525.Az

Böyüklərin 1 sentyabr nostaljisi - Nadir Yalçının yazısı


 

Böyüklərin 1 sentyabr nostaljisi - <b style="color:red">Nadir Yalçının yazısı </b>

İnsan həyatının ən şirin, gözəl dövrü məktəbli olduğu vaxtlarıdır. Məktəb illərindəki xatirələr insanın uşaq yaddaşına həkk olaraq ömrü boyu onu izləyir.

Təsadüfi deyil ki, ən ülvi məhəbbətlər parta arxasında nəzmə çəkilir, ən unudulmaz xatirələr şagird olanda kitabçalara yazılır. Məktəbdə baş verən istər sevincli, istərsə də kədərli bir hadisə illər sonra şirin əhvalat kimi xatırlanır. Xüsusən də, ilk məktəbə qədəm qoyduğumuz gün - "Bilik günü". SSRİ dövründə ilk dərs günü sentyabrın 1-i idi. 1 sentyabr haqqında valideynlərimizin, orta-yaşlı nəslin dilindən olduqca maraqlı hadisələr, xoş təəssüratlar eşidirik.

Rusiyada 1492-ci ildən etibarən Bizans təqvimi tətbiq edilib və buna görə də yeni ilin başlanğıcı kimi elə ilk dərs günü 1 sentyabr götürülüb. 1700-cü ildən I Pyotr yeni ilin başlanğıcını 1 yanvar elan eləsə də, dərslər ənənəvi olaraq sentyabrın 1-dən başlanıb. SSRİ-nin vaxtında 1935-ci ilə qədər kəndlərdə dərslər payızın sonlarında, şəhərdə isə avqustun ortalarında başlanıb. Bunun səbəbi isə kənddə əkin işinin payızın axırları başa çatması idi. 1935-ci ildən isə dərslər hər yerdə eyni gündə - 1 sentyabrda başlanıb. 1980-ci ildə isə 1 sentyabr tarixi "Bilik günü" elan olunub. Sonralar müstəqillik qazansaq belə, Azərbaycanda 2004-cü ilə qədər qədər dərslər sentyabrın 1-i başlanırdı. 2004-cü ildən bu yana isə 15 sentyabr ilk dərs günü kimi qeyd olunur. İndi də bəzi ölkələrdə dərs sentyabr ayının 1-i başlayır. Məsələn,  Fransa, İrlandiya, Belçika, Polşa, Çexiya, Estoniya, Litva, Macarıstan, Sloveniya və s.

"Sovet" məktəbliləri 1 sentyabr haqqında danışanda Volodarski tikiş fabrikinin (indiki Bakı Tikiş Evi) tikdiyi qara gödək şalvarda, ağ köynəkdə rəhbəri tərənnüm edən şeirlər deyərək müəllimlərinə gül verdikləri səhnəni xüsusi sevinc və həyəcanla xatırlayırlar. Xüsusilə, Səməd Vurğunun "Rəhbərə salam!", "Azərbaycan", Süleyman Rüstəmin "Çapayev" şeirləri əksər uşaqların ilk əzbərlədiyi şeirlər imiş. 1 sentyabr o vaxtın uşaqları üçün ən müqəddəs gün hesab olunurdu. Məktəbin həyətindəki təntənəli açılış, şeypur, baraban səsləri, SSRİ-nin himni bugünkü kimi keçmiş məktəblilərin xatirəsində canlanır. Yəqin elə bir ev tapılmaz ki, orda sovet dövründən qalan, ilk dərs günündə çəkilmiş ağ-qara şəkillər olmasın. İndi bu proses bir az adiləşib. Şəkil telefon ilə çəkilir, paylaşılır və sonradan silinib gedir. Amma o dövrdə əlamətdar günlərdə, təzə paltar alınanda, xüsusən, sentyabrın 1-i uşaq dərsə gedəndə xatirə şəkillərinin çəkilməsi ənənə halını almışdı. O vaxtlar məktəb çantaları indikindən qat-qat ağır olurmuş. Çünki daha möhkəm və çəkili materiallardan hazırlanarmış. Keçən əsrin məktəblilərinin daha məsuliyyətli olmasının səbəbi bəlkə də, çiyinlərindəki o yük idi. Rayon yerlərində analar, nənələr kilim materialından çanta tikirmişlər.

O illərin məktəbliləri xatirələrini danışanda deyirlər ki, həmin gün gecə sevinclərindən yuxuya gedə bilmirmişlər. Bu sevinc, həyəcan təkcə birinci sinifə gedən gün yox, hər dərs ilinin 1 sentyabrı yaşanırmış. 1 sentyabr həmin dövrün məktəblilərinin yaddaşına elə həkk olunub ki, bu gün də onları ilk dəfə məktəbə aparan yaxınları, çantalarının və ayaqqabılarının rəngi, ilk parta yoldaşları, dərsdə əzbərlədikləri ilk şeir   haqqında xüsusi şövqlə danışırlar.

O dövrlərdə sentyabrın 1-i dərsə gedən uşaqların həyatında ən gözəl, ən dəyərli anlardan biri də pioner olduqları gündür. Bu arzu ilə alışıb yanan balacaların boyunlarına qırmızı pioner qalustuku bağlayanda, yaxalarına döş nişanı taxanda  sanki, onlara dünyanı bəxş edirmişlər. Pionerlərin devizini o vaxtın məktəbliləri hələ də xatırlayırlar: "Pioner, Sovet İttifaqı Kommunist Partiyasının işi uğrunda mübarizəyə hazır ol! - Həmişə hazıram!". Səməd Vurğunun bu misralarını məktəblilər fəxrlə səsləndirirmişlər:

"Gedir pionerin qızıl dəstəsi,
Dağlara əks edir baraban səsi!"

Hələ də öz pioner qalstukunu evdə qoruyub saxlayan insanlar var. Nostalji hisslərlə yaşayan belə insanlar indi də 1 sentyabr tarixində keçmiş günləri yada salır, əlaqədə olduğu sinif yoldaşları ilə zəngləşir və həmin gün çox xoş ovqatla günə davam edirlər. Yaşlı müəllimlərin çoxu keçmişdə olduğu kimi, hər il 1 sentyabr yeni dərs ili münasibətilə bir-birilərini təbrik edirlər.

İndi cəmiyyətin, xüsusən, uşaqların maraq dairəsi fərqlidir. Keçmişə nəzərən indi sevindiyimiz dəyərlər də dəyişib. O dövrdə hansısa maraqlı kitab, bir bəzəkli qələm, əzbərlənən yeni şeir məktəbliləri xoşbəxt edə bilirdisə, indiki uşaqlar üçün bir smartfon və ya hansısa oyun diski qat-qat maraqlı və önəmlidir.  Necə deyərlər, artıq zəmanə o zəmanə deyil.

 





01.09.2020    çap et  çap et