525.Az

Milli poeziyamızın parlaq xətti: "Gülüstan"dan "İstiqlal"a


 

Milli poeziyamızın parlaq xətti: <b style="color:red">"Gülüstan"dan "İstiqlal"a</b>

Bəxtiyar Vahabzadə - 95

Zəngin bir yaradıcılığa malik görkəmli Azərbaycan şairi və mütəfəkkiri Bəxtiyar Vahabzadə (1925-2009) əsərlərində xalqının istiqlalı ilə bağlı mövzuları cəsarət və istedadla qələmə alıb, türk milli birliyi ideyasını önə çıxarıb. Bu yöndə ilk parlaq əsərlərindən olan "Gülüstan" poeması, tamamilə haqlı olaraq, Azərbaycan ədəbiyyatının qızıl fondunda layiqli yerini alıb. Poema Azərbaycanın Güney və Quzey olaraq ikiyə bölünməsinə səbəb olan "Gülüstan" müqaviləsinə həsr olunub, milli istiqlal mücadiləsi və oyanış vaxtlarında ən çox oxunan əsərlərdən biri kimi qiymətləndirilib. Əsər Azərbaycan xalqının milli mücadilə tarixinin görkəmli nümayəndələrindən olan Səttarxan və Şeyx Məhəmməd Xiyabaniyə həsr edilib.

Bir qələm əsrlik hicran yaratdı
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

Əsərin girişindən olan bu parçadakı "Bir qələm əsrlik hicran yaratdı" misrası zamanının böyük türk dövlətlərindən biri olan Azərbaycanın necə iki hissəyə parçalandığını anladır. "Başını qaldırdı, ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın" misraları zaman-zaman Azərbaycan xalqının birlik və istiqlaliyyət uğrunda apardığı milli mücadilədən və onun acı aqibətindən bəhs edir.

Xalq şairi B.Vahabzadənin əsərlərində Azərbaycan xalqının milli və siyasi (Güney və Quzey Azərbaycan) problemləri, habelə dövlət müstəqilliyi, türk dünyasının birliyi kimi, qardaşlığı əhəmiyyətli mövzular və motivlər yer almaqdadır. Mənsub olduğu xalqının istiqlaliyyətini düşünən şairin "Gülüstan", "İstiqlal" və "Şəhidlər" kimi əsərləri Azərbaycan xalqının istiqlal uğrunda mübarizə mövzusunu əks etdirir. Onun "Dar ağacı", "Özümüzü kəsən qılınc", "Fəryad", "Atamın kitabı" kimi digər əsərlərində də xalqın istiqlalına maneə olan problemlər, daxili və xarici düşmənlərin mənfur əməlləri diqqət mərkəzinə çıxarılıb. Bu da maraq doğurur ki, şairin özü "İstiqlal" əsərini böyük Azərbaycanın parçalanma tarixini anladan "Gülüstan" əsərinin davamı olduğunu qeyd edib. Çünki XX əsrin sonunda Sovet Rusiyasının çökməsi ilə əlaqədar Azərbaycanda xalq hərəkatı baş qaldırdı və xalq istiqlaliyyət uğrunda savaş açaraq öz müstəqilliyini qazandı, suveren Azərbaycan dövləti yenidən bərpa edildi. Buna görə şair:

Məndən rica etdi bir vətənsevər
Yazım davamını mən "Gülüstan"ın

- deyərək zamanın dəyişdiyini, xalqın milli birliklə apardığı istiqlaliyyət mücadiləsinin nəticələrini nəzərdə tutaraq, sonrakı dövrdə Azərbaycanla İran arasında yaranan əlaqələrin verdiyi imkanlar daxilində Güney və Quzey Azərbaycanın həsrətinin qismən səngiməsi mövzusuna diqqət ayırıb. Şair:

"Şəhidlər" nəticə, "Gülüstan" təməl.
Azadlıq verilməz, bilək bir kərə
Azadlıq alınar, budur doğru yol

- deyə 1988-ci ildən başlanan istiqlal mücadiləsi, Azərbaycanın qazandığı suverenlik və milli birlik haqda söz açır, 1990-cı ildə Azərbaycan xalqına qarşı amansızlıqla törədilən 20 yanvar qətliamına həsr etdiyi "Şəhidlər" əsərinə işarə vurur. Beləliklə, "Gülüstan" əsərində şairin qaldırdığı ayrılıq fəryadı və parçalanma dərdi "İstiqlal"da istiqlaliyyətin alınması coşqusu ilə əvəzlənir, Azərbaycan xalqının milli müstəqilliyi və istiqlaliyyəti mövzusunda "Şəhidlər" əsərinin əhəmiyyəti qabarıq şəkildə görünür. Əsərdəki:

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər -

misraları ilə şair hünər və qəhrəmanlığın bir millətin və onun vətəndaşının müstəqillik və səadətinin təməlində dayandığını ifadə edir. Yaşından, cinsindən asılı olmayaraq bütün azəbaycanlıların mücadilədə həmrəy olmaları əsərin mərkəzində dayanır və şair xalqın istiqlaliyyət coşqusunu göstərməklə bərabər, uşaqdan tutmuş böyüyə qədər, hər kəsin istiqlal uğrunda irəli atılmasını ön plana çəkir.



Qeyd etdiyimiz kimi, Azərbaycanın bütövlüyü, böyüklüyü və istiqlalı Bəxtiyar Vahabzadə əsərlərinin ana mövzusunu təşkil edir. Şair nə yazırsa yazsın, Azərbaycanın istiqlalı və türk birliyi həmişə onu düşündürür. "Vətəndən vətənə", "Azərbaycan oğluyam", "Mənim şeirim", "Şair-vətən", "Əgər qorunmazsa istiqlalımız" və başqa şeirlərində də bəhs edilən mövzu əhəmiyyətli yer tutmaqdadır:

Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Bu, necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
... Füzuli həsrətlə qürbətdən
Vətənə baxırdı,
Mən isə... Vətəndən-Vətənə
baxıram.

Görkəmli şairimiz özünün "Şair - vətən" şeirində:

Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə...
Şairin bədəni - bu ana torpaq,
Nəfəsi - xəzridir, qanı - Kür, Araz.
Çox şəy Vətənsiz də yaşayır, ancaq
Şairsə Vətənsiz, əlsiz yaşamaz 

- söyləməklə bütün şairlərin, əlbəttə, özünün də vətəninin hayqırışı, səsi, fəryadı, duyğularının ifadəçisi olduğunu bildirir.

Şair "Anamın kitabı" əsərində Azərbaycan türklərini yüz illərcə bölünüb, başqa mənəviyyata, başqa qanunlara, başqa ideologiyaya yönəldilməsindən də söz açır. Onun "Ana dili" və "Anamın kitabı" kimi əsərlərində də milli dil və heysiyyət məsələlərinə diqqət yetirilir. Bu, inkaredilməzdir ki, milli dil bütün millətlərin vazkeçilməz, itirilməz dəyəri, milli varlığının təməlində dayanan ən önəmli şərtdir. Bütün filosofların da söylədiyi kimi, "dil varsa, millət vardır, dil yoxsa, millət də yoxdur". Bu mövzu şairin "Ana dili" adlı şeirinin əsas mövzusudur. Şeirdə:

Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır,

- deyə şair ana dilini - Azərbaycan dilini milli-ictimai varlığın daşıyıcısı, birləşdirici dəyəri kimi səciyyələndirir. Şairin fikrincə, ana dili insanın ruhudur, bütün mənalarda, sözün geniş mənasında dil insanın və millətin özünüifadəsi, məqsədinin təqdimi, sosial mühitlə əlaqəsi və ünsiyyət vasitəsidir. Bu baxımdan hər bir dili bir-birinə bağlayan bənzər ümumi şərtlər olsa da, fərqli, bilavasitə psixoloji, milli müstəvidən fərqli tərəfləri çoxdur. Sözlərin özündə yaşatdığı psixoloji məna özünəməxsusluğu milli olaraq insanları ayıra, bir millətə mənsubiyyətini fərqləndirə bilir. Məsələn, azərbaycanlıların istifadə etdiyi "can", "aman" və başqa sözlər yalnız azərbaycanlıların anlaya biləcəkləri anlamlarda işlənə bilir. Bu və çoxsaylı digər şərtlərlə dil bir anlamda da yalnız millidir, o, millətə aiddir, onun vətəndaşlarının bütün ruhunu - keçmişdən üzü bəri bütün yaşayışı boyunca tamamən ruhunu özündə yaşadır, ifadə edir. B.Vahabzadənin "Ana dili" şeirində də poetik şəkildə məhz ana dilinin bu xüsusiyyətlərindən bəhs olunur. Şeirdəki: "Sən xalqının aldığı ilk nəfəsdən yarandın" misrasında şair Azərbaycan dilinin xalqın nəfəsindən yarandığını söyləməklə onu xalqın çoxminillik yaşayış, həyat, düşüncə, heysiyyət və bütün duyğularının daşıyıcısı kimi səciyyələndirir. Şairin "Muğam", "Özümüzü kəsən qılınc", "Dar ağacı" kimi əsərlərində də azərbaycanlıların milli dəyərləri, müstəqilliyi, istiqlalı və başqa bu kimi motivlər əhəmiyyətli yer tutur. 

Bəxtiyar Vahabzadənin dramaturji əsərlərində də istiqlal motivləri başlıca yer tutur. Şairin görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlıya həsr etdiyi və onun "Od gəlini" əsərinə iqtibas edərək yazdığı "Dar ağacı" əsərində orta əsrlər hadisələrinin əsasında XX yüzilliyin sonlarına doğru Azərbaycan cəmiyyətində baş verən hadisələrin məzmunu təqdim edilib. Bütün ömrü boyu ərəb xilafətinə xidmət edən Aqşinin axırda "mən öz vətənimə qarşı vuruşanda ölü olmuşam" - deyə etiraf etməsi XX əsrin sonlarındakı bəzi Azərbaycan siyasi xadimlərinə ünvanlanan mənalı nəsihətdir. Bundan başqa, görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinə iqtibas olaraq yazılan "Atamın kitabı" pyesindəki hadisələr də XX əsrin sonlarında Azərbaycandakı hadisələrlə müqayisədə təqdim edilmişdir. Bu əsərdə də öz millətinin müqəddəratını düşünməyən "millət başçıları" - siyasi xadimlər tənqid olunmuş, millətin taleyi narahatlıqla əks etdirilmişdir.

Bəxtiyar Vahabzadənin bütün əsərləri həm Azərbaycan, həm türk dünyası milli birliyi və istiqlal motivlərilə zəngindir. Şairin "Bütün millət dönməliykən yumruğa, Türkün türklə ədavətə haqqı yox" misrası türk dünyası birliyinə uğurla xidmət edən böyük Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin göstərdikləri yolun poetik davamı olaraq səslənir. Şair "Azərbaycan-Türkiyə", "Atatürk", "Mən türkəm" və başqa əsərlərində də bu mövzuya toxunur, türk dünyasının gələcəyi haqqında təəssüratlarını əks etdirir. Şair vaxtilə misralarından birində deyirdi:

Millət sevgisilə silahlanan şəxs
Özü təkbaşına millət olurmuş.

Yaradıcılığında türk dünyası və onun birliyi məsələsinə xüsusi yer verdiyi üçün B.Vahabzadə "türk dünyasının böyük şairi" kimi yüksək, şərəfli ünvana layiq bilinmişdi. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə bütövlükdə türk dünyasının böyük şairi olaraq tanınıb. Buna görə də Ümummilli lider Heydər Əliyev B.Vahabzadə haqqında "Xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və arzuları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur", - deyə söz açmış, milli istiqlal yolundakı xidmətlərinə görə onu "İstiqlal" ordeni ilə təltif etmişdi. Vaxtilə Türkiyə Cümhuriyyətinin Prezidenti olan Süleyman Dəmirəl də bu böyük şair haqqında: "Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi birliyi və yüksəlişi ilə yaxından bağlıdır", - deyə bəhs edərək onun türk dünyası qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdi.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





04.09.2020    çap et  çap et