525.Az

Geriyə boylananlar - Zülfiyyə Mirzəyeva yazır


 

Geriyə boylananlar - <b style="color:red">Zülfiyyə Mirzəyeva yazır </b>

Xəyalların ya cənnəti, ya da cəhənnəmidir geridə buraxdığımız keçmiş. Bəzən acıları çiynimizə yük, sözləri qulağımıza sırğa edib bizi yanına çağıran uşaqlığımızı bağlanmamış qapıların ardında buraxıb gələcəyin qeybdən gələn səsinə doğru gedərik.

Bir zaman sonra bir-biri ilə həmahəngləşən səslərdən biri sakitcə qulağımıza pıçıldayar: "Geriyə baxma, qoca!" Keçmişin əzablı, kədərli olması həmin sözlərin təsir gücünü itirməz və bizlər dünyadakı ən əziz arzu kimi geriyə boylanmağa can atarıq. Necə ki, İlyas Əfəndiyevin balaca Muradı can atırdı.

Yaş artdıqca keçmişə boylanma istəyi tikan kolu kimi beynin bütün hüceyrələrinə hökm edir. Bu zaman pəncərə önündə çayların şırıltısını dinləyən, at belində "Cıdır düzü"nə hay salanları izləyən gözlər, xəyalən uşaqlığın acılı-şirinli anlarına, divarda asılmış şəkillərə çevrilən insanların yanına qiyabi səyahət etməyə başlayır.

Avtobioqrafik roman hesab olunan bu əsərdə müəllif uşaqlıq anlarına, Qarabağın əsrarəngiz təbiətinə, ailəsində və qohumlarının evində gördüyü maraqlı  və yaddaşından, uzun illər silinməyən hadisələrə yer vermişdi. Əsərdəki əhvalatlar baş qəhrəman Muradın dilindən danışılır.

Xatirələri beynində canlandıran, onları sehrli aləm hesab edən Murad hər kəsdən bir parça gəzdirirdi qəlbində. Kimdir Murad? Murad mənəm, sənsən və bizlərik. Bəli, Murad  keçmişin səhifələrini qara qutuda gizlətməyə çalışan həmin insanların özüdür.

Nənəsinin nağılları, anasının sevgisi ilə daxili dünyası zənginləşən Murad atasının sözləri ilə zəif budaq kimi hər gün bir az qırılırdı. "Ata qayğısı" əvəzinə "ata danlağı" eşidən Murad günü-gündən özünə qapanır, xəyalların ağuşunda təsəlli tapırdı. Hərdən atasının qəlbətoxunan sözləri "Görəsən, anam əvvəlki nişanlısına getsəydi, bizim günlərimiz necə olardı? O atam mənimlə necə rəftar edərdi?" kimi sualların beynində yaranmasına səbəb olmuşdu.

Həmdəm tapa bilmədiyindən tut ağacını özünə dost, yoldaş hesab etmişdi. Könlü qubarlananda göz yaşlarını ağacın köksünə axıtmışdı. Anasının tez-tez xəstələnməsi qəlbində bir qığılcıma bənd olan ocaq qalamışdı. Həmin günlər şadlanmağı, gülməyi ən böyük günah hesab etmiş, nələrisə qurban verməklə anasının yenidən sağalacağına ümid bəsləmişdi. "Zəhərli budaqlarından" təmizlənən ana Muradın solğun çöhrəsini parlaq ulduzlarla bəzəmişdi. Amma Murad kədəri kimi, fərəhini də qəlbinin dərinliklərində  saxlamışdı.

Ana və nənənin onu ata danlağı zamanı müdafiə etməsi həssas qəlbini kövrəltmiş, evində tapmadığı rahatlığa çatmaq üçün baba evinə üz tutmasına səbəb olmuşdu. Burada şahidi olduğu qəribə əhvalatlar qəlbində güzgü kimi öz əksini tapmışdı. İmaş və Güllünün bir yerdə qaçması, Xanım nənənin qəddarlıqla öldürülməsi illər uzunu ona narahatlıq vermişdi.

Bəzən təbəqələr, dinlər arasında baş verən ayrı-seçkiliyi uşaq qəlbi ilə qəbul etməmiş, "Madam ki, anamı da, Əfəndi babanı da bir Allah yaradıb bəs bu ayrı-seçkilik nə üçündür?" kimi suallara öz dünyasında cavab tapmağa çalışmışdı.

Anası tərəfindən atılan dostunu digər bəy balalarından çox sevmiş, çoxluq içində tək qalmış ruhunu onun dostluğu ilə canlandırmaq istəmişdi.

Fatma nənənin dualarını, Allahla gecələr uzunu söhbət etdiyini görən Murad düşünürdü ki, o da dua etsə tanrı səsini eşidəcək, "Nə üçün sən mənim də atamı o biri uşaqların atası kimi  yaratmamısan" - sualına göylərin ən dərin qatından məlahətli səs cavab verəcəkdi... Amma gözlənilən cavab gəlməyəcəkdi...

İ.Əfəndiyev bu romanı ahıl yaşlarında qələmə almış və qəlbində saxladığı duyğuları Muradın dili ilə oxucularına təqdim etmişdi. Murad (bəlkə də, İ.Əfəndiyevin özü) lap sonralar başa düşdü ki,  məsələ təkcə onun təbiətindəki qəribəlikdə və ya kədərli hadisədən mütəəssir olmağında deyil. Məsələ, bizim qəlbimizin harasındasa, hansı səbəbdənsə yaranmış gizli, anlaşılmaz əbədi kədərdə gizli idi.

İstər dünyagörmüş qoca, istərsə də yenicə addımlamağa başlayan uşaq ol. Fərqi yoxdur, bizləri yaşadan da, qəlbimizdəki əbədi kədəri əridib yox edən də məhz sevgidir. Çalışın, övladlarınızı sevgidən yoxsul böyütməyin, yoxsa illər sonra, ən ahıl yaşlarında geriyə baxıb "əbədi kədər"in izlərini simanızda tapıb "kaş ki" ilə başlayan cümlələri əleyhinizə işlədəcəklər.

 





08.09.2020    çap et  çap et