525.Az

Naxçıvan Muxtar Respublikası: Dayanıqlı iqtisadi inkişaf və etibarlı müqavimətlilik


 

Naxçıvan Muxtar Respublikası: <b style="color:red">Dayanıqlı iqtisadi inkişaf və etibarlı müqavimətlilik</b>

İqtisadi siyasətdəki qətiyyətlilik və sosial sahədəki etibarlılıqla makroiqtisadi inkişafın hərəkətverici qüvvəsi olaraq çıxış edən Naxçıvan Muxtar Respublikası ölkənin uzunmüddətli hədəflərinə doğru inamla addımlamaqdadır. Səmərəli regional siyasətin də çox mühüm göstəricilərindən ibarət potensialla milli iqtisadi quruculuq proseslərinə töhfə kimi qərarlaşan bu amil artıq yeni dövr üzrə dinamik makroiqtisadi göstəricilərin təşəkkülünə güclü zəmin də yaratmaqdadır. Burada əhalinin sosial rifahının daha da güclənməsindən, istehsal infrastrukturunun etibarlılığının artmasından, digər sahələr üzrə sağlam fəaliyyət mühitinin güclü təsisatlarının yaradılmasından ibarət mexanizmlər yer almaqdadır. 

Ölkədə iqtisadi və hüquqi tənzimləmələr əsasında inamla davam etdirilən islahatlar ümumilikdə, sosial-iqtisadi inkişafın möhkəm dayaqlarını təşkil etməkdədir. Bu isə, təbii ki, nəticə etibarı ilə regional iqtisadi səmərəlilik fonunda muxtar respublikanın əldə etdiyi uğurların əhatəsini daha da genişləndirməkdə, onun davamlılığına təminat verməkdədir.

Dövlətin tənzimləyici və stimullaşdırıcı mexanizmləri ilə formalaşdırmış olduğu sosial-iqtisadi inkişafla davam edən pandemiyanın təsirləri qarşısında da iqtisadi müqavimətliliyini artıran muxtar respublikanın makroiqtisadi göstəriciləri özünün artan dinamikaya xas təşəkkülü ilə yadda qalmaqdadır. Artıq 2020-ci ilin yanvar-iyul aylarının makroiqtisadi göstəriciləri də yüksək bazaya çevrilməklə geridə qaldı. Diqqət edəndən aydın olur ki, istinad olunan dövrdə muxtar respublikada 1 milyard 574 milyon 282 min 900 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki dövrlər üzrə güclü təşkilatlanmanın gerçək ifadəsi olaraq çıxış etməkdədir. Ümumiyyətlə, ötən yeddi ayın sosial-iqtisadi xronikasının ilkin təhlili göstərir ki, yaranan potensial bütün sahələr və regionlar üzrə güclü əsaslara malik olub, çoxşaxəlilik üçün güclü əsaslar yaradıb, davam edən islahatların perspektivlərini yüksəldib, sosiallaşma proseslərinin etibarlılığını daha da artırıb, milli iqtisadiyyat üçün zəruri olan proseslərin təşkili və idarə olunmasını sürətləndirib, bununla da, iqtisadi böhranlar, həmçinin, sarsıntılar qarşısındakı müqavimətliliyin güclənməsinə əsaslar yaradıb.

Makroiqtisadi proseslərin belə təşəkkülü müasir müstəqillik illərində ölkəmizin regional siyasətinin çox mühüm göstəricisi olaraq çıxış etməkdədir. Eyni zamanda, bu, hər bir regionun, iqtisadi rayonun istehsal və sosial infrastruktur üzrə güclü təşkilatlanmasının ifadəsi olmaqla, həm də son 17 ildə uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramlarının səmərəli nəticələrini bir daha göstərməkdədir. Təbii ki, bütün tərəfləri ilə həmçinin, regionlarda əhalinin sosial rifahının daha da yaxşılaşmasına xidmət etməkdə, bu sahədəki səmərəliliyi daha da artırmaqdadır. Fikrimizi Naxçıvan Muxtar Respublikasının timsalında ifadə etsək, görərik ki, cari ilin yanvar-iyul aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 3421 manat olmuşdur ki, bu da, sosial dayanıqlılığın etibarlılığında zəruri göstərici olaraq çıxış edir. Bu, əgər bir tərəfdən dövlətin iqtisadi siyasətinin müəyyən olunan hədəflərə doğru əlçatanlığını göstərirsə, digər tərəfdən, sosial-iqtisadi inkişaf proseslərində əhalinin yorulmaz əmək ehtiyatları, istehsalçı olmaq etibarı ilə çevik iştirakını ifadə etməkdədir.

Bütün tərəfləri ilə, kəndlərin inkişafından, qəsəbələrin müasirləşməsindən, şəhərlərin mövcud perspektivlərinin daha da artmasından, tarixiliklə müasirliyin vəhdətindən ibarət göstəricilər muxtar respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsinin əsaslarını yaradıb. Qeyri-neft sektorunun makroiqtisadi inkişafdakı rolunun artması, özəl bölmənin sosial-iqtisadi proseslərin tənzimlənməsindəki təsirinin güclənməsi regional və milli iqtisadiyyatlar üçün daha səmərəli mühit formalaşdırıb. Nəticədə isə, iqtisadiyyatın aparıcı sahələrindən biri kimi sənayenin rolu, çəkisi və təsiri daha da artmaqdadır. Cari ilin yeddi ayı üzrə sosial-iqtisadi göstəricilər də bunu göstərməkdədir. Bəhs olunan dövr ərzində muxtar respublikada 648 milyon 741 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu isə, təbii ki, əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda ilk yerdə təşəkkül tapan sənayenin ötən dövrlər ərzində malik olduğu potensialı bir daha göstərməkdə, onun etibarlı inteqrasiya mexanizmi olaraq, muxtar respublikanın regionları üzrə təşkilatlandığını ifadə etməkdədir. Bu, eyni zamanda, ölkədə uğurla davam etdirilən sənayeləşmə siyasətinin onun bütün regionları üzrə inkişaf etməsinin mühüm göstəricilərindən biri olaraq, böyük əhəmiyyətə malikdir.

İqtisadiyyatın davamlı inkişafının təmin olunması, aqrar sahədə məşğulluq imkanlarının artması, ərzaq təhlükəsizliyinin daima aktuallığının qorunması kənd təsərrüfatının rolunu daha da gücləndirməkdədir. İstər əhalisinin yerləşməsinə, istərsə də ərazisinin ixtisaslaşmasına görə kənd təsərrüfatı regionu olan muxtar respublikada təsərrüfatlar üzrə səmərəli fəaliyyətin təşkili həm də yüksək məhsuldarlıqla müşayiət olunmaqdadır. Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər burada səmərəli infrastruktur təşkilatlanması ilə daha da əlamətdardır. Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında sazişə əsasən, Çin Xalq Respublikasından gətirilmiş 17 adda 67 texnika və texnoloji avadanlıq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilib. Müasir texnika və texnologiyadan istifadənin, həmçinin, innovativ inkişafın nəticələrinə yanaşmanın gerçək ifadəsi olaraq bu proseslər təbii ki, qarşıdakı dövrlərdə aqrar siyasətin səmərəli təşkilində daha mühüm nəticələrin əldə olunmasına imkan verəcək.

İqtisadi inkişafın və sosial rifahın davamlılığı bütün tərəfləri ilə istehsal anlayışının fasiləsizliyindən, eyni zamanda, artan təlabatlar qarşısındakı dayanıqlılığından asılıdır. Naxçıvan Muxtar Respublikasında iqtisadi və hüquqi tənzimləmələr fonunda həyata keçirilən tədbirlər burada yerli məhsulların istehsalına, daxili bazarın bu məhsullarla təminatına imkan verməkdədir. Təbii ki, bütün bunlar kreativ ideya və təşəbbüslərə əsaslanan iqtisadi fəaliyyətin mövcudluğu ilə daha da səmərəli görünür ki, burada da Sahibkarlıq fəaliyyətinin məhsuldar rolunu qeyd etmək olar. Yeni istehsal müəssisələrinin yaradılması, onların iqtisadiyyatın sahə strukturunu əhatə etməsi və bu sahədəki fəaliyyətin dövlət tərəfindən davamlı olaraq dəstəklənməsi muxtar respublikada istehsal olunan məhsulların sayında artım göstəricilərinə təminat verməkdədir. Artıq muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Həmin göstəricinin 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarından ibarətdir. Qeyd edək ki, əhalinin 108-i ərzaq (ümumi ərzaq məhsulları üzrə 85 faizdən artığı), 242-si qeyri-ərzaq (ümumi qeyri-ərzaq məhsulları üzrə 95 faizə yaxını) olmaqla, 350 növdə məhsula (ümumi məhsul növü üzrə 91 faizdən artıq) olan tələbatı tamamilə yerli imkanlar hesabına qarşılanmaqdadır. Təbii ki, bu, muxtar respublika iqtisadiyyatı üçün etibarlı iqtisadi inkişafın nəticəsi, dayanıqlı sosial rifahın ifadəsi, davam etdirilən islahatların səmərəliliyi, iqtisadi tarazlığın qorunması və milli iqtisadi quruculuq proseslərində məhsuldar iştirakın ən gerçək təsdiqidir. Digər tərəfdən, bu, həm də özündə əhali məşğulluğunun mövcudluğunu və onun rayonlar, hətta ucqar kəndlər üzrə əhatələndiyini göstərməkdədir.

Mahiyyət etibarı ilə yerli istehsal varsa, deməli, əhalinin artan tələbatlarının qarşılanması da təmin edilir. Həm də, bu, daxili tələbatın qarşılanması əsasında tələbatdan artıq məhsulların ixrac imkanlarını da artırmış olur. 2020-ci il muxtar respublikada "İxrac ili" elan edilib.

Ölkənin etibarlı dostluq və tərəfdaşlıq siyasətinin, eyni zamanda, daha da möhkəmlənən beynəlxalq iqtisadi münasibətlərinin inkişafında Naxçıvan Muxtar Respublikasının özünəməxsus rolu var. Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, bu ilin yanvar-iyul aylarında 256 milyon 878 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxrac əməliyyatlarının həcmi 223 milyon 138 min 900 ABŞ dolları təşkil edib, bu dövrdə 189 milyon 399 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Həmin dövrdə idxalın həcmi isə 33 milyon 739 min 200 ABŞ dolları təşkil edib. Hesablamalar göstərir ki, ötən yeddi ayda ixrac əməliyyatları xarici ticarət dövriyyəsinin 87 faizinə bərabər olub. Müsbət saldo isə idxalın həcmindən təxminən 5,6 dəfə çox  olub, xarici ticarət dövriyyəsinin 74 faizinə yaxınını təşkil edib. İdxalın həcmi xarici ticarət dövriyyəsinin 13 faizinə bərabər olub.

Beləliklə, Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin yanvar-iyul aylarının sosial-iqtisadi inkişaf göstəriciləri də makroiqtisadi potensialın daha da artmasına xidmət etməklə yadda qaldı. Təbii ki, hədəflər böyük və mövcud potensial fonunda daha da əlçatandır. Bu mənada, həyata keçirilən stimullaşdırıcı tədbirlər və əldə olunan perspektivli nəticələr iqtisadiyyatın sosiallaşma göstəricilərinin məhsuldarlığını artırmaqdadır. İqtisadiyyat isə regional və milli səviyyələrdə dinamik inkişaf etməkdədir. Bu isə, keyfiyyətcə yeni mərhələnin əsaslarını gücləndirməkdədir.

 





03.09.2020    çap et  çap et