525.Az

Türkiz Göygöl: "Övladlarım da, nəvələrim də Göygöl soyadını daşıyırlar" - Foto


 

Türkiz Göygöl: "Övladlarım da, nəvələrim də Göygöl soyadını daşıyırlar" - <b style="color:red">Foto</b>

Dünyanın ən uğurlu 10 türk qadınından biri, "Willows International"ın prezidenti və CEO-su Türkiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varislərindəndir. Çingiz Göygölün qızıdır. Əmisi Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub.

Türkiz Göygöl 1947-ci ildə İstanbulda dünyaya gəlib. Hazırda ABŞ-ın Rhode Island əyalətində yaşayır. O, dünyada ən zəngin investor, xeyriyyəçi-milyarder Uorren Baffetin ailəsinin etibarını qazanıb və bir müddət "Buffett Foundation"a rəhbərlik edib. Uzun illərdir, qadınların yaşadıqları problemləri araşdırır, onların hüquqlarını müdafiə edir, xeyriyyə işləri həyata keçirir.

HafizTimes.com-a eksklüziv müsahibə verən Türkiz Göygöl jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb, bir çox maraqlı məqamlara aydınlıq gətirib.

Müsahibəni təqdim edirik.

- Siz koronavirusa qarşı necə mübarizə aparırsınız? Amerikada tətbiq olunan karantin şərtləri həyatınıza, fəaliyyətinizə necə təsir edir?

- Mart ayından bəri evimizdən işləyirik. Biz yaşadığımız bölgədə koronavirus çox da yayılmayıb. Hər şeyə diqqət yetiririk və normal həyatımızı yaşayırıq.

- Necə oldu ki, azərbaycanlı Göygöl ailəsinin qızının yolu dünyanın ən zəngin, məşhur Baffetlər ailəsi ilə kəsişdi?

- 1986-cı ildə "Pathfinder International"da vitse-prezident kimi çalışırdım. Oranın prezidenti məni Uorren Baffetin hazırda vəfat etmiş həyat yoldaşı Suzan Baffetlə tanış etdi. Bu illər ərzində çox yaxın dost olduq. Suzan Baffet onlara maliyyə dəstəyi üçün göndərilən layihələri mənə də təqdim edirdi, fikirlərimi soruşurdu. Beləliklə, o, mənim peşəkar olduğumu da öyrəndi.

- Türkiz Göygölün uğur sirri nədir?

- Əvvəlcə dürüstlük və etibarlılıq deyə bilərəm. Əlbəttə ki, yaxşı təhsil və zəhmət olmadan bunlar mümkün deyil.

- "Willows International" ilə bağlı danımağınızı istərik. Necə qurdunuz, planlarınız nədir?

- "Pathfinder İnternational"da 14 il çalışdıqdan sonra 1996-cı ildə işdən çıxdım. BMT-nin Əhali Fondunda (UNFPA) işləməyə başladım. Azərbaycan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan üzrə proqramların direktoru oldum. Özbəkistanın BMT-dəki nümayəndəsi kimi fəaliyyətə başladım. Daşkənddə yaşayırdım. 1998-ci ildə BMT-nin bürokratiyasında işləməyi sevmədiyim üçün UNFPA-dakı işimdən uzaqlaşdım. Bundan sonra ABŞ-ın Virciniya ştatında Willows Fondunu təsis etdim. İlk layihəmizi Türkiyənin 15 əyalətində həyata keçirdik. 2004-cü ildə Suzan Baffet vəfat edəndən sonra Baffetlər ailəsi mənə təklif etdi ki, "International"  proqram qurub rəhbərlik edim. 2005-ci ilin martında "Willows"dan uzaqlaşdım və "Buffett Foundation"da işləməyə başladım.

- Sizcə, qadınların ən böyük problemi nədir? Siz uzun illər bu sahədə çalışıb, araşdırmalar edibsiniz. Qadınlara nə söyləmək istəyərdiniz?

- Məncə, qadınların böyük əksəriyyəti "özlərinə inam" və "öz ayaqları üstə durmaq" öyrədilmədən böyüyürlər. Bu da qadınların bir çoxunun ən böyük problemidir. Bir peşəkar kimi uğur qazanmağın həzzini duya bilmirlər. Onlar öz peşələrindən yalnız pul qazanmamalıdırlar. Qadınlar həmçinin, bacarmaq, iqtisadi baxımdan müstəqil olmaq həzzini yaşaya, özləri ilə bağlı qərar qəbul edib, həyata keçirə bilmirlər. Əvvəlcə ataya, sonra isə həyat yoldaşlarına bağlı bir həyat yaşayırlar.

- Ailənizin əslən Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Çingiz Göygöl Azərbaycanla bağlı  sizə nələr danışardı?

- Doğulduğumdan bəri atamın Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığını, böyüdüyünü, bolşevik hücumlarını, ailəsinin başına gələnləri dinləyərək böyüdüm. Evimizdə həmişə Azərbaycan musiqilərinə qulaq asardıq, Azərbaycan yeməkləri bişirərdik. Evimiz Azərbaycandan Türkiyəyə köç etmiş dostlarımızla dolub-daşardı. Atamız həmişə bizə ailəsi, qonşuları və Gəncə şəhəri ilə bağlı maraqlı məlumatlar danışardı. 1997-ci ildə UNFPA-nın xətti ilə Gəncəyə gedəndə artıq hər yeri tanıyırdım. Biz Sərdar bağı, ya da Xan bağı, Maral gölü, Hacıkənd, Gökgöl və ya Göygöl, Gəncə qalası haqqında məlumatları dinləyərək böyüdük. Atam deyirdi ki, Sovet hakimiyyətinin işğalından sonra hər şey dəyişdi. Atam "Türk izi" və "Mücahit" adlı jurnallar nəşr etdirib. O, Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı. Qazaxıstanın Ayagöz rayonuna sürgünə göndərilən bibim 1964-cü ildə Türkiyəyə gəldi. Atam 40 ildən sonra bacısına qovuşdu. Hamımız çox xoşbəxt idik. Səkkiz ay evimizdə qonaq oldu.

- Göygöl ailəsində büyümək necə idi? Uşaqlıq illərinizi necə keçirmisiniz?

- Atamın anası, bacısı və qardaşı Məcidin taleyinin necə olduğunu bilmirdik. Atam onlara görə dərin kədər hissi keçirirdi. Bunlar istisna olmaqla uşaqlıq illərim çox xoşbəxt keçib...

- Azərbaycanlı məşhur mühacir Çingiz Göygölü öz qızının dilindən tanımaq maraqlı olardı. Bizə atanızdan, ananız Perihan xanımdan bəhs edin. Çingiz bəy mühacirətdə necə həyat yaşadı?

- Atam Azərbaycan eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu. Biz uşaq olarkən atamgil Azərbaycan dərnəkləri, Azərbaycan günləri təşkil edərdilər. Atam Azərbaycan rəqslərini də çox gözəl bacarırdı. Anam isə həm yaraşıqlı, həm də qəlbən çox gözəl, əsl bir xanım idi. Möhtəşəm ana idi. Atamla anam bizə oxumağı, peşə sahibi olmağı, həyatda uğur qazanmağı, öz ayaqlarımız üzərində durmağı öyrətdilər. Heç vaxt nə atamdan, nə də anamdan "tez ailə qurun" cümləsini eşitmədik.

Atam evinə, ailəsinə çox bağlı insan idi. Hətta günorta da yemək üçün evimizə gələrdi. İstəyirdi ki, biz həmişə gözəl geyinək, təmiz və baxımlı olaq, məktəbdə yaxşı qiymətlər alaq, uğur qazanaq. Atam bizi özəl məktəblərdə oxutdurdu.

Atam oğul övladı olmadığına görə əvvəllər bir az kədərlənirdi. Amma yaşa dolanda fikirləri dəyişdi. "Mən nə axmaq adam olmuşam, oğlan övladım olmadığına görə kədərlənmişəm. Allah mənə övladların ən yaxşısını, brilyant kimi dörd qız verib. Allaha min dəfə şükür olsun" - deyərdi.

- Çingiz Göygöl Azərbaycan Milliyətçilər Dərnəyinə başqanlıq edib, "Türk izi", "Mücahit" kimi önəmli dərgilər nəşr etdirib.  Sizin adınız da həmin dərgi ilə bağlıdır?

- Hamımızın adını atam qoyub. Böyük bacım ata nənəm Yaqutun adını daşıyır. Digər bacım isə sürgünə göndərilən bibim Şulənin adını daşıyır. O biri bacım da digər bibimin adını daşıyır - Mahtaban. Bacılarımın və mənim tam adlarımız belədir:  Yaqut Yıldız, Şulə Güliz, Nərgiz Mahtaban və Aykut Türkiz.

- Atanız Çingiz Göygöl Türkiyədə mühacirətdə olarkən Azərbaycan üçün çox dəyərli işlər görmüş bir şəxsiyyət olub. Siz bu barədə nə demək istərsiniz?

- Mən Çingiz Göygölün qızı olduğum üçün fəxr edirəm. Atam bizə Azərbaycana qarşı böyük bir sevgi aşıladı. Mən də UNFPA-dakı işi qəbul etməklə Azərbaycana xidmət göstərmək istəyirdim. Biz UNFPA ilə birlikdə Gəncədə bir təhsil mərkəzi açdıq. Azərbaycana başqa faydalarım da oldu.

Əziz atam 1987-ci ildə vəfat etdi. Mən isə Azərbaycana (Bakı, Gəncə və Göygöl) ilk dəfə 1989-cu ildə gəldim. Kaş ki atam bir neçə il də yaşayaydı və mən də Gəncə, Hacıkənd, Göygöllə bağlı xatirələrimi, şəkillərimi onunla bölüşəydim.

- Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Atanız soyadınızla (Gökgöl) bağlı sizə nə danışardı?

- Atamızın Azərbaycana olan sevgisi soyadımızın da oradan gəlməsinə səbəb oldu. Soyadımızın Gəncədəki Göygöldən gəldiyini bilirik. 1989-cu ildə Göygölə gedəndə onun gözəlliyinə heyran oldum.

- Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Yusifbəyli əminiz Mirzə Göygölün xanımı olub. Nəsib bəy, onun həyat yoldaşı Şəfiqə Qaspıralı haqqında nələr bilirsiniz?

- Nəsib bəy Yusifbəylinin "nənə" dediyimiz Şəfiqə xanımın həyat yoldaşı olduğunu bilirəm. O, Gəncədə anadan olub. Daha sonralar isə Krımda Şəfiqə xanımın atası İsmayıl Qaspıralı ilə birlikdə "Tərcüman" qəzetini nəşr ediblər.  Onun "Tərcüman" qəzetində yazıları yayımlanıb. Həmin vaxt Şəfiqə xanımla tanış olublar və ailə qurublar. Nəsib bəy Yusifbəylinin böyük işlər gördüyünü, nazir, baş nazir olduğunu da bilirəm. Hətta qısa bir müddətdə İstanbula gəlməsi barədə də məlumatlıyam. Bolşeviklərin istilasından sonra 37 və ya 38 yaşında ikən öldürüldüyünü də bilirəm. Nənəm Şəfiqə xanım öz atasının təşəbbüsü ilə bir jurnal da nəşr edib. O, qadın hüquqlarının qorunması ilə bağlı çalışırdı.

- Əminiz Mirzə Göygölün həyat yoldaşı Zöhrə Yusifbəylini, qardaşı Niyazi Yusifbəylini necə xatırlayırsınız? Azərbaycandan heç bəhs edərdilər?

- Niyazi bəy atamın ən yaxın dostlarından biri idi. Oğlunun adını da Nəsib qoymuşdu. Əmim Mirzə Göygöl ailəsi ilə o vaxtlar İstanbulda yaşayırdı. Biz isə atamın işinə görə Ankarada olurduq. Buna görə də bir-birimizi tez-tez görə bilmirdik. Nəticədə, əmim uşaqları ilə birlikdə böyüyə bilmədik. Əmim iş üçün Ankaraya gələndə bizdə qaldırdı. Biz də İstanbula gedəndə Kabataş tərəfdə (Ayazpaşa) əmimgilin möhtəşəm mənzərəli evində qalırdıq. Əmim ciddi bir insan idi. Şəfiqə nənəm və Zöhrə yengəm (bibim) bizimlə ciddi məsələlər, Azərbaycan, Krım haqqında danışmazdılar.

- Azərbaycan Cümhuriyyətinin dövlət hesabına Avropada ali təhsil almaq üçün göndərdiyi tələbələrdən olan əminiz, məşhur alim Mirzə Göygöllə bağlı bilmək istərik. Necə bir həyat yaşadı? Övladları ilə əlaqə saxlayırsınızmı?

- 1980-ci ildə ABŞ-dan Türkiyəyə gələndə əmimin böyük oğlu Səlcukla (Səluş deyərdik) çox yaxın dost olduq. Hərdən görüşüb, Tarabiyada rakı içməyə gedərdik. Söhbətimiz çox gözəl alınırdı. Əmim oğlanları "Oşan" (Oğuz), Dəmir Göygöl (aktyor) və  əmim qızı Şulə Türkiyədən Almaniyaya köçdülər. Bundan sonra əlaqələrimiz kəsildi. Xeyli vaxtdır ki, bir-birimizdən xəbərsizik.

- Azərbaycanla bağlı hansı xatirələriniz var?

- Əvvəllər Azərbaycana UNFPA xətti ilə iş üçün gələrdim. Daha sonra isə qohumlarımızı görmək üçün gəldim. Övladlarım da Azərbaycanda olublar. Həyat yoldaşımla birlikdə azı 5 dəfə Azərbaycanda olmuşuq. Bibimin qızı Türkan üç il bundan öncə vəfat etdi. Onu və digər qohumlarımızı görmək üçün Bakıya gələrdim. Yəni ki, axırıncı dəfə 3 il öncə Bakıda olmuşam. Türkan və qızı Fatma da İstanbula tez-tez gələrdilər.

- Azərbaycan sizin üçün nə məna ifadə edir?

- Azərbaycan mənim Ata Yurdum - Vətənimdir. Biz yarı azərbaycanlıyıq. Azərbaycan deyiləndə öz Vətənim kimi hiss edirəm. Azərbaycanın bir çox yerlərində oldum. Çox gözəl bir ölkədir. Atamın bizə danışdığı kimi gözəldir.

- Atanızın yaxın dostu-azərbaycanlı memar, yazar Safvet Məlik-Zərdabi (Həsən bəy Zərdabinin Türkiyədəki mühacir oğlu) və həyat yoldaşı Nəfisə xanımla bağlı nələr bilirsiniz? Onları necə xatırlayırsınız? 

- Safvet bəy və Nəfisə xanımı çox yaxşı xatırlayıram. Ankarada Ulus məhəlləsində Posta küçəsində evləri vardı. Evlərini gözəl dizayn etmişdilər. Uşaqları yox idi, bizi, xüsusilə, böyük bacım Yaqutu çox sevirdilər... Olduqca nəzakətli, mədəni insanlar idilər.

- Atanızın azərbaycanlı qohumlarından, dostlarından daha kimləri tanıyırdınız? Sizə kimlər qonaq gələrdilər?

- Niyazi bəy Yusifbəyli, həyat yoldaşı Nəzakət xanım, Əflan Muğan bəy, gəncəli İsa Göçer bəy və qardaşlarını, Mehmet Altunbay,  Əli Taşkent, Müallim Nəbi bəy, Beşir bəy, Bahadır bəy, Taki bəy, İbrahim Sofu, Hüseyin Gencer bəy, İsmail və Davud Saryal qardaşlarını yaxşı xatırlayıram. Həmişə evimizə gəlib-gedərdilər. Bayram günlərində bütün azərbaycanlılar evimizə toplaşardılar. İstanbuldakı nənəm Şəfiqə xanım Qaspıralının qardaşı Heydər Qaspıralı və qızı İnci xanımı da yaxşı xatırlayıram.

- Azərbaycana yenidən gəlmək istərsinizmi?

- Azərbaycana mütləq yenidən gələcəyik. Bəlkə də  gələn il.

- 28 May Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması günüdür. Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli varislərindəndir. Bu barədə nə demək istərsiniz?

- Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin önəmli şəxsiyyətlərindəndir. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından iki il sonra öldürüldü. Onun kimi bir çox insan öz Vətənləri üçün həyatlarını qurban verdilər. Ümid edirəm ki, Azərbaycan xalqı bu Cümhuriyyətin qurulması və müstəqil olması üçün həyatlarını fəda edən insanları heç vaxt unutmaz. Gənclər hər zaman onları xatırlamalıdırlar.

- Ailəniz, amerikalı həyat yoldaşınız, övladlarınız haqqında da bilmək istərik. Maraqlıdır, sizin övladlarınız da "Göygöl" soyadını daşıyırlar.  Azərbaycanla bağlı onlara nə danışırsınız?

- İki oğlum var: Arman Çingiz Göygöl Kline və Eral David Göygöl Kline. İki oğlumun da iki övladı var. Armanın oğlu Marin Eral Göygöl Kline (10 yaş), Evren Skott Göygöl Kline (8 yaş). Eralın oğlu Kai Alexandır Göygöl Kline (9 yaş), qızı Keilani Armana Göygöl Klinedir (6 yaş).

Həyat yoldaşımın ata tərəfi 1600-cü illərdə Hollandiyadan Amerikaya köçüblər. Ana tərəfi isə ingilis və alman mənşəlidir. Onlar da 1700-cü illərdə Amerikaya mühacirət ediblər. Həyat yoldaşım Kanzasda anadan olub və Amerika vətəndaşıdır. Həyat yoldaşımla mən Harvard Universitetində fəlsəfə doktoru olanda tanış olduq. O, orada professor kimi çalışırdı. Özümü həmişə həm azərbaycanlı, həm də türkiyəli kimi görmüşəm. Övladlarım da özlərini elə görürlər. Qardaşımız olmadığı üçün övladlarım da atamın soyadını (Göygöl) daşıyırlar. Hətta nəvələrimə də bu soyadı veriblər. Nəvələrimiz də, övladlarımız da Göygölü tanıyırlar. Və babalarının (Çingiz Göygöl) həyatı haqqında həmişə onlara danışırıq.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın, iki qardaş ölkədir. Təəssüf ki, keçmişdə baş verən çirkin siyasi oyunlar və hadisələr ailələrin parçalanmasına səbəb olub. Atamız Türkiyəyə gələrkən anası, bacısı, qardaşı Azərbaycanda qalıb. Ümid edirəm ki, Azərbaycan və Türkiyənin sevgi bağı hər zaman davam edəcək.

Hafiz ƏHMƏDOV
HafizTimes.com

 





31.08.2020    çap et  çap et