525.Az

"Teledərslər pandemiya dövründə şagirdlər üçün çox faydalı oldu" - Təhsil


 

EKSPERTLƏRİN FİKRİNCƏ, TƏHSİL NAZİRLİYİ BU ÇƏTİN DÖNƏMDƏ TƏDRİS PROSESİNİN DAVAMI ÜÇÜN ƏN OPTİMAL VARİANTLARDAN İSTİFADƏ ETDİ

"Teledərslər pandemiya dövründə şagirdlər üçün çox faydalı oldu" - <b style="color:red">Təhsil</b>

Koronavirus pandemiyası ilə əlaqədar bu il martın 3-dən Azərbaycanın ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində dərslərə fasilə verildi.
 
Fasilə səbəbilə təhsil sahəsində yarana biləcək boşluqları doldurmaq, bu şəraitdə şagird və tələbələrin təhsilinin yarımçıq qalmaması üçün Təhsil Nazirliyi müxtəlif yeni platformalar təklif etməyə başladı. Bunlardan biri də Teledərs layihəsi idi. Martın 10-dan başlayaraq "Mədəniyyət" kanalında "Dərs vaxtı" adlı teledərslərə start verildi. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunurdu.

İki dildə hazırlanan dərslərə müəllimlər fəal şəkildə qoşuldu. Hətta bölgələrdən təşəbbüs göstərən müəllimlər belə vardı. Lakin karantin rejiminin çətinlikləri, həmin müəllimlərin gəlib-getməsində yarana biləcək problemlər nəzərə alınaraq, əsasən Bakıdakı məktəblərin müəllimlərinə üstünlük verildi.

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyir ki, cəmi bir həftə ərzində çəkilişlərə qərar verilib və dərhal işə başlanılıb: "Belə az bir vaxtda seçim imkanları yox idi. İlk mərhələdə Bakının məktəb və liseylərindən tanınmış müəllimləri bu prosesə cəlb etdik. "Tanınmış" deyərkən bu vaxta qədər videolar çəkən, elektron resurslarla işləmək təcrübəsi olan müəllimləri nəzərdə tuturam. Çünki az vaxtda çox işə nail olmalıydıq. Çox keçmədən başa düşdük ki, belə davam edə bilməyəcəyik. Pandemiya dövrüdür. Bu vəziyyətdə obyektiv və subyektiv səbəblərdən müəllimlər prosesdən kənarlaşa, bizi tərk edə bilərlər. Prosesdə davamlılığı təmin edə bilmək üçün böyük bir bazaya ehtiyacımız vardı. Odur ki, Bakı şəhərində yerləşən məktəblərə yenidən müraciət edərək özünü sınamaq istəyən müəllimləri çəkilişin aparıldığı məkana dəvət etdik. Sanitar-gigiyenik qaydalara əməl olunmaqla müsahibələr və sınaq çəkilişlər təşkil etdik. Beləliklə, karantin rejimi başlayanda biz artıq hazır idik".

Teledərslərin çəkilişi Bakı şəhəri 6 nömrəli tam orta məktəbdə aparılırdı. İşi müəllimləri təlimatlandırmaqdan, çəkilişləri tənzimləməkdən ibarət olan təxminən 100 nəfərlik heyət karantin rejiminin çətinliklərinə və epidemiya təhlükəsinə baxmayaraq, hər gün eyni əzmlə işlədi.

N.Mehdiyeva deyir ki, yer, çəkiliş heyəti, müəllimlər hazır olduqdan sonra sıra gəlib teledərsin məzmununa: "Məsələ məktəblilər, xüsusən aşağı sinif şagirdləri olunca, bir addım atmadan iki dəfə düşünmək lazım gəlir. Tədris olunacaq mövzu ilə bağlı suallar hazırlanarkən belə hər məqama ehtiyatlı yanaşdıq. Dərslər sadəcə dərslik üzərində qurulacaq, yoxsa dərslikdən kənar mənbələrdən də istifadə olunmalıdır? - kimi məsələlər üzərində geniş müzakirələr aparıldı".

Müzakirələr qərara çevriləndən, müəllimlərdən nə istənildiyi qətiləşəndən sonra çəkilişlər başlayıb: "Əvvəlcə müəllimlərlə müsahibə keçirirdik. Elə oradaca müəllimlərə tapşırıq verilirdi ki, tədris etdiyi fənn üzrə bir mövzunu hazırlayıb 10-12 dəqiqə müddətində təqdim etsinlər. Müəllimlər hazırlıq üçün məktəb kitabxanasındakı dərslik və digər vəsaitlərdən istifadə edirdi. Təqdim olunan dərsdə müəllimin danışığı, izahı, ifadə tərzi, öyrədici tapşırıqlar tərtib etmək bacarıqları qiymətləndirilirdi. Az vaxt ərzində 300 nəfərdən çox müəllimi dinlədik, hazırladıqları dərslərə qulaq asdıq. Seçilən müəllimlərə tapşırıqlar verildi ki, öz üzərində işləyib hazırlaşsınlar, istənilən vaxt onları dəvət edə bilərik. Aprel ayından ölkədə karantin şəraiti elan ediləndə hazırlıqlarımız tamamlanmışdı. Artıq hər hansı çətinliyimiz qalmamışdı. Teledərslərə kimi və nə vaxt dəvət edəcəyimizi bilirdik".

N.Mehdiyevanın sözlərinə görə, bəzi müəllimlər yaşı, bəziləri epidemiya şəraiti ilə əlaqədar olaraq prosesdən kənarlaşmağa məcbur olsalar da, teledərslərə cəlb edilən müəllimlərin çoxu ilk gündən dərs ilinin sonunadək layihədə fəaliyyətini uğurla davam etdiriblər.

İbtidai siniflər üçün teledərslər hər gün 3 dərs olmaqla həftədə 4 dəfə, yuxarı siniflərdə həftənin 2 günü 10 fənn tədris olunmaqla keçilirdi. Məsələn, VIII sinifdə oxuyan şagird teledərsə həftənin 2 günü baxır, hər dəfə bir neçə fənn üzrə dərs alırdı.

Qeyd edək ki, teledərslərdə məktəbəqədər, ümumi təhsil və peşə təhsil səviyyələrini əhatə edən 3224 video çəkilib. Çəkilişlərdə ümumilikdə 120 müəllim iştirak edib. Bütün dərslər https://video.edu.az/ saytında yerləşdirilib.



Layihənin ən fəal iştirakçılarından biri kimi, akademik Zərifə Əliyeva adına Liseyin coğrafiya müəllimi Anar Mustafazadə deyir ki, o, teledərslərdə 40-dan artıq dərsə çəkilib: "Sınaqlara dəvət olunanda çox həyəcanlıydım. Elə müəllimlər vardı ki, bir neçə dəfə sınaq çəkilişləri olurdu. Mənim də öyrəşmədiyim bir situasiya olsa da, cəmi bir dəfə sınaq çəkilişində oldum".

Amma növbəti mərhələ sınaqdan da çətin olub: "Videodərslərdə mənə ən çətin gələn materialların hazırlanması idi. Ənənəvi dərsin hazırlığına sərf etdiyimdən daha çox vaxt tələb olunurdu. Biliyin ən sadə, anlaşılan formada çatdırılmasına nail olmalıydım. Əslində, müəllim olaraq bütün dərslərimdə məqsədim budur. Ancaq ənənəvi dərsdə şagirdlərin gözündən nəyi anlamadığını bilmək mümkündür. Burada isə şagirdləri görmürsən. Ona görə də ötürdüyüm biliyin əhatəliliyinə, anlaşılan olmasına xüsusi diqqət yetirirdim".

A.Mustafazadə çəkildiyi 35 normal dərs, 1 inteqrativ və abituriyentlər üçün 7 dərsdə lazım olan biliyin ötürülməsi üçün əlindən gələni etdiyini deyir. Dəvət olunarsa, yeni tədris ilində də layihədə iştirak etməyi düşünür. Sözlərindən görünür ki, dəvət gözləmədən növbəti tədris ili üçün planını çoxdan cızmağa başlayıb: "Bu dəfə şagirdləri fəallaşdırmağa çalışacağam. İstiqamətləndirici suallarla onları araşdırmağa sövq edəcəyəm. Yeni başlayan dərslər üçün maraqlı suallar düşünürəm. Şagirdlərdə oxumağa daxili məsuliyyət yaratmaq, tədqiqat sualları vasitəsilə özlərinin araşdırma aparmasına nail olmaq istəyirəm. Belə bir fikir var ki, oxumağa həvəsi müəllim yaradır. Məlumdur ki, şagirdlər bütün fənlər üzrə yaxşı müəllimdən dərs ala bilmirlər. Bu baxımdan, teledərs layihəsi çox önəmlidir. Öyrənmə mənbələri nə qədər çox olarsa, öyrənənlər bir o qədər uğurlu olar. Amma unutmayaq ki, ən yaxşı müəllim insanın öyrənmək hissidir. İnsan özündə öyrənməyə həvəs yaradarsa, bütün istiqamətlər üzrə özünü inkişaf etdirə bilər".

İnsanın daxili məsuliyyətinin formalaşmasına pandemiyanın təsirini qeyd edən müəllim hesab edir ki, biliyi məktəbdə müəllimdən almağa öyrəşmiş bugünkü nəsil mövcud vəziyyətlə əlaqədar həmin imkandan məhrum qaldı və müstəqil öyrənmə səriştəsinin formalaşmasına ehtiyac yarandı. "Biz bir daha əmin olduq ki, müstəqil öyrənmə səriştəsinin formalaşması təhsilin inkişafında mühüm rola malikdir".

Teledərslərin sentyabr ayından yayımı davam etdiriləcək. Ayın ilk həftəsindən başlayaraq tamamilə yeni formatda, yeni keyfiyyətdə dərslərin çəkilişlərinə başlanacaq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, bu məqsədlə tamamilə yeni dizaynda 4 studiya qurulub. Həm humanitar, həm texniki, həm də ibtidai siniflər üçün dərslərin çəkiləcəyi həmin studiyalar yeni monitorlarla, mövzuları əhatə edən ayrı-ayrı elementlərlə təchiz olunub: "Tədrisin hansı şəraitdə, hansı formada - ənənəvi, hibrid, yaxud onlayn aparılmasından asılı olmayaraq, teledərslər mart ayına qədər davam edəcək. Düşünürük ki, mart ayının 11-dən başladığımız teledərslər ən azı bir illik formatda olsun. Yayım formatı tədris proqramına uyğun olaraq qurulsun və davam etdirilsin. Prosesi yarıda qoymaq istəmirik. Müəllimlərimiz, şagirdlərimiz teledərslərimizi yeni tədris ilindən izləyə biləcəklər".

Professor Şahlar Əsgərov vurğulayır ki, ölkədə COVİD-19 koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində bir çox mühüm qərarlar qəbul edildi. Əsas məqsəd şagirdlərin sağlamlığı və onların pandemiyaya yoluxmasının qarşısını almağa yönəlmişdi. Məktəb bir dəyərdir. Amma ondan da böyük bir dəyər var, o da gənclərin sağlamlığıdır: "Təhsil Nazirliyinin alternativ vasitələrdən istifadə edərək təlim prosesini elektron tədris resursları və "Mədəniyyət" kanalında gedən teledərslərlə aradan qaldırmaq təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu təşəbbüsə ölkədə hər bir şagirdin məktəb proqramından geri qalmaması məqsədilə başlanıldı. Teledərslər koronavirus pandemiyası dövründə şagirdlər üçün çox faydalı oldu".

Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, dünyanı bürüyən bu virusdan qorunmaq ən vacib məsələlərdən biridir. Şagirdlərin sağlamlığı isə hər şeydən üstündür: Pandemiya dövründə şagirdlərin elektron dərsliklərdən istifadə etməsinin ən doğru qərar olduğunu deyib, bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən aparılan operativ tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirib: "Mədəniyyət" kanalında aparılan teledərslər internetə çıxışı olmayan şagirdlər üçün bir pəncərə açdı. Təhsil Nazirliyinin bu pandemiya dövründə yaranmış vəziyyətdə tədris prosesi üçün ən optimal variantlardan istifadə etdiyini düşünürəm".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





03.09.2020    çap et  çap et