525.Az

"Sinfi mübarizə sovet dövründə qaldı" - Rafiq Turabxanoğlu ilə müsahibə


 

"DİALOQ FİKRİNƏ GƏLMƏYİN ÖZÜ BÖYÜK İRƏLİLƏYİŞDİR"

"Sinfi mübarizə sovet dövründə qaldı" - <b style="color:red">Rafiq Turabxanoğlu ilə müsahibə </b>

Siyasi dialoq

Siyasi dialoq rubrikasının budəfəki qonağı Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri Rafiq Turabxanoğludur.

- İqtidarla müxalifət partiyaları arasında başladılan bu proses bir sıra cəhətlərinə görə vacibdir. Dialoqun əsas əhəmiyyəti ondadır ki, hakimiyyət çalışır öyrənsin ki, ölkəmizin vətəndaşları bu gün nəyi vacib sayırlar? Hökumət yetkilisi olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev məndə çox müsbət təəssürat yaradıb, bu şəxsin bir Azərbaycan ziyalısı kimi hər bir səviyyədə, hər kəslə dialoq aparmağa hazır olduğuna inandım və inanıram. Özümə gəldikdə, Azərbaycan öz İstiqlal bəyannaməsini qəbul etdikdən, müstəqil dövlət olaraq fəaliyyətə başladıqdan sonra mən müxalifət sözünün klassik mənasını bir kənara qoymuşam. Yəni, müstəqil Azərbaycan dövlətində elə müxalifətə ehtiyac olmamalıdır. Təbii ki, hökumətin apardığı kursa dair müəyyən əks fikirlər səslənə bilər, daha layiqli nümayəndələr ola bilər və buna ehtiyac da var. Bu cür mövqelər sərgiləyənlərə müxalifət deyirsinizsə, qəbul edək, amma mənim fikrimə görə, çox istərdim ki, bizdə də partiyalar inkişaf etmiş ölkələrdəki siyasi partiyalar formasında olsun. Bu da görünür, bir qədər çətinlik yaradır, çünki elə o vaxtdan, yəni ötən əsrdən şüurda ləngimiş xalqlara Qərbin hazırladığı partiya forması bu gün əl vermir. Demək olar ki, biz və bizim kimi dövlətlərdə fəaliyyət göstərən siyasi partiyaların hardasa 90 fazi həmkarlar funksiyasını yerinə yetirir və elə o səpkidə də çalışır. Yəni həmin partiyalar hardasa sinfi mübarizə aparırlar.

- Dialoq çərçivəsində bu günədək aparılan müzakirələri necə qiymətləndirirsiniz?

- Mən aparılan danışıqları qənaətbəxş hesab edirəm. Yəni dialoqun, müzakirələrin heç vaxt heç bir ziyanı ola bilməz. Və bu gün də bir daha bunun şahidi oluruq. Müşahidə etdiyim, gördüyüm budur ki, getdikcə hamı danışaraq, müzakirələr apararaq ortaq məxrəcə gəlir. Problemləri, narazılıqları məhz dialoqla həll etmək lazımdır. Biz görmüşük ki, insanlar ümumiyyətlə, danışa-danışa bir-birinə yaxınlaşır. Belə olanda aparılan müzakirələrdə, keçirilən görüşlərdə tədricən məqsədə nail olmaq mümkündür. Mən bu dialoqun yekunu kimi gələcəkdə müsbət nəticələrin olacağına, prosesin uğur qazanacağına inanıram.

- Bəs siz özünüz dialoq zamanı nə kimi təkliflərlə çıxış etmisiniz?

- Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri kimi danışıqlarda vurğulamağa çalışıram ki, Azərbaycanda siyasi partiyalar Almaniya, Böyük Britaniya, Fransa, ABŞ, Kanada kimi dövlətlərdəki mövcud siyasi partiyalar formasında olsun, fəaliyyət göstərsin. İndi, düzdür, bunun əleyhinə heç kim çıxmır, amma nə dərəcədə dövlət bunu müsbət qarşılayır, dövlət üçün nə dərəcədə uyğundur, onu deyə bilmərəm. Mən əsasən bu məsələyə diqqəti yönəltmək istəyirəm ki,  Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə bu istiqamətdə sanballı təkliflərdən ibarət bir layihə hazırayıb, əlaqədar orqanların müzakirəsinə verə bilsin. Mənim əsas təklifim bu ola bilər. Belə də çox düzgün söhbətlər gedir, indi bizim təkliflərimiz müəyyən qədər öz yerini aldıqdan sonra bunları  çoxluğun  müzakirəsinə təqdim etmək olar. Yəni bu gün iqtidar-müxalifət dialoqu deyərdim ki, müsbət istiqamətdə gedir və mənim də istədiyim odur ki, partiyalarımız sivil dünyada mövcud olan partiyaların funksiyasında fəaliyyət göstərsinlər.

Onu xüsusilə qeyd etmək istərdim ki, insanlarımız bir-birinə daha düşmən mövqeyində deyil, dost mövqeyində yanaşmalıdırlar. Biz hamımız Azəbaycan vətəndaşlarıyıq, ölkəmizin taleyüklü məsələlərini, problemlərini təklikdə deyil, hamılıqla əl-ələ verib həll etməliyik. Yəni dialoq ideyasının özü, mənə elə gəlir ki, Azərbaycan üçün böyük bir irəliləyişdir.

- Dialoq çərçivəsində partiyanızın təklifləri barədə danışdınız. Hakimiyyət tərəfinin qaldırılan məsələlərə yanaşması necədir?

- Əgər həmin təkliflərdə şəxsi mənafe güdülmürsə, təbii ki, hakimiyyətin də onlara reaksiyası müsbət olmalıdır. Hazırda gedən danışıqlar onu göstərir ki, güclü, düzgün məntiqlə söylənilən hər bir təkif bu gün Azərbaycanda öz həllini tapa bilər və tapır da. Yəni məntiqlə hər şey nəzərə alınaraq, irəli sürülən, deyilən hər bir təklifə həm iqtidar, həm də müxalifət dediyiniz bizlərin reaksiyası müsbətdir.

- Artıq bir müddətdir, başladılan dialoq çərçivəsində partiya sədrləri ilə ayrıca görüşlər keçirilir. Ümumi müzakirələr barədə də söhbət aparılıbmı?

- Bir daha qeyd edim ki, Ədalət müəllim mənim aləmimdə həm də Azərbaycanın çox layiqli bir ziyalısıdır. Ümumi görüşün keçirilməsinin vacibliyinə gəlincə, bunun üçün ilk növbədə təkliflərdən ibarət mükəmməl bir sənəd layihəsi hazırlanmaıdır. Çünki ümumi görüşdə çalışmaq lazımdır ki, bir-iki nəfər çıxış edib, fikrini bildirsin, mübahisələr açılmasın. Hesab edirəm ki, buna ehtiyac da yoxdur. Ona görə ki, artıq aparılan müzakirələrdə müəyyən məsələlərlə bağlı ortaq məxrəcə gəlinib. Həmçinin, bu gün belə böyük informasiya məkanında nəyisə bilirəm, yaxud bilmirəm söhbəti yoxdur, sadəcə olaraq söz xətrinə söhbət olmasın, dəqiq, konkret məsələlər qoyulsun. Bir çox məsələlər var ki, indi adını çəkmirəm, amma onlar müzakirə olunmalıdır və hüquqi sənəd baxımından hamının birgə onları qəbul etməsinə ehtiyac var. Görünən odur ki, sonda bu mərhələyə də gedilib çıxılacaq. Yəni dünyada qəbul edilən standartlar baxımından ümumi görüşün əhəmiyyəti böyük ola bilər.

- Dialoqda iştirakdan imtina edən müxalifət partiyaları da var. Onların imtina səbəbləri nə dərəcədə əsaslıdır və iki partiyanın bu mövqeyi prosesə hər hansı təsir göstərirmi? Onların qənaətincə, bu, iqtidar-müxalifət dialoqu deyil, iqtidara yaxın partiyalarla başladılan prosesdir...

- Bu sualın sonundan başlayaraq cavab vermək istəyirəm. İqtidara yaxın, yaxud iqtidara uzaq partiya anlayışı bir qədər absurd səslənir. O baxımdan ki, iqtidarın xarici və ya daxili siyasətində hansısa elementlər bəyənilib-bəyənilməyə, tənqid edilə bilər, amma bu, iqtidara yaxın, yaxud iqtidardan uzaq partiya anlayışına gəlməməlidir. Düzü, mən bu cür yanaşmanı anlaya bilmirəm. Əgər sən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyasansa, iqtidara yaxın olmaya bilməzsən. O vaxt yaxın olmaya bilərsən ki, Azərbaycanda fəaliyyət göstərməzsən, yaxud ölkədən kənara çıxarsan. Başqa tərəfdən, öz fəaliyyətini elə koordinasiya edərsən ki, gizli şəkildə fəaliyyət göstərərsən. Bu anlayışı biz leksikonumuzda işlədirik, amma o, elə cilalanmalıdır ki, doğru anlaşsın. Çünki bu gün, yenə təkrar edirəm, informasiya mühiti elədir ki, hər bir deyilən fikir dünyanın istənilən yerinə bir neçə dəqiqə sonra çatdırıla bilir. Bu var və bunu qəbul etmək lazımdır.

Mən dialoqda iştirak etməyən partiyalar və onların imtina ilə bağlı irəli sürdükləri şərtlər barədə eşitməmişəm. Bu barədə ətraflı  bilmirəm. Onu deyə bilərəm ki, kiminlə dialoq barədə söhbətim olubsa, hər kəs bunun düzgün mövqe olduğunu, iqtidarla müzakirələr aparılmasının əhəmiyyətini vurğulayıb, buna ehtiyac olduğu deyilib.

Azərbaycanda qeydiyyatdan keçmiş partiyaları sabah, tutaq ki, Ədliyyə naziri yığıb bir müzakirə keçirdi, onda hansısa partiya deyəcək ki, mən gəlmirəm?  Gəlmirsənsə, deməli, qeydiyyatın ləğv olunur. Yəni bu, ciddi bir prosesdir, ciddi söhbətlər aparılır. Ondan geridə qalmaq olmaz. Ola bilər ki, kiminsə şəxsi narazılığı var, amma bütövlükdə partiyanı prosesdən kənarda saxlamaq olmaz. Dialoq vacibdir və olmalıdır.

- Söhbət AXCP və Müsavatdan gedir. Bu partiyalar bir sıra şərtlər irəli sürür - dialoqun keçirildiyi məkan, dialoqu aparan şəxs və sairə ilə bağlı...

- Bu, çox böyük məntiqsizlikdir və əgər bu cür fikir ortaya qoyublarsa, səhv ediblər. İkincisi, Prezident Administrasiyası ilə dialoq aparılır. Bunu kimin aparmasının nə fərqi var? Ədalət Vəliyev şöbə müdiridir, ona görə qarşı tərəfin arqumentlərini məntiqsiz hesab edirəm. Dialoq ona görədir ki, problemləri müzakirə edəsən, çıxış yolu tapasan. Mən imkan olsa, hər iki partiya ilə görüşüb söhbət edərəm və yanaşmalarının düzgün olmadığını bildirərəm. Dünyanın hər yerində belədir, sənin üçün nə fərqi var, Ədalət  Vəliyevlə görüşürsən, ya digəri ilə, əsas odur hakimiyyət nümayəndəsidir və səni narahat edən məsələləri səsləndirirsən. Ədalət Vəliyev də bu barədə Prezidentə məlumat  verir. Belə soyuq münasibət olmaz. Bu prosesə müsbət yanaşılmalıdır, Konstitusiyaya uyğun hərəkət edilməlidir. Sinfi mübarizə sovet dövründə qaldı. Onların qərarlarına təəssüflənirəm. Bir də onların kontingenti elədir ki, hamısı hökumətdən narazı adamlardan ibarətdir. Hakimiyyət istəyir ki,  siyasi partiyalarla dialoq aparsın. Ədalət Vəliyev də yüksək səviyyəli ziyalıdır və onunla dialoq aparılmalıdır.

- Azərbaycan cəmiyyətinin bu prosesdən qazancı nə ola bilər?

- Bu dialoqdan cəmiyyətin ən böyük qazancı o ola bilər ki, bütün siyasi qüvvələr bir-birinə etibar etməklə, yekdil qərara gələ bilərlər ki, elə bir strukturla fəaliyyət göstərsinlər ki, bizim dövlətimizdə də qanunlar rəhbər tutulsun, heç kim qanunu pozmasın. Bu, inkişaf etmiş və dünya sivilzasiyasına qoşulmaq istəyən dövlətlər üçün çox vacibdir. Belə dövlətlərdə hər kəs qanun qarşısında özünü cavabdeh sayır. Gizlin deyil ki, bizdə indiyə qədər bu sahə ilə bağlı problemlər olub. Və deyə bilərəm ki, bunun da subyektiv səbəbləri var. Bu dialoq söylədiyim məqamı tezləşdirə bilər və tezləşdirməlidir. Məsələnin digər tərəfinə gəlincə, yavaş-yavaş Azərbaycanda siyasətin qiymətləndirilməsi mexanizmi olmalıdır, yəni yaxşı ilə pis mütləq seçilməlidir. Bir çox şeylər var ki, sözün əsl mənasında onlar cilalanmalıdır. Hətta son vaxtlar sosial şəbəkələri izləyirəm, müəyyən qarşıdurmalardan görünür ki, xalqın mənafeyi naminə dialoqun olması çox vacibdir. İnanıram ki, hamımızın səyləri ilə Azərbaycanda bir çox uğurlara nail olmaq mümkündür. Lakin bu, bir adamın işi deyil. Ölkədə qanunlar elə işləməlidir ki, hər kəs özünü cavabdeh saysın. İndi hərə öz arşını ilə ölçüb qiymət verir, ona görə ki, hamı müəyyən arqument, məntiq  tapır ki, filan yerdə qanun niyə pozuldu, mən niyə pozmayım və s. Dialoqun belə işlərə çox böyük xeyri ola bilər və mən bunu da umuram, gözləyirəm. İstəyirəm ki, xalqımız da umsun ki, dialoqdan cəmiyyətimiz böyük xeyir götürə bilər.

PƏRVANƏ

 





02.09.2020    çap et  çap et