525.Az

Qriboyedovla Abbas Mirzənin söz "döyüşü" - Müsəllim Həsənovun qeydləri


 

Qriboyedovla Abbas Mirzənin söz "döyüşü" - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.
 
Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525" 

***

İmperatorun qazaxlılara cavabı: təşəkkür elan edilsin... 

Bilirdinizmi ki, 1873-cü ildə Qazaxda yerli əhalinin məktəb açmaq təşəbbüsünə Rusiya imperatoru II Aleksandr necə reaksiya verib?

1873-cü il yanvarın 16-da Rusiyanın ədliyyə naziri Qazaxda məktəb açmaq barədə yerli əhalinin xahişini Rusiya imperatorunun diqqətinə təqdim edir.

Məruzə olunur ki, Yelisavetpol quberniyası Qazax qəzasının sakinləri 1872-ci il dekabrın 6-da İmperator həzrətlərinin Qafqazdakı canişininə ərizə ilə müraciət ediblər.

Müraciətdə bildirilir ki, Qazaxda uşaqlara təhsil vermək üçün məktəb təsis etməkdən ötrü yerli əhali könüllülük əsasında ianə toplayıb: hər kəndli ailəsindən 50 qəpikdən 1 rubla qədər, hər ağa ailəsindən isə 5 rubldan 10 rubla qədər vəsait yığılıb.

10 rubl o dövr üçün böyük pul sayılırdı...

Rusiya imperatoru Qazax qəzası sakinlərinin bu müraciəti barədə məlumatı diqqətlə dinləyir və...

Nə düşündünüz?

Məktəb açmağa dərhal razılıq verir?

Nəzərə alsaq ki, məktəb açmaq üçün əhali özü pul toplamışdı, onda bu müraciət müsbət həll edilməli idi!

Lakin... 

II Aleksandr başqa cür düşünür və... əmr edir: "Toplanan ianəyə görə bu sakinlərə İmperator Həzrətlərinin adından təşəkkür elan olunsun..."

Başqa sözlə, "molodes"...

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil... 

İbrahim xanın general rütbəsi və... vəhşicəsinə qətli barədə 

Bilirdinizmi ki, Rusiya imperatoru I Aleksandr Qarabağ hökmdarı İbrahim xana Rusiya ordusunun general-leytenantı hərbi rütbəsi vermişdi? 

1805-ci il mayın 14-də Qarabağ hökmdarı İbrahim Xəlil xanla general Pavel Sisianov arasında Kürəkçay müqaviləsi imzalanır.

Bu müqavilə ilə Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilir.

Bir neçə gün sonra general Sisianov imperatora xüsusi məktub yazaraq "...Şuşa qalasının açarını və İbrahim xan Qarabağlı ilə bağlanmış traktatı" ona təqdim etməkdən qürur duyduğunu bildirir, Rusiya imperiyasının genişlənməsi münasibətilə imperatoru təbrik edir.

Bütün bunlardan sonra 1805-ci il iyulun 8-də imperator I Aleksandr knyaz Sisianovun təqdimatına əsasən yeni fərman imzalayır. Həmin fərmanla İbrahim Xəlil xana Rusiya ordusunun general-leytenantı hərbi rütbəsi verilir...

Amma... bu yüksək hərbi rütbə təxminən bir il sonra - 1806-cı ilin avqustunda İbrahim xanın özünün, üç körpə uşaqla biryerdə arvadının və çoxsaylı xidmətçilərinin rus ordusunun podpolkovniki Lisaneviç tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə mane ola bilmir...

P.S. Bu günlərdə Rusiya prezidenti V.Putin Çeçenistanın başçısı Ramzan Kadırova Rusiya milli qvardiyasının general-mayoru hərbi rütbəsi verib.

Marksist klassiklər deyirdi ki, hər cür müqayisə qüsurludur...

Bəlkə də...

Amma "tarix təkrar olunur" deyimi də var...

Bu da qüsurludur, ya yox, deyə bilmərəm... 

Qriboyedovla Abbas Mirzənin söz "döyüşü"  

Bilirdinizmi ki, Türkmənçay müqaviləsinin imzalanması ərəfəsində şahzadə Abbas Mirzə ilə diplomat A.Qriboyedov arasında sərt danışıqlar olub?

Rusiya-İran müharibələrinin başa çatması ərəfəsində diplomatik danışıqlar başlanır. 1827-ci il iyulun 21-də İranın Qaraziyaəddin kəndi yaxınlığında Fətəli şahın oğlu Abbas Mirzə ilə Paskeviçin nümayəndəsi A.Qriboyedov görüşür.

Həmin danışıqlardan fraqmentlər:

Qriboyedov:

- Biz İrəvan və Naxçıvan əyalətlərini keçərək Araza çatmışıq. Abbas-Abadı tutmuşuq, mən oradan göndərilmişəm.

A.Mirzə:

- Tutduq! Aldıq! Abbas-Abadı sizə arvaddan betər qorxaq kürəkənim təslim etdi!

Danışıqlar daha bir saat da bu ruhda davam edir və Qriboyedov Rusiya hökumətinin şərtlərini sadalayır.

A.Mirzə:

- Budur sizin şərtləriniz! Siz İran şahına

öz təbəəniz kimi göstəriş verirsiniz! Naxçıvanı, İrəvan əyalətini istəyirsiniz, pul, təzminat tələb edirsiniz... Siz harda görübsünüz ki, İran şahı başqa hökmdarın təbəəsi olsun? O, özü başqalarına tac paylayır. İran hələ ölməyib...

Qriboyedov:

- İranın xoşbəxt və şərəfli günləri olub... Mən sizə böyük hökmdar Napoleonun adını çəkə bilərəm ki, Rusiya hüdudlarında cəngə girişdi və bununla taxt-tacını itirdi...

A.Mirzə:

- Amma əsl qəhrəman oldu! Son nəfəsinə qədər müdafiə olundu. Lakin siz ümumdünya işğalçısı kimi hər yeri tutmaq istəyirsiniz, bizim vilayətləri almaq istəyirsiniz, pul tələb edir, heç bir qeyd-şərt qəbul etmirsiniz...

P.S. Türkmənçay müqaviləsi bundan təxminən 7 ay sonra imzalanacaqdı... 

Nobel mükafatı fondunun neçə faizi "bizimdir"? 

Bilirdinizmi ki, dünya şöhrətli Nobel mükafatı fondunun 17 faizi Bakı neftindən gələn gəlirlər hesabına formalaşıb?

Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, Nobel mükafatı fondunun formalaşmasına özünün kifayət qədər böyük töhfəsini verib.

Söhbət Bakı neftindən gedir...

Bütövlükdə Alfred Nobelin varidatı, təxmini hesablamalara görə, 33 milyon 234 min İsveç kronu təşkil edib. O dövrün kursu ilə təxminən 9 milyon ABŞ dolları...

"Nobellər imperiyası" kitabının isveçli müəllifi Brita Osbrink yazır ki, "Nobel qardaşları şirkəti" və Bakı mədənləri Nobel fondunun əsas kapitalının 10 faizindən bir qədər çoxunu təşkil edirdi.

Digər mütəxəssislər bu rəqəmin isveçli müəllif tərəfindən kiçildildiyini bildirir.

Bakı neftinin tarixini araşdıran Elmira Muradəliyevanın qənaətinə görə, "...Nobel mükafatı fondunun yaradılmasında Nobellərin Azərbaycanda neft biznesindən qazandıqları kapitalın rolu həlledici olub".

Azərbaycanın neft tarixi barədə maraqlı araşdırmaların müəllifi Miryusif Mirbabayev Nobellərin ailə arxivinə buraxılışı olan E.Bergenqrenin tədqiqatlarına istinad edərək, bu göstəricinin ümumi fondun təxminən 17 faizini təşkil etdiyini yazır...

M.Mirbabayev daha sonra konkret rəqəm göstərir: Nobel fondu fəaliyyətə başlayanda "Branobel" şirkəti bu fonda 5,23 milyon İsveç kronu köçürüb.

Bu isə, az qala, Nobel fondunun əsas kapitalının altıda biri deməkdir...

P.S. Nobel mükafatının əsas kapital fondunun 17 faizi!..

Kiçik rəqəm deyil!

Amma "Nobel mükafatı Bakı neftinin gəlirləri hesabına verilir" demək də deyil...  

Adı dəfələrlə dəyişən şəhər: qədim Gəncə... 

Bilirdinizmi ki, qədim Gəncənin adı Cümhuriyyət hakimiyyətinin ilk vaxtlarında - 1918-ci il iyulun 30-da bərpa olunub?

Gəncənin tarixi adının ləğv edilməsi isə general Sisianovun adı ilə bağlıdır.

1803-cü ilin sonlarında böyük qoşun hissələri ilə Gəncəni tutmağa gələn Sisianov Cavad xandan sərt cavab alır. Bundan sonra bir müddət şəhəri mühasirədə saxlayır, 1804-cü ilin ilk günlərində şəhərə hücum edir. Cavad xan özü bu döyüşlərdə şəhid olur və Sisianov Gəncəni tutur.

General Gəncənin tutulması barədə I Aleksandra raport göndərir, şəhərin adının dəyişdirilməsi barədə fikirlərini yazır.

İmperator 1804-cü il fevralın 5-də Sisianova göndərdiyi cavab məktubunda onu bu qələbə münasibətilə təbrik edir və şəhərin adının dəyişdirilməsi barədə fikrinə münasibət bildirir: "Gəncənin adının Rusiya adına çevrilməsi barədə təklifinizi qəbul edirəm. Mən razıyam və siz icra edə bilərsiniz".

Bundan sonra Gəncə imperator I Aleksandrın zövcəsi Yelizaveta Alekseyevnanın şərəfinə Yelisovetpol adlandırılır.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra ilk qərarlarından biri Gəncənin tarixi adının bərpası olur.

1918-ci il iyulun 30-da Nazirlər Şurası qərara alır:

"Yelisovetpol şəhəri "Gəncə" və Karyagin qəzası "Cəbrayıl" adlandırılsın"...

Məlum olduğu kimi, 1935-ci ildə Gəncə yenidən "Kirovabad"a çevrilir və yalnız 1989-cu ildən tarixi adını alır...

 





07.09.2020    çap et  çap et