedadlar” Uşaq və Gənclər təşkilatı ilə hər bir insanda bir istedadın olması inamından irəli gələrək onları kəşf etməyi planlaşdırmışdıq. İllər keçdikcə daha dərindən anladım ki, biz bir uşağı kəşf edəcəyiksə, müəllim yüzlərlə, minlərlə uşağın özünü tamamlamasına köməklik etmək gücünə malikdir. Məhz hər bir insanın özünü kəşf etməsi və “Özünü TAM-amla” amalımız ilə, uşaqlardan müəllimlərin şəxsi və pedoqoji inkişafına fokuslaşdıq. “Özünü TAM-amla” şüarı ilə yola çıxan TAM-ın əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, öyrənmə və öyrətmə prosesində kreativ yanaşmaları artırmaqdır. TAM fəlsəfəsinə görə, cəmiyyəti tamamlayan ən önəmli vasitəçi müəllimdir. Müəllimin məqsədinin reallaşması üçün öncə onun özünü tamamlaması lazımdır. Bunun üçün müəllim özünün, eləcə də şagirdinin tamını bilməlidir. Yalnız belə olduqda effektiv öyrənmə reallaşır. TAM-ın simvolu nar çiçəyidir. TAM komandasına görə, nar çicəyi dinamikliyi və tamlığı əks etdirir. Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirmək istərdim. Bəzən bizdən matriks sözünün nə olduğunu soruşurlar. Beynəlxalq söz hesab edilən matriks nəyinsə əsasını, özülünü, onun formalaşasını təşkil edən platforma mənasını ehtiva edir”.

Baş direktor həmçinin bildirib ki, TAM Teaching Advancement Matrix PİSA, UNİCEF-in Azərbaycan Nümayəndəliyi, Təhsil Nazirliyi yanında İctimai Şura, Kıbrıs Doğa Məktəblər Şəbəkəsi, o cümlədən bir sıra xarici universitlərin təhsilin idarə olunması üzrə fakültələrindəki müəllim-professor heyəti ilə əməkdaşlıq edir.

Fəaliyyətimə olan diqqət və dəstəklər məsuliyyət hissimi daha da artırır

C.Mənsimi vurğulayıb ki, onun rəhbərliyi ilə “Təbiət mənəm”, “Uşaqlar və biz”, “Tanıyaq, tanıtdıraq”, “Dünyada mənim Vətənim” və sair kimi layihələr həyata keçirilib. Həmçinin onun təşkilatçılığı ilə I Beynəlxalq PR Yaradıcılıq Forumu və Akademik Gənclər Forumu kimi beynəlxalq təhsil forumları təşkil olunub: “Ölkəmizdə ilk dəfə olaraq I Beynəlxalq PR Yaradıcılığı Forumunu təşkil etdik. PR sektorunda çox önəmli təşkilat sayılan Beynəlxalq PR Assosiasiyası da bu forumumuzu dəstəkləyirdi. Forumun əsas paneli təhsilə həsr olunmuşdu. 14 müxtəlif ölkədən spikerlər dəvət etmişdik. Beynəlxalq PR Assosiasiyası ilə əlaqələr qurmaq, assosiasiyasının prezidentinin forumda iştirakını təmin etmək, eləcə də dünyaca tanınmış spikerləri müəyyənləşdirmək, onları razı salmaq əsas vəzifəm idi. Fəaliyyətimə olan diqqət və dəstəklər mənim məsuliyyət hissimi daha da artırır, belə olduqda çiyinlərimə daha ağır və böyük yük düşür. Bir məqsədim var. Özümü tamamlamaq, insanların özünü tamamlamasına kömək edərək onları tam yoluna dəvət etmək. Yeri gəlmişkən, 10 il öncə ictimai fəaliyyətə başladığım müddətdə ilk müsahibəm “525-ci qəzet”də çap olunub. 525-in baş redaktoru çox dəyərli Rəşad Məcidə istedadlı şəxsləri üzə çıxarmaq və onları cəmiyyətə təqdim etmək sevgisinə görə çox təşəkkür edirəm”.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





28.08.2020    çap et  çap et