525.Az

Hadı Rəcəbli: "Mən demirəm ki, hökumətdə hər şey idealdır"


 

Hadı Rəcəbli: "Mən demirəm ki, hökumətdə hər şey idealdır" Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Hadı Rəcəblinin 525.az saytına müsahibəsi  

– Hadı müəllim, qarşıdan  2013-cü il prezident seçkiləri gəlir. Bu baxımdan, bir hakim partiya üzvü olaraq, seçkiqabağı mühiti necə qiymətləndirirsiniz, sizcə, Azərbaycanda demokratik, şəffaf seçkilərə şərait varmı? 

– Bilirsiniz, seçkilərin demokratik, obyektiv keçməsi bütün dünyada mübahisəli mövzudur. Bütün dünyada siyasi mübarizəyə qoşulan, partiyalar, liderlər, namizədlər seçkidən sonra məğlub olduqları halda narazı qalır, öz narazılıqlarını böyük hay-küylə, bütün rəsmi qurumları günahlandırmaqla bildirirlər. Bu, bir növ bütün dünyada qəbul olunmuş məsələdir, təzə şey deyil, bundan əvvəl də belə olub, sonra da  belə olacaq. Ancaq bizdə kimlərsə elə bilirlər ki,  Amerika açıblar, təzə nəsə var, icad ediblər. Axı,  dünyada da belədir,  bu danışır, o danışır, xalq seçir, seçkidən sonra isə məhkəmə sistemi , müraciət etmə formaları var, hamısı müraciət edirlər. Bizdə də məhz belədir, daha doğrusu, belə olmalıdır. Amma təəssüflər olsun ki, bizim rəqiblərimiz, opponentlərimiz isə başqa yol tutur, başqa iddialarla çıxış edirlər, az qalır hər nəyi və hər şeyi inkar etsinlər, qaralasınlar...

– Məsələn, onlar şikayət edirlər ki, sərbəst toplaşmaq azadlığı təmin olunmur, kütləvi aksiyalar keçirmək üçün onlara şəhərin mərkəzində yer verilmir, siyasi məhbuslar var və sair...

– Gəlin açıq etiraf edək, dünyanın bütün, hətta, ən sivil demokratik dövlətlərində də bu cür söz- söhbətlər mövcuddur. Əslində bütün siyasi mübarizələrin sonu konsensusla bitməlidir, yəni nəticədə xalq nəyəsə nail olmalıdır, xalq udmalıdır. Çox təəssüflər olsun ki, bizim müxalifət indiyə kimi daha çox ancaq hakimiyyətə gəlmək, vəzifə uğrunda bir növ qeyri-sivil metodlarla, primitiv üsullarla mübarizə aparırdılar.  Amma sən iddia et ki, de ki, mənə ancaq şəhərin mərkəzində gediş-gəlişin gur yerində mitinq üçün meydan verin, bu, artıq sivil yanaşma və mübarizə deyil. Görün Rusiyada  müxalifətə mitinq keçirmək üçün  harada yer verdilər? Şəhərin adi ucqar bir yerində yer ayırdılar və onu  mitinq üçün müxalifətə verdilər. Yaxud, İngiltərədə harada veriblər? “Qarden park” deyilən yer var,  oranı ayırıblar və etiraz bildirmək istəyənlər çıxırlar ora. Sənə də harada yer ayırıblar, get ora da. Nə istəyirsən, gərək gedib şəhərin mərkəzində qışqırasan? Mən bunları başa düşə bilmirəm. Adam da yığa bilmirsən. İndi bunu məntiqi izah edək. Sənin dalınca gələn axı, yoxdur?  “Siyasi məhbus” deyirlər, aləmə car çəkirlər. İndi öz aramızdır, mənim yaxşı tanıdığım  Aydın Caniyevi tutublar, o, bəyəm “siyasi məhbus”dur? O mənim yerlimdir, lənkəranlımdır, jurnalistdir. Bilirsiniz, nə üstə tutublar? Piyan olub məscidi şüşələrini sındırıb, xuliqanlıq edib. Yaxud,  “İdeal” qəzetinin redaktorunu götürək. Onu nə üstə tutublar? “Maşenniklik” üstə. Hamı, hətta, guya onun müdafiəsinə qalxan müxalifətçilərdə onu yaxşı tanıyırlar. Şərəfsizin, ləyaqətsizin biri idi. Belə olan halda, niyə bunları “siyasi məhbus” kimi sırımaq istəyirik ?  Mən demirəm cəmiyyətdə və hökumətdə hər şey idealdır. Bəzən görürsən ki, məmur, vəzifəli şəxs cinayət törədir, əlbəttə,  belələri tutulurlar da,  cəzalanırlar da . Hətta,  bunları inkar etmirəm. Amma belə hallar kütləvi deyil, axı. 

– Yeri gəlmişkən, partiyanız 2013-cü il seçkilərində növbəti dəfə Prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini və dəstəkləyəcəyini desə də, bununla belə, bəzi müxalif və müstəqil mediada bunun əksi olan fikirlər  ortaya qoyulur, yəni, onların iddiasınca, hakim partiya seçkilər ərəfəsində başqa şəxsin də namizədliyini dəstəkləyə bilər. Bu haqda nə deyərdiniz?

– Siyasi partiyaların mübarizəsini son məqsədi hakimiyyətə gəlməkdir. Əlbəttə, bu, bələdiyyə seçkilərində də , Milli Məclisə deputat seçkilərində də ,  prezident seçkilərində də özünü göstərir. Hər bir partiya öz üzvlərinin ən layiqlisini ortaya çıxarır və onun namizədliyini irəli sürür ki, o daha çox reytinqə malikdir, daha çox səs toplaya bilər. Məntiqi olaraq sual çıxır: Yeni Azərbaycan Partiyasında belə adamlar kimlərdir? 1, 2, 3, 5 adam saya bilərik. Onların içində ən layiqlisi kimdir? Bax, məsələni bu cür qoymaq olar. Ən layiqli kimdir? Əlbəttə, bu gün layiqli adamları  bizim partiyanın içərisində  tapmaq olar, köhnələrlə yanaşı, yeni daha gənc fəallarımız da  var. Onların keyfiyyətlərini də  ümumiləşdirməliyik, baxmalıyıq. Məsələn,  akademik  Ramiz Mehdiyev ağsaqqaldır, təmkinlidir.  Spiker Oqtay Əsədov istehsalat yönümlüdür, zirəkdir, Milli Məclisi bilir,  Mehriban xanım Əliyeva dünyəvi bir siyasətçidir, qadındır, fenomendir, yüksək liderlik keyfiyyətlərinə malikdir, böyük şəxsiyyətdir. Başqa adamların da  adını çəkmək olar.  Amma mən peşəkar siyasətçi kimi bütün bunların içərisindən İlham Əliyevi seçirəm. “Nə üçün” sualına da dərhal  cavab verirəm. İlham Əliyev, birincisi, artıq 10 ilə yaxındır ki, özünü ən yüksək elitar siyasətçi məziyyətləri ilə göstərib. O özünü təsdiqləyib,  çevik, ağıllı, hərtərəfli, yaradıcı, mütərəqqi düşünən, kim nə deyir-desin, bütün hallarda demokratik düşüncə tərzinə malik olan müasir liderdir. Hələ bir neçə il bundan öncə məşhur qırğız yazıçısı  Çingiz Aytmatov onun haqqında demişdi: “İlham Əliyev qloballaşan dünyamızın lider etalonudur”.  Bunu Çingiz Aytmatov kimi dünya şöhrətli, görüb-götürən, müdrik bir adam deyib. Bu gün bu, faktdır. Bundan biz kənara çıxa bilmərik. Amma bu, birmənalı belədir və bu danılmaz bir faktdır. Cənab  İlham Əliyev bütün sadaladığımız  kadrların içərisində ən layiqlisidir. Yeni Azərbaycan Partiyasının kənardan düşünülə bilən namizədləri içərisində ən layiqlisidir.  İlham Əliyev xarizması artıq dünya siyasi elitasında və ölkədə formalaşıb. Bu şəxsiyyət  elə bir intibah dövrünü yaşayır ki, bundan sonra da uzun illər Azərbaycana rəhbərlik etmək iqtidarında və qabiliyyətindədir. Ona görə də  düşünürəm ki, bu məsələ hələ gündəmdə olmasa belə, mənim üçün peşəkar siyasətçi kimi İlham Əliyev ən layiqli namizəddir. İlham Əliyev heç bir partiyanın üzvü olmasaydı, mən onun namizədiyini verərdim. İlham Əliyev xalqın etimadını qazanıb, cəmiyyətdə də nüfuz sahibidir, işgüzardır, bacarıqlıdır, ağıllıdır. Bunlar hamısı İlham Əliyevin namizədliyini diqtə edir. Əgər bir partiya olaraq qələbə qazanmaq istəyiriksə, İlham Əliyevlə seçkiyə getməliyik. 

– Namizədiniz  şəffaf, rəqabət mühitində də qalib gələ bilərmi? Yəni, müxalifət bildirir və iddia edir  ki, indiyə qədər seçkilər o qədər də beynəlxalq standartlara uyğun olmayıb , əgər  azad rəqabət mühiti olsaydı, müxalifət üzvü qalib gələrdi və sair və ilaxır... 

– Bu fikirləri tamamilə rədd edirəm. Tamamilə mənim baxışlarımla daban-dabana zidd fikirlərdir, mümkün olan şey deyil. Cəmiyyət, əlbəttə, birmənalı düşünə bilməz. Əgər cəmiyyətdə bir nəfərə  100 faiz səs verirlərsə, deməli, o cəmiyyət normal cəmiyyət deyil. Cəmiyyətdə əkskliklər var. Amma eyni zamanda, cəmiyyətdə  əksliklərin mübarizəsi, vəhdəti də var,  bu bir  dialektikadır. Yəni,  fikir ayrılıqları var, narazı adamlar var, bacarıqsız adamlar var və sair.

– Bəs müxalifət düşərgəsindən özünü prezidentliyə iddialı hesab edənlərdən kimləri daha  uğurlu və şanslı sayırsınız?

– Şəxsən mən həmin iddialı və ambisiyalı insanların içərisində İsa Qəmbəri tamamilə rədd edir,  Əli Kərimlini isə  müxalifətin nümayəndəsi kimi prezidentliyə namizəd kimi daha şanslı  görürəm. Amma eyni zamanda, onu da bu gün prezidentliyə namizəd kimi təsəvvür etmirəm.  O, belə demək mümkünsə, prinsipial müxalif mövqedədir, bəzən görürsən ki, ədalətsiz olur , amma bütövlükdə mən onu müxalifət kimi tanıyıram və qəbul edirəm. Bir sözlə, o qatı, radikal, barışmaz, ağır müxalifət olmaqla yanaşı, prezidentliyə hazır deyil, xalqa rəhbərlik etmək, ölkəyə başçı olmaq iqtidarında deyil. Eyni zamanda,  indi bu məqamda hesab edirəm ki, müxalifətdə belə bir prezidentliyə namizədlik titulunda olan, bu “paqonu” daşıya bilən adam da yoxdur. Demokratik cəmiyyət elementi olaraq, qoy, onlar da  getsinlər seçkiyə. Getsinlər seçkiyə, görək nə olur, camaat onlara nə qədər səs verir? Narazı adamlar onlara səs verə bilər. Onların özünün pis-yaxşı elektoratı ola bilər, onlara səs verəcək, az da olsa səs alacaqlar, müəyyən faiz götürəcəklər. Ancaq 5-6 faiz ola bilər, o da hamısı bir yerdə. Ona görə də bizim bu günləri bir parlaq görünən prezidentliyə namizədimiz var ki, o da İlham Əliyevdir. Yeri gəlmişkən, seçkilərin subyektiv faktoru var. Məsələn, bir nəfər seçkiyə qatılıb, ona səs verirlər, ona görə yox ki, bu yaxşı siyasətçidir, ona görə ki, onun qohum-əqrabası, tanışı-bilişi var. Ona görə ki, filankəs onun xoşuna gəlir, ona görə ki, onunla dostdur. Ona görə yox ki, o adam yüksək posta, vəzifəyə layiqli namizəddir, belə adam xalqı idarə edə bilməz. Belə faktlar da var. Seçkidə biz hardasa 10-15 faiz itirə bilərik, amma bir həqiqət var ki, biz mütləq qalib gələcəyik.  Bütün hallarda ən ədalətli, obyektiv seçki keçirilərsə, İlham Əliyevin reytinqi hamısından yüksək olur. Bunu mən siyasətçi, iqtidar adamı kimi demirəm. Bunu mən vətəndaş kimi deyirəm. İnanın, Allaha and olsun, bunu mən səmimi deyirəm. İlham Əliyev ən aşağısı 70 faiz səs toplamağa iqtidarı olan siyasətçidir. Dünyada qəbul olunmuş siyasətçidir. 

– Son olaraq, bir daha soruşmaq istərdik, bu gün Azərbaycanda seçkilərin azad rəqabət mühitində keçirilməsi üçün şərait varmı? Yəni, arzuolunan bir mühit varmı?

– Bütün müxalifət nümayəndələri seçki komissiyalarında iştirak edirlər. Dünyanın  hansı ölkəsində seçki keçib, orada söz-söhbət olmayıb? Mənə onu desinlər, xahiş edirəm. Mən təcrübəli adamam, dünyanın da siyasi proseslərini izləyirəm, öyrənirəm. ABŞ-da seçki keçəndən sonra nə deyirlər? Demokratik keçmədi, filankəsin səsi belə oldu, min dənə problem çıxır. Belə olur? Rusiyada keçən seçkilərdən sonra mitinqlər etdilər. Hansı ölkədə keçən seçki ideal olub, axı?...Nəsə ola bilər, amma bir həqiqət var ki, ədalətli olacaq.

Kamil Həmzəoğlu
 





05.09.2012    çap et  çap et