525.Az

90 yaşlı uşaq həkimi


 

ÜÇ NƏSLİN LOĞMANI ƏLİSƏFTƏR DOKTOR

90 yaşlı uşaq həkimi <b style="color:red"></b>

Kəndimiz rayon mərkəzindən xeyli uzaqdır və bu kəndin ortasından Bala Kür adlı kiçik bir çay axır. Çayın üstündən salınan yeganə maşın körpüsündən piyadalar da keçir. Ötən əsrin ortaları idi. Bu körpüdən keçib o taya məktəbə gedərdik. Körpünün bu tayında Nuh əyyamından qalma köhnə bir bina var idi. Bura kənd soveti binası idi. Bu binanın qabağında gümüşü skamyada iki gümüşü heykəl əyləşib "söhbət edirdilər". Bunlar Lenin "baba" ilə Stalin "baba" idi. Bütün uşaqlar kimi, mən də buradan qorxa-qorxa keçirdim. Heykəllərdən qorxmurduq, iş burasında idi ki, həmin binanın alaqaranlıq, soyuq otaqlarından birində tibb məntəqəsi yerləşirdi, ağ xalatlı bir xala - tibb bacısı xəstə uşaqlara iynə vururdu. Kəndimizdə peşəkar həkim yox idi. Valideynlərimiz bizi xəstələnəndə Salyana Əlisəftər doktorun yanına aparırdılar. Biz nəinki ondan qorxmurduq, bu mehriban insanı hətta sevirdik, çünki o, yaxşı doktor idi, uşaqlara iynə vurmurdu. İllər keçdi, boya-başa çatdıq, ailə qurduq, övladlarımız da bu yaxşı doktoru sevdilər. İndi nəvələrimiz var, onlar da bu yaxşı doktoru özlərinə dost bilirlər. Bu günlərdə doxsan yaşı tamam olan Əlisəftər Axundov beləliklə, üçüncü nəslin uşaq həkimi olaraq dillər əzbəridir.

Əlisəftər Mehdiqulu oğlu Axundov 1930-cu ildə Salyan şəhərində, Əli bəy Hüseynzadənin doğulduğu Köhnəbərəağzı məhəlləsində dünyaya gəlib. Orta məktəbi başa vurduqdan sonra 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub və 1954-cü ildə həmin institutu bitirib. O vaxtdan Bakı, Neftçala, Salyan, həmçinin, başqa şəhər və rayonlarda uşaq məsləhətxanasının müdiri, baş pediatr, uşaq poliklinikasında şöbə müdiri, Tibb İnstitutunun Uşaq xəstəliklərinin müalicəsi fakültəsində ordinator, baş həkimin müavini, baş həkim, Birləşmiş Uşaq Xəstəxanasının poliklinika şöbəsinin müdiri və başqa vəzifələrdə çalışıb. Hazırda Mübariz Əsgərov adına Salyan şəhər Birləşmiş Uşaq Xəstəxanasının poliklinika şöbəsinin ali dərəcəli həkim pediatrı kimi çalışan Əlisəftər Axundov işinin boş saatlarında ömrünün 90-dan geriyə boylanmağı da sevir. Bəzən otağında bəslədiyi çiçəklərlə dərdləşir, bəzən də iş otağının pəncərəsindən gözlərini uzaqlara dikir. Uzun illər boyu sağlamlıq keşiyində durmaq şərəflidir deyir Əlisəftər həkim. Bir də onu deyir ki, 90 yaşında ona yenə çoxlu müraciətlər olunur. Bu da hər həkimə nəsib olan xoşbəxtlik deyil. Əlisəftər həkim deyir ki, mənim müalicə elədiyim uşaqlardan indi yüksək vəzifələrdə çalışanlar, həkim, müəllim, mühəndis işləyənlər, idarə və müəssisə rəhbəri olanlar var. Onlar mənə deyəndə ki, bizi siz müalicə etmisiniz, fərəhlənirəm, onlarla fəxr edirəm. İndi mənim yanıma balalarını, nəvələrini gətirirlər, az qala dönüb gəncliyimə qayıdıram.

Bu gün Əlisəftər həkimin şərəfli yolunu davam etdirənlər çoxdur. Onlardan biri də qızı Nigar həkimdir. Nigar xanım deyir ki, bu peşəni seçməkdə atamın rolu danılmazdır. O, bütün ömrünü uşaqların sağlamlığına həsr edib. Uşaqlıqdan mən həmişə onu görürdüm, tamaşa edirdim ki, uşaqları necə sevir, necə qayğı göstərir. Və ona baxa-baxa özüm də bu sənəti sevmişəm. Atam cəmiyyət içində böyük hörməti olan gözəl insan, gözəl ailə başçısı, həm də gözəl bilikli bir həkimdir.

Əlisəftər həkim 90 yaşını çalışdığı poliklinikada qarşıladı. Deyir ki, yaşıma görə heyfislənmirəm. Çünki yaşadığı rayonda, həmçinin, respublikada, hətta ölkədən kənarda da onu sevənlər çoxdur. Salyanda demək olar onu görən hər kəs dayanıb həmsöhbət olur. Şəhərin Yunis Zərgərli 88 ünvanında yerləşən evində isə onu ailəsi gözləyir. Bir süfrə arxasında 90 yaşının işığına yığılan ailənin bütün üzvləri həkimdir. Bu ailə hərdən sənətin piano zirvəsinə də baş vurmağı sevir.

90 yaşınız mübarək, uşaqların yaxşı doktoru! Daha uzun illər gələcək nəsil olan uşaqlara sağlamlıq bəxş etməyə davam edin.

Zabil PƏRVİZ

 





01.09.2020    çap et  çap et