525.Az

"Divar" deyir ki, anı yaşa!.. - Bir rəsmin dedikləri


 

"Divar" deyir ki, anı yaşa!.. - <b style="color:red">Bir rəsmin dedikləri</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı rəssam Teymur Daimidir. Teymur bəylə onun "Divar" rəsmi haqqında söhbətimizi təqdim edirik.

- "Divar" rəsmi necə yarandı?

- Bu rəsmin yaranmasının maraqlı tarixçəsi var. Bir gün İçərişəhərin küçələrində fikirli-fikirli dolaşırdım. Birdən gözüm bir divara sataşdı. Divardaki dəlikdən gördüyüm mənzərə məni heyrətləndirdi. Köhnə divar və şəhər arasındaki təzad məni tutdu. Neçə dəqiqə olduğunu xatırlamıram, ancaq bilirəm, bir xeyli dinməz-söyləməz dayanıb həmin mənzərəyə baxdım. Və elə həmin vaxt qərara gəldim ki, bu divarı çəkməliyəm. Daha sonra Leonardo da Vinçinin bir fikri ilə tanış oldum. O, gənc rəssamlara məsləhət görürdü ki, yolda gedərkən divarlara baxsınlar. Mütləq orada heç kimin görmədiyi nələrisə görəcəklər. Necə ki buluda baxanda hərə öz beynində bir fiqur yaradır, eynən divarlara baxanda da bu fiqurlar yaranır. Təbii ki, burada rəssam fantaziyasının böyük rolu var. Mən o fikirlə tanış olanda bu rəsmi çoxdan çəkmişdim. Lakin doğruluğuna bir daha əmin oldum.

- Rəsm indi sizdədirmi?

-Xeyr, səhv etmirəmsə, 1993-cu ildə satmışam. Alan adam xarici kolleksiyaçı idi. Rəsmi görüb bəyənmişdi. Ümumiyyətlə, İçərişəhər xaricilərin əksəriyyəti üçün ekzotik yerdir. Elə mənim üçün də. Çox sevirəm İçərişəhəri. Rəsmə baxan insan ilk baxışdan buranın İçərişəhər olduğunu anlamaya bilər. Ancaq diqqətlə baxanda küçənin quruluşu buranın İçərişəhər olduğundan xəbər verir.

- Rəsmin rəng koloriti ilə bağlı nə deyərdiniz?

- Çalışmışam daha çox isti rənglərdən istifadə edim. Parlaq rənglərdən qaçım. İsti rənglər istədiyim atmosferi yaratmaqda mənə kömək etdi. Ümumiyyətlə, iyirmi il öncənin İçərişəhəri belə idi. Divar rəngini almaq üçün bu tonlardan istifadə etmişəm. Parlaq rənglərdən uzaq durmağımın başqa bir səbəbi də tamaşaçının diqqətini yayındırmamaq, onu sakitliyə çəkmək, bir növ meditasiya abu-havasi yaratmaqdır. Divarın özünü isə sement, gips kimi peqmentlərdən istifadə edərək yaratmışam. Bu, divarı ümumi təsvirdən ayırır, ona qalın və sərt görkəm verir. Tamaşaçı baxarkən divarın enerjisini hiss edir. Rəsmi yağlı boya ilə işləmişəm.

- Rəsmə ilk baxanda divarda hərflər gördüm. Düşündüm ki, yəqin gənc sevgililərin işidir.

- Ola bilər (gülür). Bu təxminləri tamaşaçının ixtiyarına buraxıram. Bu əsərdə bir dənə də balaca sirr var. Əgər divardakı sınıq yerə diqqətlə baxsaq (harda ki küçəni və maşını görürük), onda görəcəyik ki, bu deşiyin ümumi forması insan üzünə bənzəyir. Əslində, bu, mənim profilimdir. Belə detallar rəssamın nəfəsində və tamaşaçının diqqətində təzahür edir. Mənə daha çox o maraqlıdır ki, tamaşaçı bunu özü hiss etsin. Bəzən sərgilərdə hansısa bir rəsm haqqında tamaşaçı ilə danışanda öz gördüyümdən çox onun nə gördüyü ilə maraqlanıram. O, burada nə görür? Əsas sual budur. Bəzən tamaşaçı heç rəssamın nəzərdə tutmadığı şeyləri də deyir. Halbuki rəssam həmin şeyi demir. İncəsənətin ən gözəl tərəfi də budur - fərdlərdə təzahür etmək. Hami baxır, ancaq hərə bir şey görür.

- Bu rəsm bizə nə deyir?

- Bu rəsm deyir ki, anı yaşa!.. Bəzən parkda gəzdiyin yerdə qarşına gözəl mənzərə çıxır, sən onu heç görmürsən də. Uşaqların oynaması, güllər, yaxud başqa nəsə. Ancaq o uşaqların oynadığı top başına dəyəndə, başını qaldırıb həyata baxırsan, ana qayıdırsan. Mən də bu mənzərəni gördüyüm gün anın içərisində yox idim. Bu mənzərənin sehri məni ayıldıb dünyaya qaytardı. Mən də gördüyüm gözəlliyi insanlara göstərmək üçün bu rəsmi çəkdim.

 





02.09.2020    çap et  çap et