525.Az

Apardı sellər Saranı - Zülfiyyə Mirzəyeva yazır


 

Apardı sellər Saranı - <b style="color:red">Zülfiyyə Mirzəyeva yazır </b>

Çox zaman qadınlar kişilərin vəfasızlığından şikayət edir. Məgər əhdinə sadiq olanlar azdırmı? Bir ömür ancaq bir qadını sevib, öldükdən sonra da onu hər zaman qəlbində, əsərlərində yaşadanlar yoxdurmu? Bu suala birmənalı şəkildə "əlbəttə, var" cavabını verə bilərik. Buna ən gözəl nümunə dəyərli sənətkar Nəriman Həsənzadədir.

Kimdir Nəriman Həsənzadə? "Yuxuda anamı görmüşəm dünən, Yuxuda bir ömür sürmüşəm dünən" - deyən həssas qəlbli, incə ruhlara xitab edən, həyatı əsərləri ilə ahənglik yaradıb insan qəlbinin sarı simlərinə toxunan şairdir. Bəzən dünyanın nərdivan olduğunu bizə xatırladar, bəzən də görünmək istəyini "Hayanda durum ki, görəsən məni?" şeiri ilə dilinə gətirir.

Nəriman Həsənzadə ədəbiyyatımızda yeni bir cığır açaraq həyat yoldaşına silsilə şeirlər yazıb. Çox qəribədir, Sara xanım həyatda olanda onun üçün yazdığı şeirlər digər mövzularla müqayisədə xeyli az idisə, o, dünyasını dəyişdikdən sonra bu şeirlərin ardı-arası kəsilmədi.

Sabahlara açılan pəncərəyə birgə baxan cüt gözlər nə vaxtsa yollarının kəsişdiyi kimi ayrılacağını hardan bilərdi? Bir ömrün cəfasına ikilikdə dözən, bir-birlərinə könül sirdaşı olan iki insandan birini torpaq vaxtsız-vədəsiz  yanına aparacaqdı. Amma bunu zamanında hiss etmək insan təbiətinə xas deyildi.

"Bir qadın ömrünü girov qoyub, bir şair ömrünü yaşatmışdı" Sara xanım. İncə ruhu, uşaq təbiəti ilə həmişə ailəsini düşünmüş, hətta ömrünün sonların-da belə N.Həsənzadəyə "Mənsiz necə yaşayacaqsan?" deyə narahatlığını bildirən sual ünvanlamışdı. Bir yerdə dost, həmdəm kimi böyüyən bu insanları ölüm bir-birindən ayırmışdı.

Sara xanım xəstəxanada olanda Nəriman müəllim ümidini bir an olsun itirməmiş, dözümü azalan Saraya təskinlik vermişdi. Saranı aparan sellərin yaxınlaşdığını görən şair bir qalxan olub xanımını qorumaq istəsə də, sellər onun yalvarışına məhəl qoymamış,  "bir ala gözlü xanımı" sularına qərq etmişdi.

Şair necə də düzgün vurğulamışdı: "Xoşbəxtlik axtarmışıq, xoşbəxt ola-ola biz". İnsan oğlu hər zaman belə deyilmi? Nələrin dəyərli olduğunu ancaq itirdikdən sonra anlayır.

Saranın yoxluğunu şair ömür kitabının hər səhifəsində hiss etmişdi. Bir zamanlar, evə girərkən Saranın gülərüz simasını görər, canayaxın gülüşünü eşidərdi. Sonralar isə o gülərüz sima divarda asılmış şəkilə çevrilmiş, gülüş səsləri isə sükutun səssizliyi ilə əvəz olunmuşdu.

525-ci Qəzet - Xalq şairi Nəriman Həsənzadə: “Bu, bəşər mədəniyyətinə böyük  qəsddir” - Açıqlama

"Qadınsız ata da yetim qalır, Ürəyim ananı istəyir, qızım" - deyən N.Həsənzadə Sara xanım dünyadan köçdükdən sonra tənhalığa qərq olur. Heç nə, heç kim Saranı əvəz etmir. Hərdən şair tək olmadığını qəbul etməyə çalışsa da, bir müddət sonra əvvəlki düşüncələrinə qayıdır.  O deyir: "Bəlkə daha tənha deyilsən, "qohumların" var. Amma yox, təksən. Ata yox, dünyaları ayağına sərməyi arzuladığın anan yox. Ömrünü paylaşdığın Saran yox. O, yoxdur, bu, yoxdur. Dost dediyin, sığındığın, "dayağımdır" dediyin insanları bir-bir itirmisən. Kimi ansan, kimdən danışsan, "Allah rəhmət eləsin" deyirsən". Nəticədə, doğmalaşmış dünyanın yad sakininə çevrilirsən.

Saranın yeri şairin getdiyi məclislərdə görünürdü. Heç kim şairə onun qədər diqqət, qayğı göstərmirdi. Sara, Nəriman Həsənzadəyə üçüncü övladı kimi yanaşar, hər zaman əzizləyərdi.

Bir dəfə ad günündən sonra atasına zəng edən qızı şairin kefsiz olduğunu səsindən hiss edir və səbəbini soruşur. Nəriman müəllim cavab olaraq söyləyir ki, orada heç kim mənə təzə şeirini oxu demədi. Halbuki Sara xanım bütün məclislərdə onun yeni şeir yazdığını söyləyər və oxumasını xahiş edərdi. Beləliklə, vaxtsız ölümün sədası burdan da yan keçməmişdi. 

Tək qocalmağın dərd verdiyini dilinə gətirən şair, onsuz yaşadığı üçün şeirlərində özünü qınayır. Lakin evinin ən gözəl bəzəyi olan Sara xanıma olan sevgisi, hörməti qəlbinin dərinliyində həmişə yaşayan duyğulara çevrilir...

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil,
Özgənin evinə gedirəm sənsiz.

 





01.09.2020    çap et  çap et