525.Az

Yaranmışların ən gözəli - Aytac Aslanın yazısı


 

Yaranmışların ən gözəli - <b style="color:red">Aytac Aslanın yazısı </b>

"İnsan heç yuxusunda da təbiətdən gözəl nəsə görə bilməz"

A.Lamartin

Yaşadığımız ucsuz-bucaqsız dünyada hər kəsin ortaq, özünün seçmədiyi bir evi var - təbiət. Təsadüfi deyil ki, nə zaman ondan söz açılsa, "ana təbiət" deyə xitab edilir. Doğrudan da, təbiət eynən anamız kimidir - bizi yedirir, içirir, qoruyur, bir sözlə, öz qoynunda bəsləyir. Ta qədimlərdən insanlar həyatda qala bilmək üçün təbiətin bəxş etdiyi nemətlərdən istifadə etməklə yanaşı, intuitiv olaraq onu qorumağa da çalışıb. Təbiət olmasa, insan da olmaz, təbiətin məhvi həm də insanın məhvidir. Biz insanlar hər birimiz bir stəkan çayın içərisində əriyib şəkər tozuna çevrilən qənd kimi təbiətin kiçik zərrələriyik. Hubert Reevesin də dediyi kimi, "Təbiətlə savaş halındayıq, əgər qalib gəlsək, uduzacağıq". Təbiətə zərər verən hər kəs öz cəbhəsinə atəş açan əsgər kimi özünə ziyan vurmaqdan başqa heç nə etmir. Bu mənada, təbiəti qorumaq həm də özümüzü qorumaqdır.

"Təbiət saxtakarlığa qarşı dözümsüzdür"

T.Karleyr

Əgər insanlardan təbiətin rəngini soruşsaq, sözsüz ki, əksəriyyət yaşıl deyəcək. Lakin təbiətin hara olduğunu soruşsaq, cavablar müxtəlif və rəngarəng olacaq. Təbiət dedikdə ilk ağla gələn dörd yanı ağaclarla əhatələnmiş, yamyaşıl, fərqli güllərin qoxusuna qərq olmuş bir yer olsa da, hər kəs üçün təbiət özünü tapdığı yerdir. Məsələn, kimisi üçün təbiət sakit bir kənd həyatıdırsa, kimisi üçün də maşın səsləri əskik olmayan böyük şəhər, meqapolisdir. Karleyr deyir ki, nə qədər gözəl, böyük olsa da, insan özünü tapa bilmədiyi yerə sığa bilmir. Mən məktəb illərində atamın işi ilə bağlı həm Gəncədə, həm də Mingəçevirdə yaşamışam. Gəncə Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri, gözəl, rahat bir yer olsa da, mən orda qətiyyən özümü tapa bilmirdim. Daima özümü narahat, yorğun və bezmiş hiss edirdim. Lakin Mingəçevir daha kiçik bir şəhər olmasına baxmayaraq, ağacların çoxluğu, dolaşıq məhəllələr, kiçik parklar mənə hüzur verirdi. Bakıdan sonra orda özümü ruhən rahatlıq tapmış insan kimi hiss edirdim. Geniş ərazisi olan Gəncəyə sığa bilməyən mənə kiçik Mingəçevir o qədər geniş görünürdü ki...

Ayağım torpağa dəydikcə özümə qayıdıram, Bakıda - şəhərdə mərmərlə, qranitlə insanla özü arasında bir növ, sərhəd çəkilib. Beton cəngəllikdən özümə qayıtmaq üçün torpağa - təbiətə qaçıram.

Gənc yazar Ömər Xəyyam

Bəzən də insan məcburən özünü tapdığı mühitdə - evində qala bilmir. Belə insanlar daima təbiət üçün darıxır. Necə ki, kitab oxumağı vərdiş etmiş adamda mütaliə ilə məşğul olmadığı zaman özünü yalnız yeni bir əsər oxumaqla doyuzdura biləcəyi bir aclıq yaranır, evindən ayrı düşmüş insan da bu aclıq tələbatını təbiətə - özünə qayıtmaqla ödəyə bilir.

Dünyanın ən möhtəşəm PAYIZ MƏNZƏRƏLƏRİ - Buraları görmədən ölməyin - FOTO

"Təbiətin yaratdıqları sənətin yaratdıqlarından daha mükəmməldir"

Siseron

Bir neçə il əvvəl bir dostumla söhbət edəndə kitabda yazıçının təsvir etdiyi təbiət mənzərəsini görə bilmək üçün bütün işini-gücünü atıb rayona getdiyini demişdi. Bunun üzərində çox düşünmüşdüm, oxuduğumuz kitablardan, gördüyümüz rəsm əsərlərindən sonra niyə məhz təbiətlə canlı üçsiyyətdə olmaq ehtiyacı duyuruq? Yalnız təbiətin həyatımızdakı yerini dərk etikdən sonra sualıma cavab tapa bildim. Dünyanın ən istedadlı yazıçısı, ən yaxşı rəssamı belə təbiəti olduğu kimi canlı, dolğun təsvir edə bilmir. Təbiəti duya bilməyin tək yolu onunla ünsiyyətdə olmaq və özünü onda tapmaqdır. Buna isə nə yazıçı qələminin gücü yetir, nə də rəssam fırçasının...

 





01.09.2020    çap et  çap et