525.Az

Olanda da vay, olmayanda da vay... - Nadir Rzalının yazısı


 

Olanda da vay, olmayanda da vay... - <b style="color:red">Nadir Rzalının yazısı </b>

Bəzən elə insanlarla qarşılaşıram ki, hansısa hərəkəti məni bərk təəccübləndirir. Millət olaraq çox maraqlı, özümüzə xas davranışlarımız var, hansı ki dünyanın heç bir yerində belə şey yoxdur.

Həmin "maraqlı" cəhətlərimizdən biri də tez-tez "ağlamaq" sindromudur. Bəli, sindrom sözünü əbəs yerə demədim, bu hal sanki, cəmiyyətimizdə yoluxucu xəstəliyə çevrilib. "Ağlamaq" feilini məcazi mənada mütəmadi olaraq yaşayışından, maddi vəziyyətindən gileylənən adam haqqında işlədirlər. Bu baxımdan həqiqi mənada işlənən "ağlamaq" feili öz məcazi mənası ilə bir cəhətdən fərqlənir: biri gözü ilə ağlayır, o biri dili ilə. Yəqin ki, eşitməmiş olmazsınız: "Elə ömür boyu ağlayırsan!", "Ağlamaqdan ağlar günə qalmısan!", "Yenə ağlaşma qurmusan?!", "Filankəs yenə dəsmalını alıb əlinə!" Bu kimi ifadələr bizə tanışdır. Çünki ya biz tez-tez kiməsə deyirik, ya da bizə deyirlər. Bunun səbəbi isə insanların əksəriyyətinin ağlamağa, bir növ, vərdiş eləməsidir.

Belə adamların bəziləri, həqiqətən, vəziyyət pis olur deyə tez-tez ağlayırlar. Dindirən kimi, elə "Necəsən" deyib soruşan kimi başlayır güzəranından gileylənməyə. Bu, onlara bəraət qazandırmır ki, elə hey ağlasınlar. Nənələrimizin bu barədə çox yaxşı bir sözü var: "Yoxdur deyə-deyə yoxa çıxartmısan!" Həyatda məğrur yaşamaq ən böyük var-dövlətdir.

Elə insanlarla rastlaşırıq ki, onlar ehtiyac içində boğulurlar. Amma hamının yanında şux gəzirlər. İnsanlar nədənsə aza qane olmaq istəmirlər. Yaşlı nəsil danışır ki, əvvəllər orta aylıq maaş xoşbəxt ailə həyatı yaşamağa imkan verirdi. Çünki onlar böyük dəbdəbə qurmağın yollarını yox, xoşbəxt olmağın yollarını axtarırdılar. Məğrur, alnıaçıq yaşamaq ən böyük xoşbəxtlikdir. Xəlil Rza Ulutürkün bu misraları yadıma düşür:

Qalsan belə susuz, ac,
yavan çörəyə möhtac,
Boğazına ilantək sarılsa da ehtiyac,
Ehtiyac ürəyini köksündən qoparsa da,
Odu, suyu, havanı evindən aparsa da,
Ağız açma namərdə,
ürəyində dərd yaşa!
Sən insansan, əyilmə,
yoxsul yaşa, mərd yaşa! 

Amma bundan da dəhşətlisi odur ki, var ola-ola, yox deyəsən. Bu, artıq ağ yalandır, insanları qanmaz yerinə qoymaq deməkdir. Çox təəssüf ki, acgözlük, var-dövlətə hərislik belələrinin insani keyfiyyətini əlindən alır. Bəziləri guya göz qaytarmaq məqsədilə ağlayırlar ki, pulumuz yoxdur, tükənib. Bəziləri də ehtiyat edirlər ki, kimsə ondan pul istəyər. Ona görə də özlərini bəri başdan sığortalayırlar ki, daha pul yoxdur, batıram. Bunlar hamısı o pulları itirmək qorxusundan yaranıb. Bu qorxu nəinki onları ağlamağa vadar edir, hətta gecə rahat yatmağa, rahat yaşamağa da qoymur. Buna görə də insanlar xəsis və əliaçıq olmaqla iki yerə bölünürlər. Halal qazanan, alın təri ilə özünə var-dövlət quran insanların əksəriyyəti ağlamaqdan, xəsislikdən uzaqdır. Onlar daima öz duruşlarını qoruyur və ətrafındakılara kömək etməyə çalışırlar.

Ömrü boyu ağlayanların, xəsislik edənlərin çoxu kiminsə boğazından kəsib var-dövlət yığanlardır. Bəzən ərkim çatan yaşıdlarımın içində varı ola-ola ağlayanlara rast gəlirəm və açıq-aşkar üzünə vururam ki, axı, sən yalan danışırsan. Belələri özünü tamam hörmətdən salır, dost-aşna yanında gözdən düşür. Amma eləsi də var ki, yaş fərqinə görə sözümü deyə bilmirəm, hörmətsizlik eləməkdən qorxuram. Amma elə o yalan qarşındakına qarşı hörmətsizlikdir. Adam özünü qəribə hiss edir ki, məgər mən dilənçiyəm ki, yanımda ağlaşma qurursan?!

Ağlamaqdan danışanda yadıma "Qonşu qonşu olsa" televiziya tamaşası düşür. Ruhəngiz Qasımovanın ssenarisi əsasında Ramiz Həsənoğlunun quruluş verdiyi bu teletamaşada ağlayanlar gülüş hədəfinə tuş gəlib. Azərbaycanın sönməyən ulduzları Eldəniz Zeynalov, Yaşar Nuri, Səidə Quliyeva və Hicran Mehbalıyevanın iştirak etdiyi bu səhnədə Eldəniz müəllimlə Səidə xanım ər-arvad, Yaşar Nuri isə onların oğlu rolunu ifa edir. Hicran xanımsa qonşudur. Binanın lifti xarab olub və qonşu da "jek"ə təqdim eləməkçün imza yığır. Ev yiyəsi (Eldəniz Zeynalov) çox imkanlı adamdır. Qapı döyüləndə elə bilirlər ki, lift pulu yığmağa gəlirlər. Tez köhnə paltarları keçirirlər əyinlərinə və divarlara qəzet yapışdırırlar ki, guya ev pis vəziyyətdədir. Elə qonşu içəri girən kimi ər-arvad başlayırlar ağlamağa ki, pis gündəyik. Yazıq qonşu peşman olub deyir ki, nə gözəl xalatınız var. O saat cavab verir ki, özümün deyil vallah, 5-10 manata görə dərzilik eləyirəm, bu xalat da müştərinindir. Ər-arvad dil-boğaza qoymurlar, elə hey ağlayırlar. Axırda qonşu vəziyyəti başa düşüb deyir ki, siz məni düz başa düşməmisiniz. Mən pul istəməyə gəlməmişəm, lifti təmir etdirmək üçün imza almağa gəlmişəm. Ailə həmin an çox gülünc bir vəziyyətə düşür. Tamaşada çox ustalıqla cəmiyyətə bir mesaj ötürülür ki, siz belə davranışınızla özünüzü gülünc vəziyyətə salırsınız.

Bu gün dünyanı bürüyən koronavirus pandemiyası bir çox varlı insanları yerindən silkələdi. Ümumiyyətlə, bu pandemiya Allah tərəfindən bəndələrə bir işarə idi ki, naşükürlük eləməyin, nə var ona qane olun və ətrafınızla paylaşmağı bacarın. Allah bizə göstərdi ki, daha pis vəziyyətlərə düşə bilərik, əlimizdə olanın qədrini bilək. İmkanımız olanda da ağlaşma qururuq, olmayanda da. Olanda da vay, olmayanda da! Mən arzu edirəm ki, xarakter cəhətdən daha püxtələşmiş, aza qane olub çox üçün çalışan, hər nemətə şükür edən və ən əsası ola-ola yoxdur deyib ağlamayan bir cəmiyyət formalaşdıraq. Hər şey bizim öz əlimizdədir.

 





08.09.2020    çap et  çap et