525.Az

Kitabların dünyasına zövqlü səyahət - Şahanə Müşfiqin yazısı


 

Kitabların dünyasına zövqlü səyahət - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Həyat yaşanılaraq öyrənilən məfhumdur. Biz - XXI əsrin insanları isə bu dəyişkən zamanın içində həyatı daha sürətli və qaçaraq öyrənirik, bəlkə də. Bəzilərimizin bu sürətini oxuduğumuz kitablar yavaşladır. Kitablar tələsik yanından, künc-bucağından keçdiyimiz həyatın öyrədə bilmədiklərini açıb gözümüzün önünə qoyur. Bu zaman görməmək, anlamamaq, öyrənməmək şansımız qalmır.

Kitablar təkcə bu həyatı, dünyanı deyil, bizdən öncəki zamanları, həyatları, dünyaları da öyrənir və öyrədir. Elə kitablar var ki, həyatımızda mühüm rola malik olur. Orxan Pamukun "bir kitab oxudum, həyatım dəyişdi" cümləsini öz ömürləri daxilində yaşayanlar da az olmayıb. Yaxşı kitab ondan nümunə götürməyi bacaran ağıllı insanın həyatına hər zaman işıq saçır.

Bəzən də oxucu kitaba və ordakı talelərə o dərəcədə qapılır ki, özünü məhz o dövrdə, o cəmiyyətdə, o hadisələrin ortasında hiss edir. Belə anlarda bitən kitab oxucunun ən böyük xəyal qırıqlığına çevrilir. Çünki onu qapıldığı o dövrdən alıb gerçəklə həyatla üz-üzə qoyur. Əslində, insan əlindəkinin qiymətini, dəyərini bilməyən varlıqdır. Ona görə çoxlarımız yaşadığımız cəmiyyətdən, dövrdən, dünyadan narazıyıq, ya keçmişi arzulayırıq, ya da gələcəyi. Maraqlıdır ki, gələcəyi çox az adam arzulayır. Bəlkə də insanın xislətindəki müəmmadan qaçışdır bunun səbəbi. Axı gələcək müəmmadır və insan müəmmanı çox da sevməz. Keçmiş isə artıq var və biz onu az-çox tanıyırıq. Əksəriyyətimizin gözü keçmişdədir. Özü də nə vaxtsa parçası olduğumuz deyil, özümüzdən çox-çox əvvəlin keçmişi... O keçmiş ki, onu kitablarda oxumuş, filmlərdə görmüşük. Hələ bəzən o keçmiş yazıçı qələmində, rejissor baxışında o qədər gözəlləşir, fərqli ab-havaya bürünür ki, arzulayırsan, kaş, məhz oradakı dünyada yaşayaydım. Mütaliəni sevən əksər insanların yəqin ki, ömürdə bir dəfə də olsa, kitabdakı dünyada yaşamaq, ya da ən azından oraya ekskursiya etmək arzuları olub.

Bu sual haqda düşünməyə başlayanda əvvəlcə öz mütaliəmə nəzər saldım, oxuduğum kitabları xatırlamağa çalışdım. Gördüm, insan hər yerdə insandır. Oxuduğum kitablardakı hadisələrdən, insanlardan çox da fərqlənməyən insanlarla, hadisələrlə qarşılaşırıq günaşırı. Qəhrəmanlıq (oxu: yazıçılıq) ona əsər gözü ilə baxmağı bacarmaqdır.

Ancaq hərdən bəzi hadisələr qol-qanadımı sındırır, ümidimi tükədir. Bu hadisələrin başında sevgisizlik gəlir. Yaşadığımız dünyada sevgi resursları o qədər sürətlə tükənir ki, kənarda-bucaqda qalan son qırıntılarla qatırıq başımızı. Bax, bu məqamda şəxsi mənfəətin ayaq açmadığı, iyrənc duyğuların boy göstərmədiyi, yalanın, riyanın, hiylənin qarışmadığı saf sevginin hökm sürdüyü zamanları arzulayıram. O zamanları da nə yazıq ki, kitablardan tapıram. Bu baxımdan Marqaret Mitçelin "Küləklə sovrulanlar", Ceyn Ostinin "Qürur və qərəz", Jorj Sandın "Konsuelo", Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi", Qurban Səidin "Əli və Nino", Rəşad Nuri Güntəkinin "Çalıquşu" və sair kimi əsərlərdəki dünya saf sevginin yaşandığı, uğruna mübarizə aparıldığı və hər zaman mənəvi qələbə çaldığı məkan olaraq maraqlı və cəlbedicidir.

Xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç" əsərinin ikinci hissəsi isə Qarabağla bağlı problemlərin çoxdan həll olunması, müasir Azərbaycan baxımından çox xoş və arzulanandır. O büllur torpaqları görmək üçün Şuşada çalışan oğlanın yerində olmağı istərdim, məsələn.

Bir turist kimi isə Dostoyevskinin, Mopassanın, Çexovun, Cəlil Məmmədquluzadənin, Əziz Nesinin, Çingiz Aytmatovun dövrünə ekskursiya etmək, o insanları canlı görmək, o dövrü kənardan müşahidə etmək istərdim. Ən çox da Etel Lillian Voyniçin "Ovod" əsərindəki Arturla tanış olmaq həvəsim illərdir ki, mənlədir. Yəqin elə ömürlük də bu cür qalacaq. Adını çəkdiyim yazıçıların əsərlərində və ya Arturun dünyasında yaşamaq?! Yox, mən o qədər də cəsarətli deyiləm.

***

Eyni sualla mütaliəsinə güvəndiyimiz incəsənətin müxtəlif sahələriylə məşğul olan insanlara müraciət etdik. Görəsən, bu zamana kimi oxuduqları hansı kitabdakı dövrdə, dünyada yaşamaq istəyərdilər?

Jurnalist, aktrisa Esmira Azayevanın seçimi çoxlarının sevimli əsəri, həyata inam və ümid mənbəyi olan Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanıdır: "Uşaqlığım dərs kitabları xaricində dedektiv oxumaqla keçib, orda da bildiyiniz kimi, hadisələr o qədər də xoş cərəyan etmir (gülür). Amma türkiyəli yazıçı Rəşad Nuri Güntəkinin "Çalıquşu" kitabındakı dönəmi istərdim. Çünki ordakı hisslər saf, təmiz, çıxarsızdır. Maddiyatın ön planda olmadığı bir dönəmdir, məncə, o dönəm. İnsanlar bir-birilə münasibətlərinə görə qiymətləndirilir, elm isə ən ali mərtəbə sayılardı. Oxumuşluq üstün səviyyə hesab olunar və hörmət görərdi. Sırf bu hisslərin var olduğu dönəmi istəyirəm".

Şair Sevinc Elsevər macəraçı ruha sahibdir: "Balaca şahzadə"nin planeti hələ uşaqlıqdan maraqlandırıb məni. Robinzon Kruzonun düşdüyü ada da maraqlı olub mənə. Görünür, təkliyə meylliyəm. Fantastik əsərlərin içinə səyahət maraqlı olardı. Gerçək dünya maraqsızdır. Əminəm ki, bütün zamanlarda da hər şey elə belə olub. İnsan da həmişə eyni insan olub".

Yazıçı, ssenarist Çinarə Nüsrətli romantik xəyallardansa reallığı üstün tutur: "Bizim nəsil acı reallıqların şahidi olub və mən də utopik cəmiyyət xülyalarından uzağam. Oxuduqlarımdan, eşitdiklərimdən elə bir dövr, elə bir cəmiyyət yoxdur ki, orada yaşamaq istəyim. Hələ ki, bu çağımla qane oluram. Amma istəyərdim ki, iyirmi il sonrakı Azərbaycanda yaşayım-müstəqilliyini möhkəmlətmiş, daha da qüvvətlənmiş, güclü dövlətlərin hesablaşdığı, baş ofislərini yerləşdirmək üçün nüfuzlu beynəlxalq təşkilatların xahiş - minnət etdikləri və Şuşasının ən yüksək yerində üçrəngli bayrağı dalğalanan ermənisiz Azərbaycanımda yaşamaq istərdim".

Aktyor Yusif Qoca cavabında bir çox əsərlərdən nümunələr gətirsə də, son seçimi dünyaca məşhur "Əli və Nino" romanı oldu: "Məktəb illərində əsasən yerli ədəbiyyata maraq göstərmişəm. Xarici ədəbiyyatda debütüm E.L.Voyniçin "Ovod"u ilə olub. Lakin heç də Arturun yaşadığı dövrdə, onun həyatını və taleyini yaşamaq istəməzdim. Etiraf edim ki, bu debüt məni pessimist yüklü əsərlərə meylləndirdi. Ardınca Hüqo, Dostoyevski, Şekspir, Kamyu kimi müəlliflərin əsərlərinə maraq göstərdim.  Dostoyevskinin "Cinayət və cəza"sında Raskolnikovun əməlini qəhrəmanlıq kimi qiymətləndirib, onun yerində olmaq istəsəm də, sonradan bir insanın həyatına son qoymağın insanlığa sığmadığını hiss edib, bu fikirdən daşındım. Dərindən düşündükdə, qərara gəlirəm ki, Qurban Səidin "Əli və Nino"sunda Əlinin yerində olub, o dövrün bədnamları ilə mübarizə aparmaq, sonu ölümlə bitsə də, çirkaba, satqınlığa, qarşı çıxmaq, həmin dövrün hərc-mərcliyində öz sevgin, vətənin, azadlığın, şərəfin uğrunda döyüşərək, gələcək nəslin firəvan yaşamasında pay sahibi olmaq daha qürurvericidir. Həm də insanların tam ayılmadığı bir dövrdə, saflığın, əsl məhəbbətin, səmimiyyətin şəxsi mənafedən üstün olduğu zamanda yaşamaq rahat olar".

Yazıçı, dramaturq Ülviyyə Heydərovanın da dünyasında yaşamaq istədiyi bir kitab yoxdur: "Təəssüf ki, oxuduğum və sevdiyim əsərlərdəki cəmiyyətdə yaşamaq istəməzdim. O cəmiyyətlərə muzey kimi ekskursiya edərdim.  "1984"dəki cəmiyyətdə necə yaşayasan? "Ustad və Marqarita"nın Moskvasında, o mühitdə necə qalarsan? Yaxud da "Qətl günü"də... Axı hamı yaşamaq üçün özünə rahat şərait yaratmaq istəyir. Ədəbiyyat isə içindəki ağrıdır ki, SÖZlə çıxır..."

Prodüser Vasif Ayanı, əsasən, kino sevgisi ilə tanımışıq. Elə bu sualımıza da o kontekstdən cavab verdi. Belə ki, Vasifin dünyasında yaşamaq istədiyi kitablar olmasa da, filmlər çoxdur: "Sual, əslində, mənimçün çətindir. Çünki Çexovdan Mopassana qədər oxuduğum bütün kitablarda elə bir dövr, elə bir cəmiyyət yoxdur ki, orda olmağı arzulayım. Amma orda yaşamaq, həmin insanların arasında olmaq istəyəcəyim filmlər. Çünki orda səmimiyyəti, ruhuma doğmalıq var. Düşünürəm ki, onlar mənim dünyamın insanlarıdır. Məsələn, "Qaraj", "Taleyin ironiyası və ya həmişə təmizlikdə", "Afonya", "Mimino", "Bizim Cəbiş müəllim", "Elektronikin macəraları", "Böyük tənəffüs", "Şir evdən getdi", "Brilyant əl" filmlərindəki dövrləri görmək maraqlı olardı. "Şir evdən getdi" filmində xüsusilə həyatın qaynar, ümidli, mənalı olması hiss olunur. Vaqif Mustafayevin filmlərini çox sevirəm. Ordakı insanların arasında olmaq istəyərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, 1970-80-ci illər həm Azərbaycanda, həm Rusiyada, həm də dünyada çox qaynar, maraqlı dövr olub. O dövrün filmlərində, çəkilişlərində olmağı arzulayardım. Elə kitab kimi də həmin dövr mənə maraqlıdır".

A.Şaiq adına Kukla Teatrının mətbuat katibi, jurnalist Həmidə Rüstəmovanın siyahısı isə genişdir: "Uşaqlığımda Andersenin əsərlərini sevirdim. Xüsusən "Kibrit satan qız" əsərindəki məhəllədə olmaq, o qızın bütün kibritlərini almaq istərdim. "Səfillər"in Qavroşuyla eyni körpü altında oturub, onun yaşadıqlarını hiss eləmək üçün eyni əzabları yaşamaq maraqlı olardı.

Zaman ötdükcə oxuduğumuz əsərlərlə yanaşı, maraqlandığımız dünyalar da dəyişdi. Mənimçün vazkeçilməz müəlliflər Qoqol və Çexovdur. Onların demək olar ki, bütün əsərlərini sevirəm. Onların məsələlərə yanaşması, qəhrəmanlarına münasibəti mənimçün çox cəlbedicidir. Onların yaşadığı dövrdə yaşamaq, müşahidə etmək, həmsöhbət olmaq və öyrənmək, eləcə də Voyniçin "Ovod"undakı məhəllədə balaca pəncərələrdən baxanlardan biri də mən olmaq istəyərdim. Markesi "Gözlənilən bir qətlin tarixçəsi" əsəriylə tanıyıb sevmişəm. Markesin özünü, həmçinin, bu romandakı qəhrəmanları tanımaq heç də pis olmazdı".

 





05.09.2020    çap et  çap et