525.Az

Oğurlanmış Zəngəzur - Hekayə


 

Oğurlanmış Zəngəzur - <b style="color:red">Hekayə</b>

... Dik yoxuşdan yuxarı süvarilərin arxasınca silahla yüklənmiş qatırlar gəlirdi. Yoxuşun sağ-solu təhlükəliydi. Üstü əlvan mamırla örtülmüş qayalıqlar dərin uçurumların üstündə bitmiş daş kolluqlara oxşayırdı. Yoxuşun özü də təhlükəliydi: süvarilər atları ehtiyatla sürürdü, nalların qopardığı daşlar səs sala-sala uçuruma axıb gedirdi və handan-hana aşağıdan boğuq səslər gəlirdi.

Yoxuşdan yuxarıda üzünə sanki cuna yaylıq tutmuş Kirs dağı görünürdü. Süvarilər hava qaralmamış Kirs dağının ətəyinə çatmağa tələsirdi.

Hava sazaq idi. Kirs dağından əsən küləklər zirvəsindəki qarın soyuğunu aşağılara gətirir, külək irəli getməyə qoymurdu. Bu yerlərə nabələd olan süvarilər canlarının hayına qalaraq atların cilovundan möhkəm yapışmışdılar. Külək onların gözünü yaşardır, qoyun-qoltuqlarına dolur, titrətmə, üşütmə gətirirdi.

General Karo Hamparsumyan yoxuşun başına çatdı. Əlini gözünün üstə qoyub Kirs dağına sarı baxdı və aşağıda bir-birinin arxasınca gələn süvarilərə səsləndi:

- Yoxuşun başı düzənlikdir. Tələsməyin...

... Karonun dəstəsi Şuşanın Topxana meşəsindən Mizmikə adlamışdı. İndi də Kirs dağına qalxırdı. Karo Kirs dağında düşərgə salıb dincəlmək, sonra da Sərt yoxuşdan keçərək müsəlman kəndlərini işğal etmək istəyirdi.

***

Karo çadırın pərdəsini aralayıb bayıra çıxdı. Süd kimi ay işığıydı. Bu işıqda Kirs dağının ətəkləri, dərə-təpələr, aşırımlar yaşıl rəngini dəyişmiş kimi göründü. General təmiz dağ havasını acgözlüklə ciyərlərinə çəkdi, rahatlıqla nəfəs aldı: bu yerlər ermənilərin olacaqdı. Amma müsəlmanlar asanlıqla bu yerləri tərk etməyəcəkdi...

... Karo yenidən çadırına qayıtdı. Çadırın baş tərəfində masa kimi düzəldilmiş taxtanın üstündə çıraq neft iyi verərək çadırı zorla işıqlandırırdı. Karo çırağın yanındakı bir vərəq yazılı kağızı götürdü, yenidən oxudu. Bu, Karonun əsgərlərə bəyanatı idi: "Bu yaxınlarda qoşunumuz hücuma keçəcək. Sərhədimizə yaxın olan müsəlman kəndlərini götürəcəyik. Planımız belədir ki, tezliklə Qarabağa girək. Vediyə, onun ətrafındakı kəndlərə yaxşı divan tutmuşuq. İndi o kəndlər erməni qardaşlarımızın əlindədir. Ölən ölüb, sağ qalan müsəlmanlar isə İrana, Naxçıvana qaçıb..."

Komandir Martiros çadıra girdi, Karonu ayaqüstə görəndə canıyananlıqla:

- Karocan, heç olmasa yatıb dincələrdin, -dedi.

Karonun sifəti çiddiləşdi:

- Yox, Martiros, müsəlmanı məhv edib Zəngəzura sahib olmayınca istirahət bizə haramdır. Andronik deyir ki, türkü öldürmək günah deyil, qəhrəmanlıqdır.

Martiros əlini silahının üstə qoyub dişlərini ağartdı:

- Demək bizim hər birimiz bir qəhrəmanıq, Karocan.

- Belə çıxır.

Karo Zəngəzurun xəritəsini taxtanın üstə sərdi. İkisi də canavar iştahı ilə gözünü xəritəyə zillədi. Karo qırmızı qələmi Tərxanlı kəndinin üstündə saxladı:

- Biz Sərt yoxuşdan aşağı yenib Tərxanlı kəndinə hücum edirik. Bir müsəlmanı da sağ buraxmırıq. Tərxanlıdan adlayıb Türklər, Fərəcan, Malxələf kəndlərinin əhalisinə divan tuturuq.

Martiros tərəddüdlə dedi:

- Amma Karocan, bizim əsgərlər bu yerlərə nabələddir. Zəngəzur başdan-başa dağlar, dərə-təpələr, uçurum və sıx meşələrdən ibarətdir. Bu yerlərdə səngər qazmağa ehtiyac yoxdur. Hər dərə-təpə, qayalıqlar səngərdən də möhkəmdir.

Karo güldü:

- Amma biz Tərxanlını çox asanlıqla işğal edəcəyik.

- Necə? Bələdçiyəmi güvənirsən?

- Hə, məsələ belədi, - Karonun saqqallı sifətində, qəddarlıq yağan gözlərində hiyləgər təbəssüm göründü. Müdrikcəsinə gülümsündü və qırmızı qələmi Tərxanlı kəndinin üstündə saxladı, - bu kənd strateji cəhətdən çox əlverişlidi. Tərxanlılar bizlə savaşa girər və zəfər qazanar. Çünki bu yerlərdə hər hansı bir ordunu məğlub etmək çox asandır. Deyilənə görə, orda Fərzalı bəy adlı biri var. Çox igid adamdı. Biz tərxanlıları ancaq hiylə ilə məhv edə bilərik.

Gözlər heyrətlə Karonun üzünə dikildi. Karo cavab verməyə tələsmədi, taxtanın üstündəki buz kimi suyu başına çəkdi, çadırın pərdəsini aralayıb alovlanan ocaqlara baxdı, ulduzlu göyə tamaşa elədi. Martiros səbirsiz halda soruşdu:

- Karocan, bizim çoxlu silahımız, əsgərimiz var. Biz kəndi bir həmlədə məhv edəcəyik.

- Bu, elə də asan deyil, - Karo başını yellədi, Fərzalıgil bizi kəndə yaxın buraxmazlar. Biz Sərt yoxuşdan yenib sıx meşənin içinə girəcəyik. Meşənin ortası geniş taladı. Biz mütləq bu taladan keçməliyik. Taladan yuxarıda isə sərt qayalar var. Başa düşün, səngər kimi qayalar. Bu qayaların arxasında gizlənən müsəlmanlar bizi asanlıqla məhv edə bilərlər. Kəndi işğal etməmiz  üçün bizə itlər kömək edəcək.

- İtlər? Bizim kimi tüfəng götürüb düşmən üstə gedəcək? - Martiros sadəlövhlüklə soruşdu və onun baxışlarındakı küt ifadə Karonu özündən çıxardı:

- Ay axmaq, Antandadakı doslarımız bizə xeyli it hədiyyə göndəriblər. Bu itləri arabalarla Qafandan keçirib Hadruta, ordan da Kirs dağına gətirəcəklər. Androniklə bu planı əvvəldən düşünmüşük.

Martiros ağzını büzdü, gözləri qaranlıqda işiq saçdı:

- Bu gecə yatmayıb itlərin köməyilə musurmanlara dəhşətli cəza fikirləşəcəm - əllərini bir-birinə sürtüb, sanki o dəhşətli anların nəşəsini indidən yaşayırmış kimi, təntənə ilə dedi: sizin belə qanınız donacaq.

Karo qaşqabağını tökdü:

- Biz burda hələlik hücum planı hazırlayırıq. İtlər sonrakı işdi. Başa düşdün, Martiros?

- Bəs onda itləri neynirik? Onlar cəza üçün deyilmi?

- Bunlar təlim görmüş ingilis itləridi. Tərxanlı kəndi, dediyim kimi, strateji cəhətdən çox əlverişlidi. Fərzalı bəy duyuq düşsə, elə yerdə gizlənərlər ki, biz yüz il də döyüşsək məğlub olarıq. İngilis itləri onların yerini tapmaqda bizə yardım edəcək.

- Demək belə. Başa düşdük, Karo. Sən çox ağıllısan.

Karo yenidən xəritənin üzərinə əyildi.

***

Fərzalı bəy Şuşadan aldığı xəbərdən sarsıldı: daşnaklar Kirs dağı tərəfdən Sərt yoxuşdan adlayıb Tərxanlı kəndinə basqın edəcəklər. Məqsədləri ətraf kəndləri işğal etmək, soyqırım törətməkdir. Özlərilə xeyli silah-sursatla bərabər, Antantadan göndərilmiş itlər də gətirirlər.

Fərzalı bəy məktubu təkrar-təkrar oxudu. Ona elə gəldi ki, dağların sisi-dumanı, qaralmış buludları Tərxanlının başı üstə dayandı. Sanki güllə yağışı ev-ev gəzdi, baltalar işə düşdü...

Bu anda həyət atlılarla doldu. Bəşir bəyin tanış, doğma səsini eşidəndə dərindən nəfəs alıb əlini ürəyinin başına qoydu. Ona elə gəldi ki, dağlar yerindən oynayıb Tərxanlının harayına gəldi...

- Ay uşaq, Fərzalı bəy evdədimi?

Fərzalı bəy onun pişvazına çıxdı:

- Bəşir bəy, buyurun.

Bəşir bəy çevrilib geriyə baxdı. Fərzalı bəy gözünə inanmadı: yollarda çoxlu silahlı  süvarilər vardı və onlar Bəşir bəyin işarəsini gözləyirdilər.

Bəşir bəy atdan düşdü, qucaqlaşdılar. Fərzalı bəy Şükür bəyi, Ədil bəyi də qucaqladı. Sanki onların gəlişilə içindəki sıxıntı, narahatlıq yaz dumanı kimi çəkilib getdi:

Xalçanın üstəndəki döşəkçələrin üstə əyləşdilər. Fərzalı bəy xidmətçilərə göstəriş verdi:

- Atlıları da yerləşdirin. Yemək-içmək hazırlayın.

Sonra yenidən içəri qayıtdı. Bəşir bəylə üz-üzə oturdu, sevincini heç cürə gizlədə bilmirdi:

- Mən sizi gözləmirdim, Bəşir bəy.

- Mən öz dəstəmlə gəlmişəm. Ədil bəyin, Şükür bəyin dəstəsi də yoldadır. Daşnakların hücum xəbərini alan kimi yola düşdük. Ermənilərin anasını ağlatmaq bizə borc olsun, bəy.

Ortaya çay gəldi. Samovar çayının ətri köz ətri kimi otağa yayıldı. Fərzalı bəy dedi:

- Onlar Tərxanlını asanlıqla işğal edə bilməzlər, Bəşir bəy. Çünki meşəlik, qayalıqlar, dərə-təpələr səngər kimi bizi qoruyacaq. Amma aldığım məlumata görə, özləri ilə it gətirirlər. Özü də xeyli sayda. Yerimizi bəlli edən bu it sürüsü ilə necə bacararıq? Bax, məsələ bundadı.

- Bəy, dayan görüm, necə yəni it sürüsü ilə gəlirlər?

- Karo bilir ki, bizimlə mərdi-mərdana döyüşə bilməz. Ermənilərin biri də burdan sağ qurtarmaz. Ona görə də kələk işlədirlər. İtlər yerimizi bəlli edəcək, ermənilər hücuma keçəcək. İlk növbədə biz itləri aradan götürməliyik. Amma necə?

Otaqda dərin bir sükut yarandı. Bu ağrılı sükut hər kəsin qəlbində bir hava çaldı. Fərzalı bəy çarəsiz halda nəfəs aldı və gözlərində son ümidin işartısı göründü:

- Cəllad Karo bu yerləri işğal etsə, biz gərək başımızda papaq saxlamayaq.

Şükür bəyin gözləri sevinclə parıldadı:

- Siz it dediniz ?

- Bunlar təlim görmüş ingilis itləridir. Onları aradan götürmək... Ağlım bir şey kəsmir... - Fərzalı bəy ümidsiz halda Bəşir bəydən cavab gözlədi.

- Bəylər, darıxmayın, ruhdan düşməyin, mən onlara elə bir hiylə işlədəcəm ki, Tərxanlının yolunu birdəfəlik unutsunlar.

- Nə kələk? - Fərzalı bəylə, Bəşir bəy heyrətlə dizləri üstə qalxdılar və gözlərini Şükür bəyə dikdilər.

Şükür bəy qarayanız çöhrəsinə yaraşıq verən uzun bığlarının ucunu yuxarıya burdu, bəyləri intizarda saxlamaqdan sanki bir nəşə duyaraq gözlərini bic-bic qıydı. Handan-hana dedi:

- Kirs dağından Tərxanlıya ancaq bir yol var. O da Sərt yoxuşdu. Başqa yol yoxdur.

- Xeyr, yoxdu, - Fərzalı Şükür bəyin nə deyəcəyini həyəcanla gözlədi.

- Sərt yoxuşdan aşağıda meşəlik başlayır. Meşənin ortasında geniş tala var. Ermənilər mütləq bu talaya çıxacaq. Çox güman  ki, itlərlə...

Fərzalı bəy səbirsiz halda onun sözünü kəsdi:

- Biz də meşədən sol tərəfdə qayalıqlarda gizlənəcəyik. Bu itlər bizi asanlıqla tapar.

Şükür bəy yenə nazik bığlarının ucunu sığalladı və gülə-gülə dedi:

- Mən meşənin ortasındakı talada elə bir tələ quracam ki, ermənilərin beli sınacaq..

Bəşir bəy iftixarla Şükür bəyi süzdü və əlini onun kürəyinə çəkdi:

- Mən demişəm də, sən gərək general olaydın. Hərbidə ağlın çox yaxşı işləyir.

- Demək belə, - Şükür bəy onları çox intizarda saxlamadı, - mənə bir neçə çoban iti və iki də öküz lazımdır. Həmin itləri talada zəncirləyirəm ağaca. Öküzləri isə kəsdirib iri parçaları atıram qabaqlarına. Amma itləri ac saxlayıram. Daşnaklar itləri buraxırlar meşəyə. İngilis itləri ətin qoxusunu alıb özlərini yetirəcək talaya. Ətin əldən getdiyini görən bizim itlər zəncirləri qırıb cumacaq ingilis itlərinin üstə. Qanlı savaş başlayacaq. Daşnaklar söz yox ki, bu savaşa müdaxilə edəcək. Bizim itləri məhv etməyə çalışacaq. Ara qarışacaq, məssəb itəcək... Onda bizimkilər gizləndikləri yerdən düşmənin başına od ələyəcək.

- Çox ağıllı plandı, - Fərzalı bəy Şükür bəyin əlini sıxdı, - amma ermənilərin Sərt yoxuşdan aşağı düşdüyü, meşəyə girdiyi vaxtı bilməliyik.

- Kəşfiyyata iki nəfər cavanı seçib göndərək. Vaxt azdı, ola bilər ki, ermənilər bu gecə yola düşsünlər. Savaşı bilmək olmaz. Düşmən güclüdü, silah-sursatla üstümüzə gəlir. Məğlub olmağı da gözə almalıyıq. Ona görə də Tərxanlını boşaltmaq lazımdı. Əli silah tutanlar döyüşə gedəcək, arvad-uşaq isə gecə ikən Türklər, Fərəcan, Malxələf kəndlərinə yerləşdirilsin.

- Düz deyirsən, Fərzalı bəy .

Şükür bəy də ayağa qalxdı:

- Mən də gedim, hazırlığa başlayım.

- Qardaşım Nəcəfqulu bəyi sənə köməkçi verirəm, - Fərzalı bəy onun arxasınca çıxdı.

***

Dan yerinin ağarmasına az qalırdı. Gecəni yatmamış Karo qalın gödəkcəni üstündən atdı. Pərdəni qaldırıb ətrafa nəzər yetirdi. Kirs dağının başı aylı-ulduzluydu. Karoya elə gəldi ki, ulduzlar burda daha parlaq, işıqlı, daha yaxın idi. Kirs dağının ətəkləri sanki sonsuza qədər dərə-təpələrdən, çöllərdən ibarət idi. Küləklərin havasında gül-çiçəyin ətri vardı.

Karonun birdən Tanrıya da acığı tutdu: "İlahi, bu cənnət qoxulu məkanı ermənilərə verəydin, nə olardı... Bizi torpaqsız, vətənsiz qoydun. Nə  günahın sahibiydik ki... Amma yox, bu yerlər bizimkidi. Burda bir nəfər də müsəlman qalmayacaq. Eşidirsənmi, ilahi..." Soyuq canına dolub içinə qədər üşütdü: "Zəngəzurda igid adamlar var... Amma biri də qarşımıza çıxmadı. Biz  kəndləri talayıb, müsəlmanları işgəncə ilə öldürdük. Hanı o igidlər? Əlipaşa bəyi deyirlər... Bu adam bir vaxt bizim ermənilərə qan uddurub. İndi onun oğlu Sultan bəy... Hardadır o Sultan bəy? Bizim qorxumuzdan qaçıb gizlənib. Çıxsın Karonun, Andronikin qarşısına. Amma gizlənib... Çünki Karodan qorxur...

Bu anda Karoya sanki bir aslan gücü gəldi. Havaya bir güllə atdı. O anda çadırlarda səs-küy eşidildi. Aramla Samvel özlərini Karoya yetirdilər. Karo bir cəngavər ədası ilə əmr etdi:

- Vaxtdı. Yola düşürük.

Aram qaçıb hərəkət əmri verdi. Karo balıncının altından götürdüyü qılıncı Samvelin gözünün qarşısında nümayiş etdirdi:

- Bu necə xəncərdi, Samvel?

Samvelin xırda gözləri işıldadı, əlini xəncərin tiyəsinə  toxundurdu, qəbzəsindəki naxışları sığalladı:

- Karocan, mənim əziz generalım, bunu sizə bəxşişmi veriblər? Bu, çox qədimdi. Bu cür xəncərləri bizim babalarımız bir qəhrəman kimi həmişə kəmərlərində gəzdiriblər. Bu xəncər hardandı səndə? Yoxsa müsəlmanlardan...

Karo hirsləndi:

- Axmaq, bu, mənim babamındı. Mənim babam da musurmanların qatı düşməni olub. Babam onların qanını içməyə hazır idi.

- Hə, demək babandan miras qalıb.

- Bu gün həmin bu qılınc Tərxanlı müsəlmanlarının qanını tökəcək. Babamın da ruhu şad olacaq.

- Uğur olsun, general.

- Samvel, Aramı gözüm tutmadı. Göz-qulaq ol, qarət olunmuş qızıllara özün nəzarət elə. Bu qızıllar silah almaq üçündü. Anladınmı?

Karonun etibarı Samveli sevindirdi, - Anladım, Karocan. "Sən çox hiyləgərsən, Karo. Qəddar olduğun qədər də acgözsən. Məni avammı bilirsən?.."

Az keçmədi ki, at nallarının səsi, yüklü qatırların fınxırtısı, cırıldayan arabalarda gedən itlərin hürüşməsi bir-birinə qarışdı. 

***

... Fərzalı bəy çırağın işığını artırdı. Ədil bəy, Bəşir bəy, Şükür bəy narahat və həyəcanlıydı. Kəşfiyyatçılar düşmənin Sərt yoxuşdan yenmək xəbərini gətirmişdi. Tərxanlı o an döyüş meydanına çevrildi. Hər kəs Fərzalı bəyin əmrini gözləyirdi.

Qadınlar da öz işindəydi. Fərzalı bəyin geniş həyətində ocaqlar çatılmış, iri qazanlarda ət bişirilərək sabahkı döyüş üçün ərzaq tədarükü görülürdü.

Fərzalı bəy üzünü Bəşir bəyə tutdu:

- Bəylər, biz bir daha düşündüyümüz plana nəzər yetirək. Atdığımız səhv addımın acısını, peşmançılığını yaşamayaq. Düşmənə torpağımızı işğal etmək fürsəti verməyək.

- Buyur, Fərzalı bəy.

- Demək belə. Şükrü bəy ermənilərə kələk gələcək. Bu, öz yerində. Bilirsiniz ki, ovçu Balakişi bizim meşələrə yaxşı bələddir. O da ovçu Sultanla burdadı. Onların da bir dəstəsi var. Hər ikisi zirək və qoçaqdır. Onlar sağ cinahda pusqu quracaqlar. Söz yox ki, itlərin boğuşması daşnakları çaşdıracaq, onlar planla hərəkət edib ingilis itlərini ayırmağa və əsas məqsədə yönəltməyə çalışacaqlar. Ağıllarına gəlməyəcək ki, ətrafda bizimkilər bu anı gözləyir.

Fərzalı bəy nəfəsini dərdi, gözlərindəki nifrət qığılcım kimi yandı:

- Qəddar Karo Tərxanlı igidlərinin zərb-dəstini görməlidi. O və onun quldurları tarixə düşən dərs almalıdı. Beləliklə, Bəşirbəyin dəstəsi sol cinahda dayanacaq və məndən atəş əmri gözləyəcək. Pulemyotları isə sol cinahda yerləşdirəcəyik. Qarışıqlıq yaranan kimi pulemyotlar atəş püskürəcək və düşməni biçib tökəcək. Mən qayalıqların arxasında dayanıb döyüşün gedişini izləyəcəm. Bir daşnakın da qaçıb gizlənməsinə aman verməyin. Allah bizə kömək olsun.

Ucadan "Amin" səsləri eşidildi və bəylər son tapşırıqlarını vermək üçün otaqdan çıxdılar.

***

Gecə yarısı Böyük tala birdən-birə canlandı. Şükür bəy çoban itlərini gətirən cavanlara göstəriş verir, ac itlər talanı dövrələyən ağaclara bağlanırdı. Arabalarla gətirilmiş ət parçaları kənarda saxlandı. İtlər hələ ki, sakit idi, hərdən tənbəl-tənbəl hürüyür, tez də səslərini kəsirdilər. Bəlkə də ac olduqlarından zəncirləri dartıb qırmağa qüvvələri çatmırdı.

Fərzalı bəyin planı əsasında müdafiəçilər talanı nal şəklində mühasirəyə aldılar. Ağacların arxasında, meşəyə yaxın olan qayalıqlarda pulemyotlar gizlədildi. Kəşfiyyat yenidən irəli getdi və düşmənin talaya girəcəyi vaxtı xəbər verdi.

Fərzalı bəy gərgin idi. Neçə günün yuxusuzluğu, yorğunluğu özünü büruzə verirdi: gözlərinin içi qızarmışdı.

***

Süvarilər sərt yoxuşdan aşağı çətinliklə yendilər. Karo üzünü onunla yanaşı atını sürən Arama çevirdi:

- Qulağıma it hürüşməsi gəlir, Aram.

- Karocan, Tərxanlının itləri yəqin ki, sahiblərinin başlarına gələcək müsibətləri duyaraq vay-şivən.

- Aram, deyirəm baltaları işə salmadan tərxanlıları bəlkə itlərimizə parçaladaq? Biz də yorğunluğumuzu şərabla çıxaraq və nəşə içində tamaşa eliyək. Karocan, bu ingilis itləri insan qanına susamış canavarlardır..

- Mən də elə düşünürəm. Balta vurmaqdan qollarımız ağrıyır. Bu dəfə işimizi köpəklər görsün. Amma itlər acdı. Onları yedirmək lazımdı.

- Onlar ac olmalıdı, Aram?

Süvarilər dayandı. İrəlidə sıx meşə göründü. Bələdçi atını Karonun yanına sürdü və təntənə ilə dedi:

- Böyük talaya çatırıq. Meşəyə girən kimi itləri buraxsınlar.

İrəlidə ağaclar seyrəldi və onların arasında tala göründü. Karo əlini qaldırıb bağırdı:

- İtləri buraxın.

Bu anda zəncirləri açılmış itlər arabadan yerə tullandılar, ət qoxusunu alıb vəhşiləşmiş halda irəli cumdular....

Və Böyük talada savaş başladı. Daşnakların gətirdiyi ingilis itləri ildırım tək şığıyıb özlərini ət parçalarının üstə atdılar. Çoban itləri qeyzlənib var qüvvələri ilə irəliyə can atdılar. Şükür bəy çoban Feyziyə qışqırdı: itlər zənciri aça bilmir, özünü yetir.

Zəncirlər açılan kimi ac itlər özlərini pələng kimi ingilis itlərinin üstə atdılar. Didişmə, boğuşma, it hürüşməsi meşəni bürüdü.

Karo sanki iflic olmuş kimi atın üstündə donub qaldı. Dəhşətli bir yuxunun içindəymiş kimi ayıla bilmirdi. Sarsılmış halda boğuşan itlərə silahındakı güllələrin hamısını boşaltdı və eyni anda da qışqırdı:

- İtləri güllələyin. Hamısını...

Ermənilər talaya cumdular. Durbinlə döyüşün gedişini izləyən Fərzalı bəy sol cinahda onun əmrini gözləyən Bəşir bəyə işarə verdi. Pulemyotlar atəş püskürdü, talada sanki yanğın başladı. Başını itirmiş, silahını yerə atıb qaçmağa çalışan ermənilər Karonun bağırtısına əhəmiyyət vermədən canlarını qurtarmağa çalışdılar. Bu anda ovçu Balakişinin beşaçılan dəstəsi hücuma keçdi. Sərrast açılan güllələr erməniləri ağacların arxasında da haqladı. Bu dəfə ermənilərin bağırtısı, fəryadı meşənin dərinliklərinə qədər yayıldı.

Balakişi sanki ov ovlayırmış kimi heyrətamiz bir zirəkliklə qayaların, arxasından keçib özünə mövqe seçdi və düşməni geriyə-talaya tərəf qovdu.

Karo daha meşəyə girmədi, atını minib sərt yoxuşdan qalxaraq özünü Kirs dağının ətəklərinə çatdırmağa tələsdi.

Güllü MƏMMƏDOVA

 





04.09.2020    çap et  çap et