525.Az

Ədəbi gənclik: Kim kimin kitabını oxuyur?


 

Ədəbi gənclik: <b style="color:red">Kim kimin kitabını oxuyur?</b>

Yazarlar arasında ədəbi rəqabət, az qala, həyat-ölüm, gecə-gündüz qədər daimidir. Ədəbiyyatda yazıçı və şairlər arasında rəqabət ta qədim zamanlardan olub.

Ən yaxşı olmaq, daha yaxşı yazmaq istəyindən doğan bu duyğu ədəbiyyatın zənginləşməsi baxımından, əlbəttə, lazımlı və xeyirlidir. Bəzən isə bu hisslər eyni ədəbi nəsildən olan söz adamlarının bir-birini inkar etmələrinə, daha doğrusu, bir-birinin yazdıqlarını qəbul etməmələrinə yol açır. Belə bir məşhur deyim var, deyir, heç kim heç kimin kitabını oxumur. Bu məqamda bu deyimi öz müasirini inkar etməyin ən dəqiq ifadəsi kimi də qəbul etmək olar. Yəni eyni ədəbi nəsili təmsil edən yazarlar bir-birinin yaradıcılığına nə qədər bələddirlər? Kim kimin yazdığını oxuyur və bəyənir? Bu sualla müasir ədəbiyyatımızın gənc nəsil nümayəndələrinə müraciət etdik. Cavablarla siz də tanış olun. 

Fərid Hüseyn, şair:

- Gənc-şair və yazıçıların əsərlərini müasir və milli tendensiyaları müşahidə etmək baxımından oxuyuram. Eyni zamanda, AYB-nin Gənclər Şurasının sədri kimi də gənc həmkarlarımın yaradıcılığını mümkün qədər diqqətdə saxlamağa çalışıram. Şairlərdən Qismət, Şəhriyar del Gerani, Emin Piri, Səxavət Sahil, Aqşin Evrən, Könül Həsənqulu, nasirlərdən Orxan Həsəni, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz, Ömər Xəyyam, Sərdar Amin və başqalarının yaradıcılığını ardıcıl izləyirəm. Sadaladığım adlar sorğu zamanı ilk ağlıma gələnlərdir, əlbəttə, digər seçkin imzalar da var ki, onların da yazdıqlarını mütaliə edirəm.

Qəribədir, sanki son iyirmi ildə Azərbaycan ədəbiyyatında nəsil dəyişimi demək olar baş vermir. Məsələn, mənim təsmilçisi olduğum ədəbi nəsil (2010) on il öncəki ədəbi nəslindən sözün geniş mənasında az seçilir. Sonrakı ədəbi nəsillər də bizdən. Təbii ki, cüzi dəyişikliklər, "boğulmalar", "açılmalar" istisna olmaqla. Gənclərin formalaşdırdığı hazırkı ədəbi proses sanki hansısa naməlum tarixli prosesin davamıdır və uzandıqca da uzanır. Yaxud "yeni" deyə biləcəyimiz yaradıcı nəfəslər, xətlər çox erkən qırılır.

Son illərdə sanki bir çox gənc ədib "yaradıcı tərəddüd və dəyişmə" dövrü keçirdilər. Məsələn, Qismət "daha nə etmək olar?" düşüncəsi ilə bədii yaradıcılığa qismən ara verdi, dünyadakı yeni tendensiyaların "ixracı" missiyasını tərcümə və esseləri vasitəsi ilə öz üzərinə götürdü. Aqşin Evrən dedi ki, yeni şeir dəsti-xəttinə keçməyə hazırlaşır, daha əvvəlki kimi yazmayacaq. Şəhriyar del Gerani yaradıcılığında "din mərhələsi"nə adladı. S.Sahil nar meyvəsini obyekt, simvol seçərək silsilə şeirlər yazmaqla alleqoriya ilə lirikanı sintez elədi. Gənclərin nəsr əsərlərində kino elementləri, səhnələri çoxalmağa başladı, prozada post-modernizm havası səngidi, esseistikada fraqmentar təfəkkür kütləviləşdi. Dünyada təlqin edilən ədəbi düşüncənin - çağdaş ədəbiyyatının daha çox bir janrdan - romandan ibarət olması fikri şüuraltı olaraq bizim ədəbi mühitə də sirayət etməkdədir.

 Sanki ədəbi gəncliyini dünya ədəbiyyatını izləyən kəsimi haqlı olaraq tərəddüd içindədir. Təəssüf ki, mən buna "tərəddüd" deyirəm, tam mənada "yaradıcı axtarış" adlandıra bilmirəm. Çünki biz hələ bir çox halda yeniliklərimizlə "oxucu reaksiyaları"nı test edirik, nə zaman bu testi gözardı edə bilsək, onda tərəddüdlər dövrü öz yerini yaradıcı axtarışlar və ədəbi nəticələr dövrünə verəcək.

Cəlil Cavanşir, şair:

- Bütün yaşıdlarımı, nəsildaşlarımı oxuyuram. Ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatını xüsusi diqqətlə izləyirəm. Ən intellektual və peşəkar yazıçıdan ən bayağı və həvəskar yazıçıya, şairə qədər hər kəsin yaradıcılığını izləməyə çalışıram. Ancaq içimizdə kimin ən yaxşı yazdığını deməyim etik çıxmaz. Buna tənqidçilər, ədəbiyyatşünaslar, oxucular qərar verə bilər. Məhz buna görə də konkret imzaların adını çəkmək istəməzdim. 

Qismət Rüstəmov, şair:

- Yaşıdım oldu-olmadı, hamının yazdıqlarına göz atıram, Şərif Ağayarı, Səlim Babullaoğlunu, Aqşin Yeniseyi, Fərid Hüseyni... siyahını çox uzatmaq olar, oxuyuram. Ən yaxşı kim yazır sualını doğru hesab etmirəm, çünki bu, olimpiada deyil.

El Roman, şair:

- Həmyaşıdlarımdan öz potensialımda, daha yaxşı yazan heç kəsi görmürəm. Amma ümumi gənc şairlərdən ən bəyəndiyim Rəşad Nağı Mustafa, Həsən Kür, Səddam Laçındır.

Səddam Laçın, şair:

- Demək olar ki, şeiri az oxuyuram. Nasir kimi Kəramat Böyükçölü deyə bilərəm, şairlərdən isə El Roman və Həsən Kür.

Ayxan Ayvaz, yazar:

- Yaşıdlarımdan hələ ki, elə zövqlə oxuduğum yoxdur. İstedadlıları var, ancaq ad çəksəm, qoltuqları şişəcək. Ən yaxşıya gəldikdə isə... Bu bölgünü bəyənmirəm. Desəm, ən yaxşı özüməm, bu da qıcıq yaradacaq.

Orxan Saffari, yazar:

- Hamını oxuyuram. Yəni az da olsa, imzası parlayan kim varsa, onu. İmzası diqqətimi çəkməyəni isə ancaq qarşımı çıxdığı hallarda oxuyuram. O da həmişə yox. Ən yaxşı yazanı isə deyə bilmərəm. Çünki konkret indi ağlımda elə bir adam yoxdur ki, deyim, bundan o tərəfə də yazan müəllif yoxdur. Həm də, bu, düzgün bölgü olmaz. İstedadlı dostlar çoxdur. Amma bunu deyə bilərəm ki, ən yaxşı yazanlardan biri də mənəm.

Mirmehdi Ağaoğlu, yazar:

- Təkcə yaşıdlarım arasında yox, ümumiyyətlə, bizim yazarlardan kimin kitabı, hekayəsi və ya bir yazısı çıxırsa, oxumağa çalışıram. Lap üstündən bir il keçsə belə, vaxt edib oxuyuram. Bu yaxınlarda Aqşinin "Tarix və tale", Şərif Ağayarın "Komandır", Şamxal Həsənovun "Səs və qırmızı" romanlarını oxumuşam. Bir də dediyim kimi, saytlarda dərc olunan hekayələri oxuyuram. Axırıncı dəfə Sərdar Aminin, Samirə Əşrəfin hekayələrini oxuyub bəyənmişəm. Məncə, hələ yolun başlanğıcıdır, ən yaxşı yazan yolun sonunda bilinəcək.

Roma Xosrov, şair:

- Yaşıdlarımdan oxuduğum şairlər çoxdur və hər birində uğurlu misralar tapmaq mümkündür. Ümumi qiymətləndirmə aparsaq, ən çox məni təəccübləndirən Şəhriyar del Geraninin şeirləridir.

Ələsgər Əhməd, şair:

- Yaşıdlarımdan hamısını oxumuşam. Şeirdə hələ ki özüməm.

Aytac ASLAN

 





04.09.2020    çap et  çap et