525.Az

"Zəhmətin istedaddan daha çox rol oynadığına inanıram" - Müsahibə


 

FƏZAİL ZƏKƏRİYYƏ: "MİLLƏTİMİZİN XOŞBƏXT OLDUĞUNU GÖRƏNDƏ MƏN DƏ SEVİNİRƏM"

"Zəhmətin istedaddan daha çox rol oynadığına inanıram"  - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Məşhur alman bəstəkarı Robert Şuman deyir ki,  rəssamın peşəsi insan ruhunun dərinliklərini işıqlandırmaqdır. Gənc rəssam Fəzail Zəkəriyyənin sosial mediada böyük maraqla qarşılanan "Vətənim kimiyəm" adlı rəsm əsərini də belə rəsmlər sırasına aid etmək olar. Fəzail bəy bu əsəri ilə sanki insanları bəzi məqamları təkrarən düşünməyə vadar edir. onların daxilindəki qaranlıqlara bir növ işıq tutur.

Söhbətimiz zamanı gənc rəssama ideyasının haradan qaynaqlandığı və proseslərin gedişi ətrafında bir neçə sual ünvanladıq. Dedi ki, şəhid övladlarının, xüsusilə də polkovnik İlqar Mirzəyevin oğlunun qürurlu, məğrur duruşunu gördükdən sonra bu əsəri yaratmağa qərar verib. Rəsmin ərsəyə gəlməsi xeyli vaxt aparıb, müəllif düz bir ay gecə-gündüz əsərin ölçüləri və digər detalları üzərində düşünməli olub. 

***

- Rəsmdə görünən və görünməyən bir çox xırda detallar da var. Ancaq heç bir nüans rəsmdəki doğma insanların baxışları qədər anlamlı deyil. Həmin o xırda detalların olmasının əsas səbəbi isə bir az stratejidir. Hər hansı bir əcnəbi rəssam bu rəsmi izləsə, birinci, ikinci hissələr diqqətini çəkməsə belə, üçüncüdə özündən asılı olmayaraq dayanacaq və tariximizi öyrənməyə maraqlı olacaq.

- Sosial şəbəkələrə təxminən nə qədər vaxt ayırırsınız?

- Magistr sahəsində müəllim kimi çalışdığım üçün vaxtımın çox az hissəsini sosial şəbəkələrdə keçirirəm. Əsasən hər hansı bir rəsm və ya mövzu ilə bağlı video hazırlayıb paylaşıram. Bunu nəyəsə görə yox, daha çox sevdiyim üçün edirəm. Həm də bu şəkildə kamera qarşısında müəyyən mövzu ətrafında danışaraq nitqimi və özümü inkişaf etdirmiş oluram.

- Rəssamlığa olan marağınız haradan gəlir?

- Uşaqlığımdan atamın çəkdiyi rəsmləri böyük maraqla izləyirdim. Elə o vaxtdan bu sənətə qarşı xüsusi rəğbətim yaranıb. Atamın rəssamlıqla bağlı yaxşı ideyaları var. Bir gün fürsətim olsa, onları da davam etdirmək istəyərəm. Hələlik öz sevdiyim rəsmləri çəkməyi düşünürəm. Onu da qeyd edim ki, rəsm çəkməyi atamdan yox, özüm öyrənmişəm. Atamla janrlarımız tamam fərqlidir. Sadəcə, evdə rəsm çəkən birini gördüyüm üçün mən də sınamağa başlamışam. Əgər mənim qədər sınasa, çox insan bunu bacara bilər. Həyatda zəhmətin istedaddan daha çox rol oynadığına inanıram. Unutmayın ki, hər işin çətinliyi o işin öyrənildiyi ana qədərdir.

- Magistr sahəsində müəllim kimi fəaliyyət göstərdiyinizi dediniz. Yəqin ali təhsiliniz rəssamlıqla bağlı deyil...

- Bəli, ali təhsilim rəssamlıqdan tamamilə fərqli bir sahə üzrədir. Bakalavrda Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası, magistrda isə Dövlət İdarəçilik Akademiyasında Heyətin idarə olunması ixtisası üzrə təhsil almışam. Hazırda "Magistr OL Tədris Mərkəzi"ndə Məntiq, İnformatika və İqtisadiyyat müəllimi kimi çalışıram.

- Gördüyüm qədər rəsmlərinizdə həm də sətiraltı mənalar ifadə edirsiniz. Daha çox hansı mövzulara toxunursunuz?

- Qarşı olduğum əsas məqam insanlarımızın özlərini inkişaf etdirməyə az zaman ayırmalarıdır. Müəllim kimi hər il potensialı olan xeyli tələbə görürəm. Ancaq bunu büruzə vermədiklərinə görə ətrafdakı insanlara da qarşı şikayətləri artır. Düşünürəm ki, hər birimiz öz bacarıqlarımızı maksimum ortaya qoymağa səy göstərsək, ölkəmizi və millətimizi daha yaxşı yerlərə gətirə bilərik. Ona görə də, rəsmlərdə, videolarda bu kimi nüanslara toxunmağa çalışıram.

- İncəsənəti çox sevirsiniz. Bəs ədəbiyyatı necə?

- Son zamanlar özümü inkişaf etdirə biləcəyim kitabları oxuyuram. Əvvəllər isə bədii və digər janrlarda olan kitablara maraq göstərirdim. Amma şəxsi inkişaf kitablarına nisbətən romanlar rəsmlə bağlı ideyalarımı daha çox artırır. Ona görə də, bir müddət sonra bədii kitabları oxumağa davam edəcəyəm.

- Sosial mediada başqa bir rəsminiz də olduqca diqqət çəkmişdi. Öz əllərinizin rəsmini çəkmişdiniz, ancaq bu rəsmin ifadə etdiyi əsl mənanı qeyd etmədiniz. Mənə elə gəlir ki, burada sol əl sağ əli bəzi nüansları kağıza köçürməkdən çəkindirmək istəyir...

- Bundan sonra çəkməyi planladığım iki rəsmdə də əllərim olacaq. Bunun çox təsirli olacağını düşünürəm. İndi həmin rəsmlə bağlı demək istədiklərimi tam formada ifadə edə bilmirəm. Rəsmlərin mənalarını ayrıca kitab halında yazıram. Çox vaxt aldığına görə bəzən günlərlə bunun üzərində düşünməli oluram. Ona görə də, hazırda konkret bir cavab verə bilmirəm.

- Fəzail bəy, kimləri yaxşı rəssam hesab edirsiniz?

- Rəsmdə səliqəyə, incəliyə, dəqiqliyə xüsusi önəm verirəm. Fərqli ölkələrdə realizm yüksək inkişafa çatdığı üçün yağlı boya ilə çəkilən rəsmlərdə belə, dəqiqlik üst səviyyəyə qalxıb. Ölkəmizdə də belə rəsmləri görəndə çox xoşbəxt oluram. Konkret ad deyə bilməyəcəyəm. Bacardığımız qədər hər bir rəssama dəstək olmalıyıq. Mən rəssam yox, müəlliməm. Bacarığımı da rəssamların əsərlərini incələyərək inkişaf etdirmişəm. Hətta rəsmlərə baxıb rəssamların hansı hissələrdə tələsdiklərini, səbirli ola bilmədiklərini, rəsmin hansı hissəsində çətinlik çəkdiklərini bildiyimi düşünürəm. Ömrümün sonuna kimi öyrənməyə çalışacağam. Bir gün tanınmış rəssam olsam da, özümü hər zaman tələbələrimin müəllimi kimi hiss edəcəyəm.

- Bir rəssam kimi dünyanın bugünkü görüntüsünü necə təsvir edirsiniz?

- Tam şəkildə olmasa da, "Bizdən uzaqlarda" adlı rəsmimdə bu suala cavab verməyə çalışmışam. Düzdür, ilk baxışda rəsmdə sadəcə, yer kürəsi görünür. Amma orada xırda-xırda anlamlı fiqurlar yerləşdirməyə çalışmışam.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Gələcəklə bağlı xeyli planım var və yaşadığım müddətdə o planları həyata keçirmək üçün çalışacağam. Millətimizin xoşbəxt olduğunu görəndə mən də sevinirəm. Bacardığım qədər  insanlara fayda verməyə çalışacağam. Bəlkə də, etdiklərim bəziləri üçün anlamlı olmaz, amma hər kəs öz inandığı doğrular qədər yol ala bilər.

Rəsmlə bağlı planlarımı tam olaraq demək istəmirəm. Sadəcə, bu ilin sonuna kimi hər birimiz üçün böyük bir məna ifadə edəcək rəsmimi bitirməyə çalışacağam. Əslində, "Vətənim kimiyəm" rəsmi ilə eyni pillədə olan bir əsər yarada biləcəyimi düşünmürdüm. İndi isə böyük ümidlə davam edirəm və bunu bacaracağıma inanıram.

Günel ABBAS

 





02.09.2020    çap et  çap et