525.Az

Rus Borisi kəndinin güzəranı və çətinlikləri - Reportaj


 

GORANBOY RAYONUNUN BU SƏFALI DAĞLIQ KƏNDİNİN SAKİNLƏRİ YOL VƏ SU SARIDAN ÇOX ƏZİYYƏT ÇƏKİRLƏR

Rus Borisi kəndinin güzəranı və çətinlikləri - <b style="color:red">Reportaj</b>

Əvvəlcə oxucuları bir faktla tanış edək. Torpaqlarımıza təcavüz edən erməni işğalçılarının cinayətkar xislətini bütün çalarları ilə açan, elə müharibənin getdiyi dövrdə, 1993-ci ildə çəkilmiş "Fəryad" filminin Xocalı faciəsi ilə bağlı, həmçinin, digər qış epizodları Murovdağ silsiləsi ətəklərində, Goranboyun düşmən təxribatlarını öz taleyində də hiss etmiş Rus Borisi kəndində çəkilib.

Bu kənd  Goranboyun rayon mərkəzindən 45 kilometrlik məsafədə qərar tutub. Rus Borisi kəndi 19-cu əsrin ortalarında Çar hakimiyyətinin, xristian olsalar da,  inancları ənənəvi provaslavlıqdan fərqlənən molokan və duxoborların İmperiyanın dağlıq yerlərinə köçürülməsilə yaranıb.

Elə sovet dövründə də 2 min nəfər rus əhaliyə malik Rus Borisi kəndi yerli kolxozun zəhmət uğurları ilə ad çıxarmışdı.

Amma erməni təcavüzünün millətimizə, eləcə də Vətənimizdə dinc yaşayan digər xalqların həyatına qarşı təhdidə çevrilməsi bu kəndin taleyində də öz qara rolunu oynadı, rus ailələrinin əksəriyyəti özlərinə doğma bildikləri bu yerləri tərk edərək, Rusiyaya köçdülər.

Amma hazırda da Rus Borisində 20 rus ailəsi yaşayır. Həmçinin, ümumən 600 nəfər sakini olan kənddə işğal altındakı Kəlbəcərdən didərgin salınmış 500  nəfərdən çox soydaşımız məskunlaşıb.

Əvvəlki ənənəyə uyğun olaraq, Rus Borisində kolxoz da qorunub saxlanılıb. Kəndin ümumən 500 hektarlıq əkinə yararlı sahələrinin 200 hektarı kolxoza məxsusdur. Kəndlilər əsasən tərəvəz və dənli bitkilərin əkini ilə məşğuldurlar. Kəndin yuxarı hissəsində buğda məhsullarının tədarükü ilə məşğul olduqları zamanı görüşdüyümüz sakinlərdən biri - 40 yaşlı Aleksandr Milosedrov öz əkin-biçin işlərindən, gündəlik həyatlarından danışdı:

"Hökumətimiz sağ olsun, bizim kəndi qazla təmin ediblər, yeni məktəb də tikiblər. Həmçinin, kənd təsərrüfatına qayğını da hiss edirik, istehsalçılara subsidiyalar verilir. Bu, çox müsbət haldır. İnsan hiss edir ki, halal zəhmətə həmişə qiymət verilir".

Amma Rus Borisində yaşayış və məişətlə bağlı  uzun illərdir ki, davam edən problemlər də var. Birincisi, bu kəndin yolları asfaltsız və bərbad haldadır.

"Demək olar ki, ən böyük arzumuz bizim də, nəhayət, normal yolumuzun olmasıdır. Elə böyük məsafə də deyil ki, bu işi görməyə çətinlik yaratsın. Kəndimizə qədər, Yuxarı Ağcakənddən  7-8  kilometrlik qrunt, daş-kəsəkli yol, həmçinin, kəndin daxilindəki torpaq yollar - hamısı acınacaqlı haldadır. Asfalt elə bu yerlərdə döyüş şəraiti yaranan vaxtlardan, 90-cı illərin əvvəllərindən dağılandır", -deyə A.Miloserdov bildirir.

Kənddə ev və həyətlərinə baş çəkdiyimiz digər sakinlər, xüsusən övlad və nəvələrin qayğılarına daha həssas yanaşan qadınlar da yol məsələsinin təkcə hərəkət çətinliyi məsələsi olmasından deyil, uşaqların sağlamlıq və təhsilinə də mənfi təsir göstərdiyindən danışdılar. 70 yaşlı Vera Həsənova xüsusən yağmurlu günlərdə evdən bayıra çıxmağın palçığa batmaq anlamına gəldiyindən söz açır:

"Yağış yağan kimi kəndin küçələrindən keçmək olmur, insanlar dizəcən, maşınlar təkərlərin yuxarısınacan palçığa batır. Maşınlar adamların köməyi ilə palçıqdan çıxarılır. Uşaqların məktəbə gedib çıxması isə valideynlər üçün  bir dərd olur. Gör iş nə yerdədir ki, məktəbin girişində xüsusi yerdə uşaqlar, ayaqqabı və paltarlarını dəyişirlər, sonra dərsə girirlər".

Kənddə həyatı çətinləşdirən digər problemlər davamlı su, elektrik təchizatı və internet rabitəsinin son dərəcə zəifliyi ilə bağlıdır.

"Dağlı-daşlı yerlərlə çəkilmiş hava elektrik xətləri köhnədir, tez-tez qırılır, təmiri də elə çətin şəraitlə bağlı  yubanır, elə olur ki, günlərlə işıqsız qalırıq. Bizə hələ keçən il demişdilər ki, yeni ildə yeni xətlər çəkəcəklər, amma yerinə yetirmədilər. İçməli su məsələsi də çox ağırdır. Ümumi anbardan gələn yeraltı xətt tez-tez sıradan çıxır, təmiri uzun çəkir. Təsəvvür edirsinizmi, bu səfalı dağlıq kəndimizdə içməli su tapmaq müşkül məsələyə çevrilib", - deyə Vera Həsənova bildirir.

Goranboy rayonu İcra Hakimiyyətinin Rus Borisi kəndi üzrə nümayəndəsi Rasim Mehdiyev sadalanan problemlərin diqqətdə saxlanıldığını, onların aradan qaldırılması yönündə tədbirlərin nəzərdə tutulduğunu, məlum pandemiya vəziyyəti ilə bağlı təxirə salınan bu işlərin tezliklə həyata keçiriləcəyini bildirdi.

Sakinlər hazırkı şəraitdə aktuallıq kəsb edən vacib bir məsələyə də toxundular. Bu, planetar bəla olan pandemiya şəraitində xüsusən təhsil ilə sıx bağlılığı olan internet əlaqəsi məsələsidir.

"Təhsil alan, imtahan verən uşaqlarımız yaman əziyyət çəkirlər. Kəndimizdə internet sürəti sıfıra yaxındır. Bəzən uşaqlar tədris məsələləri ilə bağlı distant əlaqələr üçün rayon mərkəzinə də gedib-çıxmalı olurlar", - deyə Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Saləddin Zeynalov bildirir.

Bu həmsöhbətimiz yeri düşmüşkən, Rus Borisinin 90-cı illərin əvvəllərindən Qarabağda özlərinə quldur yuvaları qurmuş erməni yaraqlılarının mütəmadi təhdidləri ilə üzləşdiklərini də qeyd edərək, onların təxribatlarının, o cümlədən, kəndin istər rus, istər də azərbaycanlı sakinlərini girov götürmək cəhdlərinin qarşısını həmişə aldıqlarını, burada düşmənə həmişə layiqli cavab verildiyini də xatırlatdı.

Rus Borisi yuxarıda qeyd etdiyimiz molokan köçü kimi 19-cu əsrin ortalarında formalaşsa da, kəndin ərazisində qədim mədəniyyət izlərinin nümunələrinə də rast gəlmək mümkündür. Kəndin kənarında çox qədim qəbiristanlıq qalıqları var. Onun yerə batmış sal daşlarının çoxunun üzərində yazı belə olmaması bu qədimlikdən xəbər verir. Həmçinin, bəzi qəbir daşları üzərində qədim Alban mədəniyyəti naxışlı nümunələr də var.

Az sayda olsalar da, kəndin rus sakinləri öz dini inancları üzrə müəyyən mərasimlər üçün "Dua evi" adlandırdıqları bir tikiliyə də malikdirlər. Kəndin mərkəzi hissəsindəki Böyük Vətən Müharibəsinə aid xatirə abidəsinin üzərindəki yazılardan isə məlum olur ki, 1941-45-ci illərdə Rus Borisi kəndinin 2 min sakininin hər on nəfərindən biri, yəni 200 nəfəri cəbhədən qayıtmayıb.

Reportajımızın sonunda   Azərbaycandakı yüksək tolerantlıq nümunələrindən biri sayılan Rus Borisi kəndinin yuxarıda sadalanan problemlərinə həssaslıq göstəriləcəyinə ümid etdiyimizi bildirmək istərdik.

Zakir MURADOV
Rus Borisi kəndi
Goranboy rayonu

 





06.09.2020    çap et  çap et